adalet.az header logo
  • Bakı -°C

Gec evlənməyin faydaları

ŞƏFİQƏ ŞƏFA
43155 | 2014-11-20 16:02
A- A+

Atalarımız "Tez evlənənlə, tez yuxudan oyanan qazanar" - deyiblər. Amma zaman rüzgarı çox şeyə "əl gəzdirdiyi” kimi bu deyimi də tərs tərəfə əsdirib. İndi subaylar həm gec oyanır, həm də gec evlənirlər. Amma bununla belə, sözün həm həqiqi, həm də məcazi mənasında yaxşı da qazanırlar. Görünür, ya atalar bu məsələdə səhvə yol veriblər, ya da cavanlar gələcəyin atası kimi yeni fikir formalaşdırmağa meyilləniblər. Sözümü ona gətirirəm ki, ABŞ-da aparılan bir araşdırmada gec evlənənlərin, xüsusən də gec ərə gedən qadınların maliyyə baxımından daha qazanclı olduğu məlum olub. Virginia Universiteti tərəfindən aparılan bir hesabatda göstərilir ki, təhsilli və karyerası olan qadın əgər 30-lu yaşlarda ailə qurursa, 20-li yaşlarda evlənən qadınlardan təxminən 60 % daha çox pul qazanır.

Amma son illərdə təkcə ABŞ-da yox, bütün dünyada gec evlənmə bir trend halına gəlib. Xüsusilə də şəhərlərdə yaşayan kişi və qadınlar evlilikdən öncə həyat şəraitini yaxşılaşdırmağa və daha sonra ailə qurmağa meyilli olurlar ki, bu da evlilik yaşının 30-dan başlamasına gətirib çıxarır.  

Azərbaycanda isə son zamanların müşahidəsinə görə qadınlar 27-33, kişilər isə 30-35 yaş arası evlənməyə üstünlük verirlər. 2013-cü ildə ölkədə 35 və yuxarı yaşlarda rəsmi nikaha girən bəylərin sayı 12 min 186 nəfər, xanımların sayı isə 6311 nəfər olub.

Bəs "ataların məsləhətini” nəzərə almadan gec evlənməyin nə kimi xeyri ola bilər?!  Əvvəla evlənmə yaşının təxirə salınması boşanma nisbətlərinin aşağı olmasında əks olunur. 20-li yaşlarda evlənənlərdə boşanma nisbəti yüksək olarkən, gec evlənənlərdə bu nisbət daha aşağıdır. Necə deyərlər, gec əldə etdikləri üçün qədrini daha yaxşı bilirlər. İnsanlar gənc yaşlarına nisbətən daha kamil olurlar. Özlərini ailə qarşısında daha məsuliyyətli hiss edirlər. Ailələrinə qarşı daha diqqətli olurlar. Eyni şey isə aşağı yaşlarda olan insanlara aid oluna bilməz. Çünki daha  gənc yaşda ailə quran oğlan və qızlar çox vaxt bu addımı valideyn təsiri altında atırlar. Yaxud da yeniyetmə yaşların çılğın məhəbbətindən ağılla düşünə bilmirlər. Sonrakı peşmançılıq isə fayda vemir, ziyanla nəticələnir: ya bu cür ailələr dağılır, ya da formal olaraq mövcud olub xoşagəlməz sosial problemlərə səbəb olurlar. 

İkincisi, gec ailə quran insanların yuxarıda göstərildiyi kimi maddi gəlirləri yaxşı olur. Aşağı yaşlarda ailə quran qızlar ümumiyyətlə, valideynin verdiyi cehizdən başqa heç bir maddiyyata sahib ola bilmirlər. Elə oğlanların da toyu və sonrakı dolanışığı ata və qayınatanın boynuna düşür. Gec ailə quranlar isə işləyib karyera qurur, öz dolanışıqlarını özləri təmin edirlər. Toy məsrəfləri də atanın "belini qırmır”.

Gec ailə quran insanlar seçimi özləri, xüsusən də məntiqlə etdikləri üçün nadir hallarda yanılırlar. Bu yaşda insan başqalarının (əzizləri olsa belə!) ona yaraşdırdıqları ilə deyil, özü-özünə tay olanı (bunu şəxsin özündən başqa heç kəs bilə bilməz) seçə bilir.

Gec ailə quran insanlar  gec də uşaq sahibi olduqları üçün psixoloji və cismani olaraq cavanlaşırlar. Təsəvvür edin: biri var 38 yaşlı qadının yanında 18 yaşlı oğlu ola, biri də var 5 yaşlı. Birinci qadın yaşlı olmasa da, yetkin oğlu olduğundan özünü yaşlı kimi aparmalı olur. Amma azyaşlı uşağı olan qadın isə 20-li yaşlardakı gənc analardan fərqlənmir. Həm də erkən ailə qurmuş həmcinslərindən fərqli olaraq daha baxımlı və təravətli olur.    

Uşaq məsələsinə gəlmişkən, daha bir araşdırmanı diqqətinizə çatdırmaq istərdim. Belə ki, bu günlərdə alimlər belə bir xəbər verdilər ki, yaşlı valideynlərdən dünyaya gələn uşaqlar daha sağlam olurlar. Səbəbi hələ qaranlıq olsa da, əsas nəticənin yaxşı olmasıdır. Nəticə də odur ki, gec evlənənlərin uşaqları xüsusən də orta yaşlarına çatdıqda ənənəvi xəstəliklərdən (kişilərdə infarkt, aritmiya, prostat; qadınlarda erkən menopauza və s.) "sığortalanmış” olurlar.

Belə çıxır ki, gec evlənmək elə də təhlükəli problem olmadığından müasir insanı da narahat etməməlidir. Əslində ortada bir narahatlıq var, amma bu da "səbəbkar”ın özünü yox, yaxınlarını qayğılandırır. Yəni, gec evlənənlərin narahatlığını onların özlərindən çox, valideynləri çəkirlər.  

 

 Şəfiqə Şəfa 

 

  • Aprel:
  • 3

TƏQVİM / ARXİV