adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

ALI HƏMŞƏRİ

MƏMMƏD DƏMİRÇİOĞLU
31690 | 2015-11-14 08:54
Bu dünyanı tutub duran yoxdur. Ömür nə qədər uzun olsa da, bir lalə ömründən uzun deyil. Açmağı ilə solması bir andaca baş verir.
Ölmək dünyanın sonu deyil. Elə yaşayan var ki, diri ikən ölüb. Yəni insan diri ikən unuduldusa, gərəksiz oldusa, deməli, çoxdan ölüb. Ölənlərin də çoxu unudulur. Geci-tezi var sadəcə. Bu dünyaya gələn hər bir canlı, bir missiyanın daşıyıcısıdı, zamanı bitərkən dünyanı tərk edir. Ona görə nə vaxtlı, vaxtsız ölümlər, nə də açılıban solanlar üçün kərləmək lazım deyil...
Unudulmayan, həmişə yaşar olan isə Həqiqət və bu Həqiqəti vəsv edən sənət nümunələridi. Bu sənət nümunələrindən biri və əzəli olanı SÖZ-dür. "Söz dedim ki, düşüm yada".
Halal söz qızıl kimidi. Nə qədər baxımsız yerdə qalsa da, xiridarı tapacaq onu, layiq olduğu yerinə qoyacaq.
Əlimdə əl boyda balaca bir kitab var. Alı Həmşərioğlunun kitabı. "Bilirsənmi vəfadarım" adlanan bu kitabı ərsəyə gətirənlər, Kəbə ziyarətinə yey olan bir iş görüblər desək yerinə düşər. Kitaba himayədarlıq edən Kərim İsrafil oğlu, İncə dərəmizin ən ləyaqətli oğullarındandır və o gözəl könül və qələm sahibi olan Alıhüseyn Cavadoğlundan, bir az nakam, bir az küskün, bir az qərib yaşayıb, nisgilli və nigaran köçən Həmşəri müəllimin (adı Alı olsa da, Qaymaqlıda hamı onu Həmşəri müəllim kimi tanıyırdı) kitabına əl gəzdirərək redaktə və çapa hazırlama işlərini xahiş etmiş, Cavadoğlu da bunu sevə-sevə edərək, bir kövrək ön sözü də yazmışdır.
Kitabda dost sözü olaraq Qazaxlı Rüstəm də fikirlər söyləmiş, xatirələrini qələmə almışdır. Mən isə kitabı sevə-sevə oxudum və bu maraqlı insan haqda yazmağı özümə borc bildim.
Çox maraqlı, hazırcavab, bir az da baməzə adam idi Alı müəllim. Mənə də dərs deyib. Çox zaman özünün yazdığı yeni şeirləri də dərs arası oxuyurdu bizə. O zamanlar çox sevilirdi və aşıqların dilindən düşmürdü Həmşəri müəllimin şeirləri. Bizim sinif, ən aktiv sinif idi. Rüstəm (Qazaxlı Rüstəm) Pənah, (sonralar kəndimizin baş həkimi idi) və Nazim (elə uşaqlıqdan gözəl saz çalıb oxuyurdu) üçlüyü nəinki kəndimizdə, bütöv İncə dərəsində tanınırdılar və diqqət mərkəzində idilər. O zaman mən də kəndimizin rəssam şagirdi idim.
Şeirə çox həssas olduqlarından Həmşəri müəllim bu üçlüyü tez-tez evinə qonaq çağırar, hinduşkadan, beçədən kəsdirib, şagirdləri ilə məclis qurar, yeni şeirlərini onlara oxuyar, eşitdiyi xoş sözlərdən məmnun olardı. Adətən şairlər yazdığı şeirləri kiməsə oxumaq, bir xoş rəy almaq istəyirlər həmişə. Bu üçlük isə onu qane edərdi.
Mənə elə gəlir ki, o, şeirlərini şair olmaq üçün yazmırdı. Bu bir daxili tələbat idi və heç vaxt qəzet və digər dərgilərdə çap olunmağa can atmazdı. O İncə dərəsinin şairi idi və İncəlilər də onu şair kimi tanıyırdılar.
Titullu şairlər var ki, dişə vuracaq bir misrasını tapa bilmirsən. Amma bu bir beytə nəzər salaq:

Alı nə deyir, inanın,
Nə gizlədin, nə də danın.
Gözə görünən dünyanın,
Yaradanı var, tapılmaz.

Əslində bu misralar təsəvvüf fəlsəfindən xəbər verir. Varlıq və yoxluq, Fəna və Bəqa, eyni zamanda batin elminin açarları burada aydınca sezilir. Gözə görünən varlıqla gözə görünməz Yaradanın açıqlaması çox sadə fikirlə söylənmişdir.
Əksər şeirlərində kamına yetmədiyi bir sevdanı tərənnüm edən şair, məchul sevgilisini "Vəfadarım" deyə səsləyir. Molla Cuma "İsmi pünhan" Aşıq Avdı " Mehribanım" və s. kimi, o da əksər şeirini vəfadarım, müraciəti ilə başlayaraq öz məchul və ilahi sevgisinə nəğmələr yazaraq, ürəyini boşaldırdı.

Bilirsənmi, vəfadarım,
Məcnun məzara dolanır.
Fərhadın külüng əlində,
Gündə dağlara dolanır.

Zənbur uçub qonar şana,
Qəsd eləyər şirin cana.
Şöləni görən pərvanə
Yanan şamlara dolanır.

Dağların küskün maralı,
Gəl gəzmə məndən aralı.
Səndən ötrü yazıq Alı,
Bil, günü qara dolanır.

Alı müəllimi çox yaxşı xatırlayıram. Şeirləri özünə çox oxşayır. Özü qədər sadə, "Qarağac bulğının" suyu qədər safdır.

Eşqin ataşına yanandan bəri,
Nədəndi heç rahat yata bilmirəm.
Fələyin yazdığı qara yazıya,
Nə gücsüz olmuşam, bata bilmirəm.

Görəndə dünyanın hər savaşını,
Olmazın ahını, çeşmin yaşını,
Düzlüyün daşını, haqqın daşını,
İstəyirəm atam, ata bilmirəm.

Daim duaçıyam bu doğma kəndə,
Əl atsam, əlim yox fitnəyə-fəndə.
Neynəyim, əzəldən qaydadı məndə,
Mərdləri namərdə sata bilmirəm.

De, Alı neyləsin naşı karvana,
Salıbdı canını bir olmaz qana.
Məni dala qoyub, gedən karvana
Ha çatım deyirəm, çata bilmirəm.

İncə dərəsində şeir yazanlar çoxdu, və onlardan bir neçəsi Azərbaycanın poeziya məkanına öz tövhələrini bəxş edə biliblər. Amma gizli qalanları, batindən zahirə çıxa bilməyənləri də çoxdu. Yuxarıda qeyd elədiyim bu xeyirxah insanlar olmasıydı, Alı müəllim də yaddan çıxanların sırasında ola bilərdi. Nə yaxşı ki, söz qədri bilən sərraf və ləyaqətli insanlar var.
Alı müəllimin tale üzünə gülməyib, nə bu dünyadan istədiyini ala bilməyib, nə də istədiyini verə bilməyib. İlk sevdası daşa dəymiş aşiq, son şeirinə qədər Vəfadarım, deyərək, könül yanğılarını sözlə də söndürə bilməyib:

Hər kimin ki, yaxşı çıxdı ilk oyu,
Qəlbindəki yatdı qaməti, boyu.
O kəs neyləyəcək bayramı, toyu,
Evdə qəm dağıdan bir sonası var.

Və yaxud:

Kişi olanın evində,
Naz-qəmzəli yar dolana.
Qərq ola dövlətə mala,
Ətrafında var dolana.

Ətir saçan heyva-nara,
Qoynu cənnət bir diyara,
Gülər üzlü göyçək yara,
İnsafdımı sar dolana.

Bülbül qona budağına,
Maral boylana dağına.
Şamama yata tağına,
Şahmara şahmar dolana.

Alı müəllimin şeirlərindən Qaracoğlanın qoxusu gəlir. O zamanlar bizim aşıqlar Qaracoğlandan, Qurbanidən, Xəstə Qasımdan, Ələsgərdən və digər klassiklərdən oxuyardılar. Çox adam elə bilirdi ki, bu klassiklərin hamısı elə İncəlidi. Ona görə bir müddət İncəli şairləri bu auradan uzaqlaşa bilmədilər. İncə dərəsinə ilk poetik ləhcəni İbrahim Qarasultan oğlu, Ağamalı Sadiq, və onların ardınca Məmməd İlqar, Akif Səməd və digərləri gətirdilər. Bütün bunlara baxmayaraq, üzü Əfqan Hacıdan, Ağamalı Sadiqəcən yaşayıb, yaratmış el şairlərimiz həmişə ustadımız sayılıblar və onlardan biri də Alı Həmşəri oğludu.
"Həmşəri" onların ayaması idi. Atası qaçqın dövründə Cənubu Azərbaycandan mühacir dənlərdən olmuş, uzun müddət Qatmaqlıda yaşamış, Alı müəllim də elə 1930-cu ildə Qaymaqlıda anadan olsa da "Həmşəri", yəni gəlmə kimi sayılmış və məncə ömrünün sonuna kimi bu qəribliyi özü ilə daşımış, qərib bir durna kimi də köç getmişdi.

Dünya nemətindən əlim üzülüb,
Nadan süfrəsinə çata-çatdayam.
Ehtiyac şilləsi elə tutub ki,
Halalı harama qata-qatdayam.

Ariflər sözünü qanan kişiyəm,
Ölümü yaşayıb, anan kişiyəm.
Bir eşqə büsbütün yanan kişiyəm,
Bu közü, alovu çata-çatdayam.

Alı, heç yanılma eşqin yolunu,
Tamahın güc gələr, qırar belini.
Allahım! Bir mənə uzat əlini,
Dünyanın daşını ata-atdayam.

Dünya gərdişi öc olub onunla həmişə. Qarabağ müharibəsi dövründə yeniyetmə oğlu Şahidi itirdikdən sonra sarsılan şair çox yaşaya bilmədi.
Dərdli insanı yaşadan ümiddi. Son ümid sonuncu yarpaqdırsa, xırdaca bir külək dünyanın sonudur demək.
Yolumuz dağa düşəndə,
Dağda qurutdan olmuşuq.
Dönüb arana enəndə,
Aranda tutdan olmuşuq.

Ağappaq pənbə yerində,
Küt gedir kündə yerində.
Allahın dəmyə yerində,
Əlcə buluddan olmuşuq.

Baxma İncə qucaq açdı,
Qalan qaldı, qaçan qaçdı.
Dünya üstümüzə uçdu,
Altda ümiddən olmuşuq.

Hər şairin bu fani dünyadan dolayı, öz dünyası da olur və çox zaman o, bu dünyada yox, öz dünyasında yaşayır. Elə Alı müəllim kimi. O həmişə Vəfadarı, Çeşmi xumarı ilə yaşayıb.

Çeşmi-xumar, şirin canım,
Şirin sözə, dilə qurban.
Olsun ağlaya-ağlaya,
Olsun gülə-gülə qurban.

Müxənnət qarşı gəlməyə,
Gizli sevdaya gülməyə.
Özün bilməyə-bilməyə,
Özün bilə-bilə qurban.

Zəhər eylədin aşımı,
Bir ömür qatdın başımı.
Axan isti göz yaşımı,
Sildim, silə-silə qurban.

Belə də olur. O qədər insan bolluğu içində təmasda ola biləcək adam tapa bilmirsən, özün özünlə və yaxud, könlündəki ilahi varlıqla bölüşürsən dərdini, məlalını:

Çeşmi xumar, bizim işlər,
Görürsən, nə məzəliymiş.
Sənin dərdin, mənim qəmim,
Köhnəliymiş, təzəliymiş.

Qoy qaldırsın əyən fələk,
Qoy olmasın fitnə, kələk.
Süzüb ötən gözəl mələk
Hansı elin gözəliymiş?

Getdim, bilmədim nə yoldu,
Leyli güllər açdı, soldu.
Çox dərdlərim unuduldu,
Bircə eşqim əbədiymiş.

Qazaxlı Rüstəmlə həm də könül dostu olub. Onlarla bağlı bir neçə lətifə də mövcuddu və bir neçəsini qələmə almışam.

Ay Qazaxlı az-az gəlir,
Nədəndi səsi Leylamın.
Yəqin daha azalıbdı,
Bizə həvəsi Leylamın.

O qaşları yaya dəyər,
Ulduza, həm aya dəyər.
Elə bil dünyaya dəyər,
Hər bir kəlməsi Leylamın.

Olmasa könül yoldaşım,
Qurumaz qanlı göz yaşım.
Alı deyər, a qardaşım,
Mənəm xəstəsi Leylamın.

Sən yaddan çıxmayıbsan, Alı müəllim. Ruhun şad olsun.

Məmməd Dəmirçioğlunun
təqdimatında

TƏQVİM / ARXİV