04 Oktyabr 2025 12:50
108
SİYASƏT

“Bu, təkcə Cəbrayıl sakinlərinin deyil, bütün millətimizin bayramıdır”

“Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimiz tapdaq altında qaldığı illərdə  hər il şəhər, qəsəbə və kəndlərimizin işğal günlərini qəm-qüssə ilə anır, buna nə zaman son qoyulacağını düşünürdük. Nəhayət, tarixin bizə zorla sırıdılmış gedişini Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında dövlətimiz və millətimiz dəyişdirdi”.

Adalet.az xəbər verir ki, bunu  Milli Məclis sədrinin müavini deputat Musa Qasımlı deyib. 

O deyib ki, ərazilərimizin işğaldan azad edilməsi ilə millətimizin tarixində qəhrəmanlıq, qürur səhifəsi açıldı:

“Allah şəhidlərimizə rəhmət etsin! Cəbrayılla bağlı böyük hadisələrdən biri ürəyimizin parçası ilə bizi birləşdirən Xudafərin körpüsündə dövlət başçımızın bayrağımızı 2020-ci il noyabrın 16-da ucaltması oldu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsilə tariximizə ilk dəfə olaraq şəhərlərin bayram günləri də daxil edildi. Artıq ölkəmidə işğal günləri anılmır, şəhərlərin bayram günləri qeyd edilir. Belə günlərdən biri 4 oktyabr Cəbrayıl şəhər günüdür.  Bu, təkcə Cəbrayıl sakinlərinin deyil, bütün millətimizin bayramıdır. Bayramımız mübarək olsun! Azad edilməsindən keçən beş il ərzində Cəbrayıl yenidən tikilib və tikilir. Keçmiş məcburi köçkün qardaş-bacılarımız dövlət büdcəsi hesabına tikilmiş müasir infrastruktu olan şəhər, qəsəbə və kəndlərə planlı şəkildə qayıdırlar. P.S. Qısa müddətdə nələrin dəyişdirildiyini xatırlamaq üçün bir neçə fotoşəkli paylaşıram. Dəyişdirənlərin qədrini bilək!”.

Vasif ƏLİHÜSEYN