adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ZiBiLiZASiYA

OQTAY SALAMOV
20684 | 2010-05-01 04:33
Qanımın qara vaxtında televizorun kanalını dəyişəndə gördüm ki, bizimkilər sivilizasiyadan danışırlar. Sən demə, sivilizasiyanı regiona, dinə, irqə, cinsə, iqlimə və daha nələrsə bölürlərmiş. Adını öyrənə bilmədiyim bir xanım çox canfəşanlıqla savad nümayiş etdirərək bizi başa salmağa çalışdı ki, sivilizasiya kişi və qadına ayrılır. Qərb sivilizasiyası kişi yönümlüdü, şərq qadın. Yenə sən demə, biz daha çox kişiyə yaxınıqmış, yəni qərb sivilizasiyasına. Az qala qoltuğum qarpızlanacaqdı ki, bizi də kişiyə aid edirlər, sonra bir olanlara baxdım, bir proqnozlara baxdım, başa düşdüm ki, hələ qarpız sezonu deyil. Və sivilizasiyadan daha çox zibilizasiya ayaq tutur. Elə bizdə də, bizə qarşı da.
   
   Bilmirəm kimsə haradasa mızıldanmışdı ki,Türkiyə ATƏT həmsədri ola və Qarabağ münaqişəsinin həllində iştirak edə bilər. Bir hay-həşir düşdü ki, elə bil Roma papasının yerinə müsəlman namizədliyini verib. Dedilər Türkiyə ATƏT-ə həmsədr olsa Qarabağı yüz faiz Azərbaycana qaytaracaqlar. Bir zalım uşağı dilini dərbəşdirib demədi ki, Azərbaycanın olanı Azərbaycana qaytarmaq dəvəyə qanad qoymaqdı? Sonra bir türk politoloqu dedi ki, Amerika, Rusiya və Fransa dədələri də gəlsə həmsədrlikdən getməzlər və ora kimisə qəbul eləməzlər. Amma bu gün oxuduğum bir xəbər birbaşa sübut elədi ki, zibilizasiyada yaşayırıq. Belə baxanda xəbər müsəlmanyönümlü görünür.Yəni, Rusiya Qarabağ nizamlanmasında İranın vasitəçiliyinə etiraz etmir. RİA "Novosti"nin verdiyi xəbərə görə Rusiya Azərbaycan, Ermənistan və İran xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşməsi təklifin əleyhinə deyil. Bunu söyləyən Rusiya XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko bildirib ki, "Biz bu cür görüşün keçirilməsinin əleyhinə deyilik. Belə görüş baş tutarsa, ondan nəticə gözləmək lazım gələcək və o zaman İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik imkanları barədə danışmaq olar". Sonra da sözarası vurğulayıb ki, hazırkı mərhələdə İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik etmək barədə təklifi yalnız bu cür üçtərəfli danışıqlar keçirməyə aiddir.
   
   Yəni, hələlik bu miqyasda. Sonrasına baxarıq, elə bu dəqiqə Qarabağ məsələsini həll eləmirik ki. Hamı da bilir ki, İran tam məlum səbəblər ucundan Azərbaycanın güclənməsini istəmir və bu məsələdə konkret olaraq erməni tərəfini saxlayır. Açıqca deyilir ki, İran hələlik danışıqlarda iştirak edə bilər. Gələcəkdə isə, məlum məsələdi, sivil adamlarıq axı... Elə həmin Nesterenko Türkiyənin həmsədrliyi barədə deyir ki, bu məsələ ilə bağlı Azərbaycan tərəfindən heç bir rəsmi təklif almayıblar: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Rusiyaya bu cür təklif daxil olmayıb. İstənilən halda bu danışıqların praktik müstəvidə aparılması üçün ən azından bütün münaqişə tərəflərinin razılığı olmalıdır. Ermənistan - Türkiyə münasibətlərinin normallaşması haqqında protokolların ratifikasiyası məsələsinin dayandırıldığını nəzərə alsaq, belə razılaşmaya nail olunması çətin görünür". Nə deyirsiniz, zibilizasiya deyilsə bəs nədi?..
   
   Hələ bu azmış kimi, Rusiyanın ATƏT-in Minsk qrupuna təyin etdiyi yeni həmsədr İqor Popov da Xankəndinə səfər eləyib və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşündə deyib ki, qondarma Dağlıq Qarabağ rejimi müəyyən mərhələdə danışıqlarda iştirak etməlidir. O, qondarma rejimin rəhbərliyi ilə Xankəndidə hava limanının inşası ilə bağlı müzakirələr apardığını da deyib. Bizimkilər də susmurlar. Çox qəti və sərt şəkildə bildirirlər ki, gərək Popovun özündən soruşaq ki, bu nə məsələdi. Bizim XİN-in sözçüsü Elxan Poluxov aeroport tikintisi haqda deyir: "Bu məsələ ilə bağlı Azərbaycanın birmənalı mövqeyi var. Ölkəmizin işğal olunmuş ərazilərində heç bir uçuş, o cümlədən beynəlxalq uçuşlar Azərbaycanın icazəsi olmadan həyata keçirilə bilməz. Ona görə ki, bu, beynəlxalq qanunvericiliyə ziddir. Azərbacan heç vaxt yol verməz ki, işğal olunmuş ərazilərdən, Xankəndi aeraportundan hansısa formatda istifadə olunsun".
   
   Elxan müəllim sivil dünyanın sivil vətəndaşı kimi danışır. Amma nəzərə almaq lazımdır ki, qarşımızdakılar zibil dünyanın nümayəndələridi. Ona qalsa Azərbaycan öz torpaqlarının işğal altında olmasını da istəmir. Amma fakt başqa cürdü axı. Göründüyü kimi, beynəlxalq qanunvericilik filan hərləyən yoxdu..
   
   Hər tərəfdən dişinə, damağına, ağzına... şirə vurulan ermənilər özlərini o qədər cəzasız hiss edirlər ki, indi də Avropa Şurası Parlament Assambleyasından girdirmə genosidi tanımağı tələb edirlər. Deyir bu istəklə olan yazılı müraciətə erməni nümayəndə heyətinin 5 üzvündən başqa Parlament Assambleyasının 21 deputatı da qoşulub. Onların Almaniya, Fransa, İtaliya, Rusiya, Bolqarıstan, Avstriya və Böyük Britaniyanı təmsil edən parlamentarilər olduğu bildirilir. Buyurun, sivil olduqca zibillər boynumuza minir və minəcəklər.
   
   Adam istəyir belələrinə "dəvədən böyük fil var" məsəlini xatırlatsın. Yəni sizin Şuranızdan böyük Avropanın bir İttifaqı var,onlara müraciət eləyərik. Ağzımızı doldurub məsəlin "d" hərfini deməmiş Avropa İttifaqından "müjdə" gəldi: "Qarabağ probleminin həllində Avropa İttifaqından möcüzə gözləməyə dəyməz". Aİ-nin genişlənmə məsələlri üzrə ali komissarı Stefan Fule Ukrayna və Qafqaza səfəri haqda hesabatı Aİ-yə təqdim edən zaman jurnalistin: Türkiyə və Ermənistan-Azərbaycan problemlərində iştirakını necə artıra biləcəyi haqda sualına komissar belə cavab verib: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün biz mümkün olan hər şeyi edirik. Vaxt keçdikcə bizim bu məsələdə rolumuz daha fəal və hissedilən olacaq". Bunun dalınca da həmin o dediyim müjdəni verib.Yəni başınızın çarəsini özünüz qılın, istəyir sivilcəsinə, istəyir...
   
   Biz də maşallah, qılırıq. Yazının əvvəlində demişdim axı, qanımın qara vaxtı idi. Neft Akademiyasının qarşısında icazəsiz aksiya cəhdinin qarşısının alınması xəbərini oxumuşdum. Trend-in müxbiri ağız dolusu yazırdı: Bakı polisi Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciənin ildönümü ilə əlaqədar olaraq Cəfər Cabbarlı heykəli ətrafında icazəsiz etiraz aksiyası keçirmək cəhdinin qarşısını alıb".
   
   Gənclər təşkilatları həmyaşıdlarının Akademiyada manyak tərəfindən qətlə yetirilməsinin ilini etiraz mitinqi ilə qeyd etmək istəyiblər. "Hüquq-mühafizə orqanlarının əməkdaşları gənclər təşkilatlarının bir sıra fəallarını tutaraq polis bölməsinə aparıb". Billah, tallah, mən qanunların əleyhinə deyiləm və ola da bilmərəm. Amma gənclərin bu aksiyasını belə dağıtmaq və fəallarını tutmaq sivilizasiya əlaməti deyil.. Lap icazəsiz aksiya olsa belə...
   
   Televiziyaları tarakan kimi başına götürmüş falçılar və ekstrasenslər deyirlər ki, sivilizasiyanın zibilizasiyaya çevrilməsində ən böyük amillərdən biri də radiasiyadı. Özü də təbiətin, atom silahlarının, kosmik uçuşların, zavod-fabriklərin yaratdığı radiasiya bir yana, mobil telefon, kompüter, televizor və s. radiasiya yayan cihazlar bir-bir, "personalnı" hamımızı havalandırır. Havalanan adam da sivilizasiyadan zibilizasiyanı üstün tutur. Bəs neynəməli, budərdi kimə söyləməli, kimdən imdad diləməli?
   
   Türkiyə "Trakya" universitetinin akademiki Faruk Yorulmaz deyir ki, qatıq için. Özü də gündə ən azı iki stəkan. Deyir "Qatıq radiasiyadan qorumaq üçün yox, radiasiyaya məruz qaldıqdan sonra zərər görən hüceyrələrin və toxumaların bərpası üçün çox faydalıdır". Yəni zibil yox, sivil olmaq istəyirsinizsə, qatıqlayın. Şəxsən mən əleyhinə deyiləm, amma dostum Faiq Qismətoğlu qatıqdan zəhərlənəndən sonra qatığa da inanmıram. Deyəsən ən sərfəlisi zibilizasiyada zibil olmaqdı.

TƏQVİM / ARXİV