adalet.az header logo
  • Bakı -°C
23 Sentyabr 2026 13:48
33
ƏDƏBİYYAT
A- A+

Bircə rəng var - AĞ! - Qulu AĞSƏS

***

Yazmaq -

bu dünyadan

ürəyinin başını götürüb getməkdi,

və bir də:

maneələri dəf etməkdi,

dəfn etməkdi,

ağrını, acını,

illərin qara yuyub

ağ sərdiyi saçını...

Yaxşı-yaxşı bax:

bircə rəng var -

Ağ!

Qara - ağ rəngin şərlənməyidi,

göy - şənlənməyidi,

sarı - həsrətidi,

qırmızı - ismət,

yaşıl - qəhətdi, qəhət!

Bilirsən, nədi ölmək? -

yerə baxıb

yeri görmək,

göyə baxıb

yeri görmək...

Bu da təkamülün

növbəti dərsliyi:

dominonu qocalar şövqlə qarışdırır,

onda bilinmir əllərinin əsdiyi.

Kasıblar Hacdı,

varlılar hacıdı,

cinayət məcəlləsindəki

bütün maddələr partlayıcıdı...

Kimin nə vecinə?!

insan bir vaxtlar

"hara" sualına

cavab verirdi,

sonra "kim",

indi "nə"...

Bunu da qeyd elə bir kənara

yuxusuz gecələrdə

çox həsəd aparmışam

güllə altında yatanlara...

Uzun, ya qısa

şeirlərimə tarix yazmıram,

istəyirəm özləri tarix yaza...