Xoşbəxtlik puldan asılıdır?
Psixoanalitiklər bu barədə nə deyirlər?
Pul və xoşbəxtlik! Bu iki anlayış hər zaman müzakirə və mübahisə doğurub. Psixoanalitiklərin fikrincə xoşbəxtlik duyğusunun arxasında biokimyəvi proseslər, uşaqlıqdan formalaşan yaşam tərzi, bəzən də müasir dünyanın parıltılı həyat standartları dayanır. Lakin bu mövzunu araşdıran psixiatriya və neyropsixologiya ortaya maraqlı, hətta bir qədər paradoksal nəticələr çıxarır.
Əlbəttə, pulun rahatlıq bəxş etdiyini heç kim danmır. İnsan borcsuz yaşayanda, sağlamlığına görə narahat olmayanda, kirayə pulu, kredit kimi problemi olmayanda beyində kortizol, yəni stres hormonu kəskin azalır.
İqtisadiyat üzrə Nobel mükafatı almış psixoloq Daniel Kanemanın fikrincə “xoşbəxtlik həddi” deyilən bir anlayış var. İnsan bəlli bir gəlir səviyyəsinə çatdıqdan sonra əlavə pul onun xoşbəxtlik səviyyəsini artıq yüksəltmir. Niyə? Çünki insan beyni yeni komforta ildırım sürəti ilə uyğunlaşır. Psixologiyada bu mexanizm “hedonistik adaptasiya” adlanır. Məsələn, nə vaxtsa arzuladığınız avtomobiliniz bir neçə aydan sonra sadəcə, “maşın” olur. Yəni, insan bir arzusuna çatdıqdan sonra beyni o yeniliyi normal kimi qəbul edir və əvvəlki həyəcanı söndürür.
Bundan sonra isə maraq dairəsinə qeyri-maddi amillər çıxır: azadlıq hissi, öz həyatını idarə etdiyini bilmək, sevildiyini hiss etmək, kiməsə lazım olduğunu görmək, maraq və məzmun dolu günlər yaşamaq. Neyropsixologiya bunu “daxili mükafat sisteminin doyma nöqtəsi” adlandırır. Yəni, maddi stimul
müəyyən yerə qədər işləyir, amma davamlı dopamin mənbəyi yaratmır.
Həm də psixoanalitiklərə görə insanı ən çox xoşbəxt edən əşyalar yox, gözəl yaşanmış ömürdən qalan xatirələrdir. Niyə? Çünki əşya köhnəlir, sıradan çıxır, unudulur. Xatirə isə insanda yaşayaraq zamanla daha gözəl, daha dəyərli görünür. Bir isti görüş, bir səyahət, bir xoş hadisə illər sonra belə, insana enerji verir. Həm də bu cür xatirələr insanlar arasındakı sosial bağları möhkəmləndirir.
Lakin “sosial müqayisə” adlı gözəgörünməz, güclü bir psixoloji tələ də var. Müasir sosial şəbəkələr bunu daha da kəskinləşdirir. Analitiklərin fikrincə sosial şəbəkələrdə hamı öz həyatının yalnız gözəl anlarını paylaşır. Bu paylaşımları izləyənlər isə özünün adi, sönük, yorğun halını həmin parlaq vitrinlə müqayisə edir və nəticədə neqativ hislər yaşayır. Neyropsixoloqların fikrincə bu tələdən çıxmağın sadə, biraz da çətin yolu başqalarının həyatı ilə məşğul olmaqda yox, öz dəyərlərini zənginləşdirməkdədi.
Bəli, yaşamaq üçün hər bir insanın yetərli miqdarda pulu olmalıdı, əlbəttə. Təhlükəsizlik, sağlam qida, normal yaşayış mühiti olmadan xoşbəxtlik haqqında danışmaq çətindir. Ancaq pul bu binanın yalnız aşağı mərtəbəsidir. İnsani münasibətlər, məqsədlər, hədəfə çatmaq hissi, özünü reallaşdırma, maraq, yaradıcı enerji, mənalı günlər isə ancaq “üst mərtəbələrdə” olur.
Beləliklə, insanı xoşbəxt edən onun malik olduğu maddi nemətlər deyil, onları əldə edərkən yaşadığı xoş duyğular və bundan aldığı mənəvi həzzdir.
Murad Köhnəqala
Digər Xəbərlər
14 Noyabr 2025 18:00
Dünyanın müxtəlif ölkələrində erməni diasporu: onların sayı və fəaliyyət istiqamətləri
13 Noyabr 2025 11:42
Dennitsa adlı mələk niyə şeytana çevrildi?
12 Noyabr 2025 16:28
Bazarstore.az – Onlayn alış-verişdə rahatlıq və endirimləri bir araya gətirir
10 Noyabr 2025 09:20
Çində hava taksisi ilə 10 dəqiqəlik uçuş təxminən 8 dollara başa gələcək
08 Noyabr 2025 11:43
“Azərsun Holdinq” media nümayəndələri arasında intellektual yarış keçirdi - FOTOLAR
07 Noyabr 2025 15:42
Yapon alim özünün robot oxşarlarını nə üçün düzəldib?
04 Noyabr 2025 14:44
Beynimizi vaxtından əvvəl qocaldan gündəlik vərdişlər
04 Noyabr 2025 10:26


Bakı -°C

