adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

O, PEYğƏMBƏR DEYiLDi, AMMA...

BABƏK YUSİFOĞLU
40020 | 2012-02-07 08:47
(Əvvəli qəzetimizin 31 yanvar sayında)
   
   Təxminən bir neçə gün bundan əvvəl həmişəki kimi müxtəlif mənbələrdəki xəbərlərlə tanış olarkən məlumatlar sırasında dünya ilə bağlı maraqlı, həm də həyəcanlı bir məlumat diqqətimi cəlb etdi. Orada son günlər Yerin təkindən, yəni dərinliklərindən qeyri-adi səslərin gəlməsi və bu səslərin Yer kürəsinin ən müxtəlif ölkələrində Kanadada, Böyük Britaniyada, Polşada, hətta Azərbaycanda belə eşidilməsi ilə bağlı məlumatlar, həm də bəzi şərhlər öz əksini tapmışdı. Qeyd edilən həmin təzahürlə əlaqədar ən rəngarəng versiyalar irəli sürülürdü. Hətta o da bildirilirdi ki, Yer kürəsinin dərin qatlarından eşidilməkdə olan bu səslər planetimizin maqnit qütbünün yerini dəyişməsi ilə bağlıdır. Yəni iddialardan belə nəticə çıxarmaq olurdu ki, ümumiyyətlə son dövrlər təbiətdə baş verən ən müxtəlif kataklizmlər məhz bu yerdəyişmə nəticəsində baş verir və verəcək.
   
   Edqar Keysi Qərbdəki mövcud ənənələrindən fərqli olaraq erkən - təxminən 25-26 yaşlarında ailə qurmuşdu. Özü də sevərək, bəyənərək. Hopkinsvilldə kitab mağazasında işlədiyi dövrdə təsadüfən qarşılaşdığı Gertruda Evans həqiqətən də ona yalnız arvad deyil, həm də həyatda yoldaş, dost, hətta işlərində assisent belə olmuşdu. Özü də qeyd etmək lazımdı ki, Keysi bir çoxları kimi sonrasını düşünmədən, gələcək ailəsinin maddi cəhətdən necə keçindirəcəyini hesablamadan Gertruda ilə nigahlanmamışdı. Onlar hər bir işi ölçüb-biçdikdən sonra ailə qurmuşdular. Və gənc cütlük həmin vaxtlar problemlər içərisində olsa da sakitcə öz həyatlarını yaşayırdılar. Amma çox çəkmədi ki, Keysinin işlərində irəliləyişlər başladı və şəriki ilə birgə şəxsi fotostudiya açmağa müvəffəq oldu.
   
   Əslində elə onların istədikləri də bu idi. Çox qəribə görünsə də Edqar bir neçə dəfə Leynlə birgə xəstələrin qəbulu işindən uzaqlaşıb özünün fotoqraflığı ilə məşğul olmağa cəhd göstərmişdi. Həttə bir dəfə o, ümumiyyətlə qəribə bir psixoloji vəziyyətdə çıxıb getmiş, xeyli müddət ətrafda onu "gördüm" deyən olmamışdı. Lakin görünür tale onun üçün başqa bir misiya hazırlayıbmış. Həmin vaxt Al Leyn Edqarı foto-atelyesinə qapanmış tapdı. Yorğun, kədərli, susqun...
   
   Onda Al Leynin çoxlu təkidindən, xahişindən sonra Edqar Keysi ara-sıra xəstələrin müalicəsi ilə məşğul olmağa razılıq verdi. Lakin vaxtının əsas hissəsini yenə foto-atelyedə keçirirdi. Amma bir hadisə yenidən Edqarın xəstələrin müalicəsi işinə qayıtmasına səbəb oldu. Həmin vaxt şəhərdə yayılmış qızdırma xəstəliyi insanlarda vahimə yaratmış, tələfatlara səbəb olmuşdu. Çoxları hər yerdə onu arayırdı. Bundan başqa, Gertruda ilə Al Leyn də Edqarı inandırmağa cəhd edirdilər ki, Tanrı tərəfindən ona verilmiş bu istedadı beləcə qapatmağa haqqı yoxdu və o mütləq insanlara kömək əlini uzatmalıdı. Onda Edqar müalicəyə başlaması üçün bir neçə şərt irəli sürdü: xəstələrin təsiri altına düşməmək üçün posientləri görmədən işini sürdürəcək, seanslarda yalnız həkimlər iştirak edəcək və gördüyü işin müqabilində bir qəpik, hətta ən adi hədiyyə belə almayacaq. Onun sonuncu şərti o dövrdəki cəmiyyət üçün axmaq tələbdən başqa heç nəyə oxşamasa da bir çox ağzıgöyçəklərin, gözügötürməyənlərin dilinə qıfıl vurmağa kifayət edirdi.
   
   Posientlərin qəbuluna başlayan Keysi yenidən trans vəziyyətinə girir, xəstələrə diaqnozlar qoyur, ardınca da resept diqtə edilirdi. O, psixi gərginlik keçirməmək üçün gün ərzində yalnız iki xəstəyə baxırdı. Bir müddət sonra Edqar Keysi Leynin hipnozunun təsiri ilə trans vəziyyətinə girməyə də son verdi. Çünki o artıq bunu iş və məşqlər zamanı öyrənmişdi. Həkimlər şokda idilər. Tibb, hətta digər sahədə belə ali təhsili olmayan bu adamın trans vəziyyətində qoyduğu diaqnozlar, reseptlər o qədər dəqiq və konkret idi ki, buna ancaq heyrətlənmək olardı. Hətta çoxları belə düşünürdülər ki, Keysi bacarıqlı həkimdir, lakin daha çox diqqət çəkmək üçün türkəçarəçi kimi özünü göstərir.
   
   
   
   O NƏLƏR GÖRÜRDÜ?...
   
   
   
   Onlar heç Keysinin trans vəziyyətdə nələr hiss etdiklərini də anlamaq istəmirdilər. Şübhəsiz ki, o qeyri-adi vəziyyətdə real aləmdən ayrılırdı. Çünki reallıqda belə şeylər mümkünsüdü. Keysi bir dəfə həmin vəziyyətini belə təsvir etmişdi: "rahat uzanmış halda hər iki ovucumu başıma - üçüncü gözün yeri deyilən nahiyyəyə qoyuram və dua edirəm. Bir neçə dəqiqə siqnal gözləyirəm. Bu siqnal hərdən qızılı qığılcımıları olan ağ işığın alışması, parlamasıdır və bu kantakta girdiyimə işarədir. İşığı gördükdən sonra ovuclarımı günəş kələfinə hərəkət etdirirəm. Mənim gözlərim bu müddət ərzində tamam açıq vəziyyətdə qalır. Tənəfüsüm diofraqmadan düzgün, və dərin olur. Bir neçə dəqiqə keçir, gözlərim örtülür. Bundan sonra mənə necə diqtə edirlərsə mən eləcə suallara cavab verirəm". Onun anlatdıqları heyrətamiz deyildimi? Bu, əslində Allahın möcüzəsi idi. Keysi isə sadəcə bu işdə vasitəçi kimi seçilmişdi.
   
   Onu fırıldaqçı da adlndıra bilməzdilər. Çünki Keysi özü dəfələrlə bu işdən uzaqlaşıb adicə fotoqraf həyatı yaşamağa cəhd etmiş, yanına gələn xəstələrdən də heç vaxt pul, hədiyə tələb etməmişdi. Fırıldaqçılıq, möhtəkirlik pul, sərvət qazanmaq üçün olunmurmu?
   
   Əslində onun qeyri-adiliyi heç də xəstələrin müalicəsi ilə məhdudlaşmırdı. Edqar Keysini həm də möhtəşəm öncəgörən, ekstrasens kimi də qəbul etmək lazımdı. Çünki dövrün ən məşhur ekstrasensləri də, öncəgörənləri də qabiliyyətinə görə ona qibtə edə bilərdilər. Bir dəfə ona gələn italiyanca məktuba transda italiyanca da cavab vermişdi. Mütəxəssislər onun bu qabiliyyətini ən müxtəlif dillərdə - almanca, fransızca... sınasalar da nəticə şok edici alınmışdı. İngiliscədən başqa heç bir dil bilməyən Keysi müxtəlif dillərdəki sorğulara, mətnlərə elə həmin əcnəbi dildə də, mükəmməl şəkildə cavab verməyi bacarırdı. Bütün bunları isə şarlatanlıqla, hiyləgərliklə həyata keçrmək mümkün deyildi, çünki bu qeyri-adi qabiliyyətə hər kəs, hər an şahid ola bilirdi.
   
   
   
   KEYSİ MƏTBUATIN DA DİQQƏTİNİ ÇƏKMİŞDİ
   
   
   
   Bu ərəfələrdə Edqar Keysi üçün böyük itki sayıla biləcək bir hadisə baş verdi. Onun çox böyük həvəslə düzəldib-yaratdığı foto-atelye və çəkdiyi ən gözəl şəkillərin qalareyası təsadüf üzündən yanıb məhv oldu. Bu qəza onu həm mənəvi, həm də maddi cəhətdən sarsıtdı. Amma Edqar vəziyyəti düzəltmək üçün ən müxtəlif yerlərdə, müxtəlif şərtlər daxilində işləmkdəydi. Tanrı bəndəsini mükafatlandıracaq, yetər ki, yolunu azmayab səbr etməyi bacarasan. 1907-ci ildə Keysinin bir oğlu dünyaya gəldi - Hyu Linn.
   
   Milad bayramında Edqar Keysini həkim-qomeopad Uesli Ketçumla tanış etdilər. Həkim onun haqqında danışılanlara inanmadığı üçün ağır bir xəstəyə appendisit diaqnozu qoyaraq Keysinin müayinəsinə göndərdi və bununla da xəstəliyin aşkarlanıb-aşkarlanmayacağını yoxlamaq istədi. Tanınmış həkimdən fərqli olraraq Edqar həmin posientə tamam yüngül diaqnoz qoyaraq sadə bir müalicə yazdı. Bundan sonra bu iki fərqli diaqnozdan birinin təsdiqlənməsi üçün həkim konsiliumunun keçirilməsi qalırdı. Keçirildi və inanılmaz nəticə: Keysinin diaqnozu və müalicəsi doğru idi. Bundan sonra doktor Uesli ən mürəkkəb, ən ağır xəstələrin müalicəsində Keysinin imkanlarından istifadə etməyə başladı. Aldığı nəticələrsə yenə Ketçum üçün fantastik idi. Edqar heç bir texnikadan, aparatdan istifadə etmədən ən mürəkkəb xəstəliklərin diaqnozlarını bir neçə dəqiqə içərisində qoya bilirdi.
   
   İstər-istəməz Edqar Keysinin şöhrəti hər tərəfə yayılmaqdaydı. Uesli Ketçum 1910-cu ildə "Amerika Klinik Araşdırma Cəmiyyəti"nə məruzə göndərdi və Keysinin bacarığı haqqında Araşdırma Cəmiyyətinə müfəssəl məlumat verdi. O, bu məruzəsində Cəmiyyətdəki həmkarlarına, mütəxəssislərə bildirirdi ki, Edqar Keysi adlı şəxs sözün gerçək mənasında tibbin möcüzəsidir. Elə həmin ərəfədə - 9 oktyabrda başqa bir hadisə - "Nyu-York Times" qəzeti Edqar Keysi haqqında böyük bir məqalə dərc etdi - "Təhsilsiz adam hipnoz altında həkimə çevrilir". Bu hadisələrdən sonra Keysinin şöhrəti öz şəhərinin hüdudlarından aşaraq ölkəyə yayılmağa başladı. Artıq hər yerdə onun haqqında müxtəlif söhbətlər gəzməyə başlamışdı. Hətta bu söhbətlərin içərisində cürbəcür əfsanələr də dolaşırdı. Bir sıra iş adamları pullar təklif edib Keysinin bacarığından yararlanmağa cəhdlər etsə də bunlar baş tutmadı. O, Hopkinsvillə gələrək bir fotostudiya açdı - "Keysi Art Studio". Və burada sevdiyi işlə məşğul olmağa girişdi. Həqiqətən də buradakı fotoqrafçılığıyla o özünü daha xoşbəxt hiss edirdi. Buna baxmayaraq onun işdən sonrakı boş vaxtlarının "müştəriləri" heç də azalmırdı...
   
   
   
   DOĞMALARINDAN GƏLƏN SARSINTILARI
   
   
   
   Lakin həyatın xoş sürprizləri kimi ağır, çətin "hədiyyələri" də heç vaxt insanları tərk etmir. 1911-ci ildə Keysinin ikinci oğlu dünyaya gəldi. Bu onun üçün böyük bir sevinc idi.
   
   Amma o yenidən sınağa məruz qalacaqdı. Belə ki, iki aylıq körpə ağır xəstləndi və bir neçə həkimin bütün çabalarına baxmayaraq uşağın vəziyyəti günü-gündən pisləşməyə başladı. Keysi özü də övladını vəziyyətdən çıxarmaq üçün əlindən gələni etdi. Təəssüf. Balacanı ölümün pəncəsindən xilas etmək mümkün olmadı. Bu itgi həm Keysini, həm də Gertrudanı son dərəcə sarsıtdı. Hər ikisi dərin depresiyaya düşdülər. Körpə oğlunu xilas edə biləcəyini, amma niyəsə bunu bacarmadığını düşünən Keysi acizliyinə görə özünü günahkar bilirdi.
   
   Oğlunun ölümündən özünə gəlməmiş Keysi növbəti zərbəni aldı. Belə ki, plevrit xəstəliynə mübtəla olan Gertruda ağır vəziyyətdə yatağa düşdü. Həkim dostlarından biri bəyan etdi ki, xəstəlik artıq vərəmə çevrilib və qadını xilas etmək mümkün görünmür. Həqiqətən də həmin dövrlər vərəm öldürücü xəstəlik sayılirdi. Və hər kəs - həkimlərlə bərabər bütün yaxınları Gertrudanın yaxın vaxtlarda həyatla vidalaşacağı fikri ilə barışdı. Yalnız Edqar belə düşünmürdü. O özü arvadının sağalması üçün bütün gücü ilə çalışdı. Qızdırmanın nisbətən səngiməsi o qəfər də uzun vaxt aparmadı. Buna cəmi iki gün yetdi. Amma xəstəlik tam sağalmadı, müalicə təxminən 6-7 ay çəkdi. Gertruda yalnız 1912-ci ilin yanvarında tamamilə sağalıb ayağa qalxdı.
   
   
   
   YOXLAMALAR
   
   
   
   Artı Edqar Keysinin kimliyi, nəyə qadir olması, getdikcə daha da artan şöhrəti ölkədə bir çox qurumları hərəkətə gətirmişdi. Məhz bu üzdən də onun bacarığını, psixi istedadını yoxlamaq üçün elə həmin il Harvard Universitetindən doktor Huqo Myunsterberq Hopkinsvillə təşrif buyurdu. O həmin dövrlər üçün yetərincə böyük mütəxəssis sayılırdı. Huqo Myunsterberq bu səfərindən çox sonralar belə yazacaqdı: "Mənim əsas məqsədim onun (Edqar Keysinin - B.Y.) bütün reputasiyasını məhv etmək, bu adamın yalnız bir şarlatan olduğunu hər kəsə göstərmək idi. Lakin mən geri qayıdanda onun bacarığına və etdiuklərinin effektinə əmin oldum. Edqar həqiqətən də ona verilən bu qeyri-adi hədiyyəni insanlara kömək üçün istifadə edir".
   
   Əslində Keysinin bacarığı, qeyri-adi istedadı onu açıq və gizli şəkildə çoxlarının yoxlama "obyektinə" çevrilmişdi. Bu da Keysini incidirdi. Axı, Edqar onsuz da insanlara yardım göstərərkən özü psixoloji və fizioloji gərginliyə məruz qalır, çətin prosedürdən keçirdi. Nəhayət Amerika Həkimlərin Baş Assosasiyası özünün araşdırmalarından sonra Edqar Keysinin bacarığını qəbul etməli oldu və ona rəsmən "psixi məsləhətlər verə bilər" icazəsi verildi. Amma əslində xəstələrə şəfa vermək qabiliyyəti onun bacarığının hamısı deyildi. Hər kəs şahidi olacaqdı ki, bu möcüzəli adam həm də gələcəkdə nələrin baş verəcəyindən xəbər verə bilir....
   
   (Ardı qəzetin 14 fevral sayında)

TƏQVİM / ARXİV