EDƏMƏM TƏRK, FÜZULİ... ( Üçüncü yazı)
" VƏTƏNƏ YOL ƏSGƏRDƏN KEÇİR ! "
Yazılar silsiləsindən...
Döyüş nizamnaməsinin tələblərinə görə ölkəmizin ərazi bütövlüyünün qorunmasında, fiziki və əqli cəhətdən sağlam olan hər bir kişi vətəndaşa on metrə qədər torpağ payı düşür. Onu qorumaq hər birimizin Vətəndaşlıq borcudur !
Sordum əhvalımı eşqində münəccimlərdən,
Baxdılar tale evinə, dedilər : qan görünür.
( Allah, sənə rəhmət eləsin, böyük Füzuli ! )
QARABULAĞ ( FÜZULİ ) şəhəri.
16 mart 1992-ci il, saat 10.30 dəqiqə.
Dünəndən bəri, " MƏNGƏLƏNATA " dağının üzərində burula-burula oyalanan qapqara bulud topası, ölmüş ilanın quyruğu kimi titrəyə-titrəyə şimalda " QARAKÖPƏKTƏP "-yə, cənubunda " MURQUZLU " yalına tərəf yayılırdı...
Xalqımızın milli-mənəvə dəyərlərində, məişətində, adət-ənənələrində, etnoqrafyasında, ictimai-siyasi və mədəni həyatında min illərdir müqəddəsləşmiş NOVRUZ bayramına sanlı günlər qalırdı. Qədim adətlərə görə sabah, 17 mart günü " İlaxır çərşənbə "si qeyd ediləcək. Ancaq, ilk günlərdən ilimiz heç yaxşı başlamadı. DAŞALTIDA baş verən uğursuz döyüş əməliyatında onlarla döyüşçümüzün şəhid olması, Rusiya Fedarasiyası Silahlı Qüvvələrinin 366-cı Motoatıcı alayının fəal iştrakı və dəstəyi ilə erməni terror-quldur dəstələri Fransadan, Suriyadan, Livandan, Livyadan gətrilmiş muzdlu qaniçənlərlə birgə XOCALIDA köməksiz vəziyyətdə olan, uşaqları, qadınları, qocaları, əliyalın günahsız insanları qətlə yetirmələri, rayonun təmas xəttinə yaxın olan, Yuxarı Veysəlli, Üçbulaq (Hoğa) kəndlərinin işğalı, erməni terror dəstələrinin kəndlərimizə qəfləti basqınları zamanı günahsız ailələrin evinin içərsində alçaldılaraq girov aparılması, ev-eşiklərinin qarəti, yandırılması, Ərazi Özünümüdafiə bölmələrimizin fasiləsiz olaraq düşmənlə mübarizədə şəhidlərin olması, əhali arasında böyük ruh düşkünlüyü yaratmışdı. 1988-ci ilin fevral ayından üzü bəri, elə bil camaatımızın üzərinə qara uğursuzluq pərdəsi çəkimişdi. Bu qara, zolağ son günlər daha da, böyüyür və qəddarlaşırdı.
Ancaq şəhər camaatının qəlbində və düşüncəsində olan inanc qığılcımı bir an da, olsun sönmürdü. Bu qədər ağrıların, acıların, faciələrin, sarsıntıların içərsində adamlar öz əzəmətini qoruyub saxlayır, biri-birinə hər addım-başı həmrəyliy göstərir, səbrli və təmkinli olmağa çalşırdılar. Ancaq, nə qədər üzüntülü də, olsa, inanca görə, adamlar sabahkı ilaxır çərşənbəsini evində-ailəsilə birgə olmalı və bu əlamətdar günü qeyd etməliydilər. Odur ki, bu gün, hamı dükan-bazara çıxmışdı. Həmşəkindən fərqli olaraq bu gün, şəhər küçələrində daha çox əhali var idi. Elçinlə Nərmin də, burada idilər. Uzun müddətdir onlar biri-birlərini görmürdülər. Əvvəlki illərdən fərqli olaraq xeyli böyümüşdülər. Artıq, 14-15 yaşlarında idilər. Həmişəkindən fərqli olaraq Elçin Nərminənin əlindən tutmağa utanır, daha ona Nərmiş yox Nərminə deyə müraciət edirdi. Nərminənin yanında özünü qəhrəman kimi göstərir, yeridikcə tez-tez musqullarına baxır və hər dəfə də gizli-gizli onu süzürdü. Nərminə isə küçədə insanlarla hər üz-üzə gəldikdə elə bilirdi ki, hamı onlara baxır. Bu səbəbdən o, utandığından başını aşağı salıb addımlayırdı.Hərdən də, gözucu Elçini süzürdü. Nərminənin atası Arif müəllim, Bakıda Azərbaycan Dövlət Unversitetdə dekan, elimlər doktoru, professordur. Onlar uzun illərdir ailəlikcə Bakıda yaşayırlar. Elçinin atası Kamal Əhmədovla yaxın dədə-baba qohumlarıdı. Arif müəllim hər il Novruz bayramında QARABULAĞA gələr ata-babalarının və dünyasını dəyişmış yaxınlarının qəbrlərini ziyarət edərdi. Adəti üzrə onlar bu il də, bayram ərəfəsində ziysrətə gəlmişdilər. Hər dəfə də, öz doğması olan Kamal Əhmədovun yəni Elçin gilin evidə qonaq qalardılar. Ailələr arasında olan səmimi münasibətlər, uşaqlarada yansımışdı. Ona görə uşaqlıq illərində Elçinlə Nərminə arasında yaxın dostluq münasibətləri yaranmışdı..
Onlar mərkəzi univermaqdan çıxıb üzü aşağı Hacı Ələkbər məsçidi tərəfə gedirdilər. Elçin : Nərminə, bu binanı görürsən ?!
Bax bu, bizim Afiqin babası Sirac əminin kitab mağazasıdır. Sirac əmi bura İsmayıl Şıxlının, Əli Vəliyevin, İlyas Əfəndiyevin, Səməd Vurğunun, Rəsul Rzanın, Elçinin, Anarın, Rüstəm İbrahimbəyovun maraqlı əsərlərini, həmçinin xarici ölkə yazıçılardan Şeksprin, Şillerin, Hüqonun, Drayzerin, Tolustoyun, Lope de Veqanın, Fyodor Dostoyevskinin, Drayzerin, Çexovun, Çingiz Aytmatovun, Aleksandr Dümanın kitabları ilə yanaşı vacib olan maraqlı dərslik və dəftərxana ləvazimatları gətirir. Mən, özümə lazım olan bütün kitab-dəftər və ləvazimatları buradan alıram. Gəl bura da, baxaq.
- Nərminə : baxaq. Bəzi ləvazimatlar var ki, Bakıda tapa bilmirəm. Ola bilsin ki, sizin mağazada olar...
Elçin, kitab mağazasının qapısını özünə tərəf çəkərək Nərminəyə buyur, keç içəri dedi.
- Nərminə : çox sağ ol.
Onlar, əvvəlcə səliqə ilə düzülmüş kitab rəflərinə yaxınlaşdılar. Elçin üzərinə " Cümhuriyyət generalları " yazılmış qalın cildli kitabı götürüb vərəqləməyə başladı. - Səməd bəy Mehmandarov Azərbaycan Cümhuriyyətinin Müdafiə Naziri olub. O, 1920-ci ilin martında QARABAĞI özününküləşdirməyə çalışan erməni quldur dəstələrini darma-dağın edib. O, dövürdə Əsgəran qalasında dəli Qazman deyilən bir quldurbaşı olmuşdu. Bax gözünə döndüyüm bu qəhrəman generalımız onu dəstəsi ilə birlikdə məhv edərək, QARABAĞI onların əlindən xilas etmişdi. Həmin dövürdə ermənilər QARABAĞDAN tamamilə qaçıb getmişdilər. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Leninin, Mikoyanın, Stalinin əlilə ermənilər yenidən bu torpaqlara qaytarılıb. İndi də, deyilənə görə, ermənilər M.Qorbaçovun xanımçası Raisa Maksimovnaya unikal və bahalı brilyant bağışlayıblar. Bax, ondan sora ermənilər elə başa düşdülər ki, bir bahalı brlianta görə QARABAĞI ələ keçrə biləcəklər. Deyə, Elçin acı-acı gülür...
Erməni və havadarları bilməlidir ki, Azərbaycan xalqı son nəfəsinə qədər mübarizə aparacaq və bu torpaqları güzəştə getməyəcək !..
Ümumiyyətlə Lenindən Qorbaçova qədər sovet liderlərinin heç birinin həyat yoldaşı üzdə olmayıb, dövlət işinə qarışmayıb, özlərinə xüsusi status və vəzifə tələb etməyib. Ancaq Raisa öz ötkəmliyi ilə hər fürsətdə " SSRİ-ni ərim idarə edir, ərimi isə mən " deyirdi.
- Nərminə : həm də Raisa Maksimovnanın ermənilərə rəğbəti böyük idi. Yadımdadır ki, 1989-cu ilin dekabrnda Ermənistanın Spitak şəhərində baş vermiş zəlzələ ilə əlaqədar " Vremya " xəbərlər proqramı xüsusi reportaj hazırlamışdı. Qorbaçov ermənilər qarşısında çıxış edərkən, erməni əhalinin əsassız iddialar irəli sürdükləri barədə danışanda Raisa Maksimovna ərinə " sən nə danışırsan " mimikası ilə nəzər salmasını hamı gördü. Mən, diqqət yetirdim ki, Qarbaçov dərhal söhbəti başqa mövzuya çevirdi.
- Elçin : indi sən bax də, öz arvadından qorxan, rəzilin biri, SSRİ-ni necə idarə edirdi ?!.
- Nərminə : elə məsələ də ondadır ki, idarə edə bilmədi...
- Elçin : şükürlər olsun ki, artıq Azərbaycan azad və müstəqil dövlətdir. İndi M. Qorbaçovların, Raisaların əlləri bizə çatmır...
- Nərminə: ancaq mən, düşünürəm ki, ermənilərin bizə qarşı olan bu düşmənçiliyinin altında başqa güclər dayanır...
- Elçin: hər nə olursa-olsun gecdir, onlar bizə heç nə edə bilməzlər. Sağlıq olsun hələ mən, mənim həmyaşıdlarım Ali Hərbi Məktəblərə daxil olaq görərsən nələr olacaq...
- Nərminə : mənim də çox xoşum gəlir hərbiçi peşəsindən...
- Elçin : bax mən, sənə söz verieəm ki, Hərbi Məktəbi bitirdikdən sonra mən də Mehmandarov kimi qəhrəman general olacam.
Elçının bu sözləri Nərminədə daxili kövrəklik yaratdı. Ancaq büruzə verməyib susdu...
Elçin başqa bir kitabı götürüb Nərminəyə göstərərək, dedi : Nərminə sən, bu romanı oxumusan ?
- Nərminə : hansı romanı ?
- Elçin, üzəri romantik ilustrasiyalı, iri hərfərlə " GÜLÇN VƏ ELÇİN " yazılmış kitabı ona göstərib, dedi : müəllifi gənc yazar və həm də bizim yerlidir. Azər Xəlqi, valdeynləri XANLAR küçəsində yaşayır. Hələ çox tanınmayıb. Mənə belə gəlir ki, bu əsəri, onu məhşurlaşdıracaq. Romanın süjet xətti müharibədə şəhid olmuş, gənc zabitimiz ELÇİNİN uşaqlıq illərindən sevdiyi qonşu qızı GÜLÇÜNLƏ aralarında olan, sevgi hekayəsindən bəhs edir. Elçin barəsində söhbət açdığı kitabı Nərminəyə tərəf tutaraq dedi : Çox hörmətli, Nərminə xanım, icazə verin, mən, bu kitabı NOVRUZ hədiyyəsi olaraq təntənəli şəkildə sizə təqdim edim. Nərminə gözlənilməz halda ona qarşı edilmiş bu təmtarağı gördükdə tutuldu. Rəngi qızardı. Nə edəcəyini və deyəcəyini bilməyib susdu...
- Nərminə : çox sağ ol, nə zəhmət çəkirsən.
- Elçin : məni üzürlü say burada olmadığına görə " 8 mart - xanımlar günü " ndə sənə hədiyyə verə bilmədim. Ona gör xahiş edirəm mənim hədiyyəmi qəbul edərdin.
Nərminə : hədiyyəyə görə minnətdaram. Çox sağ ol.
- Elçin : Nərminə səndən bir xahişim də, var. İcazə ver, bu gündən etibarən sən Gülçün deyərək müraciət edim...
- Nərminə : bu haradan ağlına gəldi.
Niyə ki, mənim öz adım var.
- sənin o, adın qaldı, SSRİ-da, indi artıq biz, azad, müstəqil dövlət olmuşuq. İki həftə əvvəl isə yəni, 2 mart günü Azərbaycan BMT- üzv qəbul olundu. Ona görə də, sənin adın qaldı keçmişdə. İndi sənin adın oldu GÜLÇÜN. Ancaq bu bizim öz aramızda qalacaq. Sənə Gülçün adını ancaq mən deyəcəm. Çünki, mənim bu addan çox xoşum gəlir. Deyərək sakit-sakit Nərminəyə tərəf pıçıldadı. Nərminə onun bu təklifindən təsirləndi və rəngi qızardı.
- bilmirəm!
Dedi və başını aşağı saldı. Elçin özüdə hiss etmədən sakitcə onun əlindən tutdu.
- sakit ol, adamlar bizə baxır.
- narahat olma... mənim dediklərimlə razısan ?! Deyə Elçin süzgün-süzgün ona baxırdı. Birdən gözləri Nərminənin baxışlarına toxundu. Hər ikisi yerindəcə dond...
Qapqara qaralmış bulud pənbəsi ilan kimi qıvrıla-qıvrıla şəhərin üzərinə doğru çökürdü. Alaçalpovun şaxtalı sazağı adamı ülgüc kimi kəsirdi. Göy üzündəki qaraltı artdıqca şəhəri sazağ qarışıq qaranlıq bürüyür və burüdükcə vahimə yaradırdı.
Qəflətən, göy üzündə ildırım oynadı, vəhşət yaradan şaqqıltı qopdu, göy gurudadı, qasırğa başladı, birdən-birə küçələrdə insan seli yarandı. Bu insan axını içərsində Elçinlə Nərminə də, vardı. Onlar da, hamı kimi şəhərin şərq istiqamətində qaçırdılar. Kimsə ucadan qışqırırdı ki, erməni quldur dəstələri şəhərə daxil olub. Elə bu səbəbdən məlumatsız insan kütləsi qaçırdı. Ancaq nədən və niyə qaçdıqları anlamırdı. Özünümüdafiə taborunun qurucularından olan, qcaman döyüşçü Asif Şirinov o, adamın üstünə sərtlədi, ay qardaş sən, burada camaat arasında təxribat aparma. Savadsız-savadsız danışıb adamları qorxutma. Cəbhə buyu yüzlərlə əsgərimiz dayanıb. Şəhərə girmək halvadır ??! Nə danışdığından xəbərin var ? Sonra Asif Şirinov uca səslə dedi : ay camaat təmkinli və sbrli olun. Sadəcə olaraq düşmən şəhəri bombalayır. Odur ki, atəş basqını dayanana qədər mədəniyyət sarayının zirzəmisində hazırlanmış sığnacaqlarda gözləyin. Rayonun müdafiə və mühafizəsini təşkil etmiş Ərazi Özünü Müdafiə taborları dərhal həyacan siqnalı ilə ehtiyat bölmələrini postlarına göndərməklə gücləndirmə apardılar. Şəhərin müxtəlif ərazilərində ard-arda partlayış səsləri eşidilirdi. Məlum oldu ki, erməni faşistləri BM-21 (QRAD ) tipli reaktiv artilleriya qurğularilə şəhəri bombardıman edirlər. Təssüflər olsun ki, erməni hərbi-siyasi rəhbərliyi, həmişə olduğu kimi yenə də, qana batmış dişlərini dinc əhalinin üzərinə şaqqıldadırdı. Müharibə qanunlarını və təlimatları pozaraq, qadağan edilmiş BM-21 ( QRAD ) reaktiv artilleriya qurğularından yaşayış məntəqələrinə, müki ərazilərə atəş açırdılar. Düşmən, qəddar-çirkin niyətilə bazar ərazisini, hərbi komissarlığı və şəhərin digər mülki əhali sıx məskunlaşmış məntəqələrini hədəfə almışdı. Xeyli yaralı və şəhidlərimiz oldu.
Çox maraqlı bir nüans məni düşündürür, erməni daşnakları düz bir ay əvvəl yəni, 16 fevral günü Füzuli şəhərini raket atəşinə tutmuşdular. Yəni bu bir təsadüfdür və yaxud planlanmış hədəf ??!..
Həmin gün Dövlət bankının yaxınlığına düşən raket mərmisinin təsirindən ağır zədə almış FÜZULİ HAVA LİMANININ rəisi Əşrəf Abbasov iki gün sonra xəstəxanada dünyasını dəyişərək rayonumuzun ilk şəhidlərindən oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin !
Müxtəlif ərazilərdə inzibati və yaşayış binaları bombardımanın təsirindən dağılmış, yanğınlar törənmişdi. Ay namərd və rəzil düşmən !..
Köstəbək kimi başını torpağa soxub, uzaq məsafədən mülki əhalinin sıx yaşadığı ərazilərilərə qadağan edilmiş reaktiv raketlərlə hücum etmək heç də qəhrəmanlıq deyildir. Əgər, bacarırsansa, sənə fitva verən havadarlarının dəstəyi olmadan döyüş meydanında qəhrəman Azərbaycan oğullarının qarşısına təkbaşına özün çıxardın. O, zaman sənin saxta və havalanmış " qüdrətini " görərik...
Atəş basqınlarından sonra sükuta qərq olmuş şəhərin mərkəzində görkəmli şairimiz Məhəmməd Füzulinin böyük abidəsi sanki bir qədər əyilmiş və kiçilmişdi. O, üzgün-üzgün əlini çənəsinə söykəyib fikrə dalmışdı. Deyəsən nanəcib " qonşuların " törətdiyi xəyanətkar əməllər onu sarsıtmışdı.
- şair nədən belə üzgünsən ?!
- şair Füzuli : " Sordum əhvalımı eşqində münəccimlərdən,
Baxdılar tale evinə, dedilər : qan görünür. "
- şair münəccimlər, nədən belə dedilər ?!
Axı, niyə tale evimizdə qan görünür ??!
- şair Füzuli : " Deyil bihudə gər yağsa fələkdən başimə daşlar,
Binasın tişeyi-ahimlə viran etdiyimdəndir. "
- şair, dediklərin doğrudur. Bu gün, başımıza gələn bütün bəlalar, zamanında öz əllərimizlə özümüzə toxuduğumuz xəyanətlərin nəticəsidir.
- şair Füzuli : o, zaman doğma QARABAĞIMIZI yadellilər yandırıb qarət etdikdən sonra dədə-babalarımızı min kilometirlərlə uzaq, susuz səhralara sürgün ediblər. Ulu babam deyərdi ki, yadelliləri güclü görüb qaçmadıq. Onlarla axıra qədər döyüşdük. Şəhidlərimiz yaralılarımız oldu. Ancaq geri çəkilmədik...
- şair !
Füzuli kimi dahi sənətkarlar yetirmiş bir xalq, çox keçməz ki, böyük sərkərdələr yetişdirib yağı düşmənlərin layiqli cavabını verəcək !
- şair Füzuli : " Edəmən tərk Füzuli, səri-kuyin yarın,
Vətənimdir, Vətənimdir, Vətənimdir, Vətənim !
Ərazi Özünümüdafiə taborlarının komanda heyəti, xidmət rəisləri mayor Rasim İbrahimov, kapitan Mobil Yusifov, kapitan Elxan Yusifov, kapitan Tariyel Qəhrəmanov, kapitan Hamlet Babayev, kapitan Asif Şirinov, leytenant Namik Mehdiyev, leytenant Səməd Əbilov, polis polkovnik-leytenantı Binnət Məmmədov, polis kapitanı Ramiz Ağayev, rayon müdafiə şurasının üzvü Şakir Abbasov, rayon İcra Hakimiyyətinin əməkdaşları, digər vəzifəli hərbiçilər, rayon polisinin məsul zabitləri törədilmiş atəş basqını ilə əlaqədar müdafiə mövqelərində qoşun xidmətinin düzgün təşkili, hərbi qulluqçular arasında ayıq-sayıqlığın artırılması, hərbi intizamın möhkəmləndirilməsi, minalanmış sahələrin formulyar sxemlər üzrə qorunması, atəş sisteminin düzgün qurulması işinin təşkilinə nəzarətin artrılması məqsədilə ön xəttdə müdafiə tapşırığı yerinə yetirən bölmələrdə təftişə başladılar. Təftiş- yoxlama komissiyası gün ərzində apardığı yoxlamalar zamanı məlum oldu ki, rayonun Yuxarı Divanallar kəndində təşkil olunmuş müdafiə mövqelərimiz daha çox atəş basqınlarına məruz qalmaqla yanaşı həm də, düşmənin terrorçu dəstələrinin nalayiq hərəkətlərilə üzləşirlər. Təftiş komissyası müdafiə postunun heyətinə təmkinli və səbrli olmağ barədə göstərişlər verdi.
" Haça gədik " yüksəkliyinin zirvəsində post qurmuş erməni terror dəstəsi, Yuxarı Divanallar kəndinin müdfiəsində xidmət aparan əsgərlərimizə qarşı bayaqdan bəri cığır-bağırla təhqiramiz sözlər deyir və nalayiq söyüşlərlə edirdilər...
- Ara eey... Turki, Turki eşidirsiniz məni ?..
Molla-molla, ara it uşaqları niyə cavab vermirsiniz ?..
- Ara heyy... Nədir ölmüsüz ?..
Vidadi : canın ölsün !
Köpəyin oğlu, nədir nə istəyirsən ?
- Ara elə bu gün, bizimkilər sizə yaxşı dərs verdilər. Qradlar cammatınızın başına yaman qəşəng yağırdı. Həəə necədi, xoşunuz gəldi ?..
Vidadi : eyy Vazgen ! Uzaqdan durub daş atmağı qəhrəmanlıq hesab edirsən ? Kişiliyin çatır bir az yen aşağı görərsən aqibətini. Düş də, düş aşağı. Gəl bura !..
- Aaa məni orda nə işinə var...
Onsuz da bu toprağlar bizimdir. Siz çıxın gedin buradan.
Nüsrət : sən, deyəsən çox qudurdun a..
Şərəfsiz erməni. Haram olsun sizə Azərbaycanın çörəyi...
- Ara it uşağları, yaxın günlərdə baxarsınız sizin hamınızı Xocalı kimi qırıb qovacayığ...
Vidadi : kişilənmə ə..." Şon dğa " sənin kimi qeyrətsizlərin gücü ancaq arvad-uşağa çatar. Ölmürsən hələ bir xoruzlanırsan..
Görərsən sizi buralardan it balası kimi qovacağıq...
- Ara molla nə böyük-böyük danışırsan ?
Mən, elədiyimiz kaxramanlıqdan danışıram eyy...sənin nəyin var göstər də, mənə ?..
Şakir : eyy şon dğa darıxma görəcəksən...
- Ara nəyi göstərəcəksən mənə, göstər görüm ?
Mətləb : tələsmə dığa, tələsmə...
- Ara molla, ancaq indi mən, sizə yaxşı bir komedə göstərirəm baxın, yaxşı-yaxşı baxın !..
Bu zaman, ermənilərin Haça gədik postundan iki nəfər gənc qadın bir qədər irəliyə doğru gəlib dayandılar. Sonra onlar, ucadan Azərbaycan dilində bizə çağrış etməyə başladılar.
- Ay azərbaycanlı qardaşlar, gəlin bizi bu ermənilərin əlindən xilas edin. Əgər, azacıq qeyrətiniz varsa bizi bunların əlində qalmağa ikman verməyin. Bu ermənilər burada bizə olmazın əzablarını verirlər.
Gəlin qardaşlar, gəlin. Vidadi əsəbləşərək əlindəki avtomat silahdan erməni postuna tərəf atəş açmağa başladı. Mətləb Vidadinin dayandırıb dedi : Sən, bu nə hərəkətdir edirsən ? O, qadınlar azərbaycanlı deyil. Bu bir təxribatdır. Onlar istəyir ki, biz əsəbləşib Haça gədiyə qalxaq, asanlıqla bizi məhv eləsinlər. Səbrli və təmkinli olun.
Nüsrət : Allah sizə lənət eləsin,alçaq və murdar qaraçılar !..
- Ara hey.. molla-molla !
Ara sizin Allax yoxdur eyyy, otbuska gedib, səyaxatdadır. Ara yaxşı olar ki, sən, bizim Allaxı çağırasan. Bizim Allax yaxşıdır..
Nüsrət : hamsı sənə qənim olsun...
Mətləb : qardaşlar bəsdir qurtarın. Siz, bu alçaqların təxribatına uymayın. Onların danışdıqlarının hamsı cəfəngiyatdır. Buraxın nə qədər istəyirlər hürsünlər. Siz bu davranışınızla hərbi sirri verirsiz. Hərbi sirr o, demək deyil ki, düşmənə hansısa gizli məlumatı ötürəsən. Başa düşün sizin bu gün müdafiə postundan durub onlarla açıq söhbət etməyiniz onların kəşfiyyat orqanları üçün hərbi sirri özünüz də bilmədən verməkdir. Mən, yenə də deyirəm, o, qadınlar bizim azərbaycan qadınları deyil. Bizim qadınları öldürsələr də gəlib postdan Azərbaycan dilində müraciət etməzlər. Bu bir oyundur. Siz, bizim məhşur Azərbaycan filmi var " Yeddi oğul istərəm " yəqin hamınız o, filmə baxmısınız. Xatırlayırsınızsa filmdə Gəray bəyi " Qan çanağı " na çəkmək üçün Bəxtiyarın dəstəsi kənddə bəyi necə məsxərəyə qoyurlar. Çünki, onlar bilirdi ki, Gəray bəy bunlara dözməyib kəndə gələcək və onu asanlıqla məhv edəcəklər. Görürsünüz, bax hadisələr beləcə tamamlanır və komsomolçular öz istəklərinə nail olurlar. İndi bu axmaq dığalar bizim ağlımızı yoxlayır, əsəblərimizlə oynayırlar. Onlara layiqli cavab vermək üçün yığılıb müzakirə edəcəyik. Mənə elə gəldi ki, siz məni anladınız....
1992-ci il martın 16-dan 17-ə keçən gecə saat 02.15 dəqiqədə əslən DİVANALLAR kəndindən olan Vətənsevər oğullar, polis serjantı Mətləb Allahverdiyevin komandirliyi ilə əsgərlər Şakir Quliyev, Nüsrət Həsənov, Elxan İmanov, Vidadi Əhmədov, İlham Əliyev, Bəxtiyar Babayev əvvəlcədən apardıqları hesablamalara görə, vacib olan silah-sursat və ləvazimatlarla yanaşı, əsgər torbasında hərəyə bir ədəd tank əleyinə TM-57 tiplı mina götürərək hərəkətə başladılar. Onlar HAÇA GƏDİK yüksəkliyində yerləşən erməni postunun şimal-şərqindən sızaraq MAŞADKƏND və ÇARTAZ ( GÜNEY XIRMAN, QUZEY XIRMAM ) kəndləri istiqamətindən arxaya keçməklə düşmən postuna gələn təminat-təxliyə yollarını minaladılar.
Sonra ehtiyatla, posta yaxınlaşaraq səngərə girdilər. Düşmənin dairəvi müdafiə sxemi üzrə qurduğu postun səngərləri boş idi. Müşahidə mövqeləri tamamilə boş qalmışdı. Maraqlıdır, erməni nəyə bu qədər arxayın olub postda müşahidəni dayandırmışdı ??
Qrup komandiri serjant Mətləb dərin araşdırmadan sonra bir daha arxayın oldu ki, düşmənin müşahidə mövqeləri həqiqətən də boş və nəzarətsizdir. O, qərar qəbul etdi ki, daha irəli və dərinliyə doğru hərəkətə davam edək. Gecə saat 04.50 - dəqiqədə nəhayət ki, dairəvi müdafiə sxeminin giriş nöqtəsini tapdılar. Mətləb dərhal Nüsrətə tapşırıq verdi ki, giriş qapısının 5-6 metrə yaxınlığında kolların arasında pusquda dayansın. Babayev Bəxtiyar, İmanov Elxan, Əliyev İlham giriş qapısının qərb istiqamətində basqı üçün çıxış vəziyyətini alsınlar. Quluyev Şakir və Əhmədov Vidadi aşkar olunmuş yeraltı qazmaya daxil olmaq üçün hazır olsunlar. Mətləb, Şakir, Vidadi yeraltı qazmanın giriş qapısından asılmış əsgər adyalını sakitcə aralayıb qaranlıq qazmadan yarı rus, yarı erməni dilində söhbətlər və musiqi səsini müşahidə etdilər. Sarımsağ qarışıq tünd spirtli içkinin qoxusundan az qalırdı adamın bağrı çatlasın. Məhşur Rus müğənnisi Alla Puqaçova " Million alıx roz " mahnısını oxuyurdu. Onlar içəridə erməni quldurlarının olduğunu dəqiqləşdirib, sakitcə bayıra çəkildilər. Belə qərara aldılar ki, içəridən bir nəfərin çıxmasını gözləyib onu zərərsizləşdirmək, sonra ondan istifadə etməklə digərlərini sakitliklə və itkisiz əsir götürsünlər. Tapşırıq üzrə hər kəs öz vəzifəsini yerinə yetirmək üçün hazır vəziyyətdə dayanmışdı. Saat 05.40-dəqiqədə yeraltı qazmadan 2 metrə hündürlükdə bir nəfər çıxdı. O, müvazinatını saxlaya bilmir, sağa-sola aşırdı. Deyəsən gecə çox spirtli içki qəbul etmişdi. O, öz aləmində ətrafı nəzətdən keçirir, müşahidə aparırdı. Ancaq, heç özünü idarə edə bilmirdi. Ən maraqlısı onun silahsız olması idi. Onun bu vəziyyətini görən Nüsrət kolların arasından qalxaraq silahı ona tuşladı...
Nüsrət : tərpənmə, əllər yuxarı !
- Vaaa, Jora can, ara sən, elə bilisən mən, sarxoş olmuşam. Aaa sən, məni qorxuda bilmərsən...
Nüsrət, sakit səslə onu avtomatın qundağı ilə Mətləbə tərəf itələyərək dedi : axmağ dığa, sarsağlama keç rəisin qarşısına.
O, Mətləbin başındakı polis furaşkasını görüb, yerindəcə dondu. Sanki içkili vəziyyətində yol polisinin qarşısında günahkar-günahkar dayanıb baxırdı.
Mətləb erməni dilində ona sual verdi : dığa de görüm qazmada neçə nəfər var ?
O, susdu. Mətləb Vidadiyə tərəf bunun əllərini bağla.Birdən erməni dığası sanki yuxudan oyandı. O, qəflətən Mətləbə əl-qol atmaq istədi. Vidadi avtomat silahdan ona atəş açdı. O, aldığı güllə yarasından arxası üstə yerə yıxıldı. Bu zaman qazmadan bir nəfər çıxıb Maşadkənd istiqamətində var gücüilə qaçmağ başladı. Elxanla İlham onun təqib etdilər.
Mətləb : Şakir qumbaraatanla kazarmanı vur. Şakir dərhal kazarmanın içərisinə qumbaraatanla iki dəfə atəş açdı. Qumbaraatan atəşindən sora içəridə ard-arda partlayışlar baş verdi. Çox güman ki, bayırdan edilən atəşin təsirindən içəridə olan silah-sursat və partlayıcı qurğular partlayışa məruz qalmışdı. Bu səbəbdən kazarmada böyük dağıntı və partlayışlar baş verdi. Partlayışlar zamanı kazarmada bağırtı səsləri eşidilirdi. Hər tərəfi tüstü, torpaq sovruntusu və rezin yanığının qoxusu bürüdü. Elxanla İlham arxasınca qaçdıqları erməni əsgərini tuta bimədiklərini və gecənin qaranlığında itirdiklərini bildirdilər. Hamı bir yerdə çox da böyük olmayan, dağılmış kazarmaya baxış keçirdi. İçəridə səkkiz erməni əsgərinin leşi qalmışdı. Ancaq dünən günorta çağı bizə Azərbaycan dilində müraciət edib, köməyə çağıran qadınları tapa bilmədik.
Kənarda bağıra-bağıra qalmış yaralı erməni əsgəri isə bizə qarşı murdar-murdar söyüşlər edirdi.
Vidadi onu təpiklə vuraraq dedi : ayə ay axmağ dığa dünən mən sənə deyənd ki, qudurma, ancaq sən, çaşırdın. De görüm dünənki qadınları hara aparmısınız ?
- Mən, bilmirəm...
Vidadi : it oğlu deməsən, sənin qulağını kəsəcəm. Sonra onu təpikləyir. O, isə bağırırdı.
Mətləb : yaxşı götürün bu dığanı da, gedək. Artıq hava işıqlaşır.
Yolda gələndə erməni dığası aldığı yaradan öldü..
Biz kəndə çatanda könüllü döyüşçülərdən olan, Yuxarı Dilağarda kəndindən Əsgər Hüseynov ( Vətən Müharibəsi Qəhrəmanı, Əlahiddə Ümumqoşun Ordunun qərargah rəisi Telman Hüseynovun atası ) bir kəşfiyyatçı kimi vəziyyəti öyənmək məqsədilə serjant Mətləbin cəsur dəstəsini görmək üçün gəlmişdi. O, ölmüş erməni dığasını görüb dedi : həə mən, bunu tanıyıram. Bu SOS kəndindən qalayçı Vazgenin oğlu Samveldir. Samvel 1980-ci illərdə Rusyada Ali Hərbi Tankçılar məktəbini bitirmişdi. Sovet ordusunda tank batalyonunun komandiri idi. Bu yaramaz erməni, 1986-cı ildə komandiri olduğu batalyondan bir tankın qülləsini və lüləsini çıxarıb gətimişdi SOS kəndinə. O, deyirdi ki, guya bu tankı öz pulu ilə alıb. Həə, indi mənə bəlli oldu ki, demək tankı bu müharibəyə hazırlıq üçün gətribmiş. Ay sizi, namərd ermənilər...
Görüm sizi lənətə gələsiz....
Ardı var...
Füzuli, Yuxarı Dilağarda kəndi - 1992-ci il.
Polkovnik Mirqiyas Seyidsoylu
Digər Xəbərlər
14 Avqust 2026 11:46
İnsanlıq nümunəsi... - Əlisəfa Azayev yazır
13 Avqust 2026 16:41
Onun poeziyasında fikir tutumu
13 Avqust 2026 16:35
EDƏMƏM TƏRK, FÜZULİ... (İkinci yazı)
13 Avqust 2026 11:04
EDƏMƏM TƏRK, FÜZULİ....
12 Avqust 2026 15:07
Çığıra-çığıra jurnalist olanlar - Pərvanə Bayramqızı yazır
12 Avqust 2026 11:05
Dərənin çətini, elmin cəbri və şairin nəsri - Pərvanə Bayramqızı yazır
12 Avqust 2026 10:45
Əbülfət Mədətoğlu: Əhvalımın ŞEİRİ
12 Avqust 2026 10:18


Bakı -°C

