adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"QIRMIZI SARAY"IN SAHiBi VƏ...

BABƏK YUSİFOĞLU
37610 | 2011-06-06 23:19
(Əvvəli qəzetimizin 1-i iyun sayında )
   
   
   
   DTK-NIN ŞEFİ VƏ "ALFA"...
   
   
   
   Dörd ilə yaxın səfir vəzifəsində çalışan Andropovu yenidən Moskvaya çağırdılar. Bu dəfə isə o artıq Mərkəzi Komitəyə adi bir işçi deyil şöbə müdiri kimi gəldi. İndi o, mərkəzi aparatda sosialist dövlətləri Sov. İKP MK-larının rəhbəri idi. Bu da elə vəzifə idi ki, buradan daha yüksək postlar kifayət qədər əlçatan idi. Və Yuriy Vladimiroviç Andropov kimi şəxs üçün bunu etmək çətinlik törətməyəcəkdi. Elə belə də oldu. Dörd il sonra - 1961-ci ildə Yuriy Andropov Sov. İKP MK-nın üzvü, bir il sonra isə MK-nın katibi seçildi. 1967-ci ildə isə artıq SSRİ kimi bir nəhəng dövlətin ən mötəbər, ən nəhəng qurumlarından birinə - Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsinə göndərildi. Eyni zamanda SSRİ-nin yiyəsi hesab edilən qurumun - Siyasi Bürosunun üzvlüyünə namizəd oldu.
   
   DTK-nın sədri keçəndən sonra ölkədə bu təşkilatın mövqeyi bir daha möhkəmləndi. Kadrlar sırasında təmizləmə işləri aparıldı və bu sahənin peşəkarları irəli çəkildi. Qurulan güclü iş reyimi nəticəsində bir neçə il ərzində həyatın bütün sahələrinə və cəmiyyətə nəzarət maksimum həddə gücləndirildi. 1972-ci ildə Münhen hadisələrindən sonra terrorçuluğun qarşısının alınması üçün xüsusi dəstələrin hazırlanması üçün qərar verdi və qısa müddət ərzində ən hazırlıqlı zabitlərdən təşkil olunmuş bir xüsusi hərbi hissə yaradıldı. "Alfa" adlandırılan bu dəstə ölkədə ən çətin, ən mürəkkəb insidentlərin qarşısının alınmasında, təhlükəli cinayətkar dəstələrin zərərsizləşdirilməsində, məxfi əməliyyatların aparılmasında iştirak etdi.
   
   Andropov haqqında yazanlar bildirirlər ki, o öz çəkisinə, öz davranışlarına, iş bacarığına, iti mühakimə qabiliyyətinə görə digərlərindən seçilirdi. Xarakterindəki qətiyyət, həm də sərtlik Kremldə bir çoxlarını onun təsiri altına saldı. Belə demək mümkündürsə, bir çox vacib məsələlərdə onun fikri həlledici sanbala malik olurdu. O vaxtadək SSRİ-də çox az adamın tanıdığı ucqar Naqurisk stansiyasında anadan olmuş bu adam artıq nəhəng bir imperiyanın söz sahiblərindən birinə çevrilmişdi. Məhz onun təklifi idi ki, SSRİ-dən müstəqil siyasət yürütməyə çalışan sosialist düşərgəsinə aid dövlətlərə qarşı çox sərt tədbirlər görülməlidir. "Varşava müqaviləsi"ndən çıxmaq istəməsinə görə elə şəxsən Andropovun təkidi ilə sovet qoşunları 1979-cu ildə Çexoslavakiyaya yeridildi. Və həmin hadisələr zamanı xeyli sayda insan həlak oldu. Amma onda belə hesab edilirdi ki, Düşərgənin qorunması üçün bu qaçılmaz addımdır.
   
   
   
   DÜŞƏRGƏNİN QORUYUCUSU
   
   
   
   Sosializmə təhlükə var deyə sovet qoşunlarının qonşu Əfqanıstana göndərilməsinin də baş ideoloqlarından biri Yuriy Vladimiroviç idi. İllərlə davam edən bu üzücü müharibə saysız-hesabsız insanların məhvinə səbəb olsa da, dinc əfqanların kütləvi şəkildə qırılmasına gətirib çıxarsa da Kreml bu inadından asan əl çəkmədi. Çünki Yuriy Andropov sovet düşərgəsinin daha da genişləndirilməsini istəyirdi və bu yolda konkret iş görülməsinə çalışırdı. 1980-cı ildə o, hətta Polşada da hərbi aksiyalar keçirməyin vacib olduğunu bildirirdi.
   
   Andropovu tanıyanların yazdıqlarına görə, "zastoy" adlanan dövrdə politbüronun üzvləri sırasında bir-iki şəxsiyyəti çıxmaq şərti ilə Yuriy Vladimiroviç çox yüksək intellekt sahibi kimi seçilirdi. Deyilənə görə, Andropov həm də yaradıcı təfəkkürə malik bir adam olub və bəzən kinayəli atmacalardan da çəkinməyib. Hətta bildirirlər ki, ən yaxın adamları arasında söhbət edərkən o, liberal müzakirələrdən belə çəkinməzdi. Ən əsas özəlliklərindən biri də Breynevdən və əksər Kreml bosslarından fəqli olaraq Andropov təmtərağa, rüşvətə, yaltaqlığa, dövlət xəzinəsindən oğurluğa heç vaxt həvəs göstərməməsidir. O heç vaxt özünü ümumi axına buraxmazdı, şəraiti yalnız öz məntiqinə uyğun dəyərləndirərdi. Prinsipial məsələlərdə isə ölkənin baş "KeQeBe"şniki özünün ciddi konservativ mövqeyini həmişə saxlayırdı.
   
   
   
   AİLƏSİ VƏ...
   
   
   
   Çox qəribədir ki, Yuriy Andropov o vaxt yüksək partiya sıraları, xüsusən də Siyasi Büro üzvləri üçün çox neqativ bir göstərici hesab edilən ailə münasibətlərinə də malik olmuşdu. Belə ki, çox erkən yaşlarında ailə quran və iki - Yevgeniya və Vladimir adlı övladları olan Yuriy Vladimiroviç 1940-cı ildə arvadından boşanmışdı, sonra isə Tatyana Filippovna Lebedeva ilə ailə qurmuşdu. Bildirilir ki, Andropovun ikinci arvadından da bir oğlu (İqor), bir qızı (İrina) dünyaya gəlib. O da söylənilir ki, Yuriy Vladimiroviç ailə münasibətlərindən, köhnə və ya yeni arvadından nəsə söyləməyi qəti xoşlamayıb və bu haqda kiminsə danışmasına müsaidə etməyib. Oğlu İqor 1984-1984-cü illərdə SSRİ-nin Yunanıstanda səfiri işləyib, qızı İrina isə Mayakovski adına teatrın aktyoru Mixail Filippova ərə gedib.
   
   
   
   ƏN YÜKSƏK POST
   
   
   
   Yuriy Andropovun vəzifə yüksəlişi heç də DTK-nın sədri ilə sona çatmadı. 1982-ci ildə o yenidən MK-ya katib seçildi və bununla əlaqədar olaraq DTK sədri postundan getdi. O vaxt çoxları bu yerdəyişmənin müvəqqəti olduğunu bilirdi. Çünki artıq belə söhbətlər gəzirdi ki, bu məlum təyinat hərəkətlərinə nəzarəti artıq itirməyə başlamış Leonid Breynevin siyasi varisliyi üçün edilir. Və əslində hadisələrin sonrakı inkişafı bu versiyanın doğru olduğunu təsdiqlədi. Belə ki, həmin ilin noyabrında Andropov Sov. İKP MK-nın baş katibi seçildi. Breynevdən sonra rəhbərliyə gələn bu qətiyyətli xarakterə malik rəhbər hakimiyyətin strukturlarını möhkəmlətmək üçün ciddi tədbirlər həyata keçirdi. İqtisadi-sosial yeniləşmə kursunun güclənməsini gündəmə gətirdi. Sosialist əməyində qanun-qaydaların, dəmir intizamın yaradılması üçün ciddi göstərişlər verildi. O dövrdə işləyənlər yaxşı xatırlayır, bütün SSRİ-də iş vaxtı kimsənin səbəbsiz, yəni müəssisə rəhbərinin xüsusi icazəsi olmadan iş yerindən kənara çıxmasına icazə verilmirdi. Hətta bu cür halların üzə çıxarılması üçün qəfil reydlər də keçirilirdi. İş vaxtı mağazalarda spirtli içkilərin satışı da dayandırıldı.
   
   Amma görülən bütün tədbirlərə baxmayaraq 1983-cü ildə ölkədə iqtisadi geriləmə başladı. Hökumət məcburi qaydada bəzi məhsulların qiymətlərini artırdı. Lakin bu cür üsullarla vəziyyətin düzəldilməsinə ümid az idi və Andropov ictimaiyyətdə rəyin qorunmasını, bununla da müəyyən vaxt qazanaraq daha radikal islahatların həyata keçirilməsini reallaşdırmağı düşünürdü. Siyasətin böyük mənada ustası olan bu qətiyyətli lider həmin ilin iyun ayında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə də seçilərək hakimiyyəti bütövlükdə öz nəzarətinə keçirdi. Bunun ardınca isə ölkədə araq məhsulları xeyli ucuzlaşdırıldı. Əslində Yuriy Vladimiroviçin gözlədiyi effekt müəyyən mənada alındı. Əhali, xüsusən də ruslar, ukraynlar, beloruslar... hökumətin bu addımını böyük sevinclə qarşıladılar. Hətta xalq arasında "vodka" sözünün hər bir hərfinin açılışını Andropovun adı ilə bağlamışdılar: "Vot On Dobrıy Kakoy Andropov".
   
   
   
   "PADŞAH"IN SONU...
   
   
   
   Andropovun səhhətində problemlər yaranmışdı. Demək olar ki, hakimiyyətin son dörd ayını o ölkəni müalicə aldığı Kreml xəstəxanasının palatasından idarə edirdi. Amma heç kim deyə bilməz ki, həmin dövrlər ölkədə və hakimiyyətin ən yuxarı eşalonunda başıpozuqluq yaranmışdı. Yox. Köhnə çekist ölkəyə elə palatadan da eyni ciddiyyətlə nəzarət edə bilirdi. Fevral ayının ilk günləri onun səhhətində ağırlaşma baş verdi. Uzun illər əziyyət çəkdiyi padaqranın ağrıları kəskinləşmişdi. Böyrəkləri də kritik vəziyyətdəydi. Həkimlərin bütün səylərinə, inanılmış dərmanlara baxmayaraq Yuriy Vladimiroviç Andropov 1984-cü il fevralın 9-da öldü. Və bundan sonra SSRİ deyilən nəhəng bir imperiyanın təhlükəli dövrü başladı. Onu sıradan çıxarmaq istəyən xarici qüvvələr üçün də böyük şanslar yarandı. Və əvvəldə qeyd etdiyim kimi siyasi texnologiyaların, siyasi fəlsəfənin və nəzəriyyənin "AS"larından hesab edilən H. Kissincerin başçılığı altında hazırlanan plan əsasında SSRİ imperiyasının taleyi avantürist Mixail Qorbaçovla nöqtələndi...

TƏQVİM / ARXİV