03 Oktyabr 2025 13:47
99
SİYASƏT

“Heydər Əliyevin fəaliyyəti tarixdə şəxsiyyətin necə böyük rol oynadığını bir daha göstərdi”

“1993-cü il 3 oktyabr tarixində keçirilmiş prezident seçkiləri nəticəsində ulu öndər Heydər Əliyevin ölkə rəhbəri seçilməsi Azərbaycan dövlətçiliyi tarixində mühüm hadisədir. Bununla Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinin, ölkənin xaricdən dəstəklənən separatçılıqla parçalanmasının, vətəndaş müharibəsinin qarşısı alındı, müasir, güclü, müstəqil dövlətin qurulması, xalqın qarşısında dayanan başlıca vəzifələrin yerinə yetirilməsi uğrunda fəaliyyətlərə başlandı. Ölkədə sabitlik yaradıldı”. 

Adalet.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. 

O bildirib ki, bununla da hakimiyyətə qanunsuz yollarla gəlməyin qarşısı alındı, silahlı dəstələr zərərsizləşdirildi:

“Güclü ordu qurmaq və işğal altındakı əraziləri azad etməkdən ötrü atəşkəsə gedildi. Ölkənin inkişafının açarı tapıldı. “Əsrin müqaviləsi” imzalandı. Sui-qəsd, dövlət çevrilişi və qiyam cəhdlərinin qarşısı qətiyyətlə alındı. Təbii sərvət olan nefti ilk dəfə milli sərvətə çevirən Heydər Əliyev ondan gələn gəlirləri başlıca məqsədin yerinə yetirilməsinə yönəltdi. Neftin nəqlinə dair bir neçə, o cümlədən Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft boru kəmərinin işə salınması təkcə iqtisadi deyil, Azərbaycanın müstəqilliyinin etibarlı təminatı rolunu oynadı. Azərbaycan Respublikası dövlətinin xarici siyasəti yenidən quruldu. Bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaradıldı. Nəqliyyat-kommunikasiya mərkəzinə, tranzit ölkəyə çevrilən Azərbaycanın beynəlxalq əhəmiyyəti artdı. Dövlət müstəqilliyi illərində ilk dəfə olaraq Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, parlamentə seçkilər keçirildi. Ölüm hökmü ləğv edildi. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarını, xarici ölkələrdə yaşayan azərbaycanlıları birləşdirən azərbaycançılıq ideologiyası qəbul olundu. Bütün bu nəhəng işlərə xarici ölkələrin siyasətçilərinin dediyi və mətbuatının yazdığı kimi, yalnız Heydər Əliyevin zəkası, bacarığı və qətiyyəti sayəsində nail olundu”. 

Millət vəkili deyib ki, Heydər Əliyevin fəaliyyəti tarixdə şəxsiyyətin necə böyük rol oynadığını bir daha göstərdi:

“Heydər Əliyev Azərbaycanın bundan sonra heç bir dövlətin tərkibində olmayacağını, dövlət müstəqilliyinin daimi və əbədi olacağını bəyan etdi. Xalq yalnız öz gücünə arxalandı. Dövlət və xalq başlıca məqsədə - təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin azad edilməsinə, dövlət suverenliyinin bərpasına hazırlandı”.

Vasif ƏLİHÜSEYN