adalet.az header logo
  • Bakı -°C
17 Iyun 2026 14:51
78
MƏDƏNİYYƏT
A- A+

“Köhnə çamadanlar” Adana tamaşaçısı ilə görüşdü

15 İyun – Milli Qurtuluş Günü münasibətilə rejissor Saida Haqverdiyevanın ekranlaşdırdığı “Köhnə çamadanlar” bədii filmi qardaş Türkiyənin Adana şəhərində nümayiş olunub.

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin idarə rəhbəri, Polis Həyat Yoldaşları Dərnəyinin Adana Şöbə sədri Sanem Arıkanın koordinasiyası, Adana Mədəniyyət və Turizm İdarəsi ilə Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyinin Adana Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə film geniş tamaşaçı auditoriyasına təqdim edilib.

Nümayişdən sonra filmin ssenari müəllifi və quruluşçu rejissoru Saida Haqverdiyevaya Türkiyə Daxili İşlər Nazirliyi və Polis Həyat Yoldaşları Dərnəyi tərəfindən təsis edilən “2026-cı il Qlobal Sülhə Töhfə Mükafatı” təqdim olunub. Eyni zamanda ekran əsərinin yaradıcı heyət üzvlərinə xüsusi plaketlər təqdim edilib.

Qardaş ölkənin millət vəkillərinin, ictimai xadimlərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, eləcə də şəhid və qazi ailələrinin iştirak etdiyi tədbirdə çıxış edən Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini, Ankara millət vəkili Mevlüt Karakaya Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin, ortaq yaddaş və taleyin olduğunu bu cür mədəni tədbirlər vasitəsilə bir daha təsdiqləndiyini bildirib.

Millət vəkili çıxışını bu fikirlərlə davam etdirib:  “Şuşada dalğalanan bayraq yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq qürurudur. Bu film bizə xatırladır ki, bir millət torpağını itirə bilər, lakin yaddaşını, inamını və azadlıq iradəsini itirmədiyi müddətdə yenidən ayağa qalxar, torpağını da geri alar. Otuz ildən artıq həsrətdən sonra Qarabağ yenidən azadlığına qovuşub. Bu zəfər səbrin, inamın və birlik ruhunun dastanıdır”.

Polis Həyat Yoldaşları Dərnəyinin Adana Şöbə sədri Sanem Arıkan isə filmi böyük duyğular içində izlədiyini bildirib. O, Qarabağ uğrunda canından keçən şəhidlərin əziz xatirəsini yad edib, qazilərə və onların ailələrinə ehtiramını bildirib.

Filmin yaradıcı heyətinə təşəkkür edən Arıkan çıxışında vurğulayıb ki, Azərbaycan və Türkiyə eyni tarixdən, dildən və mədəni köklərdən güc alan, kədərdə də, sevincdə də bir olan iki qardaş dövlətdir.

“Qarabağda bir qardaşımızın ayağına daş dəysə, burada bizim də ürəyimiz yanar. Biz ayrı bayraqlar altında yaşasaq da, Bəxtiyar Vahabzadənin ifadə etdiyi kimi, eyni kökdən pöhrələnən bir çinarın budaqlarıyıq” deyə Arıkan fikrini yekunlaşdırıb. 

Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) sədri Aygün Attar çıxışında “Köhnə çamadanlar” filmində müharibənin insanların taleyində buraxdığı izlərin, xüsusən, Azərbaycan qadınlarının yaşadığı ağrı və mənəvi sarsıntıların  təsirli, dolğun şəkildə təsvir olunduğunu qeyd edib. O, filmin haqq savaşımızın qəhrəmanlarına ehtiram nümunəsi olduğunu deyərək, yaradıcı heyətə, həmçinin Adanadakı nümayişin yüksək səviyyədə təşkilində əməyi keçən hər kəsə minnətdarlığını çatdırıb.

Tədbirdə çıxış edən Adana Şəhər Polis Müdürü Ahmet Hakan Arıkan və Adana Mədəniyyət və Turizm İdarəsinin müdiri Emre Duru də Qarabağ şəhid və qazilərinin xatirəsinə ehtiramlarını bildirərək, filmin yaradıcı heyətini təbrik ediblər.

Sonda söz alan rejissor Saida Haqverdiyeva bildirib ki, “Köhnə çamadanlar” müharibəyə məcbur edilmiş sadə insanların, xüsusilə qadınların həyat hekayələri əsasında ərsəyə gəlib. Müəllifin sözlərinə görə, ekran əsəri savaşın insan talelərində buraxdığı ağır izləri, itkiləri və ümidləri bədii dillə tamaşaçıya çatdırır.

Rejissor qeyd edib ki, filmin Ankara nümayişindən sonra Adanada da belə yüksək səviyyədə qarşılanması Azərbaycan və Türkiyə arasında mövcud olan möhkəm qardaşlıq bağların, ortaq mənəvi dəyərlərin və mədəni həmrəyliyin növbəti təzahürüdür.

“Köhnə çamadanlar” filminin Adanadakı nümayişi bir daha göstərdi ki, incəsənət xalqlar arasında körpü yaradan, ortaq tarix və yaddaşı yaşadan ən təsirli vasitələrdən biridir. Film həm Qarabağ həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması, həm də Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsi baxımından mühüm mədəni hadisədir.