adalet.az header logo
  • Bakı -°C
13 Yanvar 2026 10:08
77
SİYASƏT
A- A+

“ABŞ İranda rejimi dəyişməyə çalışır, amma indiki halda bunun yollarını arayır”

“İranda hadisələr olduqca təhlükəli fazaya qədəm qoyur. Çünki iqtisadi tələblərlə başlanan xalq etirazları indi siyasi müstəviyə keçib, rejimin istefası tələb olunur və bunların hamısı əlbəttə ki, İranda siyasi, hərbi vəziyyətin kəskinləşməsinə gətirib çıxarıb. Digər tərəfdən xaricdən müəyyən dəstək müdaxilələri var. Söhbət hələlik mənəvi dəstəkləmədən gedir. Yəni ABŞ Prezidenti Donald Trampın bəyanatından sonra hər halda etirazçılar özlərini daha ürəkli hiss edirlər. Hökümət əleyhinə şüarlar genişlənib, siyasi tələblər qoyulur. Xameneyinin istefası tələb olunur. Bunların hamısı əlbəttə ki, ciddi qarşıdurma əlamətləridir”. 

Bunu Adalet.az-a açıqlamasında professor  Qulu Məhərrəmli deyib. 

O, bildirib ki, hazırda hökumət çox ciddi şəkildə bu etirazların qarşısını almaq fikrindədir:

“Məscidlərin yandırılması, dini ocaqlara hücumların olmasını xaricdən yönəldilən qüvvələrin fəaliyyəti hesab edirlər. Onlar bunu belə qələmə verməyə çalışırlar ki, guya İran vətəndaşları İslam dəyərlərinə bu cür etiraz etmir. Amma faktiki olaraq onlarım hamısını törədən İran vətəndaşlarıdır və bu, rejimin məhdudiyyətlərindən, qadağalarından, sosial problemlərin həll olunmamasından boğaza yığılmış xalqın səsidir. Burda problem ondan ibarətdir ki, ölkədə internet kəsilib, yalnız müəyyən mənbələrdən məlumatlar almaq olur. Yalnız xaricdə fəaliyyət göstərən İran mühacirləri müəyyən vasitələrlə ölkə içərisindən məlumat alırlar. Onları müxtəlif formalarda yayırlar və bunların da hansının doğru, hansının yalan olması o qədər də bilinmir. Yəni informasiya qıtlığı müəyyən nəticələrə gəlməyə imkan vermir”. 

Q.Məhərrəmlinin sözlərinə görə, görünən mənzərə ondan ibarətdir ki, Xameneyi və onun rejimi üsyançıların dalğa kimi yayılan hərəkətlərinin silahlı yolla qarşısını almağa çalışır:

“İndi baxışlar ABŞ-yə dikilib, Trampdan dəstək umanlar var. Sadəlövh xalq bunu bu şəkildə gözləyir. Amma Trampın da müdaxilə edəcəyi təqdirdə İran bəyanat verib ki, cavab olaraq ABŞ-nin baza və obyektlərini vuracaqlar. Bunu isə sadəcə söz xatirinə demirlər. İsraillə müharibə onu göstərdi ki, İranın müəyyən təsirli silahları var və onları dəf etmək xeyli çətindir. Ona görə də xeyli mürəkkəb situasiya yaranıb. Amma bütün hallarda ölkənin içərisində xalqın etirazlarını yönləndirə bilən təşkilatlanmış qurumlar yox dərəcəsindədir. Hərəkətlər bir dalğa şəklində gedir. Ola bilər ki, gedişatda etirazçıların təşkilatlanması prosesi başlasa, bununla da hərakatı daha səmərəli effektli şəkildə yönəltmək mümkün olsun. ABŞ isə İranda rejimi dəyişməyə çalışır, amma indiki halda bunun yollarını arayır”.

Vasif ƏLİHÜSEYN