“Qərbi Azərbaycan irsi”: Təkcə qələmlə deyil, ruh və vicdanla yazılmış əsər

Azərbaycan tarixinin ən acı səhifələrindən biri, şübhəsiz ki, Qərbi Azərbaycan torpaqlarında soydaşlarımıza qarşı həyata keçirilmiş etnik təmizləmə, mədəni irsin dağıdılması və sistemli assimilyasiya siyasətidir.
Azərbaycanın tarixi torpaqlarında – bugünkü Ermənistan ərazisindəki Azərbaycan xalqına məxsus maddi-mədəni irsin, xüsusən qəbiristanlıqların sistemli şəkildə məhv edilməsi, bu gün də beynəlxalq ictimaiyyətin diqqətindən yayınan böyük bir faciə olaraq qalır. Bu vandalizm aktları təkcə mədəni irsin deyil, eyni zamanda bir xalqın yaddaşının, tarixi köklərinin silinməsi məqsədi daşıyır. Məhz bu cəhətdən, Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə nəşr edilən ideya müəllifi və layihə rəhbəri professor Ədalət Vəliyev, müəllifləri Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli və tarixçi-tədqiqatçı Səbuhi Hüseynov olan “Qərbi Azərbaycan irsi: “Ermənistanda azərbaycanlılra məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar” adlı kitab həm elmi-nəzəri, həm də hüquqi baxımdan xüsusi əhəmiyyətə malikdir.
Kitabda Ermənistan ərazisində qalan qəbiristanlıqların indiki vəziyyəti sistemli şəkildə təhlil olunur, uzun illər ərzində davam edən məqsədyönlü dağıntılar, yerli azərbaycanlıların tarixi izlərinin silinməsi cəhdləri sənədlərlə sübut edilir. Müəlliflər çox ağır və məşəqqətli bir işin öhdəsindən layiqincə gəlmişlər. Onlar bu dağıntıları yalnız sadalamaqla kifayətlənməyərək, konkret yerləri, foto və xəritələrlə təqdim edir, bu ərazilərdəki vandalizm aktlarını beynəlxalq hüququn normaları çərçivəsində sənədləşdirirlər.
Kitabın mühüm əhəmiyyəti ondadır ki, indiyədək sənədləşdirilməmiş bir çox cinayətlər, məzar yerlərinin dağıdılması, qəbir daşlarının oğurlanaraq tikinti materialı kimi istifadə edilməsi, məscidlərin, ziyarətgahların yerlə-yeksan olunması faktlar üzərində işıqlandırılır. Bu məlumatlar təkcə ictimaiyyət üçün deyil, eyni zamanda beynəlxalq təşkilatlara, insan hüquqları qurumlarına təqdim edilə biləcək etibarlı mənbə funksiyası daşıyır.
5 cilddən ibarət olması nəzərdə tutulan kitabın I cildində 201 qəbiristanlığın yerinə yetirilmiş monitorinqi, onların hazırkı vəziyyəti, fotofaktlarla sübut edilən dağıntı miqyası və məhvetmə texnologiyası ətraflı şəkildə göstərilmişdir. Məlum olur ki kitabda tədqiqata cəlb edilmiş 201 qəbiristanlıqdan yalnız ikisi qismən salamat qalmışdır. Kitabda o da vurğulanır ki, Ermənistan hökumətləri bu dağıntıları sistemli şəkildə – təbliğat, zorakılıq və hüquqi inkarçılıq alətləri ilə həyata keçirib.
Əslində bu ideya öz başlanğıcını Ümummilli lider Heydər Əliyevin çıxışlarından götürür. Belə ki müasir Azərbaycanın siyasi həyatında Qərbi Azərbaycan terminologiyasından ali kürsüdən ilk dəfə Ümummilli Lider Heydər Əliyev istifadə etmişdir. Bundan sonra həm siyasi ədəbiyyatda, həm də siyasi platformalarda bu termin artıq öz gerçək yerini tutmağa başladı. Faktlara müraciət edək:
Siyasi varislik məsələsini həmişə aktual saxlamaqla bu istiqamətdə siyasi platformanı gücləndirən Ulu Öndər 26 may 1996-cı il Respublika Günü münasibətilə təntənəli yığıncaqda deyir: "Xalqımız əldən getmiş torpaqların nisgilini indi də çəkir. İndi də Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır. Amma eyni zamanda Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edərkən beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədləri çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik".
15 fevral 2000-ci ildə Cons Hopkins Vaşinqton Universitetindəki çıxışında Heydər Əliyev deyir: "Bəli, Zəngəzurda azərbaycanlılar çox yaşayıbdır. Vaxtilə Zəngəzurun əhalisinin əksəriyyəti azərbaycanlılar olubdur. Ancaq Sovetlər İttifaqı yaranan zaman respublikaların xəritələri çəkilib, Zəngəzur Ermənistanın tərkibində qalıbdır. Azərbaycanlılar oradan tədricən köçüblər. Amma sizin nəzərdə tutduğunuz Mehri rayonunda 1988-ci, 1989-cu illərdə, 1990-cı ilə qədər daha çox azərbaycanlı yaşayıb, nəinki erməni".
"İslam sivilizasiyası Qafqazda" mövzusunda 10 dekabr 1998-ci ildə keçirilən beynəlxalq simpoziumun iştirakçılarının böyük bir qrupu ilə görüşdə çıxış edən Heydər Əliyev bir daha Qərbi Azərbaycan məsələsindən bəhs edərək deyir: "İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan - İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda islam sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır".
Ümummilli liderin irəli sürdüyü, ardıcıl olaraq həyata keçirdiyi bu konsepsiyanı hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Dövlət başçısı çıxışlarının birində bu mövzuya toxunaraq bildirmişdir:
"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bu gün biz siyasi-hüquqi baxımdan çox düzgün və əsaslandırılmış şəkildə bu məsələyə yanaşırıq. Biz heç bir zorakılıq, heç bir münaqişə istəmirik. Amma Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması onların haqqıdır və bu haqq təmin olunmalıdır."
Ölkə başçısının açıq mətnlə səsləndirdiyi bu fikirlər Azərbaycanın dövlət siyasətində Qərbi Azərbaycana qayıdışın fundamental prinsip kimi qəbul olunduğunu göstərir. Kitabın özəlliklərindən biri və birincisi də odur ki, bu siyasi kursun elmi əsaslandırmasını təqdim edir və beynəlxalq səviyyədə Ermənistanın məsuliyyətə cəlb olunması üçün hüquqi baza formalaşdırır.
Eyni zamanda Ümummilli lider Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu dərin məzmunlu və uzaqgörən fikirləri, bu gün “Qərbi Azərbaycan İrsi” kitabının müəllifləri – Əziz Ələkbərli və Səbuhi Hüseynovun işi ilə öz elmi əsasını, sənədli dəlilini tapmaqdadır. Kitabda göstərilən faktlar təsdiqləyir ki, Ermənistan dövləti beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq, mülki insanların xatirəsinə hörmətsizlik nümayiş etdirib, qəbiristanlıqları və ibadətgahları hədəfə alaraq, maddi və mənəvi mədəniyyəti məhv edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ildə bir çıxışında demişdir: "Bizim tarixi torpaqlarımızda bütün izlər silinib. Ancaq biz bunu qəbul etmirik və etməyəcəyik. Hər daşın, hər izin, hər məzarın arxasında bir tarix, bir kimlik var. Onlar bizim milli varlığımızın parçasıdır." Məhz kitabın əsas tezislərindən biri olan “ermənilərin həyata keçirdiyi vandalizm təkcə maddi mədəniyyətə qarşı yönəlməyib” fikri cənab Prezidentin çıxışında irəli sürdüyü fikirlə üst-üstə düşür.
Əsərdə təkcə statistik məlumatlar deyil, eyni zamanda konkret örnəklər, Ermənistan ərazisindəki Gorus, Sisyan, Amasiya, Vedi, Basarkeçər və digər bölgələrdə mövcud olmuş, lakin indi tamamilə məhv edilmiş qəbiristanlıqların taleyi də ayrıca təsvir olunur. Misal üçün, Zəngəzur mahalında yerləşən qədim qəbiristanlıqların məhv edilməsi nəticəsində təkcə maddi irs deyil, həm də folklor və adət-ənənəvi yaddaş qırıqlığı baş verib.
Kitabın analitik yanaşma tərzi onu sıradan bir araşdırmadan fərqləndirir. Burada yalnız faktların təqdimatı ilə kifayətlənilmir, eyni zamanda bu faktların beynəlxalq hüquq çərçivəsində necə qiymətləndirilə biləcəyi də izah olunur. Bu kontekstdə kitab, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyalarını və 1954-cü il Haaqa Konvensiyasını pozduğunu sübut edən elmi-hüquqi baza kimi çıxış edir. Beynəlxalq hüquqda "mədəni soyqırımı" anlayışı uzun illərdir müzakirə predmeti olsa da, "Qərbi Azərbaycan irsi" bu anlayışın konkret təzahürlərini ortaya qoyur.
Bu hadisələrə dair aparılan jurnalist araşdırmaları da kitabın faktoloji bazasını gücləndirir. Media orqanlarında dərc olunmuş çoxsaylı materiallar, fotoşəkillər və yerli əhalidən toplanmış müsahibələr sübut edir ki, erməni vandalları bu əraziləri mənimsəmək üçün təkcə evləri deyil, məzar daşlarını da məhv edib, qəbiristanlıqları texnika ilə buldozerlə siliblər. Qəbir daşları isə ya tikinti materialına çevrilib, ya da tamamilə daş karxanalarında yox edilib. Məsələn, Azərbaycan və beynəlxalq media qurumlarının yayımladığı reportajlarda Zəngəzur, Göyçə, Dərələyəz və digər bölgələrdəki qəbiristanlıqların yerlə bir edilməsi, qəbir daşlarının yol tikintisində və başqa məqsədlərlə istifadəsi, qəbiristanlıq sahələrinin bostan və mal-qara otlaqlarına çevrilməsi xüsusi vurğulanır. Bu faktlar Ermənistanın məqsədli şəkildə azərbaycanlılara aid hər hansı izi silmək siyasətini nümayiş etdirir.
Kitabın təqdimatı mediada da geniş əks-səda doğurmuşdur. İctimai TV, AzTV, Report, APA, Musavat.com, Modern.az və digər nüfuzlu KİV-lər təqdimatdan geniş reportajlar hazırlamış, müəlliflərlə müsahibələr yayımlamış, ictimai xadimlərin və alimlərin fikirlərini ictimaiyyətə çatdırmışlar. Jurnalist araşdırmaları da bu istiqamətdə mühüm rol oynayır. Məsələn, Report.az-da yayımlanmış bir analizdə qeyd olunur ki, "bu kitab, Ermənistanın uzun illər beynəlxalq ictimaiyyətdən gizlətdiyi və indi belə təkzib etməyə çalışdığı faktların rəsmi sənəd halında təqdimidir."
Nikol Paşinyanın hakimiyyəti dövründə də bu proses dayandırılmamış, əksinə daha sistemli şəkildə davam etdirilmişdir. Onun bir çıxışında söylədiyi "Ermənistan monoetnik dövlətdir və belə də qalacaq" fikri, etnik və dini təmizləmələrin, o cümlədən mədəni irsin məhvinin dövlət siyasəti səviyyəsində qəbul olunduğunu göstərir.
Bu, sadəcə vandalizm deyil, mədəni soyqırımı aktıdır. Bu, Haaqa Konvensiyasının, UNESCO-nun “Mədəni irsin mühafizəsi haqqında” sənədlərinin kobud şəkildə pozulması deməkdir. Ermənistan dövləti bu əməllərinə görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalıdır.
Kitab həm də hüquqi baxımdan unikal dəyərə malikdir. Çünki burada göstərilən sənədlər, xəritələr və sübutlar beynəlxalq məhkəmələrə təqdim olunacaq səviyyədə toplanmış, beynəlxalq metodologiya əsasında tərtib edilmiş və beynəlxalq səviyyəli alimlərin əsərlərinə istinad edilmişdir. Bir sözlə, müəlliflər ilk dəfə olaraq erməniləri və onların havadarlarını elə öz yazdıqları ilə, özlərinin təqdim etdikləri faktlarla üz-üzə qoymuşlar. Bu isə o deməkdir ki, “Qərbi Azərbaycan irsi” təkcə tarixi deyil, həm də hüquqi-siyasi manifestdir. Onun əsasında Ermənistanın məsuliyyətə cəlb olunması üçün konkret addımlar atıla bilər.
Kitabda erməni vandalizminin yalnız qəbiristanlıqlarla məhdudlaşmadığı, məscidlərin, karvansaraların, körpülərin, ziyarətgahların, milli arxitektura abidələrinin də eyni aqibətlə üzləşdiyi qeyd olunur. Yəni bu, kompleks bir mədəniyyət soyqırımıdır. Bu soyqırımı, sonda milli kimliyin, tarixi yaddaşın və gələcək nəslin varlıq haqqının inkarına yönəlmiş bir strategiyadır.
Ermənistanın hazırda "sülh çağırışları" fonunda keçmişə aid cinayətləri inkar etməsi, məhz belə sənədlərlə ifşa olunmalı və dünya ictimaiyyətinin diqqətinə təqdim edilməlidir. Nikol Paşinyan 2021-ci ildə bir çıxışında iddia etmişdi ki, "Ermənistan heç bir dini və mədəni abidəni məqsədli şəkildə dağıtmamışdır." Lakin "Qərbi Azərbaycan irsi" kimi əsərlər bu kimi bəyanatların yalan olduğunu sübut edən mötəbər mənbə kimi çıxış edir.
Təhlillər göstərir ki, sözügedən kitab həm də böyük ictimai rezonansa səbəb olub. Sosial şəbəkələrdə, elmi dairələrdə və ictimai-siyasi təşkilatlarda əsərin geniş müzakirəsi aparılıb. Bir çox mütəxəssislər bildirirlər ki, bu kitab, Ermənistanın gələcəkdə beynəlxalq məhkəmələr qarşısında cavab verməsi üçün mühüm sübut bazasıdır.
Əsərin əhəmiyyətli tərəflərindən biri də budur ki, o, milli kimlik və vətən yaddaşı məsələlərini yalnız emosional çərçivədə deyil, elmi təhlil və hüquqi müstəvidə təqdim edir. Bu, beynəlxalq hüquq və siyasət müstəvisində Azərbaycan tərəfinin arqumentlərini gücləndirir. Məhz bu səbəbdən "Qərbi Azərbaycan irsi" əsəri yalnız Azərbaycan ictimaiyyəti üçün deyil, beynəlxalq insan haqları institutları, tarixçilər, jurnalistlər və diplomatlar üçün də faydalı bir mənbədir.
Kitabın yazılması prosesindən tutmuş təqdimatı prosesinə qədər olan mərhələni bilavasitə görmüş, habelə 10 rayonda keçirilən təqdimat tədbirlərində bilavasitə iştirak etmiş şəxs kimi qeyd etməyi vacib hesab edirəm ki, əsər təkcə Qırbi azərbaycanlıların deyil, bütün Azərbaycan əahlisinin, müxtəlif təbəqəyə məxsus insanların diqqətini cəlb etmişdir.
Eyni zamanda insanlarda dərin inam yaranmışdır ki, tezliklə doğma və əzəli torpaqlara qayıdış baş verəcəkdir və haqq-ədalət öz yerini tapacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də bu məqamın üzərində xüsusi dayanaraq söylədiyi "Bizim əsas məqsədimiz azərbaycanlıların tarixi torpaqları olan Qərbi Azərbaycana qayıdışını təmin etməkdir. Biz oraya sülh yolu ilə, beynəlxalq hüquqa əsaslanaraq qayıdacağıq. Bu bizim tarixi və təbii haqqımızdır" fikri insanların qəlbində yeni bir ümid işığı yandırmışdır.
Təqdirəlayiq haldır ki, Qərbi Azərbaycan İcması, eləcə də əsərin müəllifləri bu prosesə həm elmi, həm hüquqi, həm də siyasi aspektdən yanaşır. Bu əsər həm də milli özünüdərk baxımından mühüm vəsaitdir. O, azərbaycanlıların tarixi yaddaşını dirçəldir, yeni nəsillərə bu torpaqların onların ata-baba yurdu olduğunu izah edir. Gələcək nəsillər üçün bir növ yaddaş kitabına çevrilir.
“Biz təkcə insanlarımızın hüquqlarını deyil, tarixi yaddaşımızı da müdafiə etməliyik.” – cənab Prezident İlham Əliyevin bu fikirləri kitabın əsas mesajı ilə üst-üstə düşür. Aydın olur ki, tarixi yaddaşın bərpası və beynəlxalq hüquqi müstəvidə təqdimatı, Azərbaycan dövlətinin strateji hədəfləri sırasındadır.
Əsərin digər bir özəlliyi isə ondan ibarətdir ki, bu faktlar, cəmiyyətin artan təpkisi Ermənistanda baş verən vandalizm aktlarının dayandırılmasına səbəb olacaqdır. Hər halda ermənilər dünya ictimaiyyətinin sərt tıpkisi ilə qarşılaşandan sonra zor-xoş bu cür vəhşilikdən çəkinəcəklər. Çünki indiyə kimi elə düşünürdülər ki, onların əməllərini ört-basdır etmək mümkün olacaqdır. İndi isə zaman və situasiya fərqi nəhayət ki onların ağıllarını başlarına gətircəkdir. Məhz bu inamla da kitabın ideya müəllifi və layihə rəhbəri s.e.d, professor Ədalət Vəliyev “Ön söz” də yazır:” Əminik ki, tədqiqat müvafiq beynəlxalq təşkilatlar qarşısında Ermənistanın hüquqi məsuliyyətinə dair məsələ qaldırılması baxımından əhəmiyyətli olacaqdır. Beynəlxalq təşkilatların və dünya dövlətlərinin bu məsələyə diqqəti Ermənistanda azərbaycanlılara məxsus olan və hələ də xarabalığı qalan 50 qəbiristanlığın yer üzündən silinmək təhlükəsini aradan qaldıracaqdır.”
Kitab eyni zamanda, gələcək nəsillər üçün də bir vəsaitdir. Öz dədə-baba yurdlarını görməyən gənclər, bu kitab vasitəsilə oraların tarixini, coğrafiyasını və mədəniyyətini öyrənə, yaddaşlarını diri saxlaya bilərlər. Bu, həm də ideoloji və milli birliyimizi möhkəmləndirən vasitədir. Müəlliflər – dosent Əziz Ələkbərli və tarixçi-tədqiqatçı Səbuhi Hüseynov bu əsəri təkcə elmi məqsədlə deyil, həm də mənəvi bir borc kimi ərsəyə gətiriblərr Həm bölgədə tədqiqat aparmaq, həm məlumatları toplamaq, həm də onların elmi şəkildə işlənməsi və təqdimatı baxımından nümunəvi fəaliyyət göstərən müəliflərin çəkdiyi zəhmət, yalnız Azərbaycan elmi üçün deyil, ümumən milli-mənəvi varlığımız üçün ciddi bir töhfədir. Onlar həm sahə üzrə dərin biliyə, həm də bu məsələyə olan vicdani məsuliyyətə əsaslanaraq çox ağrılı və ağır bir işin öhdəsindən məharətlə gəlmişlər. Təkcə qələmlə deyil, ruh və vicdanla yazılmış bu əsər, Azərbaycan xalqının haqlı mübarizəsinin təməl daşı olacaqdır.
Bu işdə əməyi keçən hər kəsə, xüsusən də layihə rəhbərinə, eləcə də müəlliflərə bu müqəddəs yolda uğurlar arzulayırıq. Onların zəhməti sayəsində Qərbi Azərbaycan yaddaşı yenidən dirçəlir, tarix ədaləti öz yerini tapır.
Şəmsi Qoca,
şair-publisist,
Qərbi Azərbaycan
İcması Mərkəzi Aparatının elmi işçisi