adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Elxan Yurdoğlu: Şeir Tanrı vergisini Tanrıya qaytarma cəhdidi

27041 | 2012-08-01 08:41
-Qaynar ədəbi mühitdən uzaqda, qalmaqalsız, mübahisələrsiz, "atışmalar"sız bir şairin həyatı necə keçir?
   
   -Sualı iki mərhələyə bölüb cavab vermək istəyirəm. Qaynar ədəbi mühitdən uzaq... Ürəyim istəyən kimi keçmir. Hamı qaynar qazanın içində olmaq istər. Eləcə də mən. Fikirləşirəm ki, ədəbi mühitin içində olmaq, hər gün o mühitin bir neçə üzvü ilə qarşılaşmaq, hal-əhval tutmaq, yeni yazılarıyla maraqlanmaq, yaradıcılıq nümunəsini dinləmək və öz nümunələrindən oxumaq, fikir almaq, fikir vermək... bunların hamısı bir yazarın istər dünyagörüşünə, istərsə də yaradıclığına təsirini göstərir. Bu baxımdan qaynar ədəbi mühitdən uzaqda akvariumdakı balıq kimi olursan.. Dəniz üçün darıxırsan...
   
   Sualın ikinci hissəsi isə qalmaqalsız, mübahisələrsiz, "atışmalar"sız həyat... Belə həyatı çox sevirəm. Mən atışmalara ümumiyyətlə həvəsi olmayan, qalmaqallardan boğulan, mübahisə etməyi sevməyən biriyəm. Və belə olduğu üçün sualın ikinci tərəfi baxımından bir şairin həyatı çox yaxşı keçir.
   
   -Az qala hər gün bir yeni kitab, yeni imza təqdim olunur. Tanışlıq imkanınız varmı?
   
   -Facebook-u sağ olsun. Hamını izləmək imkanım olur. Bəyəndiyim yazarlarım var. Onları onsuz da oxuyuram. Yeni imzaların isə 2-3 nümunəsini dişimə vurandan sonra qərarımı verirəm. Bunu oxumağa dəyər, ya yox. Yazılarını bəyəndiyim imzalarla isə mütləq tanışlığa can atıram. Hər dəfə Bakıya gələndə mütləq 7-8 yeni çıxan, xüsusilə son dövr gənc yazarların kitablarını alıb oxuyuram.
   
   Maraqlı bir məsələni də deyim. Naxçıvanda yaşamağıma baxmayaraq Bakıda mətbuatda işləyən bəzi dostlarım elə Bakının özündə yazıb-yaradan yazarların çoxunun əlaqə koordinatlarını-telefonlarını, iş yerlərini məndən soruşurlar. Naxçıvanda isə demək olar ki, mərkəzdə biriylə əlaqə saxlamaq istəyənlərin böyük əksəriyyəti mütləq mənə müraciət edir.
   
   -Şairlərimizin çoxusu nəsrə, publisistikaya meyillənir, bir növ şeirin daşını atır. Sən şeirdən ayrılmaq istəmirsən ki?
   
   -Hərənin öz işidi, öz seçimidig Bunu niyə belə eləyirlər bilmirəm. Amma məncə şeirdən nəsrə keçənlərin uğur qazanma şansları çoxdur. Publisistikayla məşğul olmaq isə ayrı bir sənətti. Amma mən şeirin daşını birdəfəlik elə o daş dövrünə tullayanları başa düşmürəm.
   
   Elə hamımız bir ucdan deyirik ki, şeir ilahi vergidi. İlahi vergidisə niyə şeir yazmağın daşını atırlar. Vergi ki, alınmaq üçün verilmir. Allah çox səxavətlidi. Bu mənada mən şeirdə yeni söz deməyə gücü çatmayanların şeirin daşını raqatqaya qoyduqlarını düşünürəm. Mən isə nəsrə keçməyi heç düşünmürəm. Şeirlə aram çox yaxşıdı. Şeir Tanrı vergisini Tanrıya qaytarma cəhdidi. Hələ ki, cəhd göstərirəm.
   
   -Ədəbiyyat fədakarlıq, səbr, istedad, intellekt tələb edir...Bu gün, siz ədəbiyyatımızda nəyin olmadığını düşünürsünüz?
   
   -Fikirləşirəm ki, ədəbiyyatımızda fədəkarlıq da var, səbr də, istedad da, intellekt də. Amma bunların hamısının bir arada olduğu yazarımız yoxdu. İntellektli, istedadlı yazarımızda səbr çatışmır. Səbrli yazarımızda fədakarlıq. Fədakar yazarımızda intellektg
   
   -Bakı ədəbi mühitinin mənzərəsi Naxçıvandan necə görünür? Necə düşünürsünüz?
   
   - Hər dəfə Bakıya gələndə hiss eləmişəm ki, Bakı mənə yuxarıdan aşağı baxır. Bir vaxtlar Bakıda yaşayan əlçatmaz olan imzaların da qibtəsini edirdim. Amma yaxınlaşdıqca gördüm ki, elə hər yerdə mənzərə eyni cürdü.
   
   Sadəcə mətbuatın böyük əksəriyyəti Bakıdadı deyə, bir az da dostbazlıq, tanışbazlıq sayəsində o bunu tərifləyib təbliğ edir, bu da onu tənqid edərək təbliğ edir. Beləliklə də bütünlüklə Azərbaycanda tanınırlar. Sonra yavaş-yavaş, təbiri caizsə, sızdım həmin Bakı mühitinin içinəg Dostlar qazandım, tanışlıqlar qurdum, əlaqələr yaratdım, bir az da özümü tanıtdım, imzamı tanıtdım. Dostlaşdığım, tanış olduqlarım birinci dəfə olmasa da üçüncü, dördüncü çıxışlarında adımı çəkdilər, məni tanıtdılar. Beləliklə də özümü də Naxçıvanda yaşaya-yaşaya Bakıdakı mühitə göstərdim.
   
   Sualdan çox aralanmadan deyim ki, Naxçıvandan baxanda Bakı ədəbi mühiti çox qarmaşıq görünür. Əvvəldə dediyin kimi qalmaqallı, atışmalı, vuruşmalı, döyüşməli və nəticədə çayxanalarda görüşməli, dərdləşməli bir mühit.
   
   Bir də ki, Cəlil, Naxçıvandan baxanda anlaya bilmirəm, bir qrup gənclər Anardan, Rəşad Məciddən nə istəyir? Halbuki Rəşad Məcidin arxasınca danışanların çoxunu vaxtı ilə elə Rəşad Məcidin şinelindən demirəm, qəzetindən, ya da elə qəzetində çıxdığını, çıxış etdiyini, özünü tanıtdığını görmüşəm.
   
   -Səni düşündürən, təəccübləndirən, heyrətləndirən imzalar varmı?
   
   -Məni hələ də Ramiz Rövşən düşündürür, Ramiz Qusarçaylı təəcübləndirir, Vaqif Bayatlı heyrətləndirir...
   
   Həmçinin Səlim Babullaoğlu, Qulu Ağsəs, Şərif Ağayar, Hüseyn Bağıroğlu, Sona Yaqublu, Qismət, Oktay Hacımusalı, Cəlil Cavanşir (qətiyyən müsahibə alırsan deyə demirəm) düşündürür, İstedadını gizlədən İlqar Qulusoy təəccübləndirir, Aysel Əlizadə isə hər yazısını maraqlı və fərqli üslubda yazmasıyla heyrətləndirir.
   
   

TƏQVİM / ARXİV