adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Elxan Zal: "AYB-də islahatlar, struktur dəyizikliyi getməlidir"

20099 | 2012-05-23 05:06
Elxan Zalı Azərbaycan ədəbiyyatı ilə maraqlanan insanlar yaxşı tanıyır. Azərbaycan Yazıçılar Birliyinə qarşı yaranan müxalifətin tanınmışlarından olsa da, Azad Yazarlar Ocağının yaranmasında iştirak eləsə də sonradan müəyyən səbəblərdən AYB-yə üz olmağa qərar verib. Buludlu bir yaz gün şair Elxan Zalla görüşüb bütün bu məsələlərdən eyni zamanda üzvü olduğu AYB-də baş verən son hadisələrdən danışdıq.
   
   
   
   -Elxan bəy, gəlin söhbətə elə sizin özünüzdən başlayaq. Hal-hazırda nə işlə məşğulsunuz?
   
   -Yazıçı nə işlə məşğul olar? (gülür) Yazılarımla məşğulam.
   
   -Bir az konkretləşdirək...
   
   -Hal-hazırda Götenin "Qərb-Şərq" divanını tərcümə edirəm. Sətri tərcümələrini hazırlatdırmışam, eyni zamanda rus dilinə edilmiş tərcümələrdən də istifadə edirəm. Hesab edirəm ki, bu çox vacib və lazımlı bir iş olacaq.
   
   -Sizin dərginiz də vardı...
   
   -Bəli. Mən "Ulu Çinar" dərgisinə rəhbərlik edirdim və dərgi oxucular və geniş ictimaiyyət tərəfindən çox yaxşı qarşılanırdı. Mahmud Kaşğarlı fondunun kifayət qədər maliyyə imkanları olmadığı üçün, bu dərginin çapı istənilən şəkildə davam etmədi. Dərgi əsasən mənim şəxsi vəsaitim və aldığım qonararlar hesabına çap olunurdu. Hərdən aldığım qrantlar da köməyimə çatırdı. TÜSİAB müəyyən qədər yardımılar edirdi. Amma o qurumun da rəhbərliyi dəyişdiyi üçün sponsorluğu dayandırdılar.
   
   -Azərbaycan Yazıçılar Birliyindən maliyyə dəstəyi alırdınızmı?
   
   -Yox. Qətiyyən AYB-dən maliyyə dəstəyi almamışam. AYB büdcə təşkilatıdır və onların öz ədəbi orqanları var. Əslində bu tipli jurnallara dəstək vermək lazımdır. Bir vaxtlar "Dünya ədəbiyyatı" və "Körpü" kimi dərgilər də vardı. Ancaq onlara da lazımi dəstək göstərilmədi. Hesab edirəm ki, AYB-nin hazırki strukturu köhnəlib və işlək deyil. Bu Sovetdən qalma strukturdur və ancaq büdcədən alınan pul hesabına yaşayır. Burda sovetdən qalma katiblik sistemi davam edir və katiblərin heç birinin funksiyası bəlli deyil. Katiblər sadəcə AYB-yə gəlib gedirlər. Artıq Sovet quruluşu dağılıb və biz yeni formasiyada yaşayırıq. İndi bu təşkilata böyük təşkilatlardan qrantlar cəlb eləmək, böyük şirkətlərlə əlaqə yaratmaq vacibdir. Azərbaycanda böyük neft pulları var. Neft şirkətlərinin donorluğundan istifadə edib böyük ədəbi layihələr həyata keçirmək mümkündür. Amma bu işləri AYB-də həyata keçirən yoxdur.
   
   -Mən sizin fikirlərinizlə razıyam. Gözəl fikirlərdir. Ancaq, siz konkret olaraq nə təklif edirsiniz?
   
   -Məncə AYB-də islahatlar, struktur dəyişikliyi getməlidir. Məncə AYB-də ilk növbədə katiblik sistemi ləğv olunmalı, yerində icra strukturu, biznes strukturu yaranmalıdır. Məncə görünən işlər pul gətirməlidir. Tərcümə ilə, layihələrlə, nəşrlərlə məşğul olan qrumlar yaradılmalıdır.
   
   -Deyirsiniz ki, katiblik strukturu ləğv olunmalıdır, çünki yarıtmazdır. AYB katiblərindən Fikrət Qocanın, Çingiz Abdullayevin, Rəşad Məcidin sizcə heç bir fəaliyyəti yoxdur?
   
   -Burda söhbət şəxslərdən getmir. Struktur elədir ki, heç kəs heç nə ilə məşğul olmur. Mən indiyə qədər katiblərin nə isə iş həll elədiyini görməmişəm. Ümumiyyətlə katiblik nə üçün lazımdır? Axı onların heç bir fəaliyyəti yoxdur.
   
   -AYB-nin katibi Fikrət Qocanın fəaliyyəti nədən ibarətdir? O nə iş görür?
   
   -Bilmirəm
   
   -Bəs Rəşad Məcid? O nə isə iş görürmü?
   
   -Rəşad Məcidin müəyyən fəaliyyəti var. O ən azı, Gənc Ədiblər Məktəbini yaradıb və uğurlu bir layihəyə imza atıb.
   
   -AYB-nin ədəbi orqanlarının fəaliyyətindən razısınızmı? Mətbuatda tez-tez tənqidə tuş gələn "Azərbaycan" və "Ulduz" jurnalından, "Ədəbiyyat" qəzetindən razısınızmı?
   
   -Bu strukturda belə də olmalıdı onların fəaliyyəti. Bundan artıq heç nə edə bilməzlər. Bu jurnalların redaktorları istedadlı adamlardır. Ancaq bu strukturda onların gördüyü iş bundan artıq olmayacaq. Bu jurnallar 5000 tirajla da çıxsa heç nə dəyişməyəcək. Məncə bu jurnalların fəaliyyəti üçün büdcədən daha çox pul ayrılmalıdır. Heç kəs bu jurnalların inkişafında maraqlı deyil. Digər tərəfdən jurnallarda ifrat işçi çoxluğu var. "Azərbaycan" jurnalında 60-dan çox işçi var və onların cəmisi 7-si, 8-i işə gəlib gedir. Əsas iş görən iki-üç nəfərdir. 2-3 nəfərlə çıxan jurnal belə fəaliyyət göstərməlidir.
   
   -AYB-nin ləğv olunmasını istəyənlər var. Buna münasibətiniz necədir?
   
   -Mən AYB-nin ləğv olunmasını istəmirəm. AYB nüfuzlu qurum olub sovet dövründə. Fikir vermisinizsə sovet dövrünü görmüş, bu dövrdə ədəbiyyata gəlmiş adamlara yazıçı, şair deyirlər. Ancaq müstəqillik dövründə ədəbiyyata gələnlərə gənc yazar deyirlər. Düzdür, burda nəsillər arası çəkişmələr də var, amma eyni zamanda AYB sovet dövründə populyar olduğu üçün o dövrün qələm adamlarına yazıçı, şair deyə bilirlər. Sovet dövləti yazıçıları yüksəldə, ucalda bilərdi. Məjşur imzalar, tanınmış adamlar AYB-nin simasını təşkil edir. AYB-nin üzvü olan xeyi millət vəkili var. AYB ləğv olunsa, dövlətin müstəqil təşkilatlara qrant verəcəyinə, dəstək olacağına inanmıram. Bu gün ədəbi hadisələr iki cür inkişaf edir. Bir AYB ətrafında, bir də Slavyan Universiteti ətrafında.
   
   -Bəs AYO, "Qanun" nəşriyyatı?
   
   -"Qanun" nəşriyyatı ölkəmizdə kitab nəşri ilə məşğul olan çox nüfuzlu nəşriyyatdır və onun çox təqdirəlayiq işləri var. "Qanun" nəşriyyatı risklə kitab çap edir, məsuliyyəti öz boynuna götürür və uğurlu bazar formalaşdırı. Ancaq yaradıcı qurumlar tamam başqa formada fəaliyyət göstərməlidir. Əksər ölkələrdə yaradıcı qurumlar elitar bir qurumdur və bu qurumda yaradıcı insanlar, yazıçılar birləşərək bir-birinə dəstək verir. Burda söhbət ilk növbədə mənəvi dəstəkdən gedir. Ancaq mənəvi dəstək olan yerdə maddi dəstək də olur və bu dəstək hesabına çox böyük işlər görülür. İdeoloji baxışlarına və dünya görüşlərinə görə 50-100 yazar bir yerə yığışır və belə birliklər formalaşır. Belə bir qurumdan Nobel mükafatçısı çıxanda, qurumun maliyyə problemi də həll olunur. AYB sovet dövründən qalma təşkilat olsa da, fikir ayrılıqları, fərqli düşüncəli yazıçılar var. Amma AYO heç bir ənənəsi olmayan, maliyyə dayaqları olmayan bir qurumdur. AYO-da daha çox narazılar birləşib. AYB bəzi işləri görmədiyi üçün narazılar var və yeni yaranan ədəbi gənclik də narazı qalır. Yeni düşüncəli insanlar, köhnə metodlarla razılaşmır. Ölkədə yeni binalar tikilir, dənizdə şəhər salınır, dünya yenilənir. Amma AYB 80 il əvvəlki təşkilatdır. Bu gəncləri haqlı olaraq narazı salır. AYO bu ehtiyacdan yaranıb. Mən də bir vaxtlar onların yanında olmuşam.
   
   -AYO-nun yaradılması ilə bağlı danışardınız? Kimlər var idi AYO yarananda?
   
   -AYO-nu Murad Köhnəqala, Rasim Qaraca, Həmid Herisçi və mən yaratmışıq. Əvvəlcə bu barədə söhbətləri Rasim Qaraca ilə etdik və belə bir təşkilat yaratmaq ideyası o zaman yarandı. Sonradan Murad Köhnəqala bu prosesə çox aktiv şəkildə qoşuldu. O zaman Murad "Azadlıq" qəzetində, mən də "Azad söz" jurnalitlər birliyində çalışırdım. Bizim "İnturist"də bir otağımız var idi. Yaranmağımız belə oldu. Sonradan digər gənclər, hal-hazırda AYB-də olan tanınmış imzalar yığışdı ətrafımıza.
   
   -Bəs nə üçün AYO-dan ayrıldınız?
   
   -Mən bu barədə yazmışam. Sonradan gənclər Anarı, onun valideyinlərini söyməyə başladı. Mən başa düşə bilmirdim ki, Anarın anasının bu məsələlərdə nə günahı var. Mən belə şeylərlə razılaşa bilməzdim. İstənilən şair millətin sərvətidir. Onların necə adam olmasının məsələyə dəxli yoxdur. Bu cür yanaşma məni razı salmırdı. Məsələn, Həmid Herisçi Anarı, Rəsul Rzanı tənqid edir, öz atası Qafar Kəndlini idealizə edirdi.
   
   -Siz Anarın tənqid olunmasına qarşı çıxdınız?
   
   -Yox. Mən tənqidə qarşı deyiləm. Mən təhqirə qarşı çıxmışdım. Mən təklif elədim ki, AYB-yə üzv olaq və tənqidi fikirlərimizi orda deyək. Biz getmək, sözümüzü deməsək mühafizəkarlar orda öz istədiklərini edəcəklər. İstənilən lider öz ətrafının əsiridir.
   
   -Deməli, Anar ətrafının əsiridir...
   
   -Söhbət Anardan getmir. Dünyanın istənilən lideri ətrafının əsiridir. Elə Rasim Qaraca da ətrafının əsiridir.
   
   -Sizin məntiqinizdən belə çıxır ki, Anar Fikrət Qocanın, Çingiz Abdullayevin, Ədalət Əsgəroğlunun, Rəşad Məcidin əsiridir?
   
   -Bəli. Amma burda söhbət Anardan getmir axı. Obama da, ətrafının əsiridir. Anar da, bütün liderlər kimi, ətrafının əsiridir. Bu vəziyyət istənilən qurumda var.
   
   -AYO-da bu problem var?
   
   -AYO yarananda elitar bir qurum kimi yaranmışdı və üzvlərin sayı 10-dan çox olmayacaqdı. Sonradan vəziyyət dəyişdi. Murad və digərləri məni tənqid edirlər ki, mən Rasimi bu təşkilata gətirdim. Amma bu gün də hesab edirəm ki, Rasim Qaraca zəhmətkeş adamdır və bacardığını ortaya qoydu. Hətta Rasim olmasa, "Alatoran" jurnalı da olmazdı. İlk yarandığı gündən AYO-da dartışma çox idi. Sonradan AYO-da güclü marginallaşma getdi. Heç bir ənənəsi olmayan AYO, tarixi və maddi bazası olan AYB kimi bir qurumla davaya başladı, üzvlərin sayını artırmağa başladı. Getdikcə hədəflər dəyişməyə başladı. AYO-nun ətrafına cəlb elədiyi insanlar, yazıçılıqdan çox qəzetçiliklə məşğuldurlar. AYB-də adekvat addım atdı. AYO yarananda AYB-nin 300 üzvü var idisə, indi bu say 2000-dən çoxdur. Hər iki qurum marginallaşdı. AYB-də öz ətrafına gəncləri yığmağa başladı.
   
   -AYB kimi qurumun cazibəsi nədir ki, yaradıcı gənclər ora üz tutur?
   
   -AYB-nin konkret maddi imkanları var. Təqaüd, ev vermək imkanı var.
   
   -Siz təqaüd almısınızmı?
   
   -Bəli. İlk dəfə verilməyə başlayanda. Amma təqaüd ilk dəfə veriləndə çox ədalətli idi. Sonradan marginallaşma bu ədalət prinsipinə zərbə vurdu. Siyahılar açıqlansa çox adam özünə nifrət edər ki, mən də bu təqaüdü almışam. Çox biyabırçı durum var.
   
   -Sizcə niyə siyahı açıqlanmır?
   
   -Mən bunu bilmirəm. Amma yazıçılar bunu tələb etməlidir. Son siyahıların 90 %-nin ədəbiyyata dəxli yoxdur.
   
   -Bu yaxınlarda AYB 36 nəfərə ev verildi. Siz bu siyahıda yoxsunuz. Sizcə Elxan Zal kirayədə qalmalıdırmı? Bildiyim qədər siz Qarabağ müharibəsində də iştirak etmisiniz...
   
   -Bu siyahıda ən yaxşı halda 10 nəfər adam öz haqqını alıb. Digərlərini başa düşə bilmirəm. Pul silmək üçün bir vasitədir bu ev məsələsi. Həm də baş qatırlar. Kanadada yaşayan insana ev verilməsi səhv addımdır. Amma Anarın katibəsinin ev almaq haqqı var. Amma çoxusunu heç kəs tanımır. Amma ən azı biz tanımalıyıq axı bu adamları. Mən bu adamların çoxusunun adını eşitməmişəm. Orda təkrar ev alan adamlar da var.
   
   -Kimlərdir təkrar ev alan adamlar?
   
   -İndi siyahı yanımızda olsa, mən sizə deyərdim. Amma belələri dəqiq var. Məncə bir binadan 9 mənzil verilməsi yalandır. Müqavilənin şərtlərini heç kəs görməyib. Mənim də iş adamları arasında dostlarım var. Məncə daha çox mənzil verilib. Məncə AYB-də mənzil növbəsi, Həmkarlar təşkilatı yoxdur. Firuzə Məmmədli açıqlama verir ki, biz AYB-nin aparatıyıq. Mən bu şeyləri başa düşmürəm.
   
   -Belə çıxır ki AYB-nin Mənzil komissiyası saxtakarlıq edib?
   
   -Komissiya da, rəhbərlik də, katiblik də saxtakarlıq edib. Mən o gün gördüm ki, Anar müəllim çox əzab çəkir. Hamı onun üstünə yeriyir. Amma o nə qədər günahkardır? Məncə ev istedadlı adamlara verilməlidir. Niyə Əsəd Cahangirin evi olmamalıdır? Səlim Babullaoğlunun, Qulu Ağsəsin, mənim niyə evim olmamalıdır? Məncə bütün kriteriyalar itib.
   
   -Siz əvvəlki söhbətimizdə dediniz ki, Anarın əsəbləşməsində maraqlı adamlar var. Kimlərdir onlar?
   
   -Mən o adamları tanıyıram. Ancaq bu barədə danışmaq istəmirəm.

TƏQVİM / ARXİV