adalet.az header logo
  • Bakı -°C
21 Sentyabr 2026 10:37
54
ƏDƏBİYYAT
A- A+

Abid Tahirlinin elmi və bədii yaradıcılığının fundamental təqdimatı

Filologiya üzrə fəlsəfə doktoru, dos. Esmira İsmayılovanın bu günlərdə  AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Abid Tahirlinin elmi, bədii, publisistik, pedaqoji fəaliyyətinə həsr etdiyi  yeni monoqrafiyası işıq üzü görüb. “Abid Tahirli: həyatı, mühiti və yaradıcılığı” monoqrafiyasını tanınmış mühacirətşünas alimə həmkarının yubiley töhfəsi də adlandırmaq olar.

Klassik və çağdaş Azərbaycan mətbuatının tanınmış araşdırıcılarından, mühacirət ədəbiyyatşünaslığının yaradıcılarından biri olan professor Abid Tahirli dörd onilliyə yaxındır ki, tarixi, nəzəri, praktik jurnalistika sahəsində də yorulmadan çalışan, əsasən arxiv materialları ilə işləyən, jurnalistikamızın az öyrənilmiş, yaxud heç tədqiqatlara cəlb edilməmiş tərəflərini təmkin və ləyəqətlə araşdıran nüfuzlu alimlərdəndir. Onun yaradıcılıq ampulası özünün maraqlı və çeşidli vektorları ilə seçilməkdədir. Abid  müəllim elmi axtarışlarında nə qədər mükəmməldirsə, fərdi və şəxsi davranış normaları və tərbiyəsi, mənəviyyatı, milli əxlaq dəyərlərinə məsuliyyətlə yanaşma baxımından da hamı üçün örnək ola biləcək insandır.

Eyni zamanda qeyd etdiyimiz müstəvidə onu tanıyanların rəğbətini qazanmış unikal dost, müəllim, pedaqoq, həsəd aparılacaq dərəcədə səmimi və sadə bir alimdir. Təbii ki, bu rakursdan Abid müəllim kimi dəyərli mütəxəssislərin ictimaiyyət arasında daha geniş çevrədə tanıdılmasına da böyük ehtiyac vardır. Düşünürük ki, Lənkəran Dövlət Universitetinin dosenti Esmira xanım İsmayılovanın alimin həyat və yaradıcılığının müxtəlif tərəflərini araşdırıb, ortaya çıxaran və  ən başlıcası, geniş təbligi əhəmiyyət daşıyan “Abid Tahirli: həyatı, mühiti və yaradıcılığı” mövzulu araşdırması özünün mükəmməl struktur-kompozisiya yetkinliyi, məzmun – mündəricə özəlliyi, alimin tarixi-nəzəri, praktik-metodoloji yaradıcılığına çeşidli yönlərdən baxılma imkanları ilə seçilir. Əsər “Müəllifdən”, “Giriş”, bir-biri ilə bu və ya digər şəkildə məntiqi əlaqələrdə olan fəsillər, “Nəticə” və “Ədəbiyyat siyahısı”ndan ibarətdir.

Heç şübhəsiz ki, professor Abid Tahirli kimi zəngin analitik təfəkkürə malik alim haqqında monoqrafik araşdırma hazırlamaq üçün onun zəngin yaradıcılıq nümunələrinin problemlərini dərindən və keyfiyyətli təhlilini aparmağa böyük ehtiyac vardır. Buna görə də monoqrafiya müəllifi əsərin məntiqi strukturunu, “Giriş” hissəsini, hər bir fəslin konkret nəticələrini, akademik yazı üslubunun gözlənilməsini, elmi yeniliyin unikallığını, tədqiqatın orijinallığını, haqqında bəhs edilən alimin əsərlərinin ümumi mənzərəsini dürüst təqdim etməklə yanaşı, həm də monoqrafiyada qoyulmuş problemlərin ardıcıllığını, fəsillər, paraqraflar və bölmələr arasındakı əlaqələri, mətnin hər hansı dialekt, məhəlli söz, ifadə və fikirlərdən istifadə etməməklə ortaya qoyulmasını, bu və ya digər məfhum və ifadələrin bütün aydınlığı ilə verilməsini və əsərdə canlandırılmasını nəzərdə tutmalıdır. Bu baxımdan, hesab edirik ki, dosent Esmira İsmayılovanın professor Abid Tahirlinin həyat və yaradıcılığına həsr etdiyi mövcud monoqrafik araşdırması böyük alimin elmi əsərlərinin əksər tərəflərini, fərziyyələrinin formulirovkasını, konsepsiyasının təsvirini, problemlərin həlli yollarını doğru-dürüst  metodoloji yöndən qurması görünməkdədir. Əsər əksər parametrləri ilə müəllifin qarşıya qoyduğu elmi məqsədin kamilliyini nümayiş etdirməkdədir.

Esmira İsmayılovanın monoqrafiyası janr baxımından monotem (yəni konkret) mövzuya həsr olunsa da, o özünün aktuallığı, unikallığı, ədəbiyyatşünaslıqla jurnalistikanın paralel problemlərinin daha çox ehtiyac duyulan tendensiyalarına cavab verməklə elmi-nəzəri yeniliyi, ümumi qəbul edilmiş təsnifat və terminologiyadan istifadə etməklə Abid müəllimin əsərlərində yer almış elmi materiallardan təhlil prosesində varislik kontekstində istifadə və s. kimi məsələlərlə bərabər, həm də yaradıcı baxış bucağını ortaya qoymaqdadır.

Dosent Esmira İsmayılova əsərin birinci fəslində Abid Tahirlinin ömür yolunun müxtəsər xronikasını verirsə, ikinci fəsildə tədqiqatçının mühacirətdə yaşayıb-yaratmış müəlliflərin həyat və yaradıcılığına həsr etdiyi monoqrafiyalarının ümumi və orijinal tərəflərini təhlil edir, üçüncüdə mühacirət ədəbiyyatı nümayəndələrinin portretlərindən təqdim edilmiş ştrixləri araşdırır, qürbətçilərin qəlbində və qələmində 31 Mart, 15 Sentyabr, 28 May və 28 Aprel tarixlərinin mahiyyətini izləyir,  mühacirət mətbuatının təşəküllü problemlərini ön plana çıxarır, Vətəndə və Qürbətdə “millət davasının aparılmasını” sistemləşdirir, dördüncüdə klassik və çağdaş ədəbiyyat məsələlərini Abid müəllimin əsərlərinin mahiyyətindən çıxış edərək təhlil mərkəzinə qoyur, araşdırmaçının bədii əsərlərindən nümunələri incələyir və s.

Etiraf etməliyik ki, Abid müəllimin yaradıcılığına belə kompleks  formatda həsr edilmiş monoqrafik araşdırma, fikrimizcə, Esmira xanımın böyük alimin şəxsiyyətinə və elmi-nəzəri tədqiqatlarına vurğunluğundan ortaya çıxmışdır. Monoqrafiya müəllifi Azərbaycan jurnalistikası sahəsində geniş tanınan, yaradıcılığı etiraf olunan, elmi-tarixi mündəricəli araşdırmaları nəinki Azərbaycanda, postsovet məkanında, Türkiyədə, eyni zamanda Avropa ölkələrində qəbul edilən Abid Tahirliyə həsr olunması ilə yanaşı, həm də monoqrafiya müəllifinin özünün zəngin və əhatəli erudisiyaya malik olduğunu əksər parametrləri ilə sübut etməkdədir.

Yuxarıda bildirdiyimiz kimi, professor Abid Tahirlinın elmi araşdırmalarının ana xəttini XX əsrin əvvəllərindən başlayaraq bizim coğrafi regionda baş vermiş ictimai-siyasi və tarixi-mədəni proseslərlə bağlı xalqımızın ən dəyərli nümayəndələrinin ölkəmizdən kənara mühacirət edən ziyalılarımızın, maarif, mədəniyyət, ədəbiyyat sahəsində çalışanların fəaliyyətinin çeşidli tərəfləri təşkil edir. Mühacirətşünas alimin yaradıcılıq spektrlərinin başlıca xətlərinə gərəyincə nüfuz etmiş Esmira xanım İsmayılova araşdırmanın birinci fəslindən sonra üç fundamental fəsildə Abid Tahirlinin mühacir ədiblərin həyat və yaradıcılığına həsr olunmuş monoqrafiyalarını, “Mühacir portretlərinə ştrixlər”ə diqqət çəkməyi zəruri hesab etmişdir. Burada tədqiqatçı Abid müəllimin monoqrafik təhlillərində Ceyhun Hacıbəyli, Məhəmməd Altunbay, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Nağı Şeyxzamanlı, Əmin Abid (Gültəkin), Almas İldırım, Banin (Ümmül Banu), Kərim Yaycılı, Alazan Baycan, Teymur Atəşli və başqa bu kimilərin həyat, ömür, yaradıcılıq talelərinin üzərində dayanmaqla, həm də vicdanlı, obyektiv və tendensiyalılıqdan kənar mövqe sərgiləyməyi bacarmışdır.

Bizə belə gəlir ki, Esmira xanımın monoqrafiyasının mükəmməl alınması onun iki mühüm faktı nəzərə alması ilə bağlı özünü göstərməkdədir: bu, bir tərəfdən, Abid müəllimin özünün fərdi insanlıq və alimlik məsuliyyəti qarşısında cavabdehliyi, ikinci bir tərəfdən, onu Abid müəllimin əsərlərinin hansı millət mücahidlərinə həsr etməsi və onların ruhu qarşısındakı məsuliyyəti ilə bağlı olmuşdur. Esmira İsmayılova yaxşı təsvir etmişdir ki, bu adların hamısı az qala Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, siyasəti, sosiologiyası, politologiyası və kulturologiyası sahələrində cağdaş mərhələdə artıq sakrallaşmış isimlər kimi yaddaşlarda daşlaşmışlar.

Yaxşı məlumdur ki, 70 il stalinizm və bolşevizm buxovları arasında inləyən Sovet cəmiyyətinin dayaqları laxladıqdan sonra nəinki Azərbaycanda, bütün postsovet cəmiyyətində xalqın mədəni, mənəvi, etnik-milli düşüncəsi, genetik kodlarının yenidən şifrələnməsi və s. bağlı mənbələrin sayı sürətlə artmağa başladı. Bu proseslər nəticəsində Abid Tahirli kimi müstəqil düşüncəli araşdırıcılar daha çox “dinc durmadılar”. Onun kimi milli qeyrətli alimlər ötən onilliklərin üzərindən qara ləkələri və pərdələri mümkün qədər obyektivcəsinə götürməyə səy göstərdilər. Bax, professor Abid Tahirli ömür-gününü nəinki öz ölkəmizin arxiv və kitab saxlanclarında, həm də digər ölkələrin arxiv, muzey və kitabxanalarında keçirdi və heç kimin eynindən keçməyən materialların alt qatından gövhərlər, daş-qaşlar çıxarıb, onları milli mədəniyyət tariximizin faktına çevirib yaddaşlarımızı təzələdi. Baxış meyarlarını dəyişdi. Nəticədə üç planlı tədqiqat zəmini ortaya çıxdı. 

Odur ki, monoqrafiyanın məzmun-mahiyyət və struktur-kompozisiya xüsusiyyətlərindən ən mühüm görünən tərəf odur ki, dosent Esmira İsmayılova Abid Tahirlinin həyatının, ömrünün ayrı-ayrı fraqmentlərini, uşaqlıq, yeniyetməllik, gənclik illərini, tələbəlik dövrünü və tədqiqatçılıq səriştəsini kondisiyalı və əsaslı öyrənib təqdim etməyi bacardı. 

Abid müəllimin elmi yaradıcılığında elmi üslubla publisistik təqdimat tərzi daim bir-biri ilə ülfətdə olduğundan Esmira xanımın kitabında da biz analoji mənzərənin şahidi oluruq. Məlumat üçün bildirək ki, elmi və publisistik üslubların qarşılıqlı əlaqələri o zaman vacibdir ki, orada elmi-populyar mətnin ortaya qoyulmasında faktların doğruluğu və dürüstlüyü ilə bərabər, həm də emosionallıq bir yerdə biliklərin populyarizasiyasına, oxucularda inam hissinin yaradılmasına əminlik yaratması vacib olsun. Bu baxımdan Esmira xanım İsmayılovanın publisistik üslubunda hadisə və faktların obyektivliyi ilə yanaşı, həm də ictimai-siyasi terminologiyayla xüsusi leksika bir-birini izləyir.

Kitab müəllifi belə priyomdan ona görə yararlanmağı qarşıya məqsəd qoymuşdur ki, Abid Tahirlinin yaradıcılığının təhlilə cəlb etdiyi elmi problemlərin geniş oxucu ictimaiyyəti üçün aktuallığına onları inandıra bilsin. Çünki vaxtı ilə böyük səhnə nəzəriyyəçisi, SSRİ Xalq artisti, ən prestijli mükafatlar laureatı K.S.Stanislavski bu və ya digər dramaturqun əsərinin səhnəyə qoyulması ilə bağlı artist və aktyorlarla məşq edərkən hansı artist ona həvalə olunmuş obrazı gərəyincə oynaya bilmədikdə deyirmiş: “Ne veryu”, yəni “İnanmıram”. Bu lakonik frazası perifraz edərək biz də deyirik ki, hər hansı əsər müəllifi yazdıqlarına oxucusunu inandırmalıdır. Bu rakursdan baxdıqda qənaətimiz belədir: “Esmira xanım oxucuları  kitabındakılara inandıra bilmişdir”. Monoqrafiya müəllifinin belə hibrid yaradıcılıq üslubundan istifadə etməsi oxucunu öz yazdıqlarının ardınca aparmaq məqsədinə xidmət etməsi ilə bağlıdır.

Dosent Esmira İsmayılovanın monoqrafiyasının dili obrazlı və ifadəli olduğundan bu cəhət onun dəyər göstəricilərini xeyli məqamlarda, həm də bədii üsluba yaxınlaşdırır. Çünki əsərin əksər yerlərinə mahiyyətincə diqqət yetirdikdə görürük ki, monoqrafiya müəllifi əksər hallarda olmasa da, zəruri məqamlarda onun tərəfindən ifadəlilik vasitələri olan metafora, epitet və müqayisələrdən də ustalıqla yararlanır. Müəllifin əsərin yazılmasında belə arqumentasiyalı üslubdan istifadə etməsi bir sıra zəruri faktlar, statistik məlumatların təqdim olunması Esmira xanım İsmayılovanın özünün jurnalist ixtisası alması və onun uzun illər ərzində KİV-də çalışması, Lənkəran Dövlət Universitetində Mətbuat xidmətinin rəhbəri olması ilə birbaşa bağlıdır.
Esmira İsmayılovanın adını çəkdiyimiz monoqrafiyasının dili sadə olmaqla, qavrayış üçün mürəkkəblik, nahamvarlıq yaratmır və əsərin dil baxımından tədqimatı fəal və dinamikdir. Araşdırmanın  ən başlıca cəhəti mətnin oxucunu yormamasıdır.

Qeyd etdiyimiz xüsusiyyətləri ilə bərabər dosent Esmira İsmayılovanın əsərinin dili funksionallığı ilə yanaşı, Azərbaycan mühaciət ədəbiyyatının problemlərini Abid Tahirli yaradıcılığı bazasında təqdim edən yazı üslubunun özünəməxsusluğu ilə fərqlənməkdədir. Esmira xanımın monoqrafik araşdırması özünün mükəmməl məzmunu və ideya əlamətləri ilə seçilməklə, mövzunun zəruri ola biləcək elmiliyi, anlayışların dəqiq təyini, mücərrədliyə canatmama mətnin təqdimatının məntiqliliyi və sübutu, obyektivliyi və faktoloji informasiya bolluğu və s. kimi keyfiyyətli əlamətləri ilə zəngindir. Əsər müəllifi bəzi hallarda nitq davranışı normalarını bilərəkdən pozmaq istəyib, sabit formaları təhrif etdiyi hallarda belə oxucu ümidlərinə naxələflik etmir.
Bizə belə gəlir ki, dosent Esmira İsmayılovanın professor Abid Tahirlinin elmi və bədii yaradıcılığının çeşidli tərəflərini təhlil edən monoqrafiyası yüksək tələblərə cavab verməsi, əsaslı düşünüb daşınması ilə birbaşa bağlıdır.

O, burada əsərin lokal mövzusunu, dürüst struktur və kompozisiyasını, elmi yeniliyini, akademik publisistik və nəsrin poeziyası üslubunda təqdimatını tələb olunan rakursdan hazırlamağa müvəffəq olmuşdur. Müəllif əsərin hazırlanması ilə bağlı mövcud ədəbiyyatları, Abid müəllimin əksər əsərlərinin çeşidli tərəflərini, mətndəki fəsil və paraqraflar arasındakı məntiqi ardıcıllığı, dürüst və lakonik formulirovkalarda verməklə emosionallığı heç də yeri gəldi, gəlmədi avanssenaya çıxarmamışdır.
Esmira xanımın monoqrafik araşdırmasında Abid Tahirlinın həyatı, elmi-publisistik yaradıcılığı və bədii təfəkkür məhsullarının rəngarəng çalar və tərəfləri sistemli və konseptual şəkildə ortaya qoyulmuş, monoqrafiyanın elmi yeniliyi, təhlil dərinliyi, məqsədli auditoriya üçün istifadəsi mövzunun seçimi və vəzifələrin formalaşdırılması, ədəbiyyatın seçilib toplanması, əsərin metodoloji bazası, mətnin ayrı-ayrı bölmələrinin əsaslandırılması, onun müvafiq bloklara bölünməsi, bir sözlə, nə varsa hamısı, götür-qoylu və səriştəli həll edilmişdir.

Esmira İsmayılovunun tədqiqatının ən uğurlu tərəfi ondan ibarətdir ki, bu müəllifə qədər heç kim Abid Tahirlinin nə mühacirət ədəbiyyatı nümayəndələrinə həsr etdiyi əsərlərini belə fundamental müstəvidə, nə də A.Tahirlinin Azərbaycan ədəbiyyatının ünlü nümayəndələri İsmayıl bəy Qutqaşınlı, İlyas Əfəndiyev, Elçin, Məmməd Araz, Dilsuz və başqaları, həmçinin XIX əsr Rusiya müsəlmanlarının liderlərindən İsmayıl Qaspıralı ilə bağlı ədəbiyyatşünaslığımıza hədiyyə etdiklərini və onun bədii yaradıcılığını səbr, təmkin, ən başlıcası isə belə məhəbbətlə göstərdiyimiz formatda izləməsini Azərbaycan ədəbiyyatşünaslığına və çağdaş ədəbiyyat tarixçiliyimizə təqdim etməmişdir.

Beləliklə, Lənkəran Dövlət Universitetının dosenti Esmira İsmayılovanın resenziyaya cəlb etdiyimiz “Abid Tahirli: həyatı, mühiti və yaradıcılığı” mövzusunda hazırladığı monoqrafik araşdırması tanınmış Azərbaycan alimi, filologiya elmləri doktoru, professor Abid Tahirlinin yaradıcılığı ilə bağlı bir küll halında uğurlu təhlillər apardığından onun nəşrinin Azərbaycan ədəbiyyatı, mühacirət ədəbiyyatımızın ağır taleyi haqqında uğurlu və fundamental axtarış olduğunu qeyd etməyi zəruri hesab edirik.

Dosent Esmira İsmaylovanın monoqrafiyası ilə ətraflı tanışlığımız göstərdi ki, araşdırma professor Abid Tahirlinin əsərlərinin mahiyyətinə həsr edilib, böyük zəhmət hesabına araya-ərsəyə gətirilib. Bu araşdırma nəinki Abid müəllimin yaradıcılığının, həm də müasir Azərbaycan mətbuatşünaslığının və ədəbiyyatşünaslığının ünlü nümayəndəsinin elmi, publisistik və bədii yaradıcılığının mühüm bir mərhələsinin detalları ilə izlənilməsinə həsr edilmiş layiqli töhfədir. Heç sübhəsiz ki, monoqrafiyanın nəşri Abid Tahirli araşdırmalarının həsr olunduğu parlaq milli simalarının zıqzaqlı həyat və zəngin yaradıcılıq yolunun salnaməsi kimi tətbiqi xarakteri ilə  də seçiləcəkdir. Müəllifi bu uğurlu tədqiqat işinin nəşr edilməsi münasibətilə təbrik edir, həm Esmira xanıma, həm də prof. Abid Tahirliyə yeni yaradıcılıq uğurları arzulayırıq.

Nizami Məmmədov (TAĞISOY),
Bakı Slavyan Universitetinin professoru, 
filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi, 
Azərbaycan Yazıçılar Birliyinin üzvü.