SƏRÇƏ
1.
Babam üzü qibləyə yatır, mən üzü Gündoğana. Hər səhər Günəş pəncərəmizdən əllərini uzadıb gözlərimi qıdığlayır. Nə demək istədiyini yaxşı bilirəm: "Hə-ə... yuxu şirindi, sən də doymaq bilmirsən. Durmaq vaxtıdı!"
Hirslənirəm: - Qoymazsan yataq?! - Acıqla kürəyimi çevirirəm ona. Bu dəfə də başlayır boynumun dalını sığallamağa. Şirin dilimi işə salıram: - Deyirsən, durum, ay Günəş?!
Tez atılıram çarpayıdan. Ağzıma yaxalayıb, üzümə su çırpıb, kitabımı qoltuğuma vurub, döşəkçəmi başıma qoyub, qaçıram Şahtutun dibinə. Otun üstünə döşəkçəmi, döşəkçənin üstünə özümü, özümün də qucağıma kitabımı basıb, otururam. O dəqiqə bir yağış başlayır, elə bil atlı gəlir: tap-tap-tap... Boynum-başım, qoynum-qoltuğum bir anda dolub daşır. Eləmirəm tənbəllik, seçib iri dənələri qoyuram dilimin ucuna: - Mıı... - O dəqiqə "Elnur, Əkil və onların başına gələnlər" nağılından iki misra dodaqlarımda titrəşir:
Əy budağı, tut,
Tut ye, şirin tut.
Elə bil həyətin künc-bucağını eşələyən toyuq-cücə iştahlarını yanıma yollayır; əlüstü həyəcana düşürlər:
-Qır-qır-qır...
-Qar-qar-qar...
-Qor-qor-qor...
Bir də görürəm, "vəhşi"lərin arasındayam. Şahtutun pay elədiyi tut dənələrini mən "hə-hü" eləyincə, onlar dimdik-dimdiyə göydə qapır.
Baxıram ki, yo-ox... acıblar, özü də bərk... Əgər onlar toyuq-cücə yox, uşaq olsaydılar, indi ağlaşma səsi həyəti bürümüşdü. Nənəm də, Allah ömrünü bir az da uzun eləsin, yüzü də adlasın, görəcək arvaddı; gündə bir dəfə, özü də güclə əli uzanır dənə. Uzanır, ha, amma... yarı-könül. Babam deyir, bu dünyada acığım gələn bir şey var, o da "yarı-könül"dü! Nənəni yarı-könül almışam deyə, qabağıma xörəyi yarı-könül qoyur, yerimi yarı-könül salır, inəyə də, axı mənim inəyimdi, yarı-könül verir otu, toyuğa da yarı-könül atır dəni. Ona görə də toyuq-cücənin qarnına düşən dən canına sinmir. Yazıqlar nə ətlik kimi ətlik olurlar, nə yumurtalıq kimi yumurtalıq olurlar, nə də toyuq kimi toyuq...
-Ay nənə, eşitmirsən!?
-Nəyi, ay bala?
-"Qur-qur"u.
-Qumrudu, qurbağadı, hinduşkadı!? Nə bilim hansını deyirsən, o qədər qur-qurumuz var.
-Hinduşkamız da var?!
-Hər şey Allahın əlindədi; versə, niyə olmur!?
-Toyuqlardan niyə danışmırsan!? Dən kisəsinə ziyandı?!
-Dən kisəsinə nə olub, ay bala!?
-Bunları qıracaqsan, vallah!
-Allah gözü niyə verib onlara, ayağı niyə verib onlara, dimdiyi niyə verib onlara!? Çölün-düzün quşuna dən səpən kimdi, su tökən kimdi?! Nə yaxşı qırılıb-eləmirlər?! Yuva tikirlər, yumurta qoyurlar, bala çıxarırlar. Bizimkilər "ver, yeyim, ört, yatım"dan başqa nə bilir... hə?!
- Allah çölün quşuna qanad verib, uçub gedib yem tapır, su tapır.
-Onlara Allah qanad verib, mən də həyət-baca vermişəm bunlara; cücüyə nə gəlib, böcəyə nə gəlib, soxulcan adamın üstünə çıxır!?
2.
Bu səhər də ağzımı təzəcə şirin eləmişdim...
-Qar-qar-qar...
-Qır-qır-qır...
-Qur-qur-qur...
Kitabı otun üstünə atıb, ayağa qalxıram. Əlüstü fikrimi oxuyurlar; uçan uçur, qaçan qaçır... məndən qabaq gedib du-rurlar damın ağzında.
Nənəmin gözündən iraq, Ağ çalanın sarı buğdasından dolu tökürəm başlarına; şırrr...
Didişə-didişə, dimdikləşə-dimdikləşə - taq-taq-taq...
Birdən... gözlərim dörd olur. - Aaa... bu ki, sərçədi! - Yol keçəndə qonaqlığı görüb, mən boyda adamı görməyib. Özünü salıb toyuqların arasına, dimdiyi dayanmır - cii... taq-taq... cii... taq-taq... Yerə oturmağımla, ovcuma düşməyi bir olur: -Ciii...
-Ay-hay... ha kişnə, ha fınxır, ha şıllağa qalx, qanadların göy görməyəcək! - Tez yumruğumu başımın üstə qaldırıram. -Ana-a-a...
İy bilirmiş kimi qardaşlarım -Tofiqlə Abdul qaçıb gəlir:
-Ver, biz də oynadaq!
-Oyuncaqdı bu!?
-Bəs sən oynadırsan!?
-Özü oynayır.
-Necə tutdun, ay bala? - Anam eyvandan qışqırır.
-Qarnından soruş.
-Qarnı nədi?
-"...quludu"!
-Nə qulu?
-Qarğa dili bilmirsən, ay arvad?! Qarınquludu, deyirəm də!
-Niyə qarınquludu?
-Dayan, qoy özündən soruşum: "Ay sərçə, anam deyir, niyə qarınqulusan?".
-Cii...
- "Acmışam!" deyir, ay ana!
-Niyə acıb?
-Ay sərçə, anam deyir, niyə acmısan?.. Bıy, lal oldu ki!
-Bəlkə mən cavab verim, ay bala?!
-Cavab verə bilsən, ay-ulduzlu "beş" düşür sənə, ay ana!
-Ona görə acıb ki, yumurta üstə yatır, bala çıxardacaq. İndi canı sənin əlindədi, yumurtaları da qalıb üstü açıq. Bir az da keçsə, soyuyub, buza dönəcək... Kəndimizin bir topa sərçəsi də olacaq lax yumurta.
Bir də gördüm əlim soyuyub...
Qardaşlarımın gözü havada qalmışdı, ağzı açıq:
-Uçdu! Uçdu! Uçdu...
Qəşəm İsabəyli

Bakı -°C