adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2025 10:52
55
MARAQLI
A- A+

Üstüaçıq yatan eskalatorlar

Bu yaxınlarda “28 May” metrostansiyasından çıxıb üzü Milli Bank tərəfə, ordan da yeraltı keçidlə Heydər Əliyevin heykəli ucaldılmış parka keçdim. Burda, Rəşid Behbudov prospektinin altında ikitərəfli, dördçıxışlı yeraltı keçiddəki eskalatorların hamısının işlədiyini heç vaxt  görməmişəm. Hər dəfə ya yuxarı qaldıran, ya da aşağı endirən tayı işləmir. Bu dəfə də belə gördüm. Buranın dəmir qanunu belədi: eskalatorlar ya taykeş işləməli, ya da heç işləməməlidi! 

Fəaliyyətsiz eskalatorların üstünü toz-torpaq basıb. Hərdən görürsən bir neçə usta yığışaraq həmin nasaz eskalatorların pilləkənlərini və motorunu söküb təmir eləyirlər. 

Çox maraqlıdı, yəqin ki, bu yeraltı keçidləri inşa edərkən  onların proyektini əvvəlcə keçid-tuneldən başı çıxan mühəndislər, mütəxəssislər yazıb təqdim edirlər. Bildiyimiz kimi eskalatorlar əsasən elektriklə işləyən matordan, bir də dəmir pilləkənlərdən ibarətdir. Təbii ki, bu cür matorlara su düşərsə mütləq xarab olur. Xarab olması bir yana, elektriklə işlədiyinə görə o matorlar həm də təhlükə mənbəyidi.  

Başqa yerləri demirəm, təkcə həmin keçidlərdəki eskalatorları ən azı bir neçə aydan bir təmir eləyirlər. Bu qədər xərc çəkib pul tökürlər, yəni. 

Eskalatorlar fəaliyyətsiz olduğuna görə çox vaxt piyadalar yol hərəkət qaydalarını pozmağı, fəaliyyətsiz dəmir pilləkanlarla “quyuya” düşüb-çıxmaqdan üstün tuturlar.

Əlbəttə, üstü açıq şəraitdə eskalator uzun müddət işləyə bilməz! Üstü örtülməmiş eskalatorların dişcikləri zir-zibillə dolur, yağan yağış, çirkli qar suyu onun motoruna axır, axı!

Bu cür keçidləri inşa edən mühəndislərə demək lazımdı, a kişi, layihədə bunların üstünü ən azı şüşə örtüklə örtmək haqda bir qeyd etsəydin, canın çıxardı? Yarımçıq, qeyri-peşəkar işinlə camaatı niyə avara qoymusan? 

Yəni, təkcə bu eskalator motorlarının təmirinə mütəmadi çəkilən xərclə keçidlərin girişinin üstünü üç dəfə örtmək olardı...

Ordan qanı qara halda keçdim Qış parkına. Bu gözəlim parkın içi ilə üzü Milli Dram Teatra tərəf getdim. Parkın o başında yenə yeraltı keçidə girəsi oldum. Burda da eyni mənzərə! Keçiddəki dörd eskalatorun heç biri işləmir! Üstü örtülməmiş eskalator necə işləsin, axı? 

Söz düşmüşkən, icazə verin yollarımız haqda da bir neçə xanə deyim. Qayda belədi: yol çəkilişi zamanı, ilk olaraq, kənarlarda ya yeraltı su kanalları, ya da açıq arxlar quraşdırılmalıdır ki yağan yağışın, qarın suyu axıb o kanallara tökülsün, hər yağmur sezonunda şəhərin müxtəlif bölgələri su altında qalmasın. Yəni, əgər mühəndis yolun inşasını düzgün konstruksiya edə bilməyibsə və yağış zamanı yollar göl bağlayırsa, buna şəhərin meri neyləsin?
Birini də deyim, üç olsun, düşmən puç olsun! 

Yaşadığım ərazidə bir orta məktəb, məktəbin qarşısındakı  yolda isə piyadalar üçün zolaqlı keçid var. Sakinlər və əsasən də orta məktəb şagirdləri həmin zolaqlı yoldan keçirlər. Gün ərzində minlərlə insan bu yolu o tərəf-bu tərəfə adlayır. Ancaq maşınların təkəri altında sürtünən o ağ zolaqlar tezcə pozularaq görünməz hala düşürdü. Yol işçiləri ildə bir-iki dəfə gəlib o zolaqları yenidən çəkirdilər, üstündən bircə ay keçməmiş zolaqlar yenə görünməz olurdu. Çünki o zolaqları keyfiyətli boya ilə yox, adi emulsiya ilə çəkirdilər. Həmin zolaqların görünməz vaxtı bu yolu ilk dəfə keçən naşı sürücülər piyadalara dəfələrlə təhlükə yaratmışdıblar. Özü də şəhərin əksər yerində “zebra”ların və yol hərəkət xətlərinin əksəriyəti bu cür görünməz haldadı. Şəxsən mən həmin zolaqlar haqda bir neçə dəfə yazdıqdan sonra nəhayət ki, o yola nisbətən keyfiyətli, qabarıq boya çəkdilər. Eskalatorlar haqda da bir neçə dəfə yazıb “dərdin” səbəbini göstərmişəm. Görək, üstüaçıq eskalatorların üstünü haçansa örtəcəklərmi.

Deməyim odur ki, hər birimiz ictimai əhəmiyət daşıyan  bu cür problemlərdən danışmalıyıq, yazmalıyıq, tələb eləməliyik...     

Murad Köhnəqala