adalet.az header logo
  • Bakı -°C
13 Yanvar 2026 10:40
152
SİYASƏT
A- A+

“Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistan bu gün...”

“907-ci düzəliş, 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı müdafiə aktı"a əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən ən ədalətsiz qanunvericilik aktı idi. 907-ci Düzəlişə görə Azərbaycan ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet ölkəsi oldu. Bu Düzəliş qəbul ediləndə ABŞ-də səfirliyimiz yox idi, xarici işlər nazirliyi Qüdrünün çayxanasından az fərqlənirdi, idarəetmədən anlayışı olmayanlar yüksək vəzifələr tuturdu. Səsimizi eşidən də yox idi. Nə pulumuz, nə nüfuzumuz, nə də sadiq müttəfiqlərimiz yox idi. Düşmənlərin sayı ilə bərabər bizə qarşı ədalətsiz fəaliyyətlər hər gün artırdı”. 

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

Onun sözlərinə görə, nəticədə Azərbaycan həm Ermənistanın işğalına, həm də Ermənistanın havadarları olan ölkələrin bir çox sahələrdə kütləvi təzyiqlərinə məruz qalırdı:

“Bu qadağa Azərbaycan tərəfindən Qarabağın "işğalını" və Ermənistana qarşı "blokadasını" dayandırmaq məqsədilə qəbul edilmişdi. Halbuki Azərbaycan beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ tərəfindən tanınan öz ərazisini işğal edə bilməzdi. Digər tərəfdən isə Ermənistan ümumiyyətlə blokada vəziyyətində deyildi. Onun həm İrana, həm Gürcüstana avtomobil, hava və dəmir yolu daim açıq olub. Hətta bu bahələri nəzərə alsaq belə hazırda regionda yeni reallıq yaranıb. Azərbaycan daim bu Düzəlişin əleyhinə olub. Ermənistanın baş naziri N.Paşinyan da başına dəyən "Dəmir Yumruq"-dan sonra Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla ermənipərəst senator Con Makkeynin, senator Con Kerrinin və konqressmen Veyn Ovensin o zaman nə qədər haqsız olduğunu nümayiş etdirdi. Nağıla bənzəyən və "işğalçının blokadaya alınması" məsələsinin də heç bir vaxt həqiqətlə əlaqəsi olmayıb. İndi isə heç bu barədə danışmağa dəyməz. Halbuki işğalçı ölkənin işğala məruz qalan ölkə və digər normal ölkələr tərəfindən blokadaya alınması və ona qarşı məhdudiyyətlərin tətbiq edilməsindən təbii heç nə ola bilməzdi. Mən yaxşı anlayıram ki, müharibə tərəflərini dayandırmaq üçün müəyyən addımlar atıla bilər, amma bu addımların birtərəfli olması və işğalçıya deyil, işğala məruz qalan ölkəyə tərəf tətbiq edilməsi ABŞ üçün tam biabırçılıq idi. İstənilən halda artıq hər iki saxta bəhanə və 907-ci Düzəliş, ATƏT-in Minsk Qrupu ilə eyni məzarlıqdadır”. 

Hərbi ekspert deyib ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistan bu gün daha münasib qiymətə olan Azərbaycan yanacağından istifadə edir:

“Dəmir yolu açılıb, hava məkanından ikitərəfli istifadə uzun müddətdir həyata keçirilir. Azərbaycan və ABŞ prezidentləri arasında ay əvvəl 907-ci Düzəlişin fəaliyyətinin dayandırılması üçün razılıq əldə olunub. Amma Düzəlişin tamamilə ləğv edilməsi barədə qərarı ABŞ konqresi qəbul etməlidir. Ümid edirəm ki, bu qərarın qəbulu üçün uzun müzakirələrə ehtiyac olmayacaq və ən yaxın müddətdə bu utancverici Düzəliş ləğv ediləcək. Bundan sonra isə ABŞ və Azərbaycan arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın yeni və parlaq səhifəsi açılacaq”.

Vasif ƏLİHÜSEYN