Avropa Xəbər Agentliyində (European News Agency) yayımlanmış məqaləmi Azərbaycan dilində “Ədalət”in oxucuları ilə bölüşürəm.
Yazıya keçid linki: https://www.european-news-agency.de/politik/peace_or_war-93682/
Azərbaycan xalqı sülh istəyir. Erməni xalqı isə bu sualın cavabını qarşıdan gələn parlament seçkilərində verəcək.
Hazırda dünyanın bir çox ölkələrinin diqqəti həm də Cənubi Qafqaza yönəlib. İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsi regiondakı mövcud vəziyyətə ciddi təsir göstərə bilər. Əgər Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi partiya yenidən qalib gəlsə, regionda uzunmüddətli sülhün yaranacağına inananların sayı az deyil. Çünki Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu açıq şəkildə nümayiş etdirir.
Rusiya meyilli siyasi qüvvələr isə Paşinyanı Qarabağı Azərbaycana “satmaqda” ittiham edir və açıq şəkildə bəyan edirlər ki, hakimiyyətə gəlsələr, yenidən Rusiya yönümlü siyasət aparacaq və Qarabağ uğrunda müharibəyə başlaya bilərlər. Bu mövqeni həm Robert Koçaryan rəhbərlik etdiyi “Hayastan” Alyansının, həm Karapetyanın başçılıq etdiyi “Güclü Ermənistan” alyansının, həm də Paşinyana qarşı olan digər siyasi qüvvələrin seçki kampaniyalarında görmək mümkündür.
Paşinyan isə Ermənistanın istiqamətini açıq şəkildə Qərbə və Avropaya çevirdiyini gizlətmir. Rusiya rəhbərliyi də bunu görür və Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Ermənistandakı revanşist qüvvələrə açıq dəstək verməkdən çəkinmir.
Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin mayın 9-da keçirilən paraddan sonra Kremldə təşkil etdiyi mətbuat konfransında Ermənistana qarşı sərt mesajlar səsləndirib. O, Ermənistanı Avropa ilə Rusiya arasında seçim etməyə çağırıb və bu ölkə haqqında kəskin ifadələr işlətməkdən çəkinməyib.
Burada qısa bir xatırlatma etmək yerinə düşər. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan məhz Rusiyanın dəstəyi ilə Azərbaycanın ərazilərinin 20 faizini işğal etmişdi. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azərbaycanlılar bu müharibəni “sülh əldə etmək üçün aparılan müharibə” adlandırırlar və məncə, bunda haqsız deyillər.
Çünki Paşinyanın özü də dəfələrlə bildirib ki, Rusiya Qarabağ məsələsindən istifadə edərək Ermənistanı daim öz nəzarətində saxlamağa çalışıb. Moskva həm də regiondakı təsir gücünü bu məsələ vasitəsilə qorumaq istəyirdi. Tarixin müxtəlif dövrlərində Rusiya məhz Azərbaycan və erməni xalqlarını qarşı-qarşıya qoymaqla Cənubi Qafqazda mövqeyini gücləndirib və uzun illər buna nail olub. İndi isə həmin təsir aləti onun əlindən çıxmaq üzrədir.
Paşinyan, görünür, Ermənistan dövlətinin mövcudluğunu qorumağa və ölkəsini gücləndirməyə çalışan ən realist liderlərdən biridir. O, özü də dəfələrlə etiraf edib ki, əsas məqsədi Ermənistanın təhlükəsizliyini və dövlətçiliyini qorumaqdır. Həmçinin bir neçə dəfə bildirib ki, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir və belə də qalmalıdır.
Rusiya isə özünü sanki Ermənistanın təhlükəsizliyinin və dövlət kimi mövcudluğunun qarantı kimi təqdim edir. Halbuki reallıq tam fərqlidir: Rusiya bütövlükdə Cənubi Qafqaz üçün təhlükə mənbəyinə çevrilib. Ermənistanda Rusiya yönümlü qüvvələrin hakimiyyətə gəlməsi isə təkcə Ermənistan üçün deyil, bütün region üçün ciddi risklər yarada bilər.
Bu səbəbdən Azərbaycan tərəfi də müxtəlif vaxtlarda dolayısı ilə Paşinyana dəstək mesajları verib. Məsələn, Prezident İlham Əliyevin aşağıdakı fikri buna nümunə ola bilər:
“Biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına və dövlətinə nifrətlə yanaşan kifayət qədər dairələr var. Əgər onlar hakimiyyətə gəlsələr, Ermənistan xalqının özü böyük problemlərlə üzləşəcək.”
BBC News Azərbaycanca bu çıxışı dolayısı ilə Paşinyana dəstək kimi qiymətləndirib.
Azərbaycan həm də praktiki addımlarla regionda sülh şəraitində yaşamaq istədiyini göstərir. Bunun ən bariz nümunələrindən biri Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsidir. Azərbaycan ötən ilin dekabr ayından etibarən Ermənistana neft məhsulları göndərməyə başlayıb.
Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Ötən ilin avqust ayında Əliyev və Paşinyanın Vaşinqtonda sülh sənədinə imza atmaları da bunun açıq göstəricisi oldu.
Azərbaycanlı ekspertlər də iyunun 7-də Ermənistanda keçiriləcək seçkilərin region və sülh üçün həlledici əhəmiyyət daşıdığını bildirirlər. Məsələn, tanınmış jurnalist, siyasi şərhçi və filologiya elmləri doktoru Qulu Məhərrəmli özünün Facebook səhifəsində yazır:
“Parlament sədri Simonyanın son müsahibəsindən görünür ki, 7 iyun seçkiləri Ermənistan üçün müharibə, yoxsa sülh; həqiqi müstəqillik, yoxsa amorf dövlət məsələsidir. Paşinyanın qalib gəlməsi arzulanan bu seçkilər Azərbaycan üçün də həyati əhəmiyyət daşıyır.
Digər tərəfdən Putin məlum paraddan sonra Ermənistanın daxili işlərinə daha fəal şəkildə müdaxilə etməyə başlayıb: gah Ukrayna ilə paralellər aparır, gah ‘mədəni boşanma’dan danışır, gah da Ermənistanın Avropa İttifaqına daxil olması üçün referendum keçirilməli olduğunu deyir. Bir sözlə, Cənubi Qafqazda proseslər 7 iyun seçkiləri fonunda çox təhlükəli mərhələyə daxil olur.”
Bəli, Ermənistanda keçiriləcək parlament seçkiləri bütün region üçün son dərəcə vacibdir. Ermənistan xalqı Avropa yönümlü siyasəti, yəni Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvəni, yoxsa Rusiya yönümlü qüvvələri seçəcək? Sülhə, yoxsa müharibəyə səs verəcək?
Bu seçkilər göstərəcək ki, Ermənistan cəmiyyətinin əksəriyyəti həqiqətən sülh istəyirmi, yoxsa yox. Keçmişdən nəticə çıxarıblarmı? Regionun gələcəyini qarşıdurmada, yoxsa əməkdaşlıqda görürlər?
Bütün bu sualların cavabı yaxın günlərdə məlum olacaq.
Vüqar Abbasov
Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı


Bakı -°C
