adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Beş il atasız... - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
945 | 2024-03-14 12:22

Bu yazını başlamaq üçün təkcə içimdə deyil, elə iş otağımda da xeyli var-gəl etdim. Necə deyərlər, ipucu tapmaq müşkülə düşmüşdü. Üstəlik telefon zəngləri, gəlib-gedənlərin düşüncələrimə yaratdığı problemlər və bir də içimdəki narahatçılıq demək olar ki, toparlanmağa imkan vermirdi. Birdən diqqətim yarpaqları azacıq büzüşmüş dibçəkdəki "Ana ürəyi" çəkdi. Bu da elə bil qıfılın açarı oldu. Dilimdən yaddaşıma, yaddaşımdan ürəyimə... Və beləcə, bir də gördüm ki, başlamışam yazmağa. Özü də gizlincə, kimsənin duymadığı bir şəkildə. Çünki bu yazı ürəyimə yazılırdı...

...Çox uzaqdan başlayacam. O qədər uzaqdan ki, o uzaqlığın yaşı ötən əsrin 70-ci illərinə gedib çıxır, məhz həmin illərdə orta məktəbin 8-ci sinfində oxuyanda bəlkədə də həyatımda ilk dəfə valideynin, ata-anamın, özümdən böyüklərin nələr çəkdiyini, hansı yükə çiyin verdiklərini anladım. Bu da səbəbsiz olmadı. Oxuduğum kitablar, xüsusilə "Anamın kitabı" məndə əməlli-başlı bir daxili çaxnaşma yaratmışdı. Sonra da bunun ardınca böyük Məmməd Arazın "Atamın kitabı"nı oxudum. Bir-birinə qarışan fikirlər, ürəyimdən keçirdiyim arzular və nəhayət, gözümün qarşısındakı əli qabarlı atam, anam həmin o anamın və atamın kitablarından oxuduqlarımı sanki təkrar-təkrar vərəqlətdi mənə. Səhərin şaxtasında, gecənin sərt ayazında çöldən, təsərrüfatdan qayıdan, amma yoruldum demədən mətbəxə qaçıb uşaqları üçün nə isə hazırlayan anamın və səbrlə onun açacağı süfrəni gözləyən atamın hər bir halı, hər bir hərəkəti yaddaşıma mismarlanırdı. İşdən gəlib dincəlməli olan bu adamların körpələri üçün necə təşnə olmaları həqiqətən son dərəcə maraqlı bir səhnə, son dərəcə kövrək bir mənzərə və son dərəcə də düşündürücü bir gerçəklik idi. İnsan övladı üçün oddan-alovdan keçər, deyənlərin yanılmadığına mən onda bir daha əmin oldum və öz-özümə daxili bir qərara imza atdım. Heç kimə bəlli olmayan, təkcə Allahın bildiyi bir qərarı içimdə pıçıldadım:

- Sizə oğul olacam! Sizin əzab-əziyyətlərinizin azacıq da olsa azalması üçün, unudulması üçün hər şey edəcəm!..

Həmin o uzaq illərdə yazdığım və ilk kitabımın ilk şeiri olan bu misraları da atama ünvanlamışdım:


Heç kimdən, heç kəsdən umacağım yox
Gözü toxluğumla öyünmüşəm mən!
Anam qollarını yüyrük eyləyib -
Atamın çiynində böyümüşəm mən!

 

Təbii ki, hər kəsə ana müqəddəsdir...ata gücdü, dayaqdı!.. Və  hər kəs  də anası, atası  üçün fərqli və özəl bir dünyadı. Bu mənada anasızlığı, atasızlığı yaşayanlar mənimlə razılaşarlar. Çünki təbii qanun olsa da, biz heç birimiz ana, ata, ümumiyyətlə, doğmalarımızın, sevdiklərimizin itkisiylə barışmırıq. Bunu zaman-zaman içimizdə ağrı kimi daşıyırıq. Xüsusilə duyğusal adamlar   bu itkilərdən çox üzülürlər. Mən də  bir  oğul  olaraq  atamı  itirəndə,döyüş meydanında  və adi  həyatda dostları, doğmaları  son mənzilə  yola  salanda  bir daha anlatdı ki, böyük Məmməd Araz "Ana itirmişəm ana yaşında" deyəndə haqlı imiş. Özü də bütünlüklə, sözün nöqtə vergülünə qədər haqlı imiş. Və kiminsə dünyasını dəyişən  valideyinin  yaşını soruşması mənə  görə,  bağışlanılmaz günahdır. Axı, anaların, ataların  yaşı olmur!!!. 

Dünən yuxuma gəlmişdin. Sonuncu dəfə gördüyüm geyimdəydin. Həmin geyimdə od biçməyə, on – onbeş  qoyun-quzunu qabağına  qatıb örüşə gedərdin. Necə deyərlər, çöl-bayır adamı  idin…Və bu geyimdə bəzən  daş üstündə də otururdun, göy otluqda da dirsəklənirdin, ağaca da söykənirdin. Amma maraqlıdır ki, süzülmürdü, cırılmırdı bu paltarın. Hətta anam deyəndə ki, “Əşi çıxart onu əynindən, lap nimdaşlaşıb.”,  Deyirdin ki, fikir vermə, mənə belə rahatdı…

Gəlmişdin  yuxuma həmin  paltarda, amma bu dəfə bir az küskün, incik adama bənzəyirdin. Salamı da soyuq aldın, dilucu. Başa düşdüm günahımı. Az qala bir ildi ki, qəbrini  zirayət etmirəm, bir ildir ki, yolum düşməyib  sən yatan o məzarın olduğun  tərəflərə. Gərək bağışlayasan. Həm qayğılar  çoxdu, həm  maddi sıxıntılar, həm də  ağrı-acı imkan vermir. Yəqin xəbərin var, Səndə olan ağrıların  hamısı köçüb mənə. Mən də  gecələr səhərə qədər qollarımı, ayaqlarımı ovuram, dizlərimi döyəcləyirəm, faydası yoxdu. Elə zoqquldayır ki, az qala  ürəyim  dayansın. Doğrudur, bu  mənə  bəraət  qazandırmır, amma  olanı deyirəm. Özün bilirsən ki, heç vaxt  sənə yalan danışmamışam və həmişə də düşünmüşəm ki, dünyanın ən böyük  Adamı, ən böyük   Atası sənsən. İndi də bu fikirdə qalıram. Beş ildir bu fikirlə yaşayıram.

Təəssüf ki,  Səni 2019-cu ilin martın 17-də  cənnətə  yola salanda o böyüklüyünün də sənlə getdiyini  anladım. İndi isə budanmış, qol-qanadı sözümə baxmayan yarıqurumuş bir ağac kimiyəm. Çünki güvəncim yoxdu, ata güvəncim!!!...

Baxışlarımız toqquşanda atam həmin o köhnə səsi ilə söyləyir:

- Tək bizim kəndimiz, evimz talanmayıb ki... Bu dərdi çəkən tək biz deyilik ki, özünə fikir ver, hər gün qocalırsan. Nə yaşın var ki... Bir də fikir çəkməklə heç nəyi dəyişə bilməzsən!..

Doğrudan da , llər ötüb... Mən də yaşlaşmışam... Ata da olmuşam, baba da. Amma atama, anama verdiyim vədi gerçəkləşdirə bilməmişəm.

Hə, mən bu fikirləri sözə, yazıya köçürdükcə hardansa ağlıma bir qığılcım kimi işartı düşdü. O işartı içimi də, ruhumu da alışdırdı. Özüm də bilmədən başladım misraları pıçıldamağa. Yazdım ki:

( Atamın ruhuna)

Səni yuxuda gördüm...
Yenə həmən sitildə...
Can köynəyin də həmən -
Uzandığın mitil də!

Çöhrən solğun - ağarmış
Kipriklərin titrəyir...
Sinən bir az qabarmış -
Barmaqların büdrəyir...

Dodağını dilinlə
İsladırsan bir təhər...
Gözlərinin dibində -
Qürub edir bir səhər...

Baxışların "Əlvida" ...
Notlarında köklənib...
Sən ruha çevriləndən -
Nimdaş ömrüm təklənib!..

... Səni yuxuda gördüm
Yenə alnında tər var...
Sənli günlərə döndüm -
Ürəyimdə tər qabar...

 

...Dibçəkdəki gülün torpağını yumuşalda-yumuşalda özümə təsəlli vermək istəyirəm. Barmaqlarımın ucundakı torpağın hənirini hiss edirəm. O istilik damarıma, qanıma işləyib. Bu məqamda nə vaxtsa yazdığım şeirin bir misrası ağlımın ucundan gəlib keçir. O şeirdə yazmışdım ki, torpaq çəkir adamı! İndi də hiss etdim bunu, özü də açıq-aşkar şəkildə. Hiss etdim ki, yerin üstündəki dostlarımın, güvəndiklərimin sayı azaldıqca, onların yerin altında sayı artdıqca mən də torpağa tərəf, yerin altına tərəf yaxınlaşıram. Ara məsafəmiz ölçüsü bilinməyən bir sürətlə, bir qayda üzrə azalıb, qısalıb. Və kim istəsə, qısalan ömür də deyə bilər. Amma fərq etmir. Söhbət Allahın verdiyi ömrü elə onun öz diqqəti, nəzərləri altında yarpaqlarını tökməsidi, saralmasıdı, qocalması və yaxud sınması, əyilməsi... bir də kökündən qopmasıdı. Deməli, bu bəlli yoldan qaçmaq, çəkinmək, o yolu dəyişmək mümkün deyil. Elə bəlkə də bunun özü də bir gözəllikdi. Çünki dəyişilməyən bəlli yolu hər kəs özü kimi, öz adıyla, öz yerişi ilə keçib gedir...

Mən indi
nə qədər
tənha olduğumu
və əslində
elə
tənhalıq üçün
doğulduğumu
sənin gözlərindən oxudum...
sonra da
sən
heç nə demədən
gözlərini qoyub getdin...
mən isə
oxuduğum gerçəyin
yeddinci qatında
yəni
sənin tərk edilmiş
həyatında
bir cəsəd kim
qaldım...

***

Adətimdi, içimdəki düşüncələri, ağrı-acını, elə sevinci də qələmə pıçıldayanda, kağıza köçürəndə bir az rahatlanıram. Elə bil ki, yorğun, ağır bir işdən sonra ilıq suyun altından keçib sonra qarşımdakı buğlanan çayla baş-başa qalırsan. Onda özün də, sözün də dupduru olur. Yəni özün də, sözün də bir-birinə elə sarmaşır ki, onları ayırmaq, onları haralarasa yozmaq həm çətinləşir, buna həm də adam heç ürək də eləmir. Bu mənada mən dostlarımla həmsöhbət olanda, onlarla istənilən süfrə arxasında bir araya gələndə mənən, ruhən rahatlıq tapıram. Çünki anlayışla qarşılanıram, səbrlə dinlənilirəm. Hətta nöqsanımı da, yanlışımı da onu elə ustalıqla mənə həzm etdirirlər ki, heç ruhum da incimir. Bir də baxıb görürəm ki, onlar haqq olanı mənə öz dilimlə etiraf etdirirlər. Məhz bu yaşantılara görə, mən fələkdən zaman alanda ürək dostlarımı, ruh doğmalarımı axtarıram. Elə rahatlıq üçün də, özüm və dostlar üçün də...Hətta  dəfələrlə  bunu da etiraf etmişəm ki :

 

Avara olardım, sərbəst olardım

Ağlıma gələnlə sərməst olardım...

Özümə bablara tər-dəst olardım -

Mən şeir yazmağı tərgidə bilsəm...

 

 

Adıma yazılan yad daşa köçməz

Gördüyüm gözümə, yaddaşa köçməz...

İçimdən vərəqə, ya daşa köçməz -

Mən şeir yazmağı tərgidə bilsəm...

 

 

Min dadda, tamdadı balı, şəkəri

Qələmə çökdürür onu çəkəni!

Ürəyim olmazdı sözün nökəri -

Mən şeir yazmağı tərgidə bilsəm...

 

 

Gecəni gündüzə calaq etməzdim

Ahları içimdə qalaq etməzdim...

Bu ömrü bir sısqa bulaq etməzdim -

Mən şeir yazmağı tərgidə bilsəm...

 

 

Əlimi dərgaha açmazdım bəlkə

Özümdən özünə qaçmazdım bəlkə...

Ürəyə bu qədər acımazdım bəlkə -

Mən şeir yazmağı tərgidə bilsəm...

 

Bilmirəm, necə yazdım və ümumiyyətlə, nədən yazdım. Amma onu bilirəm ki, bu şeiri mütləq yazmalı idim. Ən azından ona görə ki, bu dünyada insanın bacardığı hər nədisə, onu icra etməsi labüddü.

Bir də ki,    Allah hər kəsi bir missiya ilə yaradıb. Bax, bu mənada mən də içimdə doğulub ruhumun pıçıltısı olan misraları şeirə çevirdim. Necə alınmağı indiki anda mənim üçün o qədər də önəmli deyil. Axı, ruhum rahatlanıb. Və...

... Ruhun şad olsun ata! Mənsizliyin beş illik  dözümünə  baş əyirəm!..

TƏQVİM / ARXİV