adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Fevral 2023 13:10
828
MƏDƏNİYYƏT

Şuşanı yaddaşına köçürmüş rəssam

"Bizim Şuşalılar" rublikasından

"Qonşuya hörmət ataya hörmət kimidir"

Həzrəti Məhəmməd (s.a.a.s)

 

Hörmətli oxucular, bəri başdan deyim ki, Şuşa özü insanı məftun edən gözəllikləri, mədəni abidələri, böyük şəxsiyyətləri ilə Azərbaycan tarixinin ən canlı enskiplopediyasıdır, hər daşı, hər qarış torpağı neçə-neçə tarixi hadisələrin canlı şahididir. Bu şəhər dünyaya onlarla tarixi şəxsiyyətlər bəxş etmişdir.

"Bizim Şuşalılar" rublikasında vətənini və xalqını sevənləri, insana və insanlığa qiymət verməyi bacaranları, halallıqla yaşayanları, millətinin təəssüfün çəkənləri, milli mənəvi dəyərlərimizi təbliğ edənləri, elm, sənət və peşə sahiblərini tanımağı və tanıtmağı özümə mənəvi borc bilmişəm. Səmimi deyim ki, "Bizim Şuşalılar" rublikasında bu vaxta qədər yüzə yaxın şuşalılardan söz açmışam.

Bu yazımda da ənənəmə sadiq qalacağam. Bir sözlə, hər gülünün, çiçəyinin, hər otunun, bir ovuc torpağının, bir udum havasının və suyunun ətrindən doymadığım Şuşanın müdriklik yaşına çatmış bir rəssamından, onun doğulduğu yurduna sozsuz sevgisindən, milli ruhundan, yaradıcılığından söz açacağam.

Onu da deyim ki, çoxlarınızın məndən də yaxşı tanıdığınız, ömrünün 70-ci baharını gəncliyə xas olan gümrahlıqla başa vuran bu insan əsl azərbaycanlıdır, tanınmış rəssamdır, müəllimdir, milli mənəvi dəyərlərimizin təbliğatçısıdır, nümunəvi ailə başcısıdır, sadə və təvazökar insandır. Nəhayət, Şuşa sevgisindən doymayan şuşalıdır. Bu insanı çoxlarından fərqləndirən odur ki, o öz sağlığında ömrünün davamını yaxşı əməlləri, həyatda qazandığı hörmət və uğurları ilə yazmağı bacarıbdır. Ondakı yüksək keyfiyyətlər məni əlimə qələm almağa sövq etdi.

Şuşada yaxın qonşu olmuşuq, uzun illərdir dostluq edirik. Tez-tez görüşürük. Biz Ocaqqulu küçəsi 4-də yaşayırdıq. O isə yaxınlıqdakı Zöhrabbəyovların malikanəsində təşkil olunmuş Şuşa Dövlət Rəsm Qaleriyasında müdir işləyirdi. Rəsm fırçasının əlindən yerə düşdüyünü görməmişdim.

Qısa tanışlıq:

Bayramov Rövşən Mehrab oğlu 9 fevral 1953-cü ildə musiqi və poeziya beşiyi sayılan Şuşa şəhərində həkim ailəsində dünyaya göz açıbdır. 1960-1970-ci illərdə Şuşa şəhər 4 nömrəli orta məktəbdə oxuyub. 1970-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olub 1974-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirib.

Rövşən Bayramov 1974-1982-ci illərdə Şuşa şəhər Mədəniyyət Evində tərtibatçı rəssam vəzifəsində işləyib, eyni zamanda rəssamlıq işə ilə məşğul olubdur. Hələ orta məktəbdə oxuduğu illərdə onun rəsm əsərləri nümayiş olunurdu. Gənc yaşlarından diqqəti cəlb etmişdi. Bir çox əsərlərinin sərgisində iştirak etmişəm.

R.Bayramov 1992-ci ilin 8 mayında Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı ilə əlaqədar doğma yurdundan məcburi köçkün düşüb və ailəsi ilə birlikdə Bakı şəhərində müvəqqəti məskunlaşıb, işini davam etdirib; 2021-ci ildə təqaüdə çıxıbdır. O, 1987-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. Rəssamlıqdan mənəvi zövq alan Rövşən müəllim 2013-cü ildə Fəxri Mədəniyyət işçisi döş nişanına layiq görülübdür.

Onun əsərləri təkcə ölkəmizdə yox, dünyanın bir çox ölkələrinin sərgi salonlarında da nümayiş olunubdur. Bu baxımdan rəssamın ən çox üstünlük verdiyi peyzaj və qrafika əsərləri Yuqoslaviyada, Venesiyada, Macarıstanda, İtaliyada, Moskvanın Şərq Muzeyində nümayiş etdirilib və saxlanılır.

Fəxrlə qeyd etməliyik ki, Rövşən müəllimin bir çox əsərləri həm yerli, həm də xarici ölkələrdə şəxsi kolleksiyalarda da qorunub saxlanılır.

Şuşalı rəssam uzun illər səmərəli fəaliyyətinə görə onlarla Fəxri fərmanlarla, diplomlar və qiymətli hədiyyələrlə təltif olunubdur. Rövşən müəllimin yaradıcılığının ana xəttində Şuşa əsas yer tutur. Haqqında tanınmış rəssamlar, ziyalılar, sənət və peşə sahibləri ayrı-ayrı mətbu orqanlarda xoş sözlər yazıblar.

Azərbaycanın xalq rəssamı Ziyadxan Əliyev yazır: "Şuşanın bədii salnaməsində Şuşalı rəssam Rövşən Bayramovun xidmətləri əvəzsizdir. Mübaliğəsiz olaraq onu Şuşaya ən çox əsər həsr etmiş rəssam hesab etmək olar..."

Yaxşı mənada Z.Əliyevə deyək ki, bəli, XIX əsrdə Şuşanın mənzərələrini və burada keçirilən mərasimləri öz əsərlərində əbədiləşdirən görkəmli rus rəssamı V.Veroşagindən başlamış Şuşaya üz tutan xarici və Azərbaycan rəssamlarının ənənələrini davam etdirən Rövşən Bayramov Şuşanın mənzərələrin memarlıq və incəsənət abidələrin təkcə ürəyində-ruhunda yox, həm də dünyanın bir çox ölkələrinin sərgi salonlarında nümayiş etdirdiyi əsərlərində də əbədiləşdirib, kim olduğunu təsdiqləyibdir.

Rövşəni çoxlarından fərqləndirən ən gözəl keyfiyyətlərindən biri də onun uzaqgörənliyidir. Belə ki, rəssam Şuşanın işğalından əvvəl şəhərin bütün məhəllələrin, küçələrin, tarix və memarlıq abidələrin fenomen yaddaşına köçürmüşdür, bir sözlə, iç dünyasında muzeyləşdirmişdir. Bu əsərlər Şuşanın işğalından sonra şəhərin yenidən bərpasında misilsiz rol oynamışdır.

Nəhayət, deyək ki, şairlər sözlə, alimlər kəşflərlə, rəssamlar sənət əsərləri ilə, bəstəkarlar musiqi parçaları ilə, sərkərdələr öz qələbələri ilə insanları heyrətləndirirlər.

Bunu onun əsərlərində də duymaq olur. Onun əsərləri indiyə qədər Şuşa ilə bağlı çəkilən rəsmlərdən tamamilə fərqlidir. Rövşənin öz yolu, öz yaradıcılıq üslubu, düşüncəsi var. "Gövhər ağa məscidi", "Xan qızı" bulağı, "Gəncə qapısı", "Vaqif türbəsi", "Bulaq başında", "Xarıbülbül", "Qala divarları", "Zöhrabbəyovların mülkü", "Misgər", "Qədim qablar", "Haray" və s. əsərləri R.Bayramovun milli kökə bağlılığının məhsuludur.

Sonda əziz dostuma, dünya rəssamlarının layiqli davamçısı sayılan Rövşən Bayramova uzun illər yaddaşına köçürüb saxladığı, əsərlərə çevirdiyi doğma Şuşamızda yeni əsərlər yaratmaq, uzun ömür, cansağlığı arzulayıram.

Əyyub Şırlanlı, şair-publisist, Əməkdar müəllim, "Məclisi-Üns" - "Söz gülüstanı" Ədəbi Birliyinin rəhbəri.