Trampın Çin səfərindən "əli dolu" dönəcəyi inandırıcı görünmür - Səxavət Məmməd yazır
ABŞ Prezidenti Donald Trampın Çin səfərindən "əli dolu" dönəcəyi inandırıcı görünmür. Çünki Trampın Çinə elə bir ciddi təklif və ya təzyiq rıçaqı ilə getmədiyi ortadadır. ABŞ Dövlət katibi Marko Rubionun "Çini İrana təzyiq göstərməyə, Körfəzdə kursunu dəyişməyə inandıracaqlarına ümid etdiyini" bildirməsi, əslində Vaşinqtonun hazırda diktə edən tərəf olmadığını təsdiqləyir.
Hazırda ABŞ-ın əlindəki yeganə təzyiq vasitəsi İran limanlarından çıxan gəmiləri blokadada saxlamaqdır. İranın isə Körfəzlə bağlı təsir rıçaqları daha genişdir. Tehran, faktiki olaraq, son hərbi gərginliklərdən sonra Fars körfəzi və Hörmüz boğazındakı status-kvonu öz xeyrinə dəyişib. Əslində, bu vəziyyətin yaranmasının əsas səbəbkarı məhz ABŞ-İsrail cütlüyüdür.
Müharibədən öncə də qeyd edirdim ki, genişmiqyaslı toqquşma başlayacağı təqdirdə İran Körfəzi təhdid altında saxlayacaq və Hörmüz boğazını bağlayacaq. O zaman bu iddiaya şübhə ilə yanaşanlar çox idi. Ancaq istər İran, istərsə də Ukrayna məsələsinə sırf hərbi rakursdan baxanların proqnozları daha dəqiq çıxdı. Bir çox politoloq və partiya funksionerlərinin təhlilləri isə reallıqdan uzaq, sadəcə arzulardan ibarət idi. Unutmaq olmaz ki, müharibələrin nəticəsini arzular deyil, resurslar müəyyən edir.
İran gözlənildiyi kimi Körfəz ölkələrinə qarşı təzyiqi artırır; bu tendensiya xüsusilə Küveyt və Bəhreyndə daha aydın hiss olunur. Hesab edirəm ki, əgər ABŞ risk edib yeni bir müharibəyə başlamasa, İranın Körfəzdəki davranışı daha təhdidkar xarakter alacaq. Çinin İrana təzyiq göstərəcəyi isə real deyil. Çünki Pekin fərqindədir ki, İran sıradan çıxarılacağı təqdirdə növbəti hədəf məhz Çin olacaq və bu, Pekinin Tayvanla bağlı planlarını ən azı yaxın gələcəkdə iflic edəcək.
Tramp hakimiyyətə gəlməzdən öncə Ukrayna müharibəsini qısa müddətdə bitirəcəyini vəd edirdi. Ancaq mövcud mənzərə göstərirdi ki, bu münaqişə bir şəxsin iradəsi ilə bitəcək səviyyədə deyildi. Hazırda ABŞ Ukraynada "ikibaşlı oyun" aparır: bir tərəfdən rəsmi Kiyevə müharibəni dayandırmaq üçün təzyiq göstərir, digər tərəfdən isə Avropa İttifaqından pulunu aldığı silahları Ukraynaya ötürməyə davam edir.
Son zamanlar Rusiya Ukrayna cəbhəsində hücumlarını bir qədər səngitsə də, Baltikyanı istiqamətdə aktivliyini artırıb. Rusiyanın müvəqqəti passivliyi Ukraynanı bir qədər cəsarətləndirmişdi – hətta Zelenski "9 may"la bağlı Moskvanı qıcıqlandıracaq qərarlar qəbul edirdi. Ancaq siyasətçilərin şousunu kənara qoyub hərbçilərin rəyinə baxdıqda mənzərə tamam başqa görünür. Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırskinin də qeyd etdiyi kimi, Rusiya ordusu bütün cəbhə boyu ciddi hazırlıq mərhələsindədir.
Dünən Rusiya tərəfindən endirilən ağır zərbələr təkcə Ukrayna şəhərlərini deyil, Slovakiya və Polşa ilə sərhəd-keçid məntəqələrini də hədəf aldı. Slovakiyanın Ukrayna ilə quru sərhədini bağlaması da məhz bu hücumların birbaşa nəticəsidir.
Rusiyanın Baltikyanı ölkələrə müdaxilə ehtimalı xeyli yüksəkdir. Belarusun orduya döyüş hazırlığı əmri verməsi bu ehtimalı daha da gücləndirir. Belə bir müdaxilənin Ukraynadakı kimi "səngər müharibəsi" deyil, daha çox aviasiya, dron və raket zərbələri ilə həyata keçiriləcəyi gözləniləndir. Rusiya Ukrayna müharibəsini Avropa ölkələrindən birinə zərbə endirərək "qısa yolla" yekunlaşdırmaq strategiyasını seçə bilər.
Rusiyanın aktivliyini artırdığı digər istiqamət isə Cənubi Qafqaz, konkret olaraq Ermənistandır. Hesab edirəm ki, Azərbaycanı ən çox düşündürən məsələ də məhz bu olmalıdır. Zelenskinin İrəvanda səsləndirdiyi bəyanatlardan xeyli vaxt keçsə də, Rusiya bu mövzunu gündəmdə saxlayır. Vladimir Putinin Nikol Paşinyanın Qərbə meylli addımlarına reaksiyası son dərəcə sərt və təhdidkar idi.
Putin açıq şəkildə qeyd etdi ki, Ermənistan bu yolu davam etdirsə, Ukraynanın taleyini yaşaya bilər. Rusiyanın Ermənistandakı hərbi bazaları dövlət çevrilişi üçün kifayət etməsə də, Moskvanın uzaqdan zərbələr endirmək və ya hərbi bazasının təhlükəsizliyini təmin etmək bəhanəsi ilə qoşun yeritmək variantı mümkündür. Bu isə Gürcüstanın yenidən hərbi müdaxiləyə məruz qalması deməkdir.
Gürcüstan və Ermənistanda yaranacaq hər hansı hərbi xaos Azərbaycanı da birbaşa təhdid altına qoyur. Rəsmi Bakı bu təhlükəni anlayaraq, Rusiyaya qarşı olduqca ehtiyatlı və balanslı davranır. Məsələn, Azərbaycan öz meydanında Zelenskinin Rusiyaya qarşı bəyanatlar verməsinə şərait yaratmadı. Bakı anlayır ki, gücün hüququnu əvəz etdiyi müasir dünyada Rusiyanı birbaşa qarşıya almaq böyük risklər vəd edir.
Hazırkı vəziyyət onu göstərir ki, müharibələr səngiməyəcək, əksinə, daha böyük qlobal toqquşmalar üçün zəmin yaradacaq...
Digər Xəbərlər
14 May 2026 18:56
Sahibə Qafarova Buxarada Forumda iştirak etdi - FOTOLAR
14 May 2026 13:52
“ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir”- VİDEO
14 May 2026 11:05
İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
14 May 2026 10:58
"BMT Təhlükəsizlik Şurasının strukturu müasir reallıqları əks etdirmir" - Prezidentin köməkçisi
14 May 2026 10:33
Hikmət Hacıyev: "Azərbaycan onların qarşılaşdığı problemləri tam şəkildə anlayır"
14 May 2026 10:21
ABŞ-İran arasında danışıqlar prosesi dalana dirənib – Politoloq
14 May 2026 10:14
“Hakimiyyəti tənqid etmək çox hallarda dövlətə nifrət sayılmır”
14 May 2026 10:13


Bakı -°C

