adalet.az header logo
  • Bakı -°C
14 Avqust 2026 20:44
54
ƏDƏBİYYAT
A- A+

Rafiq ƏLƏKBƏR: Lalay, lalay

(sərbəst esse-poema)

Biri vardı, biri yoxdu,
Biri gəldi, biri getdi,
Biri öldü, biri dirildi,
Bəzi adlar yer üzündən silindi,
Dünyada yeni adlar doğuldu.
Amma meşələrin ortasında yerləşən
bir kənddə doğulan yeni uşağa
ad tapa bilmirdilər.
Axırda bu uşağın valideynləri, qohumları
gedib qonşu kənddə Cəfərin həyətində olan
alça ağacına əski parçaları bağladılar ki,
uşağın adı onların yadına tez düşsün.
Axır ki, bu uşağa bir ad qoydular.
Sonralar bu uşaq necə böyüdüsə,
hansı mərdimazarlıqlara əl atdısa,
əsl adı hamının yadından çıxdı.
Hamı onu “alçaq” deyə çağırırdı.
Sonralar özü də alçaqlığı ilə fəxr etməyə başladı.
Alça ağacına bağlanan əskilərin sayı çox olduğuna görə,
alçanın magiyası öz gücünü qədərindən artıq göstərmişdi.
Lalay, lalay,
lalay, lalay…
Biri vardı, biri yoxdu,
biri gəldi, biri getdi,
amma göydən alma düşmədi.
Bu kənddə çoxlu qarımış qızlar var idi,
Bir gün bu kənddə ağıllı, namuslu qarımış qızlardan
Qızyetər adında birisi bəxtinin açılması üçün qonşu kənddə
yaşayan Molla Cəbiyə müraciət etdi.
Molla Cəbi qıza elə bir dua yazdı ki, qız elə
həmin gün mollanın əlli yaşlı oğluna nişanlandı.
Kənddə bütün qızlar Qızyetərə paxıllıq etməyə başladılar…
Qızyetər nişanlandığı üçün ondan
aralı durmağa çalışırdılar.
Mollanın qələmi ilə Qızyetərin bəxti elə açıldı ki,
kənddə qoz Əhmədin qoz ağacları urvata mindi.
Qarımış qızlar özlərini naza qoyaraq “qız ağacı, qoz ağacı”
deməyə başladılar.
Ərə getməyə çıxış yolu tapmışdılar,
günlərin bir günü mollanın qələmi
onların da karına gələ bilərdi…
Lalay, lalay,
dalay, dalay,
bu kənddə üçüncü arvadını boşadı Mirzəbala,
hansı səbəbdənsə onun aldığı arvadlar oğlan doğa bilmirdilər,
kənddə hamı Mirzəbaladan çəkinirdi, ona Mirzəbala yox,
Mirzəbəla deyirdilər.
Belə çıxır ki, hamının öhdəsindən gələn Mirzəbala
arvadlarının öhdəsindən gələ bilmirdi.
Yazıq arvadlar Mirzəbalanaın üzünə baxmağa
utanırdılar.
sanki onlar dünyanın ən böyük
günahını etmişdilər.
Qayınanaları da Mirzəbalaya söz deyə bilmirdilər,
çünki Mirzəbala da Mirzəbəla idi.
Onunla zarafat etmək qorxulu idi.
Lalay, lalay,
Sözlərim də dalay, dalay.
Yenə zəng vurub borc istədi məndən
Gülbəniz xala.
Dedi ki, həyətdəki inəyi satacaq,
Az müddətə borcunu qaytaracaq.
Mən Gülbəniz xalaya “yox” deyə bilməzdim.
Ancaq fikirləşdim ki, onun mənə olan
borclarını qaytarmaq üçün bir inək yox,
heç beş inəyin də pulu kifayət etməzdi.
Ancaq mən Gülbəniz xalaya “yox” deyə bilməzdim.
Deyirlər ki, mən uşaq olub xəstələnəndə
mənim bu halıma dözməyib ağlayırmış.
Universitetə girəndə muştuluq kimi
cibimə 10 manat pul qoymuşdu.
Həm də məni çox istədiyindən, tapşırdı ki,
nəbadə orada şəhər qızlarına vurulasan.
Öz qızını mənə verəcək,
lakin mən onun tapşırığına əməl etmədim.
Qızı isə bir alman oğlanla tanış olub, evləndi,
Almaniyaya köçdülər.
Mənə şəhər qızını almağı qadağan edən Gülbəniz xala
öz qızını xarici oğlana verməsi ilə fəxr edirdi.
Daha o, mənimlə qız söhbəti etmirdi,
ancaq borc istəməyini tərgitmədi…
Lalay, lalay,
dalay, dalay…
Bu gün səhər-səhər mənə zəng vurdu şair Balay,
Dedi ki, mənə şeir həsr edib, oxuyum gör necədir.
Şair Balay mənə hədsiz təriflər yağdırmışdı.
Bəzi sözləri heç Azərbaycan leksikonunda tapa bilmədim.
Şair Balaya təşəkkürümü bildirdim,
hətta bəzi tərifli sözlərin mənasını anlamadığımı dedim,
amma onun cibinə pul salmağı unutdum,
bir neçə gündən sonra yenə mənə zəng vurdu,
dedi ki, əgər mən onun şerini anlamıramsa,
kütlələr neçə anlasın?
Bu sözün qabağına söz tapa bilmədim.
O gündən xəbər olmadı şair Balaydan,
bir gün eşitdim ki, şair Balay meyxanaçı Balay olub,
pul da üstünə sel kimi axır.
Çox vaxt onu televizorlarda görsəm də,
üz-üzə rastlaşmırdıq, canlı cəmi bir dəfə
istirahət mərkəzində gördüm.
“Tayota” markalı maşın sürürdü.
Məni görsə də, görməməzliyə vurdu.
Mən də yaxınlaşmağa cürət etmədim.
Lalay, lalay,
Dalay, dalay,
Balay balay...
Hardasan, ey çıxan Günəş, batan Ay?
Deyəsən, özümdən çox razıyam.
Deyirəm ki, düşmənlər mənə bata bilməz,
nə qədər ki, əlimdə var qələm.
Zor adamlardan qat-qat zordur zor qələm.
Bu düşüncədə ikən gördüm, başımın üstündə
bir qadın durub, xanımın adı da Zərqələm.
Dedi ki, nə çox lalay, lalay, dalay, dalay deyirsən?
Məgər yazmağa mövzu yoxdur?
Məgər, ana Kürü, xan Arazı, mavi Xəzərimizi görmürsən?
Mən isə Zərqələmə, bir də əlimdəki kar qələmə baxırdım.
Qələm hələ də susmurdu...
Lalay, lalay,
Dalay, dalay,
Şair Balay,
Çıxdı Günəş, batdı Ay,
Bax ha, söz yazmaq deyil bu qədər kolay.
Zərqələmlər olan yerdə
mənim əlimdə qələm nə edə bilər ki?