Mən o
xanımlardanam ki, evdən kənara mütləq baxımlı, bəzək-düzəkli çıxaram. Hətta
binanın altındakı marketə belə bəzənib düşərəm. Xasiyyətdi də... qadın olmağın
avantajından gen-bol istifadə etməyi sevirəm. Amma bəzən elə məqam olur ki, zərif
cinsin "olmazsa olmaz”ları arxa plana keçir. Bu, insan həyatının yol ayrıcında
ömrün sonrakı mərhələsini müəyyən edən anlardı. Onlardan biri də ali məktəbə qəbul
olunduğumun xəbərini aldığım gün idi – 1997-ci ilin avqustu! Özünü heç
unutdurmaz: bütün gecəni həyəcandan yatmamışdım, çünki ertəsi gün imtahanın nəticələri
bəlli olacaqdı. O vaxt indiki kimi hər şey bir tıkla həll olunmurdu. Cavabların
çıxdığı jurnalı bir-iki adam əldə edər, məhəllənin ortasında nəticələri deyib
şirinlik alardı. Səhər saat 5-dən balkonda yerimi qurmuşdum, sərin avqust səhərində
boğulurdum, nəfəsim çatışmıırdı. Məhəllədə hələ səs-səmir yox idi. Ta saat 9-10
arasına qədər gəlib-keçənlərin əllərindəki çantaları, yükləri izlədim. Gözlənilən,
az qala müqəddəs kitab hesab elədiyim jurnalı əllərdə, qoltuq altlarında
axtarırdım. Və birdən uzaqdan "elan” eşidildi: "Ay camaat, jurnal gəldi!!!” Beyin
eşitdiyini dərk edənə qədər bədən yerindən sıçradı. Nimdaş ev xalatında, şəpiklərdə
küçəyə cumdum. Camaat axışırdı. (Sumqayıt üçün ali təhsil, həmişə digər bölgələrindən
üstün olub. Bu bəlkə də, daim "ölü şəhər”in sakinləri, "xlorsatanlar” deyə lağa
qoyulan kasıb balalarının, bir növ, özünütəsdiqi idi. Bəlkə də, buna görə, həmişə
ən yüksək balla seçiliblər. Fəhlə balalarının valideynlərinin çəkdiyi əziyyətləri
təkrarlamaması üçün yeganə tutunacağı, güvənəcəyi dayaq, məhz ali təhsil idi!)
Axına
qoşulub, üç bina aralıda toplaşanlara yaxınlaşdım. Hələ növbə gözləmək vardı
(uşaq və yeniyetməliyim elə sonugörünməz ərzaq növbələrinə xərclənib). Xoşbəxtlikdən,
jurnalın gətirən oğlan tanış çıxdı – qardaşımın sinif yoldaşı olmuşdu. Məhəllənin
ən qoçaq, cəsur oğlanlarından idi. Məni qabağa saldı, 2-3 adamdan sonra kodu
soruşub jurnalda axtardı. İlahi! Cəmi bir neçə saniyə çəkən o gözlənti nə
idi?.. Zamanmı dayandı, ömürmü dondu?! Hər nəysə - insanı canlıdan heykələ
çevirən bir məqamdı. Duyğu orqanlarından yalnız biri – eşitmə qabiliyyəti işləyirdi,
qalanları vəzifəsinin öhdəsindən gələ bilmirdi. Həyatım, gələcəyim bu məhəllə
igidinin iki dodaqları arasından bəlli olacaqdı!
- Var!
Xarici Dillər İnstitutu! 450 bal!
(indiki
Azərbaycan Dillər Universiteti. 1997-ci il üçün bu bal yüksək sayılırdı...)
Həyəcanın
pik nöqtəsi... Ürəyin köksdə deyil, bütün daxili orqanlarda çırpındığı məqam...
Ani durğunluq... Sevinc nidası... Təbriklər...
- Bax,
şirinliyimi gətir ha!
-
Qardaşımdan istə!
- Deynən,
yaxşı araq alsın...
Bu son
cümləni eşidəndə evin yolunu yarı eləmişdim. Evə asfaltın üzəri deyil,
buludların arasında qayıdırdım. Elə ilk qardaşımın otağına cumdum. Onu necə
silkələdimsə, yerindən dik atıldı. Bütün ev əhli narahat, bir gözü ayıq
yatmışdı. Şad xəbəri eşitcək məni qucaqlayıb otaq boyu fırlatdı. Onsuz da o gün
cismimlə bərabər hər şey – arzular, xəyallar, gələcək günlər başıma fırlanırdı.
Bəs necə? O günün Günəşi mən idim!
Birdən
qardaşım məni yerə qoyub:
- Bıy, bu
paltarda həyətə, camaatın arasına düşmüşdün?
- Əşi, nə
olacaq, xalatdı da...
- Yox e,
paltarı tərs geyinmisən!..
Şəfiqə ŞƏFA


Bakı -°C
