adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

üN 40 AN QƏDƏRMiŞ...Bəlkə də heç bu qədər də deyilmiz

ƏBÜLFƏT MƏDƏTOĞLU
21133 | 2007-04-20 23:06

   
   
   
   ... Hə Vaqif Cəfərli. Bizə əlvida deməyib, amma namərd dünyaya tüpürüb getdiyin ayrılıq günlərinin sayı gəlib 40-ı haqladı. Və bu sənsiz gəlib keçən, amma əslində hər gün səni düşündüyüm, özü də sağlığında olandan qat-qat artıq düşünüb yaşadığım günlərin hər tinində, hər döngəsində, hər dolamasında, hər eniş-yoxuşunda sənin üçün daha çox darıxdım. Duzlu zarafatların, özün demişkən lağlağaların və bir az da ağrılardan gileylərin birər-birər düşdü yadıma. Bir az dəyəri 500 dolar olan "öd daşı"ndan danışdın, bir az qara ciyərin şıltaqlığını, bir az sinənin göynərtisini, bir az da zamanın iqtisadi sıxıntısını dilə gətirdin. Bütün bunların içərisində ən çox məni göynədən sənin maddi sıxıntı ucbatından guya cənnət olan dünyanı da elə cəhənnəm kimi yaşamağın oldu. Əslində duyğu, söz, qələm adamlarının hamısı dünyanın o üzündədə, elə bu üzündə də cəhənnəm əzabı çəkir. Doğrudur dünyanın o üzündən gəlib və yaxud məktub göndərib bizlərə nə isə deyən, pıçıldayan yoxdur. Hər halda bundan sonra da olmayacaq. Amma insan düşüncəsi, insan dərrakəsi göstərir ki, burda necə yaşamısansa, o biri tərəfdə də elə həyat bu cür də davam edəcək. Ən azı ona görə ki, Allah yaratdığının dözümünə görə, dəyanətinə görə ömrünü yazır, talehini verir. Ömür də, taleh də bircə dəfə yazılır. Bu da belə...
   
   Bəli, bu da belə. İndi sən Allahın dərgahında İlham pərilərinin qanadları altında yenə o ağrılı-acılı, bir az da tikanlı şerlərini yazırsan. Amma bu dəfə bizim üçün yox. Orda ətrafında olanlar üçün. Bilmirəm orda senzor var, yoxsa yox, amma onu bilirəm ki, orda yazdıqlarım çap olunmur, sadəcə dinlənilir. Təəssüf ki, bu dünyada çap olunmaq daha asandır, nəinki dinlənilmək. Əgər tərsinə olsaydı, bizlərə qulaq asan, bizləri dinləyən yetərincə sözün böyük mənasında insanlar olsaydı onda şairlərin, söz adamlarının həyatı yəqin ki, başqa cür olardı. Axı adam dinləniləndə özünün kimliyini də dərk edir, yazdıqlarının dəyərini də.
   
   Vaqif Cəfərli, bu dünyadan onsuz da bezmişdin, onsuz da doymuşdun. Elə ona görə də son şerlərində dünyayla əməlli-başlı dalaşırdın. Və deyirdin ki, məni çox saxlama al, apar. Axır ki, bu arzuna çatdın. Dünya səni alıb apardı. Amma yaddaşlarda, ürəklərdə, bir də şerlərində qalmaq haqqını heç kim, heç dünyanın özü də ala bilməz. Şəxsən sən mənim üçün, səni və sənin qələmini sevənlər üçün heç yana, heç yerə getməmisən. Sən bizim aramızdasan. Elə aramızda olduğuna görə də sənin özünün dünyaya yazdığın bu ağrılı şerlərinin ikisi ilə 40-cı gününü anıram. Allah sənə rəhmət eləsin.
   
   
   
   DÜNYA, MƏNİ ÇOX SAXLAMA
   
   
   
   Bir yurdsuzam yurd içində,
   
   Sanma qeyli-qalım yoxdu.
   
   Bir belə manqurd içində,
   
   Yaşayası halım yoxdu,
   
   
   
   Dünya, məni çox saxlama.
   
   Heç sağalmır sinə dağım,
   
   Odlanıb kabab olaram.
   
   Üfunətdir solum, sağım,
   
   
   
   Çox qalıb xarab olaram,
   
   Dünya, məni çox saxlama.
   
   Qoynunda batmışam yasa,
   
   Nəyim var, nə yığım gedim.
   
   
   
   Mənimlə işin yoxdursa,
   
   Öldür məni çıxım gedim,
   
   Dünya, məni çox saxlama.
   
   Yaman artıbdı qəssabın,
   
   
   
   Haqqın zəfər çalmayıbdı.
   
   Çoxalıb zülmün, əzabın,
   
   Yaşamalın qalmayıbdı,
   
   Dünya, məni çox saxlama.
   
   
   
   Nə ağayam, nə də bəyəm,
   
   Nə səda, nə ün yaşayar.
   
   Boynu bükük bənövşəyəm,
   
   Bənövşə bir gün yaşayar,
   
   
   
   Dünya, məni çox saxlama.
   
   Hərbə dönmüsən oylağa,
   
   Qalmayıbdır barış yerin.
   
   Ölüb rahat uyumağa,
   
   
   
   Nə çoxdu bir qarış yerin,
   
   Dünya, məni çox saxlama.
   
   Baş kəsənlər çoxaldıqca,
   
   Kəsik boyunlar görürəm.
   
   
   
   Çox yaşayıb, çox qaldıqca,
   
   Çox-çox oyunlar görürəm,
   
   Dünya, məni çox saxlama.
   
   Sayı yoxdur dərd-sərinin,
   
   
   
   Varam, heçə döndər məni.
   
   Müşfiqin, Əli Kərimin,
   
   Dərgahına göndər məni,
   
   Dünya, məni çox saxlama.
   
   Yüz ağrı qopur qəlbimdən,
   
   
   
   Haqı deyən dəli çıxır.
   
   Uzanıb bir cüt cibimdən,
   
   Özgələrin əli çıxır,
   
   Dünya, məni çox saxlama.
   
   
   
   Dərdin göyündə səkirəm,
   
   Özüm də yadam özümə.
   
   Yalvarıb boğaz çəkirəm,
   
   Bir kimsə baxmır sözümə,
   
   
   
   Dünya, məni çox saxlama.
   
   Qan qoxuyur göyün, yerin,
   
   Ağacın edam üçündü.
   
   Otun, suyun, vələmirin,
   
   
   
   Bir dəstə adam üçündü,
   
   Dünya, məni çox saxlama.
   
   Qəm əlindən, dərd əlindən,
   
   Gözüm yaşla dolacaqsa,
   
   
   
   Sabahım da, bu günümdən,
   
   Əgər betər olacaqsa,
   
   Dünya, məni çox saxlama,
   
   Dünya, məni çox saxlama.
   
   
   
   ELƏ BİLİRLƏR
   
   ÖLMÜŞƏM
   
   
   
   Çoxdandır yazmıram şer,
   
   Dərd içində kömülmüşəm.
   
   Biçarə oxucularım,
   
   Elə bilirlər ölmüşəm.
   
   
   
   Kimin dərdin kim nə bilib,
   
   Sözlər də dilimə yatmır.
   
   İlhamım qeybə çəkilib,
   
   Qələm də əlimə yatmır.
   
   
   
   Qələmi ələ almağa,
   
   Adam da ürək eləmir.
   
   Neyləyim, yazdığım şer,
   
   Bir parça çörək eləmir.
   
   
   
   Sifətlər qəmə bələnib,
   
   Ürəklər əzab oxuyur.
   
   Çoxları kitab yerinə,
   
   İndi haqq-hesab oxuyur.
   
   
   
   Varkən yox kimiyəm sanki,
   
   Elə ölünün biriyəm.
   
   Şerimi çap eləyin ki,
   
   Bu xalq bilsin ki, diriyəm.

TƏQVİM / ARXİV