adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

O, BiR SüBH çAğI ÖLüMü SEçDi...

BABƏK YUSİFOĞLU
25123 | 2012-07-03 08:39
Adını unutduğum bir mütəfəkkirin çox-çox bundan əvvəl belə bir fikrini oxumuşdum: "İnkişafın müəllimi ziddiyyətdir. Daxilində ziddiyyət olanlar dahiliyə yüksələ bilər". O dövrlərdə bu iddiaya haqq qazandırmışdım. Ona görə yox ki, məhz bu sıraya misal ola biləcək dahi insanlardan tanıdıqlarım vardı. Xeyr. Heç fəlsəfədə "Əksliklərin vəhdədi qanunu"nun da məndə belə fikrin yaranmasına təsiri yox idi. Sadəcə düşünürdüm ki, mübarizə, müsabiqə olmayan mühitdə hərəkətlilikdən çox sabitlik hökm sürər. Amma sonradan belə qərara gəldim ki, zirvəyə yüksəlməyin, dahi olmağaın əslində heç bir düsturu, heç bir qaydası yoxdur. Bunlar sadəcə Tanrının münasib bildiyi bəndəsinə verdiyi istedaddır, vəssalam. Əgər belə olmasaydı daxilində ziddiyyətlər olan hər bir ağıllı şəxs dahiyə çevrilərdi. Əslində dahi anlayışının özü də konkret bir mahiyyəti özündə ehtiva etmir. Bunun üçün heç bir norma və dərəcə müəyyən edilməyib. Sadəcə söhbət fitri istedaddan gedir.
   
   Amma etiraf etmək lazımdır ki, belə fitri istedada malik insanların xarakterindəki ziddiyyətlər onların öz şəxsi həyatlarını digərlərininkindən həmişə fərqləndirib. Onlar başqaları kimi həyat tərzi sürdürə bilməyiblər, onlar başqalarının problemlərinə bənzəməyən fərqli çətinliklər, fərqli əzablar yaşayıblar.
   
   Böyük fransız mütəfəkkiri Jan Jak Russonun məşhur etirafları, Stefan Sveyqin həyat fəlsəfəsi... eləcə də bir sıra məşhurların həyat haqqında mühakimələri haqda düşünəndə heyrətlənməyə bilmirsən. Amma həm də əmin olursan ki, elə istedadın özündə normala uyğun gəlməyən nədənlər vardır.
   
   O da hamı kimi həyatı sevmişdi, amma sən demə, elə ölmü də o qədər sevirmiş. Bu qəribə əkslik olmasaydı həyatını yarıda üç nöqtələrlə nöqtələməzdi... Söhbət yapon nəsrinin böyüklərindən hesab edilən məşhur yazıçı RİUNOSKE AKUTAQAVAdan gedir.
   
   O, BƏNZƏRSİZ ADAM İDİ...
   
   O nə yazmışdı? Əsərlərini hansı səviyyədə yazmışdı? Bunu özü də sağlığında dəqiq bilməmişdi. Çünki bilsəydi belə deməzdi:
   
   "Mən gələcəkdə məşhurluq qazanacağımı gözləmirəm. Oxucuların fikirləri (!) daim hədəfdən kənara vurur... Xüsusilə də mənim kimi adi ədəbiyyatçı...
   
   Hərdən özüm üçün təsəvvür edirəm ki, on beş, iyirmi, xüsusilə də yüz il sonra mənim mövcudluğum haqqında artıq heç kim bilməyəcək. Bax, həmin vaxt Kandakı (Tokioda həmin dövrlərdə kitab mağazalarının yerləşdiyi rayon) buknistin bir küncündə tozda dəfn olan əsərlərim hey əbəs yerə oxucusunu gözləyəcək..."
   
   Qəribə idi, fitri istedada sahib olmasına baxmayaraq nasir Riunoske Akutaqava ölümündən sonra bir yazıçı teleyini məhz belə görürdü. Özünətənqidin parlaq nümunəsi... Əslində isə o, yaradıcı insan kimi insan psixolqu olsa da, hətta bəzən peyğəmbərcəsinə çox şeyi görməyi bacarsa da bu mülahizələrində böyük səhvə yol vermişdi. Çünki Akutaqava bu həyatla vidalaşandan sonra nəinki 10, 20, elə təxminən yüz il keçəndən sonra da, yəni bu gün də oxunur, sevilir, xatırlanır. Onun adı hazırda bir çox xalqların "Dünya ədəbiyyatı" kitabxanalarının baş tərəfində yazılır. Niyə? Səbəbləri çoxdur...
   
   RİUNOSKE - ƏJDAHA
   
   O, 1892-ci ildə martın 1-də səhər tezdən dünyaya gözlərini açanda qədim Şərq təqviminə görə Əjdaha ili olduğundan adını Riunoske qoydular. Çünki "Riu"nun heroqlifi əjdaha mənasını verirdi. Bu adı ona verənlər arzu etmişdilər ki, bu körpə həyatında əjdaha kimi güclü, əjdaha kimi möhtəşəm olsun. Əlbəttə, bu sadəcə bir arzu idi. Amma bunların biri özünü doğrultdu, təəssüf ki, digəri yox. Riunoske Akutaqava yaradıcılıqda əjdaha kimi möhtəşəm oldu, lakin insan kimisə güclü ola bilmədi... Bu haqda isə indi yox, sonda bəhs edəcəyəm...
   
   "Əjdaha körpə" ilk zərbələri elə həyatının başlanğıcında almağa başladı. Sarsıdıcı, uzun sürən zərbələri... Riunoskenin heç bir yaşı tamam olmamış anası psixoloji xəstəliyə məruz qaldığından onu həmin dövrün qanunları və hökm sürən ənənələrinə uyğun olaraq (Riunoske doğulanda atasının 42, ansınınsa 30 yaşı vardı. Qədim yapon adətinə görə, dünyaya gələn körpənin valideynlərinin yaşının 30-dan yuxarı olması yaxşı əlamət sayılmırdı) nəslin sonsuz ailəsinə - ansının böyük qardaşı Akutaqava Mitiakiyə övladlığa verdilər. Beləliklə balaca Riunoske doğma valideyn qayğısından məhrum oldu. Xüsusilə, anasının xəstəliyi, sonrasa ölümü onun uşaq qəlbində çox dərin izlər buraxdı. Bu ağrılar elə dərinlikdə idi ki, o, Akutaqavanın bütün həyatı boyu sakit buraxmadı. Onun üçün cavabını tapa bilməyəcəyi suallar buraxdı.
   
   YENİ AİLƏDƏ VƏ ...
   
   Amma yeni ailəyə rəğmən Riunoskeni o qədər də şanssız hesab etmək olmazdı. Belə ki, Tokio prefekturasının inşaat rəisi işləyən Mitiaki maddi cəhətdən imkanlı şəxs olmaqla yanaşı, həm də çox savadlı, yapon mədəniyyətini gözəl bilən adam idı. O, oğulluğa götürdüyü Riunoskenin Ni-ixara familyasını dəyişib ona öz Akutaqava soyadını verməklə yanaşı onda elmə, yapon-çin klassikasına sevgi aşılamağı bacardı. Uşağa yaxşı təhsil verdi. Bəlkə də elə evdəki bu mühitdən idi, Akutaqava məktəbdə əla oxuyur, elmlərə səylə yiyələnməyə çalışırdı. Lakin bunların sırasında onun ən çox sevdiyi ədəbiyyat idi. Bu sevgi onda o qədər böyüdü ki, 11 yaşındaykən məktəblərində əl yazısı ilə jurnal da buraxdı. 14 yaşında isə Riunoske artıq A. Fransı, H. İbseni və digər Avropa nəhənglərini oxumağa başlamışdı.
   
   Tokio muniçipial orta məktəbi əla bitirən şagirdlər sırasında olan Akutaqava 1910-cu ildə Birinci kollecin ədəbiyyat şöbəsinə daxil olaraq orada ingilis ədəbiyyatını öyrənməyə başladı. Lakin təhsilini davam etdirmək istəyən gənc 1913-cü ildə Tokio imperator universitetin filologiya fakültəsinə daxil olur. Qeyd edim ki, məhz onun kurs yoldaşlarının bir neçəsi də gələcəkdə Yaponiyanın tanınmış yazıçılarına çevriləcəkdilər: Kume Masao, Kikuti Xirosi, Yamamoto Yudzi... və başqaları. Lakin elə uşaqlıqdan da qəribə xarakterə malik olan Riunoske universitetdə dinlədiyi mühazirələrin yeknəsəkliyini görüb bundan bezdi. Və artıq dərslərdə oturmaq istəmirdi. İndi onu başqa məşğuliyyət daha çox maraqlandırırdı. O yazmağa can atırdı.
   
   NƏSRİN YENİ İSTEDADI
   
   O dövrdə yaradıcı gənclər arasında daha çox maraq kəsb edən jurnallardan biri "Sinsitye" ilə əməkdaşlıq etməyə girişdi. Söyləyim ki, elə ilk hekayələri məhz həmin dərgidə də dərc edildi. Əslində universitet dostları, digər yaradıcı gənclər də bu jurnala cəm olmuşdular. Hətta çox keçmədi ki, onların yaratdığı ədəbi qrup öz yaradıcılıq üslubları ilə "neorealizm"çilik yaradaraq eyni zamanda yeni bir ədəbi "antinaturalistlər" hərəkatında birləşdilər. Və bu ədəbi məktəbinin üzvlərini qızğın tənqid etməyə başladılar.
   
   Onun yaradıcılığını tədqiq edənlərə görə, Akutaqava ədəbi yaradıcılığa 1915-ci ildən başlayıb. Həqiqətən də həmin illər çap edilən "Rasyemon qapısı" və "Burun" hekayələri çox maraqla qarşılandı və bu yazılar ədəbiyyatda artıq yeni istedadın gəlişindən xəbər verirdi. Artıq Riunoskenin oxucuları da meydana gəlmişdi.
   
   Lakin bu heç də o demək deyildi ki, Akutaqava üçün maneəsiz yaradıcılıq yolu açılmışdı. Xeyr. Həmin illərin bir sıra tənqidçiləri onun əsərlərinə başqa cür qiymət verirdilər. Onlar belə deyirdilər ki, həmin hekayələr yazıçılığa başalayan bu gəncin sevgi depressiyalarından yaranan duyğulardan başqa bir şey deyil. Amma gənc bunlarla barışa bilmirdi. O, sevdiyi, müəllimi hesab etdiyi və parlaq yaradıcılığı ilə ötən əsrin başlanğıcındakı dövrə möhürünü vuran məşhur yapon yazıçısı Natsume Sosekinin yanına - ədəbi məclisinə gəlməyə qərar verdi. Bu həmin Natsume Soseki idi ki, yapon və Avropa poetikasını birləşdirən və böyük mənada realizmə nail olmağı bacaran çox nadir yazıçılardan biriydi. Və onların söhbətləri baş tutdu. Yəqin ki, Natsume artıq Riunoske Akutaqavanın qeyri-adi istedadını hiss etmişdi. Həqiqətən də belə idi.
   
   1916-cı ildə Akutaqava nəhayət universiteti bitirdi və bundan sonra hərbi-dəniz məktəbində ingilis dilindən müəllimliyə başladı. Və eyni zamanda yaradıcılığını davam etdirdi. Ciddi şəkildə qələmə əl atan gənc yazıçı həmin dövrdə "Xyettoko maskası", "Burun dəsmalı", "Tənbəki və şeytan", "Ata", "Noromanın gəlincikləri", "Meymun", "Ölümsüz müdrik" və bir çox gözəl hekayələrini yazaraq aydan-aya, hekayədən hekayəyə oxucuların diqqətini qazandı. Amma onun müəllimlik karyerasının parlaq şəkildə davam etdiyini söyləmək mümkün deyil. Çünki o özünü əsl pedaqoq kimi görə bilmirdi. Bunu Riunoskenin çox yaxın münasibətlərdə olduğu qıza göndərdiyi məktubda da görmək mümkündü. O, sonradan ailə quracağı həmin xanıma yazmışdı: "Şagirdlərin üzünü görmək kifayət edir ki, məni ağır sıxıntı bürüsün. Bu zaman artıq bir şey etmək mümkün deyil. Lakin qarşımda kağız, kitab, qələm və yaxşı tənbəki görən kimi tez özümə gəlirəm".
   
   (Ardı qəzetin 10 iyul sayında)

TƏQVİM / ARXİV