adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Atəzkəs qurbanları

51813 | 2012-04-19 15:50
İndi artıq hansısa təzə yazılan əsər haqqında fikir bildirmək dərhal ədəbi mühitdə tərif xoruna qoşulmaq kimi anlaşılır. Çoxu bu qınağa tuş olmamaq üçün həqiqətən də tərifə layiq olan əsər haqda söz deməkdən çəkinir.
   
   Niyə çəkinməliyik ki? Yaxşıya yaxşı, pisə pis demək bu qədərmi çətindir?
   
   Baxmayaraq ki, nə ədəbi tənqid meyarlarına, nə də resenziyanın tələblərinə uyğun olmayan yazılar baş alıb gedir, kimlərsə bir-birlərinə qarşılıqlı təriflər yağdırmaqla məşğuldurlar, qızılı misdən seçməyi bacaran zövqlü oxucu əsl ədəbiyyatı yaradanların kimliyini çox gözəl bilir.
   
   Bu yazıda Aqil Abbasın "Allahı qatil edənlər" romanından danışacağam.
   
   Böyük Vətən müharibəsinin alovlarından sağ çıxmış babalarımız bizə deyirdilər ki, biz müharibənin yükünü çiyinlərimizdə daşımışıq, ölümün gözünə dik baxmışıq, siz xoşbəxt nəsilsiniz, müharibə görməmisiniz.
   
   Babalar bizi gözə gətirdilər; biz dəhşətləri bütün dünyanı sarsıdan müharibəni öz həyatımızda yaşadıq, torpaqlarımızda şəhid məzarları sıralandı, analar oğulsuz, övladlar atasız, gəlinlər ərsiz qaldılar.
   
   Sonra atəşkəs yarandı. Artıq neçə ildir ki, atəşkəs şəraitində yaşayırıq, amma atəşkəs dövrünün də itkiləri varmış!..
   
   İndiki dövr gənclik üçün həm yüngül, həm də ağırdır. Ölüm də köhnə vərdişinə sadiq qalaraq tərs kimi ən yaxşılarını seçir.
   
   İnsanların taleyinə düşən tarixi hadisələr onları bütöv bir nəslə çevirir. Atəşkəs dövrünün gəncləri vətənə xidmət üçün əsgərliyə yollanırlar və onları xidmət əvəzinə inşaat batalyonuna yollayırlar. Əsgər əmrə tabedir. Etiraz edə bilməz, üstəlik əmr də müzakirə olunmur. Bəs bu bədbəxt əsgər öz haqlı etirazını necə bildirsin?! Kimlərsə haram pullarla özünə villa tikdirəcək, əsgəri də qara qul kimi orada işlədəcək. Onlara bu haqqı kim verib?
   
   Aqil Abbasın ürəkdən tikan çıxaran "Allahı qatil edənlər" romanı bu həqiqətlərdən bəhs edir. Ədəbiyyatımızda ilk dəfədir ki, "dedovşina"yla bağlı iri həcmli, özü də kəsərli, tutumlu bir əsər ortaya qoyulub.
   
   Orduda bir neçə dəfə əsgərin özünü, komandirini və yaxud əsgər yoldaşlarını güllələməsi halları baş verib. Bu boyda faciələrdən sonra da heç nə dəyişməyib. Sanki insanlar narahatlıq immunitetini itiriblər. Bu hadisələrin mahiyyəti nədən ibarətdir? Ölkədə müharibə getmir, cəbhədə atəşkəs şəraiti hökm sürür, bəs vaxtaşırı güllələnmələr hansı tragik situasiyalar nəticəsində baş verir?
   
   Aqil Abbas müharibəni çox gözəl bilən yazıçıdır. Əslində elə bu roman da müharibədən, daha doğrusu, müharibədən sonrakı daha dəhşətli müharibədən bəhs edir.
   
   Komandiri bir çiynindən, bir də kişiliyindən vurmuşdular. Romanda belə bir yer var ki, General Prokurora deyir: "...bu cinayəti açın. Yoxsa Komandiri hardan vurublarsa, bizi də oramızdan asacaqlar."
   
   Hadisələrin kökü Akademikin törətdiyi qətl hadisəsinə gedib çıxır. Axı zahirən sakit təbiətli, təmkinli, savadlı əsgər birdən-birə necə oldu ki, dəhşətli qətl hadisəsi törətdi?! Müəllif bu sualların cavabını ordudakı özbaşınalıqlarda, yüksək çinli zabitlərin törətdiyi cinayət əməllərində axtarır.
   
   Bu qətl qiyamdır. Əsgərin haqsızlıqlara qarşı qiyamıdır, fərdi etirazıdır.
   
   Yaxşı olardı ki, Azərbaycan ordusunun bütün zabitləri bu əsəri oxuyaydılar. Əsgərdən çox zabitin oxuması vacibdir, çünki əsgərin taleyi zabitdən asılıdır.
   
   Hamı səmimi olmaqdan çəkinir, çoxu vətənpərvərlikdən ağzı köpüklənə-köpüklənə danışır, heç kəs həqiqəti demək istəmir. Çünki bu, heç kəsə sərf eləmir. Ağrımayan başlarına niyə dəsmal bağlasınlar? Həqiqəti yenə də ən çox ittihamlara məruz qalan, ən çox günahkar sayılan yazıçı dilə gətirir.
   
   Aqil Abbasın yazdıqları təxəyyülün məhsulu deyil, yüzəyüz həqiqətdir; heç kimin dilə gətirmək istəmədiyi acı həqiqət! Bircə Akademikin tabeliyində olduğu şəxslərlə ötkəm tonda danışması həqiqətə uyğun deyil. Bunu hərbi xidmət keçmiş hər bir şəxs təsdiqləyə bilər. Əsgər heç leytenantla, hətta gizirlə belə bu tonda danışa bilməz, çünki o, əmrə tabedir.
   
   Yazıçı bu əsəri yazmaqla atəşkəs dövrünün günahsız qurbanlarının qatillərini cəmiyyətə nişan verir.
   
   Onlar həm də Allahı qatil edənlərdir.
  • May:
  • 3

TƏQVİM / ARXİV