adalet.az header logo
  • Bakı -°C

VAQİF  HÜSEYNOV-  90 - VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
88 | 2026-05-20 10:54
A- A+

Sən çılğın bir həyəcandın,
Dönüb necə sükut oldun?

Bu misraların müəllifi  mərhum şairimiz Vaqif Hüseynovdur. O, 1936-cı ildə Lənkəran rayonunun  Separadi kəndində doğulmuşdu. Orta məktəbi bitirdikdən sonra  ADU-nun filologiya fakültəsində  təhsil almışdı. Şeirə-sənətə həvəsi elə orta məktəb illərindən başlasa da, ilk şeiri tələbə ikən-1958-ci ildə «Azərbaycan gəncləri» qəzetində dərc edilmişdi. Vaqifin atası İbi kişi  müharibəyə gedib, qayıtmayıb. O ağrını yaşaya-yaşaya  Vaqif böyüyüb, yaşa dolub, dünyanın bundan da böyük ağrılarından keçib. Elə şairlik də bu ağrılardan doğub. Yuxarıda misal gətirdiyim misralar Vaqif «Atam yaşındayam mən» poemasındandır.
Universiteti bitirdikdən sonra Vaqif Hüseynov Lənkərana qayıtmış, rayon qəzeti «Leninçi»də şöbə müdiri, məsul katib vəzifələrində çalışmışdı. Rayonda ədəbi mühitin canlanmasında Məmmədhüseyn Əliyev, Şəkər Aslan kimi tanınmış yazarlarla bir sırada onun da fəaliyyəti az olmamışdır.Sonra o, Masallıya köçmüş, jurnalistlik və naşirlik ıçaliyyətini rayon «Çağırış» qəzetində davam etdirmişdi.Bu qəzetdə şöbə müdirliyindən redaktoa vəzifəsinə qədər yüksəlmişdi. Onun redaktorluğu dövründə «Çağırış» qəzeti  «Pravda» qəzetinin baş məqaləsində təriflənmiş, Lenin yubiley medalı, Fəxri Fərman və respublika Jurnalistlər İttifaqının «Qızıl Qələm» mükafatına layiq görülmüşdü. Yaxşı xatırlayıram ki, o dövrdə «Çağırış» qəzeti nəinki Masallıda, bütün respublikada şöhrət qazanmışdı. Vaqif Hüseynov rayonda yaşayan bütün qələm əhlilərini bu qəzet ətrafında toplayır, rayonun ictimai həyatı, ziyalı mühiti ilə bağlı yazılar dərc etdirirdi.
Mən onda orta məktəbdə oxuyurdum və ara-sıra «şeirlər» də yazırdım.  Bu «şeirlər» adicə nəzmkarlıq nümunələriydi, ancaq o zaman mənə elə gəlirdi ki, o qəzetdə «şeirim» çap olunsa, kənddə hamı məni barmaqla göstərəcək, adıma şair deyəcəklər. Qəzetə göndərdiyim «şeirlər» isə çap olunmurdu ki, olunmurdu. Bir gün o qəzetdə mən də tənqid edildim, təbii ki, «şeirlərimə» görə. Bu hadisə mənim uşaq qəlbimi yerindən oynatdı. Amma ruhdan düşmədim, «yaradıcılığımı» davam etdirdim. Çoxlu şeir kitabları oxudum və dərk elədim ki, ədəbiyyat aləminə hazırlıqsız daxil olmaq çətindir. Universitetin filologiya fakültəsinə daxil oldum, daha qeir yazmağı tərgitdim, elmi-nəzəri kitablar oxudum, tənqidçilik sənətinə meylim artdı. Doğrudur, şair olmadım, amma o zamanlar şeirə meylim mənim  şeiri duymağa gərəkli oldu. Yoluma davam etdim, ədəbiyyat aləmində sözümü deməyə çalışdır, məqalələrim, resenziyaları mətbuatda tez-tez çap olundu. Nkamzədlik və doktorluq dissertasiyaları da müdafiə etdim.  Elə bir gün oldu ki, Vaqif Hüseynovun «Yazıçı» nəşriyyatından şeirlər əlyazmasını mənə verdilər ki, rəy yazım.Yazdım, özü də müsbət rəy.  Çünki Vaqif Hüseynov əsl şair idi.
Vaqif artıq qəzet redaktoru deyildi. 1975-ci ildə  soyuq qış günlərinin birində qaMasallıya yeni bir katib göndərdilər. O qış Masallıya təkcə şaxta, qar gətirmədi həm də o katibin timsalında bir bəla gətirdi.  Təpədən-dırağa hirs və hikkə, rayonun ən yaxşı ziyalılarına qarşı  qərəzçi olan bu katib oqun qarşısında əyilməyən  Vaqif Huüseynovu da qaraladı. Qəzetin «nöqsanlı» işi rayon partiya komitəsinin bürosuna çıxarıldı. Vaqif Hüseynov işdən azad olundu. Ondan sonra Vaqif hansı idarədəsə kiçik mühasiblik işinə düzəldi, amma o «kiçik padşah» hələ də Masallıdaydı, dünən Vaqifin şərəfinə ucu güllü, ütülü tost söyləyənlər isə bir andaca buxarlandılar. Və Vaqif Lənkərana köçdü, rayon radio verilişlərində işlədi Və günlərin bir günü əlli yaşı tamam olmamıüş vəfat etdi. Dözə bilmədi ona qarşı törənən bu haqsızlığa. O katib də indi yoxdur-ölüb, kimsə onu xatırlamır deyə bilərəm, amma Vaqif mənən yaşayır, unudulmaz bir şair kimi.
Mən 1996-cı ildə, Vaqifin ölümündən on il sonra onun «Vətən, sənə borcum qaldı» şeirlər kitabının tərtibçisi, ön sözün müəllifi oldum, o kitabı nəşrə hazırladım. Həmin kitab «Söz» şeiri ilə açılır.
Sözüm-gözüm qarası,
Sözüm kəsərli almaz
«Gedər xəncər yarası,
Söz yarası sağalmaz».

Gah kükrəyən dağ çayı,
Gah narın yağış sözüm.
Gah ilin qızmar yayı,
Gah şaxtalı qış sözüm.

Söz zəngin xəzinəmdir, 
       Dərmandır, neştərdir o.,
       Gah sevincdir, gah qəmdir,
       «Cəngi»dir, «Şüştər»dir o.

        Söz ürəkdə bir bulaq,
        Söz dodaqda ürəkdir.
        Sözün bədxərci olmaq
        Xırdalanmaq deməkdir.

        Söz üstə savaş gedib,
        Neçə qəlbə düşüb köz.
        Söz üstündə baş gedib,
        Neçə baş qurtarıb söz.

        Söz insan dodağında
        Qəlbin, hissin aynası.
        Ürəyin ocağında
        Söz bişsin, söz qaynasın.
Vaqif Hüseynov sağlığında  öz birinci  şeirlər kitabını görə bildi (1983), «Dəniz çağırır». Onun bir insan kimi  bütün xüsusiyyətləri- Bu qəzəbi, sevinci, ağrısı, insanlara, təbiətə, sevgiyə münasibəti bu şeirlərdə əks olunub. Vaqif bir şeinində yazırdı ki:
Elə mən özü də şair deyiləm,
       Şair bir möcüzə göstərməlidir!
Əlbəttə, bu sadəcə böyük ürəkdən  qopub gələn təvazökarlıq hissi idi. Möcüzənin isə böyüyü, kiçiyi yoxdu. Əgər bir şeirdə poetik tapıntı görsənirsə, sən heyrətlənirsən. «Ay solğun bir fənərdir, ulduzlar nar giləsi» deyən şair  sözün sehrinə yiyələnən adam  ola bilər. «Əyninə geyərək qövsi-qüzehi  Bir gözəl gedirdi bulağa  sarı» misralarını ancaq poetik istedadı  olan şair yaza bilər.
Bir dəfə Vaqifdən soruşdum: Şair olmasaydın, nə olardın? Sanki ona şair deməyimdən incidi, dedi: «Çalışardım, şair olum». Vaqif  Hüseynov nadir hallarda  ədəbi mətbuatda çıxış edirdi. Amma Bakıda, geniş ədəbi mühitdə onu tez-tez soraqlayırdılar. Vaqif Universitetdə, eyni kursda Yaşar Qarayevlə, Şamil Salmanovla, Arif Səfiyevlə, Tofiq Hacıyevlə, Firudin Ağayevlə, Ağacavad Əlizadə ilə, İbrahim Göyçaylı ilə, Hüseyn Kürdoğlu ilə birgə oxumuşdu. Onların hər biri tezliklə Azərbaycan ədəbi-elmi mühitində tanındılar. Vaqif isə Lənkəranda, Masllıda qəzetlərdə çalışırdı və bir redaktor kimi öz işində tanınırdı.Amma o ŞAİR idi. Ölümündən sonra mən onun bütün şeir külliyyatı ilə tanış oldum. Onun müharibə ağrılarını, atasızlıq dərdlərini özündə əks etdirən «Atam yaşındayam mən» poemasını, təbiətə həsr etdiyi şeirləri ilə tanış oldum, müxtəlif mövzularda qələmə aldığı şeirləri də oxudum. Lənkəranda yaşayan şairlərin bir çoxu, başda Şəkər Aslan olmaqla sonet janrına müraciət etmişlər. Vaqifin də gözəl sonetləri və sonetlər çələngi var. («İnsan», «Lənkəran»). Mən cəmi 49 il ömür sürən Vaqif Hüseynov haqqında sözümü «İnsan» sonetlər silsiləsinin sonuncu soneti ilə bitirirəm. Ona rəhmət diləyirəm
     Xalı döşənməyib ömür yoluna,
     Büdrəyib aşanda əzilməyəsən.
     Qüvvət yığ dizinə, güc ver qoluna
     Dolayda təngiyib üzülməyəsən.

     Qorxunc bir dərədə yolunu azsan, 
     Zülmət qurşun kimi çökər üstünə.
     Qranit qayanın köksünü qazsan
     Zirvə daş qalağı tökər üstünə.

     Ancaq heç vaxt ololma zirvə girinci,
     İnci ol,. zirvədə nə gəzir inci?
     İncini bağrında gizləyir ümman.

     Şairin sözünü yadda saxla gəl:
     Hamıdan ağıllı, hamıdan gözəl,
    Hamıddan güclüsən, insan, ey insan… 
  
   

        


 

  • Aprel:
  • 24

TƏQVİM / ARXİV