adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Açılan əllərin, pıçıldayan dillərin DUASI - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
780 | 2024-02-15 12:48

Adətimdi, hər səhər  yuxudan oyanan kimi günümə şükür edib əlimi Tanrıya açıram. Və hətta bir şair  duası da yazmışam. Yazmışam ki:

 

İlahi, əlimi  açmışam sənə

Dərddən uzaq  olaq, kədərdən qaçaq...

Bütün gecələri   iş avandlığı –

Bütün səhərləri  xeyirlə açaq...

 

Bu mənim  günümün, anımın duasıdı. Onu öz-özümə də deyirəm, dörd divara da, ağaca da,daşa da, suya da. İçimdə də bir inam var ki, bütün dualar gec-tez qəbul olunur.Təbii ki, dua sahibləri istərlər ki, elə anındaca arzularına qovuşsunlar. Amma   mən heç də o iddiada deyiləm. Ən azından ona görə ki, Tanrı bəndələri sırasında  hələ neçə milyonuncu olduğumu dəqiqləşdirməmişəm. Bu sırada neçə milyardıncı bəndə  olduğumu da bilmirəm. Ona görə də növbəyə girmək, növbəni pozmağa nə gücüm  yoxdu, nə də cəsarətim. Guya olsa nə edərəm ki? Allahdan böyük Allah yoxdu. Deməli,onun növbəsini də pozmaq qeyri-mümkündü. Bax, bu mənada duanın nə vaxt qəbul olunacağını Allahın ümidinə  buraxmışam... Özüm isə dərdlərimin çözümü ilə günümü keçirirəm...

Günlər dəbir-birinin davamıdı aylar, illər kimi. Elə mən də bu bir-birinin davamı olan  günlərimi ömrümə hopdurmaqla, üstəlik də ömrümü  o günlərin yaddaşına köçürmək niyyəti ilə bir ipucundan tutub gedirəm. Və  hərdən də öz-özümə deyirəm ki, bax, budur  ipucu və budur ömrümə hopan günlərin mənə verdiyi ümid!.. Necə asi olum, necə şəkk gətirim  bütün olanlara. Axı, hər şey göz önündədi - əzab da, vüsal da, sevgi də nifrətdə, lap elə sevən də, sevilən də!.. Hər şeyin bir müstəvidə olduğu məqamda  özünü ittihamdan başqa yol qalmır. Yəni günahı başqasında axtarmaq kimi sadə və  primitiv üsuldansa, özündəki eyibi görmək daha dürüst seçimdi məncə. Onda biraz ,əzabı da sinirmək asan olar. Deməli, həm də özünü də tanımış olarsan. Bilərsənki, nəyin cəzasıdı və nəyə görə çəkirsən.

Bu məqamda yaddaşımdan ilham pərisinə   ünvanladığım bir şeirin həniri gəlib keçdi – duydum və xatırladım. O pəriyə  yazmışdım ki:

Bənövşə tək  açıldın

Ürəyimin üstündə...

Gözlənilməz gəlişdə–

De, qız, nədi qəsdin,nə?!

 

Çaşdım, titrədi  səsim

Əlim əsdi nanə tək...

Sən də çaşdın  deyəsən –

Əlini telinə çək!

 

Qarşılaşan  baxışlar

Nəhayət ki, dil  tapdı...

Sənə etiraf edim–

Gözəl görmək  savabdı!

 

Bu çaşqınlıq, bu təlaş

Təbəssümdə ərisin...

Öpüm, ruhumla  yavaş –

Mən bu ilham pərisin!

 

***

 

İndi qışın bu oğlançağında çox yerlərdə, o cümlədən doğuld  o yerləri gözümün önünə gətirib məhz arxada qalan günlərimi xatırlamağa  çalışıram. Həyətimizdəki su xəttinin donduğu düşür yadıma. Onu ya qaladığımız  hansısa bir odun, ya da qaynar suyun hesabına açmağa çalışırdıq. Donmuş gölməçələrin   üstündən ehtiyatla keçirdik. Hətta çayın axmayan, hardasa bir maneənin hesabına  lillənən nöqtəsində buzu sındırıb əlimizi daşların altına salıb balıq çıxarmağa   çalışırdıq...

Bunlar indi  şirin bir xatirədi. Amma mən bu xatirəni yaddaşımı təzələmək üçün yox, bu günlərdəFəridə Rəhimlinin internet səhifəsində paylaşdığı qar dağı ilə bağlı gördüyüm mənzərənin  içimdə yaratdığı kədər və həsrət dolu nüanslarını yenidən yaşamaq üçün diqqətə   təqdim edirəm. Məhz həmin o mənzərə bütünlüklə kəndimin qış günlərinin görüntüləriilə üst-üstə düşürdü. qar altında qalan ağaclar, hətta həyətin, evin qapısını  açmağa imkan verməyən qar tarı bütünlüklə yaddaşımdakı ilə eyni idi. Ona görə də  söz yazmaq imkanım mənə rahatlıq vermədi. Və bir də gördüm ki, misralar  bir-birinin ardınca düzülüb:

 

Belə istəyirəm  ömrün qışını

Qar səssiz –durmadan yağa üstümə...

İlıq göz yaşı tək  süzülüb bir az –

Hopa bələndiyim  ağa – üstümə!..

 

Heyrət sərhəddini  ötüb keçə səs

Titrəyə bu səsdən  qar tikən qəfəs!

Saçından bəyaz  tel ayıran bir kəs –

Onu al bayraq tək  taxa üstümə...

 

Bu qar gerçəkdimi,yoxsa yuxumu

Görəndən gözümdən  silir yuxumu!

Bilir ürəyimi,bilir ruhumu –

Allahım, bu dəfə  baxa üstümə...

 

Hər yan  ağappaqdı gerçək sözü tək

Nurdu bu mənzərə,nurlu gözü tək...

Duman da o qızın  elə özü tək –

Qalxa asta-asta  dağa – üstümə!

 

Əbülfət, sən indi qar havasında

Dinləndin bu qarın tar havasın da!..

Qatıb bir-birinə yar  havasında –

Hopdura ruhuma,yaxa üstümə...

İndi gördünüzmü,niyə xatırladım qışı, şaxtanı?! Və bir də yəqin ki, bu xatırlamanın məni nə qədər  içimdən oynatdığını da hər halda duymuş  olarsınız. Çünki yazdığım şeir yaşadığım həmin anın pıçıltıları idi. Deməli,özüm-özümlə danışmaqla bahəm, həm də sizlərə  nəyisə çatdırmağa çalışmışam. Lakin burda bir etirafı da edim ki, mən o  qara, o şaxtaya üz tutub duamı demədim. Qorxdum ki, duam o qarda, o şaxtada  donsun. Və...

Hə, həyatın hər  üzünü görə-görə, adamların hər sifətinə baxa-baxa və hətta bəzilərinin içinibelə oxuya-oxuya dua etməyin də öz ləzzəti  var. Axı, Tanrı hər kəsə öz ürəyinə görə verir. Kiminsə cəhdindən, əməlindən,hətta oynadığı rollardan asılı olmayaraq, başqasının payını əlindən ala biləcəyinəheç bir inamım yoxdu. Bir məqamdan başqa. Yəni həmin o rol oynayanlar milçəkdən  başqa bir şey deyil. Milçək də həmişə ürək bulandırır. Şükürlər ki, ürəkbulanmasının kifayət qədər dərmanı var. Onlardan biri də əhəmiyyət verməmək, elə  milçəyi milçək donunda da görməkd  haqqına girmədən, hətta belə bir şeir də yazmışam:

 

Sözü küləyə  tapşır

Məni fələyə  tapşır...

Xatırlamaq istəsən–

Bir də ürəyə  tapşır...

 

Al əli, ələ  saxla...

Əlinə  bələ,saxla...

Ruhuna yük  sevgimi –

Könlündə hələ,saxla...

 

Bir telin ucunu  düy

Bir qəlbin içini  duy...

Ürəyini ağrıtma–

Dözməsən dizini  döy!..

 

Xəyalı çəpər elə

Özünə təpər elə...

Təklikdən çıxmaq  üçün –

Yol tap, bir təhər  elə!..

 

Bil, daşı daş  yeyəndə

Kipriyi yaş yeyəndə...

Bir udum dözüm gəlir–

"Ah” çəkib "kaş”deyəndə...

***

İnsan öz  durumunu, öz gerçəkliyini və bir də içindəki sevgi və nifrəti göstərmək zorunda  deyil. Yenə bir məqamdan başqa. Yəni artıq duyulmursa, hiss olunmursa,görünmürsə, onda hansısa bir formada öz haqqını göstərməyə məcbursan. Belə məqamda da görünməsə, onda qalır qarşı-qarşıya gəlmək. Bunu isə heç kimə arzu etmirəm. Ən  yaxşısı sakit və anlayışlı şəkildə ömür payını yaşamaqdı...

Bəli, qış  havalı, qış ovqatlı indiki anımda bir sözün işığını açıq şəkildə görürəm və  özümü o işığa tərəf can atan varlıq hesab edirəm. Ola bilsin ki, o gördüyüm  işıq deyil, ilğımdı. Amma hər nə olur olsun, indiki anımda mən onu işıqkimi qəbul etmişəm. Və bu işığın da  gücünə bələdəm. O, həyat əlamətidi. Deyə bilərsiniz ki, bəs sən kimsən? Onda bu  misraları oxuyun:

Mən bəlkə də heç  kiməm

Bəlkə də sonuncu  "ah”...

Bəlkə də bu dünyada–

Günahın özü  günah!..

 

Əlim küləkdən  tutub

Ayağım hava üstə...

Yer məni elə  udub –

Gedir tay dava  üstə...

 

Dözülməzdi tənhalıq

Dözülməzdi dörd  divar...

Düşünün siz biranlıq –

Kimin lal, kar dərdivar?!

 

Bölüşmək çətinləşib

Qeyb olubdu isti  söz...

Məni qüsul etməyin–

Məndən bezib –küsüb söz!...

 

Bütün yazı boyu  sağdan, soldan müəyyən məqamlara diqqət çəkmək istədim. Amma ən böyük istəyim  Allaha və sevgimə olan inancımı ifadə etmək idi. Bunların hər ikisi yaşamağımın, ayaqda  olmağımın ən böyük ilhamçısı, ən böyük dəstəyidi. Mən hər ikisinə şükürlər etməklə   üzümü suya tuturam. Yaşadığım Masazırda hələ  ki su donmayıb. Ona görə də duamın  suya qarışıb aydınlığa çıxacağına şübhəm yoxdu. Duam isə bundan ibarətdir ki, hərkəs özü-özünü görə bilsin! Hər kəs özü özündə olsun! Və nəhayət, hər kəsin özü  öz günahını yuya bilsin!..

P.S. Mən bütün  hallarda Allahın qüdrətinə və Sevginin gücünə inanmaqla yaşadığım bu ömürdə  günahlarımın cəzasını çəkməyə həmişə hazıram. Və onu da bilirəm ki, cəzadan  qaçmaq heç kimə qismət olmayıb. Sizə də günahsız və cəzasız ömür arzu edirəm.

TƏQVİM / ARXİV