adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

YALANçININ...

FAİQ QİSMƏTOĞLU
29111 | 2012-02-11 08:11
Son üç-dörd gündə ölkə əhalisinin hansı çətinliklər yaşadığını bir Allah bilir, bir də həmin problemləri yaşayan insanlar. Çox qəribədir ki, bu insanların səsi nə yuxarılara gedib çatır, nə də ayrı-ayrı vəzifəli şəxslərə. Belə də Allahsızlıq və insafsızlıq olarmı?! Bakı şəhərinin 4 rayonunda - Xəzər, Nizami, Suraxanı və Sabunçu rayonlarında işıq, qaz və istilik sistemi qəhətə çıxıb.
   
   Vəziyyət isə günbəgün çətinləşir. Son yüz ilin ən şaxtalı günlərini yaşayan Bakı sakinləri isə soyuqdan donurlar. Bu belə də olmalıdır. Əgər işıq yoxdursa, qaz gəlmirsə və istilik sistemi də işləmirsə, onda təbii ki, Bakı sakinləri soyuqdan donacaqlar. Hələ biz müxtəlif xəstəxanalarda müalicə olunan və soyuqdan əziyyət çəkən pasiyentlər haqqında danışmaq istəmirik. Düzdür, bəzi xəstəxanaların generatorları və istilik sistemləri mövcuddur. Ancaq bu o demək deyil ki, digər yerlərdə də belə bir şərait var, işıq, qaz olmayanda yaşayış binalarına hardansa istilik veriləcək.
   
   Camaatın əsəbləri tarıma çəkilib. Aidiyyəti qurumlar isə susmağa daha çox üstünlük verirlər, ya da yalan vədlərlə camaatın başının altına yastıq qoyurlar ki, bir azca da dözün, işıq da olacaq, qaz da gələcək, istilik də veriləcək. Bilmirik, insan nə qədər dözümlü olmalıdır?! Bəlkə də dünyada millətlər arasında yarış keçirilsəydi, bizim xalq səbrdə və dözümdə birinci yerə çıxardı. Amma hələ ki, "Azərenerji" ASC və "Bakıelektrikşəbəkə" insanların əsəbləri ilə oynamaqda davam eləyir.
   
   Fevralın 7-dən Bakının Hövsan, Yeni Günəşli, Əhmədli, Köhnə Günəşli və eləcə də Xəzər rayonunun ərazisindəki qəsəbələrdə işıq, qaz və istilik yoxa çıxıb. Qəribədir ki, aləm bir-birinə qarışıb, millət qaranlıq içində boğulur, insanlar soyuqdan donur, ancaq nə "Azərenerji"nin , nə "Bakıelektrikşəbəkə"nin rəhbərləri bir əncam çəkə bilmirlər. Hansı ki, Azərbaycanda və eləcə də Bakıda elektrik şəbəkəsinin yenidən qurulması üçün milyonlarla vəsait ayrılıb. Bəs həmin vəsait hara sərf olunub və necə xərclənib?! Bu suala isə həmin qurumlar cavab verməlidirlər. Şərt o deyil ki, dövlət milyonlarla manat pul ayırsın və ayrı-ayrı qurumlar da bu pulları təyinatı üzrə deyil, hara gəldi havaya sovursun. Şərt odur ki, ayrılan pul təmir və yenidənqurma işlərinə xərclənsin. Belə çıxır ki, dövlətin enerji sektoruna ayırdığı milyonlarla manat vəsait havaya sovrulub. Bəlkə də bu belə deyil. Amma hadisələr göstərir ki, nə "Azərenerji", nə də "Bakıelektrikşəbəkə" qışa hazır deyil. Hansı ki, qış gəlməmişdən onlar sinələrinə döyüb deyirdilər ki, soyuq günlərdə əhali işıqla bağlı heç bir problem yaşamayacaq. Soyuq günlər oldu, temperatur mənfi 13 dərəcəyə qədər aşağı endi və hər şey üzə çıxdı. Yəni məlum oldu ki, həmin qurumların verdikləri söz sabun köpüyü kimi bir şeymiş.
   
   Necə olur ki, Avropada, Rusiyada, Türkiyədə, bəyənmədiyimiz Ermənistanda soyuq hava şəraitində işıqlar yanır, qaz gəlir, istilik sistemi işləyir, amma bizim məmləkətdə isə hər şey iflic vəziyyətinə düşür?! Əgər bir müəllim olsaydı və o da şagirdin biliyini yoxlasaydı savadsız olduğuna görə ona iki yazardı. Bizim də xidmət sahələrinin fəaliyyəti nəinki "2"-yə heç "0"-da layiq deyil. Çünki hər şey göz qabağındadır. Bu milləti rəqəmlərlə, göstəricilərlə aldatmaq asan deyil. Ola bilər ölkədə kifayət qədər enerji istehsal olunsun, amma onun əhaliyə verilməsinə gələndə hər şey əksini göstərir. Dörd gündür ki, Bakı sakinləri bəlkə də ömürlərində görmədikləri dəhşətli anlar yaşayırlar. Günlərlə işıq yanmır, buna görə isə bir idarə rəisinə, bir vəzifəli şəxsə "gözün üstə qaşın var" deyən tapılmır. Elə onlar da sorğu-sual edilmədiyinə görə, başlarının altına yastıq qoyub yatıblar.
   
   Bəlkə də hər hansı nazirin, hər hansı səhmdar cəmiyyətin rəhbərinin işıqla, qazla bağlı heç bir problemi yoxdur. Düzdür, onların çoxlu sayda mənzilləri var, işıqları da sönəndə generatoru işə salırlar. Amma hər halda onlar bilməlidir ki, Bakıda mənfi 13 dərəcədə soyuqda donan yüz minlərlə insan var. O yüz minlərlə insanın taleyi haqqında təəssüf ki, heç kim fikirləşmək istəmir. Fevralın 9-da axşam saatlarında Hövsan və Yeni Günəşli qəsəbəsində işıqlar yanmayanda yüzlərlə insan soyuqdan donmamaq üçün küçələrə çıxıb, tonqal qalayıblar. Tonqal qalayıblar ki, heç olmasa bir az da olsa tonqalın istisində qızına bilsinlər. Elə ki, işıqlar yanıb onlar seivnməyə başlayıblar, amma 5-10 dəqiqə keçməyib işıqlar yenə sönüb.
   
   Təbii ki, işıqları sönən adamların qanı itin qanına dönüb. Axı, mənzillərdə bayaq dediyimiz kimi, nə qədər insan soyuqdan əziyyət çəkir. Bir tərəfdən işıqlar yanmır, bir tərəfdən qaz gəlmir, digər tərəfdən isə istilik sistemləri işləmir. Yazıq kasıb, gəl belə bir şəraitdə soyuqdan donma görüm, necə donmursan. Adətən Avropa ölkələrində soyuq hava şəraitində ev-eşiyi olmayan adamlara küçələrdə isti yerlər təşkil edilir və isti xörəklə verilir. Biz də isə küçələrdə şərait yaratmaqları cəhənnəm, heç olmasa soyuq hava şəraitində mənzillərə işıq, qaz və istilik vermirlər.
   
   Dörd gündür ki, Bakı camaatı müsibət içindədir. Dörd gündür ki, insanlar şaxtadan, soyuqdan donurlar. Dörd gündür ki, qəzetlər və televiziya kanalları bar-bar bağırırlar ki, Bakı soyuqdan donur və iflic vəziyyətinə düşüb, amma yuxarıların qulağı hələ də kardır. Bu həyəcanlı xəbərləri eşitmək istəmirlər ki, istəmirlər. Fikirləşsək ki, fevral ayı qışın ən soyuq aylarındandır, onda belə qənaətə gəlmək olar ki, hələ şaxtalı və qarlı günlər çox olacaq. Ən azından ona görə ki, hidrometeoroloqların dediyinə görə, yüz ilin ən şaxtalı günləri fevralda oldu. Deməli, hələ bundan sonra da şaxtalı və qarlı günlər davam eləyəcək. Bizim fərsiz və maymaq məmurlarımızın günahı üzündən isə işıqlar yanmayacaq, istilik sistemləri işləməyəcək və qaz gəlməyəcək.
   
   Deyirlər ki, qəza baş verib, ona görə də bir çox yerlərdə işıqlar yanmır. Qardaş, bu qəzanı aradan qaldırmaq üçün neçə saat, neçə gün vaxt lazımdır? Biz görmüşük ki, hər hansı qəza bir neçə saatın içində aradan qaldırılır. Tay bunun üçün 3-4 gün vaxt sərf olunmur. Əgər hər hansı bir qurum 3-4 günə də bunu təmir edib, başa çatdıra bilmirsə, həmin vəzifəli şəxslərin işləmələrinə mənəvi haqları çatmır. Əgər onların bir balaca özlərinə hörməti varsa, ya tez bir vaxtda mövcud problemləri aradan qaldırmalıdırlar, ya da vəzifədən istefa verməlidirlər. Ancaq bizim məmurlar çətin ki, bu vəzifədən öz xoşları ilə çıxıb getsinlər. Çünki onlar kreslodan elə möhkəm ikiəlli yapışırlar ki, ordan kimsə onları çox çətinliklə qopara bilir.
   
   Bir çox nazirlər və eləcə də komitə rəhbərləri fikirləşirlər ki, hər şeyi ölkə prezidenti həll etməlidir. Məgər prezidentin işi-gücü qurtarıb, hər hansı bir qəza baş verəndə ona da müdaxilə eləsin. Əgər "Azərenerji" varsa və "Bakıelektrikşəbəkə" fəaliyyət göstərirsə onların da rəhbərləri zəhmət çəkib bu problemləri tezliklə yoluna qoymalıdır. Ancaq bu gedişlə çətin ki, Bakının işıq sistemi tam bərpa olunsun. Allah Arabulun ölənlərinə rəhmət eləsin. O kişi əməlli-başlı işləyirdi, heç işıqlar da saatlarla, günlərlə belə sönmürdü. Yazığın "torba"sını necə tikdilərsə, başın götürüb bu məmləkətdən qaçdı. Yerinə gələnlər isə ancaq özlərinin mənafeyini fikirləşirlər və camaat haqqında düşünmürlər.
   
   Görünür, "Bakıelektrikşəbəkə" və eləcə də "Azərenerji" hələ yuxudan tam ayılmayıb. Yuxudan tam ayılanda yəqin ki, enerji sahəsində olan problemlər aradan qaldırılacaq. Ancaq belə ki, onlar möhkəm yatıblar, qış yuxusuna gediblər, çətin ki, bu tezliklə Bakının işıq problemi həllini tapsın. Gərək ölkə prezidenti İlham Əliyev onlara təpinməlidir ki, bu məmurlar da camaatın əsəbləri ilə oynamasın və fəaliyyətə başlasın. Cənab məmurlar, bu xalqı, bu milləti yalan vədlərlə aldatmaqdan əl çəkin. İşləyə bilirsiniz işləyin, işləmirsiniz nə prezidenti, nə də xalqı aldatmayın. Çünki prezidenti və xalqı aldadan adamın axırı heç vaxt yaxşı olmayıb.

TƏQVİM / ARXİV