adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BARAT VÜSAL

MƏMMƏD DƏMİRÇİOĞLU
38252 | 2015-12-19 10:08
Allaha müti itaət sufilərə xas deyil. İslamın belə parçalandığı zamanda, Sufilərə çox böyük ehtiyac var. Onlar "Qurani şərifi", də Allahı da dərk etmədən yola çıxmazlar.
Allahı dərk etmək üçün Quranda (2:115) bu fikir belə qeyd olunur: "Şərq də, Qərb də Allahındır: hara yönəlsəniz Allahın zatı oradadır. Şübhəsiz ki, Allah hər şeyi əhatə edəndir, hər şeyı biləndir".
Bu isə o deməkdir ki, sufilər dahisi Mühiddin ibn Ərəbi - "hər şey Allahdır" dedikdə - "hər şey ilkin materiyadan ibarətdir" və ya "hər şey ilkin materiyadır" fikrini nəzərdə tutur.
"Mən gizli bir xəzinə idim, bilinməyə meyl etdim, "Xəlq edilmiş"i bilinmək üçün yaratdım. Beləcə özümü onlara tanıtdım, onlar da məni tanıyaraq, bildilər".
Baxın, Barat da ulu babalarının fikrini təsdiqləyir:
Ey Allaha ünü yetən,
Nə var ki, səndən asılı.
Nə varsa Ona bağlıdı,
Nə varsa Ondan asılı.

O yığvalsız gözələ bax,
Hecə dönüb xəzələ, bax.
Əvvələ bax, Əzələ bax,
Qalıbdı Sondan asılıb!

Alınlar yazılı ikən,
Yazım hansı yazını mən?
Can ruhdan asılı ikən,
Ruh niyə candan asılıb?!.

Min ildi yatmadım deyir,
Mən öldüm, çatmadım deyir.
"Tapmadım", "Tapmadım" deyir,
Anadil məndən asılıb?!.
Anadilin şairdən asılmağını birinci olaraq Barat Vüsaldan eşidirik. Türkün azman yazarlarından biri olan İsa Muğanna belə bir fikir söyləmiş ki, Anadil quşları (İsaq-Musaq quşları) budağa qonurkən arxa-arxaya qonurlar. Oxuyarkən ayaqlarından asılıb, üzü göylərə oxuyurlar. O, bunu da qeyd edib ki, Anadil quşları Musa peyğəmbərin itmiş danalarını yox, Türkün itkin düşmüş taleyini axtarırlar...
Şairlər dövrünün, millətinin və bütövlükdə bəşərin dərdini, ağrısını suçəkən kimi özünə çəkənlər, anadil quşları kimi ayağından asılı qalıb, üzü göyə oxuyanlardı.
O göy enib Yerə gəlir,
Bu yer qalxıb Göyə gedir.
Nə səs varsa Neydən gəlir,
Nə səs varsa Neyə gedir.

Dünyaya gələn ağlayır,
Dərdini bilən ağlayır.
Güldükcə gülən ağlayır,
Ağlayan gülməyə gedir.

Könül bilir, könül bilmir,
Ölür... bilmir, ölmür... bilmir.
Bir buluddu Ömür, bilmir,
Niyə gəlir, niyə gedir.

Bəşər özü Cırtdandı bil,
Aldartdığı Div kimidir.
İnsan hələ əldə xəlvir,
Sudan gəlib, suya gedir.

Nə qəribə qurğu, -büsat,
Kəbəyə gedirik, heyhat.
Biz bəlkə bilmirik, Barat,
Kəbə də Kəbəyə gedir?!

Barat Vüsal yaradıcılığının tədqiqinə çox ehtiyac var. Gəlin etiraf edək ki, hal-hazırkı zamanda halal söz sahibləri torpaq altında qalmış qızıla bənzəyir.
Klassiklərdən nə qədər yazmaq olar? Az qala Füzulidən yazmamış alim qalmayıb. Çoxusu isə heç onu dərk edmədən elmi ad üçün ona-buna yazdırırlar. Amma bu da bir həqiqətdir ki, son zamanlar klassik səviyyədə yazarlar meydana gəlmir. Bu da ondan irəli gəlir ki, bayağılıq baş alıb gedir, çırtdan şairciklər bütün tele məkanı, mətbu orqanları zəbt ediblər. Mən belə düşünürəm ki, orta və yeni nəsildən olan çox qüdrətli şairlər də var ki, onlara qayğı göstərilmir, susuzluqdan yanan bəhrəli bar ağacları kimi saralıb-solmaqdadırlar...
Şairi sözündən tanıyarlar. Amma çox zaman yuxarıları zəbt etmişlər, ya qısqanclıqdan, ya riyadan, ya da görməməzlikdən istifadə edərək belə şairlərin varlığına biganəlik göstərirlər.
Barat Vüsal görünən şairdi. Həm də göstərməyi bacaran şairdi. Onda qısqanclıq yoxdur. Elə buna görədir ki, AYB-nin "Şairlər vətəni" olan Qazax bölgəsinin filial sədridir. Qazaxda hamı Baratı sevir. Təmannasızdı Barat Vüsal. Hamıya əl uzadan, haqqı olanın haqqını özünə qaytarandı. Düzü düz, əyrini əyri görən, hər ikisinin qiymətini verməyi bacarandı. Yalançı tərif, qondarma mədh yoxdur onda. O bilir SÖZ nədir və onun keşiyində layiqincə durmağı bacarır. Bilir ki, söz necə yazılır:

Nadan sanır şeri əllə yazırlar,
Yazan bir müqəddəs yazıyla yazıb.
Abbas görə bilib gözləri bağlı,
Quyudan uzanan iziylə yazıb.

Biri eşqin şahı, biri əvvəli,
Biri sözün müşgü, biri ənbəri.
Leylaymış Məcnunun qələm-dəftəri,
Kərəm bir imansız qızıyla yazıb...

Onun yaradıcılığı çoxşaxəlidir və demək olar ki, ədəbi janrların hamısında qələmini sınayıb. Vətənə, torpağa olan sevgi, bəşəri duyğular, fəlsəfi düşüncələr yaradıcılığının ana xəttini təşkil edir. Amma məni daha çox özünə cəlb edən onun təsəvvüf ruhlu şeirləridir. Bu janrda saxta yazmaq mümkün deyil. İrfani düşüncə, könüllə, ruhla bağlıdı və bu kimi şeirləri nazil olmayınca yazmaq mümkün deyil. Özü demiş: "Belə gəlib, belə də yazmışam".
Təsəvvüf, irfan şairidir dedik Barat Vüsala. Düz deyir, bu ruha köklənmiş insanlar ancaq gələni yazırlar. O SÖZ də hər kəsə gəlmir.
"Masut" aləmdə, yəni insanların yaşadığı aləmdə yaşayıb, könlü və ruhu "Lahut"-İlahi aləm, "Cəbərut"- qüdrət aləmi və "Məlküt"- mələklər alimində dolaşmayan bir kəsə bu sözlər nazil olmaz. İrfan- batinin elmidir və bu vadiyə baş vurmaq sonsuz bir yola qədəm qoymaqdır. Bu yola eşqlə çıxılır və bu səfərdə məxluqatdan Haqqa, Haqdan məxluqata, məxluqatdan məxluqata, Haqdan Haqqa gedən yolu dərk etməlisən.
Baxaq:
Ömrüm boyu mən yol gəldim,
Gəldim çıxdım bir könülə.
Nəyim varsa qurban etdim,
Gəldim çıxdım bir könülə.

Aşdım sazdan, aşdım neydən,
İçdim meydən, düşdüm heydən.
Adəm məndim, qaçdım göydən,
Gəldim çıxdım bir könülə.

Bu yer-göy üzü mübarək,
Görənin gözü mübarək.
Yolların tozu mübarək,
Gəldim çıxdım bir könülə.

Gözlərimə yığdım qəmdən,
Paltarım dumadan, çəndən.
Narahat olmayın məndən,
Gəldim çıxdım bir könülə.

Bir hali ol yollarımdan,
Şeytan qaçdı yollarımdan.
Tufan tutdu qollarımdan,
Gəldim çıxdım bir könülə.

Nə bezir, nə yorularmış,
Dolan nur ilə dolarmış.
Yol getmək belə olarmış,
Gəldim çıxdım bir könülə.

Bir bağa girən zaman da,
Bir gülü dərən zaman da,
Ölmədim... Ölən zaman da
Gəldim çıxdım bir könülə.

Gəlib gönülə çıxmaq üçün varılan yolları gördük. Bəli, Haqdan Haqqa getmək üçün gəlib könlünə çıxmalı və yola davam etməlisən.
Davam edək:

Bəndənin nəyi bəndə?
Yaşamasa öləndə!
Hamı biə biləndə,
Bircə könül var ancaq:
Könüldə nə var? - Allah!

Nə məşuq var, nə aşiq,
Nə məzar var, nə beşik.
Nə gəzirmiş ev-eşik,
Könül evi var ancaq,
Könüldə nə var? - Allah!

Bu ərənlər dünyası,
Yolun ilki, sonrası.
Ömrün-günün mənası
Könül deməkmiş ancaq,
Könüldə nə var? - Allah!

Axşamlar niyə qərib?
Könül deməyə gəlib!
O günəş boy göstərib,
Könüldən doğur ancaq,
Könüldə nə var? - Allah!

Alında yazı könül,
Gözümün gözü könül!
Bismillah sözü könül,
Könül- Əlhəmdülillah,
Könüldə nə var? - Allah!
Təsəvvüf yolunu elə aydınca təsvir edib ki, Arif olan kəs mətləbi anlamamış olmur və şairin təsəvvüf yolçusu olmasına inanmaya bilmirsən.
Nədir Təsəvvüf? Kimdi təsəvvüf şairi?
Mütəsəvvüf filosoflarından bir neçə misal çəkə bilərik:
Əbu Bəkr əl-Kətdani belə deyir:
"Təsəvvüf əxlaqdır. Əxlaq baxımından səndən üstün olan paklıq, yəni mənəvi təmizlik baxımından da səndən üstündür".
Əbu Hafs əl-Həddad isə belə buyurmuşdur:
"Təsəvvüf ədəbdən ibarətdir".
Həzrət Mövlana isə ədəblə bağlı belə buyurur:
"Ey qardaş! Bil ki, ədəb insanın bədənindəki ruhdur. Ədəb rica-lullahın göz və könlünün nurudur".
Başqa bir beytin mənası da belədir:
"Ağlım qəlbimdən soruşdu:
-İman nədir?
Qəlbim isə ağlımın qulağına dedi:
-İman ədəbdən ibarətdir".
Hər təsəvvüf qolunu Allaha qovuşma yolu kimi dərk etdikdə, Barat Vüsalın Allaha gönlündə necə qovuşmasının şahidi oluruq.
Barat Vüsal ədəb və ərkan sahibi olduğunu təkcə şeirləriylə yox, elində, obasında, mahalında və bütövlükdə ədaəbiyyat camiəmizdə isbata yetirmiş şairdi.
Bu şeiri ilə şair mənim yazdıqlarımın hamısını özü təsdiqləyir.

Həmişə olduğu tək,
Bu göyü, yeri saxla.
Ey yaradan, mənə də
Bir az əl yeri saxla.

Sən sirr içində sirrsən,
Sən bir içində birsən,
Sən məni çox sevirsən,
Açma, bu sirri saxla.

Çox olsa da günahım,
Gəl özün ol pənahım.
Öldür məni Allahım,
Qələmi diri saxla.


TƏQVİM / ARXİV