
Quzum, heç nə istəmə sən,
Bax dənizə, doyunca bax.
"Bulvar" adlı bu aləmdən
Yadında tək o qalacaq.
Ona pay ver göz yaşından,
Bir az hava alaq, gedək.
Gəl, dənizin yaddaşında
Biz də belə qalaq, gedək.
Bu da dənizin qırağı,
Eləcə bax, ötüb keçək.
İstədiyin oyuncağı
Sənə leylək gətirəcək.
Ləngər vurur, yuxuludur,
Gəmi suda batar birdən.
Karusellər qorxuludur,
Tut əlimi, gedək burdan.
Yesən, boğazın ağrıyar,
Dondurmadan gözünü çək.
20-cə qəpik pulum var,
Onunla da evə gedək...
Bu, elə bir günah ki...
***
Bir kişi qocalacaq mənimlə
bir ömür boyu
bir damın altında.
Həyatımı daim
bir hüzn bürüyəcək,
bir kişi qollarım arasında
ürəyimin hərarətindən əriyəcək.
O, sən olmayacaqsan dostum,
sən olmayacaqsan...
Onun gözlərində
sənin baxışlarını axtaracam,
dodağında
öpüşlərini.
İkinci dəfə doğulacam
başqa birinin olmaq üçün
sənin sevgində boğulacam
başqa birindən
qisas almaq üçün.
Yaşlı qadınların
"Qoşa qarıyın",
"Bir yastıqda qocalın" kimi
qarğışlarından sonra
xoşbəxt olmağım mümkünsüz...
Qovuşacam sənə
özümü
ürəyimin şah damarından asdıqda,
qocalacam
bir kişi ilə bir yastıqda.
O, sən olmayacaqsan, dostum,
sən olmayacaqsan.
Mən səni sevdim, dostum,
tək səni sevdim...
Səninlə qocalmaq
mümkünmü heç?
Bu, elə bir günah ki,
Sənə demərəm:
günahımdan keç!..
Mən ayrılıqların dostuyam,
arkadaş...
Sən sevən ürəyinlə mənimlə üz-üzə, göz-gözə
oturma...
Sən də içkiyə qurşanarsan,
özünü
... tərki-dünya olunmuş sanarsan...
Mənim kimi bir qədəh içkidə
boğularsan,
ya da bir siqaret atəşində yanarsan,
yanarsan...
***
Qal elə mələk kimi,
Girmə şeytan donuna.
Ayaqlarım yerimir,
məni məcbur aparma
məhəbbətin sonuna...
***
Bu yol gedər-gələr yoldu,
Bu yollardan gözünü çək.
Könlüm, gəl birgə ağlayaq,
Getdi yenə, gəldiyi tək...
Ölüm sevgi kimidir,
Sevgi də ölüm.
Hamı kimi ölməyim,
Sevgidən ölüm...
***
Nə bir gözdə sevinc oldum,
Nə bir gözdən mən yağmıram.
Anamın qarnına sığdım,
İndi dünyaya sığmıram...
***
Tənhayam...
Görmürəm indi açdığım təzə wordu...
Elə bil ki, dağılıb
dünyanın ata yurdu,
qırılıb nəsli, köku...
... Dəyməyin həyatımın replayinə,
mən ölmək istəyirəm...
Çalınır uzaqlarda həyatımın soundtrakı...
Öləydim belə kaş ki...
Yalançı sevgilər,
ayrılıq oldu mənə qənim,
Bu qara dünyada
ağ word açdım-
olsun kəfənim...
İllər keçib sevgimizdən
Bu gerçəkdi, güman deyil,
Bir ömürdü, bir an deyil...
Zaman da o zaman deyil,
... İllər keçib sevgimizdən...
İradəsiz olduq deyə,
Ayrılıb döndük özgəyə...
Yol gedir yeni sevgiyə-
İllər keçib sevgimizdən.
Vaxtı deyil, baxtı qına,
Ürəyini bir də sına...
Bağışlasın saflığına-
İllər keçib sevgimizdən...
Mən, sən, Torqovıg
(Sevinc üçün)
Mən, sən, Torqovı,
Yenə olaq üçümüz...
Bir az mağazaları gəzək,
Gözlərimiz bayram eləsin,
sonra baxa-baxa qalsın
ala bilmədiyimiz paltarlara...
Bir az da kədərə bürünsün gözlərimiz.
Tanrı taleyimiz kimi
gözlərimizə də sevinci
şişin burnunda verir...
Mən, sən, Torqovı,
yenə olaq üçümüz...
Bir az da vaxt itirək
türk kafelərində biz...
Ürəyimizdə cibimizi sayaq,
son qəpiyimizi də burda qoyaq...
Vitrinlərin önündən
şütüyüb keçək Zaman kimi...
Qan ağlasın içimiz...
Mən, sən, Torqovı,
yenə olaq üçümüz...
Bir qədəh soyuq gecə
Bütün sədlər ilk misraya qədərdir,
bütün sədləri keçək, dostum,
gəl içək, dostum!
Bir qədəh soyuq gecə içək
Bir bənd təzə şeirin üstündən.
İçək
bizi ilk misrayadək qovan
ilk məhəbbətimizin sağlığına!
Bir sağlıq da
qafiyələrdə gizlən-qaç oynadığımız
sevgilərə deyək!
Doyunca içək, dostum...
Unudaq bu dünyanı
içə-içə
yaza-yaza...
Bir azdan yenə bizi
son misradan sürüyə-sürüyə
aparacaqlar
xarabamıza...
Gecə yarıg
Şəhərin yuxulu gözləri süzülür
şərab kimi
səhərə sarıg
Bir azdan
gecə öz libasını soyunacaq,
adamlar gecəni çılpaq görmək üçün
yuxudan oyanacaq...
***
Həyat adlı o cəllad
Kəsməsəydi yollarımıg
Mən ölümün boynuna
Dolayardım qollarımı...
***
Sevgi ilə dostluğun arasında
bircə qarış yol varmış...
O bir qarış yola da
tufan gələr,
çovğun düşər,
ya da ki
qar yağarmış...
***
Bu yol gedər-gələr yoldur,
Bu yollardan gözünü çək.
Könlüm, gəl birgə ağlayaq,
Getdi yenə gəldiyi tək...
***
Bu gecə başqa bir gecə,
Payızın da qar-qışı var,
Payız heç getmək istəmir-
Pəncərəmdə göz yaşı var...
***
Bu ağ-qara şəkildəki
balaca dostlarımın gözləri dolub...
Bir az da baxsam
boynuna sarılacaqlar xatirələrimin...
Bu, şərab deyil...
Dostum, bir tək
sən anlayırsan məni.
Bu, şərab deyil, dostum,
Bir daş ürəyin yaraladığı
sevgimin
al qanıdır.
Çəkdiyim isə
tənhalığın nazıdır.
Bu dumanı da
dağlar göndərib mənə.
Özləri gələ bilməyən dağlar
Arxa-dayağımdı, dostum-
Onlara söykənib
ayrılığa dözəcəyəm.
Bir azdan
dumanları dağlara qovacam
başımdan,
Bir az da göylərə verəcəm
göz yaşımdan.
Yenə başıma düşən,
sümüyümə düşməyən
bu sevda havasına
oynamaq çətin,
dostum.
Bilirəm,
sonu yoxdu bu məhəbbətin...