adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

MEYVƏLƏRİN QİYMƏTİ BAHALAŞDI

FAİQ QİSMƏTOĞLU
70099 | 2014-12-19 09:03
Hələ Yeni ilin gəlməsinə xeyli vaxt qalmasına baxmayaraq, artıq bazar-dükanlarda əksər meyvələrin qiymətində bahalaşma hiss olunur. Burda qəribə heç bir şey yoxdur. Əgər qiymətlər aşağı ensəydi, bax, onda təəccüblənmək olardı. Onsuz da həmişə bayramqabağı bizim məmləkətdə bazarlarda mer-meyvənin və ərzaq mallarının qiyməti ceyran belinə qalxır. Artıq camaat bu cür "oyunlara" öyrəşib.
Elə bazarlar var ki, orda qiymətlər daha kəskin surətdə artıb. Şəhərin mərkəzində yerləşən Nəsimi bazarında və Təzə bazarda meyvələrin qiyməti daha bahadır. Ancaq bir qədər uzaqda olan 8-ci kilometr yaşayış sahəsindəki "Vasmoy bazarı" kimi tanınan ünvanda isə bir qədər qiymətlər aşağıdır. Amma bu o demək deyil ki, bu bazarda da qiymətlər sabit qalıb. Bütün meyvələrin qiymətində ən aşağısı 20-30 qəpik və bəzilərində 70-80 qəpik artım hiss olunur.
Bu artımı müxtəlif məhsulları satışa çıxaran insanlar əlavə xərclərinin artması ilə əlaqələndirirlər. Məsələn, onlar bəhanə edib deyirlər ki, Qubadan, Qusardan, Lənkərandan, Masallıdan gələnə qədər yanacağa nə qədər pul xərcləyirik. Üstəlik də bazarda olduğumuz müddətdə yer haqqı və müxtəlif xərclər bizi istər-istəməz qiymət artımına gətirib çıxarıb. Təəssüflə qeyd etməliyik ki, ölkəmizdə nə yanacağın qiyməti bahalaşıb, nə də əlavə bahalıq yaranıb. Sadəcə olaraq ayrı-ayrı işbazlar özlərinə haqq qazandırmaq üçün bu "metoddan" istifadə edirlər. Çünki yaxşı bilirlər ki, onların gətirdikləri mer-meyvələr tezliklə alınacaq.
Əgər həmin adamların dedikləri həqiqətdirsə, bəs onda topdansatış mərkəzlərində qiymətlər daha yüksək olmalı idi. Amma yerli məhsulların topdansatışında bir o qədər də qiymət artımı hiss olunmur. Düzdür, xaricdən gətirilən mer-meyvələrin qiymətində artım var. Bunu da onunla bağlayırlar ki, bayramqabağı bütün ölkələrdə qiymətlər qalxır. Onsuz da bizim işbazlar belə oyunlardan çox görüblər. Onlar belə-belə işlərlə bütün bayramlarda məşğul olurlar. Yaxşı bilirlər ki, bu əlləm-qəlləm "oyunları" üçün heç kəs onlara "gözün üstə qaşın var" deməyəcək.
Yeni il isə günbəgün bizə bir addım da yaxınlaşır. İstər-istəməz aztəminatlı və kasıb təbəqənin adamları bayram günlərində süfrələrini zəngin görmək istəyirlər. Amma az pulla və məvaciblə çətin ki, Yeni il süfrəsini bu insanlar ürəkləri istədikləri kimi doldura bilsinlər. Mütəxəssislərin hesablamalarına görə, orta səviyyəli Yeni il süfrəsi açmaq üçün dörd nəfərlik bir ailəyə 250 manat pul lazımdır. Hələ biz dəbdəbəli və zəngin süfrədən danışmırıq ha.
Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü bildirir ki, dekabrın 27-dən 31-dək Bakının əksər rayonlarında kənd təsərrüfatı yarmarkaları təşkil olunacaq. Həmin yarmarkalarda ərzaq mallarından tutmuş kənd təsərrüfatı mallarına qədər bütün məhsullar ucuz qiymətə satılacaq. Ona görə də aztəminatlı ailələr həmin yarmarkaya ümid bəsləyə bilərlər. Təki belə olsun, kor nə istər, iki göz: biri əyri, bir düz.

TƏQVİM / ARXİV