adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ORUC BAYRAMI

MƏMMƏD DƏMİRÇİOĞLU
28054 | 2013-12-28 00:35
Şirxan artıq torbasını doldurmuşdu. Qımızı qumaşla ətəyi qırçın-qırçın bəzədilmiş sapsarı donuna xeyli pıtırğan daraşmışdı balaca Nərgizin. Aşağı əyilərək paltarından pıtırğanları təmizləyən Şirxanın əli onun totuş ayaqlarına dəydikcə dünya başına hərlənir, oğrun-oğrun qırmızı ayaqqabısına yanlarından qırmızı qotazları sallanan ağ corablarına tamaşa edirdi.
Gülüşə-gülüşə qəbiristanlığın lap baş tərəfinə yaxınlaşmışdılar. Birdən nə düşündüsə Nərgizin əlindən tutub babası gil tərəfə apardı.
- Nərgiz, gəl babam gilə gedək, tüfəngimi, patrondaşlarımı, vurduğum dovşanların dərisini sənə göstərim - deyib, kəndin başında yerləşən yer damına tərəf üz tutdular.
Hasan babası çoban idi. Həmişə yapıncısı çiynindən əskik olmayan Hasan kişi çox haylı-küylü kişiydi.
İri köbələyə oxşayan yer damının qabağında üstü pərdili çardağı var idi. Pərdilərin üstünə döşənmiş şax-şellərin yarpaqları tamam qurusa da tam tökülməmişdi. Yaşayış yeri olan bu damın sağında heyvanları saxlamaq üçün iri bir xal-xal düzəldilmişdi. Xalxalın yanında ,yerdən 50-60 sm. hündürlükdə, ağac millərin üstünə yığılmış ot tayasının yanlarından dözümlü kəndirlərlə qara daşlar asılmışdı. Tayanın altında bağlanmış sarı it çox vahiməliydi. O it hürəndə ətraf lərzəyə gəlirdi. Qulağı, quyruğu kəsilmiş bu zəhmli qoyun iti Şirxanı yaxşı tanıyırdı.
Evdə heç kim yox idi. İt aslan nəfəsiylə nərildəyərək hürsə də Şirxanı görən kimi mumlayıb, şırvanmağa başladı. İtdən qorxan Nərgiz içəri keçməyə qorxurdu. Şirxan əlindən tutub onu arxasınca çəkdi, doqqazı itələyib içəri girdi. Divardakı yarığa əlini salıb açarı oradan çıxardı, cəld hərəkətlə qapının qıfılını açaraq zirzəmini aralayıb cırıltı ilə qapını içəri itələdi. Qapıdan düşən işıq, enli bir zolaqla içərini işıqlandırdı. Sağ tərəfə düşən enli işıqda İri taxt, taxtın üstündəki naxışlı kilim, bəzəkli mütəfəkkirlər və divardan asılmış təklülə ov tüfəngi apaydınca göründü. Əks divarda olan balaca bacadan da işıq düşdüyündən çıraq yandırmadan içəridə hər şeyi aydınca görmək olurdu.
Şirxan özünü əsil cəngavər kimi aparır, divarlardan asılmış cüyür, dovşan dərilərini Nərgizə göstərir," bunları mən vurmuşam" deyib, lovğalanırdı. Sonra taxtın üstünə çıxdı, patrondaşla bir mıxdan asılmış tüfəngi əlinə götürdü. Taxtın üstünə düşən patron qatarını belinə bağladı, çevik hərəkətlə taxtın üstündən yerə tullandı.
Şirxanın bütün hərəkətlərini maraqla izləyən Nərgizin ağzı açıq qalmışdı. Şirxan əlini torbaya atıb iri bir alma çıxardı. Sonra nərgizə yaxınlaşıb:
- Bu almanı başının üstünə qoy, öz gözlərinlə mənim igidliyimin şahidi ol. - deyib, Nərgizi buxarının yanına çəkdi. Heç nə anlamayan Nərgiz itaətlə onun dediklərinə əməl edərək, almanı başının üstünə qoyub, Şirxanın nə edəcəyini gözlədi. Arxa-arxaya qapıya yaxınlaşan Şirxan Nərgizdən 4-5 addım uzaqlaşıb: - Gör almanı necə nişan alacam - deyib, tüfəngi sinəsinə qaldırdı. Şirxanın bütün hərəkətlərini maraqla izləyən Nərgiz, gülümsəyərək onun nə edəcəyini gözləyirdi ki...
Şirxan almanı nişan alıb, çaxmağı çəkdi. Gurultu səsi qara damı başına götürdü, pərdilərin arasından torpaq üşələndi. Tüfəngin qundağı necə zərblə təpdi və Şirxanı arxasındakı cürdəyin üstünə tulladı. Enli işıq zolağında topalanan ağmusoy tüstü burula-burula sol tərəfdəki bacadan çölə təpildi. Şirxan bir anlıq özünü itirsə də tez ayağa durub Nərgiz tərəfə qaçdı. Nərgiz buxarının içində çapalayırdı. Band bağlanmış balaca hörüyü buxarının hisli daşlarının arasına pərçimlənmişdi. Buxarının kələ-kötür daşlarına sıçramış qan damcıları üzü aşağı axırdı. Nərgiz rahatlamışdı, çapalamırdı, onun totuş yanaqları yoxa çıxmışdı. Sapsarı donu qırmızı ləkələrlə boyanmışdı, Ayağındakı qırmızı ayaqqabılarının hərəsi bir tərəfə düşmüşdü.

***
Qonşular səsi eşitmişdilər, amma anşıra bilməmişdilər ki, tüfəngi kim atıb. Alı müəllim Nərgizini gəzirdi, dəli kimi gəzirdi. Elə bil ürəyinə nəsə dammışdı.
- Ay camat, Mənim Nərgizimi görən oldumu? - deyib qəbiristanlıqda tüyükən Alı müəllimə Şirxangilin getidiyi istiqaməti göstərdilər...
Xarabaxanaya dönmüş iki mərtəbəli ev açıq-aydın dil açmışdı:
- Nərgizin qanlı, sarı köynəyini bax oradan asmışdılar, Alı müəllimin beli bükülmüşdü. Bahar xanımın növrağı pozulmuşdu, Kəndimizin Oruc bayramı qana dönmüşdü. Nərgizin yas günü sonuncu günləri oldu sahiblərimin. Bir daha dönmədilər kəndə.
Şirxanı çox axtardılar. Heç yerdə tapılmadı Şirxan. Elə o gündən Alı müəllimim ayağı bu kənddən kəsildi, bu bağlı qalan qapının ağzını açan olmadı. Elə o gündən Şirxan da yoxa çıxdı, indi də öldüsünü, qaldısını bilən yoxdu.

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV