adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Oxuyan adam...

SAMİRƏ ƏŞRƏF
25581 | 2013-11-30 00:21
Bu yaxınlara gənc blogger Əli Novruzovun blogundakı yazılara nəzər salırdım. Qəfildən necə oldusa getdim çıxdım 2011-ci ilin dekabr ayına. Kanalların birində bir yazarın yeni çap olunan "əxlaqsız" kitabının müzakirəsi ətrafında dilçilik uğrunda ölüm-dirim müharibəsi gedirdi. Qonaqlar təbii ki, kütlə tərəfindən bütün bəşəriyyəti günahlardan, əxlaqsızlıqlardan, naqisliklərdən xilas etməyə təyin olunmuş yazıçılar, söz adamları idilər.
Aparıcı xanım bir xeyli şitlik edib, sonra Nadir Qafarzadəni Füzulinin qəzəlləri ilə sınağa çəkir, sonunda da lap ağını çıxardıb üç nəfər sütül meyxanaçı gənci gətirib həmin yazı-pozu adamlarının qarşısına qoyur. Özü də kənardan onlara baxıb fikirləşir "buyurun bu da sizə ədəbiyyat, bu da sizə sənət, ay mən nə bilim daha böyük amallar, bəşəri fikirlər və s." Meyxanaçıların ən beyni qanlısı efirin qapısından çıxanda mikrofonu yandırıb hərbə-zorba ilə üzünü tutur sakitcə və daxili şok yaşayan yazıçılara və deyir: "Kimin nə sözü varsa, desin!"
Təbii ki, heç kəs heç nə demir. Onlarda "şəstlə" efiri tərk edirlər.
Həmin verilişə sözün düzü, mən bir dəfə baxmışdım. Sosial şəbəkələrdə, mətbuatda da bu barədə xeyli mübahisələr getmişdi. Amma dünən axşamkı kimi dərindən izləyib sarsılmamışdım. Meyxanaçıların meyxana dedikləri zaman yazıçıların nə hala düşdüklərini gördükdən sonra mən bir daha əmin oldum ki, oxuyan adam olmağın bir çox üstünlükləri olduğu kimi, müəyyən bədbəxt və faciəvi tərəfləri də var. Çünki oxumaq və oxuduqlarını anlamaq elə bir haldır ki, insan hər çevrilən vərəqlə dəyişir, yenilənir, ətrafda baş verən hadisələrə daha ayıq, daha doğru mövqeydən yanaşmağa başlayır. Məsələn, hələ mən yazıçıdan yox, ortabab oxuyan, mütaliəsi, savadı olan adamı nəzərdə tutub belə bir misal çəkə bilərəm. Fərz edək ki, həmin bu oxuyan başı küllü gedir bir azəri toyuna. Toyda camaat sağlıq deyir, gəlinlə bəy badə toqquşdurur, millət atlanıb-düşür, rəqs edir. Oxuyanı isə fikir götürür ki, bu millətin halı necə olacaq?! Adi adamın fikri iki növcavanın xoşbəxt olmasına köklənibsə, oxuyanın fikri şadlıq sarayının qapısından tutmuş, pəncərəsinə qədər, ofisiantından tutmuş, video çəkəninə qədər hamısı maraqlandırır. Təbii ki, gördükləri, yaşadıqları onu bir neçə dəfə öldürüb, dirildir.
Seymur Baycanın təbirincə desək, oxumaq ki, var həqiqətən də adamı yaxşı mənada dingildədir. Nəsə oxuyan adam, mütləq nəsə yazmaq istəyir.
Bu gün mənim ən böyük istəklərimdən biri çox yazmaqdansa, çox oxumaqdır. Oxuyan adamın qabında bir şey varsa, təbii ki, o, mütləq yazacaqdır. Yoxdursa da elə oxuyacaq. Olsun, oxumağın axı nəyi pisdir ki?! Əsas odur ki, kim olduğunu, yaşadığın həyatın məsuliyyətini, ətrafda hansı hadisələrin nədən baş verdiyini anlaya biləsən.
Mənim oxu səviyyəmin, dünya görüşümün formalaşmağında bu gün ədəbiyyatda külüng vuran bir çox insanların yazılarının köməyi olub. Nədənsə, mən həmişə özümü onlara qarşı borclu hiss etmişəm. Elə bilmişəm ki, onlardan dəfələrlə çox dəyərli, qiymətli hədiyyə almışam. Və bunun əvəzini heç nə ilə geri qaytara bilməmişəm. Yazılarını dəfələrlə oxuduğum İradə Tuncaydan, Həmid Herisçidən, Şərif Ağayardan, Seymur Baycandan, Zamin Hacıdan, Günel Mövluddan, Sevda Sultanovadan, Aqşin Yeniseydən, Nərmin Kamaldan bu günə çox şeylər öyrənmişəm və hələ də öyrənməyə davam edirəm. Demirəm ki, onlar kimi olmaq istəyirəm. Amma özüm olub, mən də onların getdiyi yolla irəliləmək istəyirəm. Ona görə ki, kütləni kütləvilikdən yalnız və yalnız oxuyan adam xilas edə bilər.

Samirə Əşrəf

TƏQVİM / ARXİV