
Sən də onlardansan-tənhalardan. Təpədən-dırnağa tənhalıq buna deyərlər. İşdən gəlirsən. Qapını özün açmalı olursan. Taleyinin qapıları da elə evinin qapıları kimi bağlı üzünə. Qapını üzünə açıb, boynuna sarılıb "xoş gəldin" deyənin yoxdu ay zavallı... Yenə də metronun son dayanacağında "Əşyalarınızı götürməyi unutmayın" xəbərdarlığından sonra düşüb geriyə qayıtmalı olmusan. Yenə çörək almısan, siqaret yadından çıxıb, təzədən marketə dönməli olmusan... Hə, bax budur, tənhalıq. Fikirlər qucaqlayır səni qadın yerinə. Fikirlər unutdurur hər şeyi... yenə də qadın əvəzinə. Tərslikdən qapını açan kimi bədənnümada özünü, tənhalığını görürsən. Dağınıq saçların, solğun bənizin, əzik-üzük köynəyin güzgüdə sənə daha yaxından baxsın. Soyun üst-başını. Keç içəri. Yeməyi qızdır. İştahsız-iştahsız yemək, təkbaşına içməkdir tənhalıq. Bir siqaret də yandır, sən canın. Siqaretin beynindən az dumanlasın qoy. Bu dəfə bir az da çox iç. Bir az da uzat tənhalığını, mənsizliyini, yazıqlığını. Floberin yalqızlığına dönməkdədir tənhalığın. Sən öl, indi şairə daha çox oxşadın. Hə, nə durmusan? Vaxtdır, kompüteri yandır. Axtar məni "facebook"da, "skype"da çəkdiyin fotolarıma bir də bax. Gör son statusda nə yazmışam??? Özünü inandırmağa çalış ki, "lirik qəhrəman" faktoru var-hər şeir sevgiliyə yazılmır. İstəyirsən, bir az şübhələn məndən-bəlkə həyatımda biri var deyə... Şübhələr də tənhalığın can yoldaşı olur arada. Noldu? Heç nə yazammadın? Bir az da dərindən düşün. Yazacaqsan. Ən azı bir şeir... Narahat olma, oxumayacam onsuz da. Kimə lazımdı sənin şeirlərin? Biznesmen olsaydın, həyatın daha maraqlı olardı mənim üçün. Zəmanə uşağıyam. İndi qızları şeirlə yoldan çıxarmaq olmur, dədə... Tamam. Yorğunsan, dur yat. Sabah bu günü yenidən təkrarlayacaqsan. Təkrarçı həyatdı tənhalıq... Yata bilmirsən, hə? Qolların bomboşdur, ürəyindən fərqli olaraq. Üzünü pəncərəyə tərəf çevir. Ay doğsun yatağına. Onu mən göndərmişəm sənə... Bircə Ayı sənə qısqanmıram. Ən azından sevgimizin şahididir o... Yengələr kimi abırsız olmasına baxma, söz danışan deyil. Aya saatlarla tamaşa etməkdir tənhalıq. Dur bir fahişəyə zəng elə, istəyirsən. Ehtiyacını ödəsin. Gecəyarısı evinə fahişə gətirməkdir tənhalıq. Səhərə yaxın yuxuya get. Sonra yat, qal... Səhərlər yatıb qalmaq, gecikməkdir tənhalıq. Tənhalıq-bir də həyatında olanın vaxtında qədrini bilməməkdir...
***
Ürəyindəki boşluğa
qısqanıram səni
bir də qoluna girən yalnızlığa
nə xoşbəxtdi
siqaretin
öpür dodaqlarından
bir də elə yanır
elə yanır ki...
tüstüsü
gözlərini yaşardır
xoşbəxtdi göz yaşların
hər gün
bomboz, saqqal basmış üzünə
dağınıq saçlarına
baxan güzgünün yerinə olaydım kaş...
Yatağındakı tənhalığa
qısqanıram səni
yastığın göz yaşlarını sıxır sinəsinə
mən səni heç vaxt
heç vaxt
o cür sevgiylə bağrıma basa bilmədim
amma
təkcə
taleyinə qısqanmıram səni...