adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

DƏRD VƏ DƏRMAN

20444 | 2007-12-01 06:36

   
   "İnsan həkim üçün xəstələnir". Bu vaxta qədər oxuduğum ən maraqlı fikirlərdən biridir. Paradoksdur, mübahisəlidir, amma maraqlıdır. Doğrudan da, insan həkim üçün xəstələnir ki, onu müalicə etsin. Müalicə, yəni dərddən azad olmaq, dərddən azad olub ölümün pəncəsindən qurtulmaq isə yenidən doğulmağa bərabərdir. Bunun doğru olduğunu bilməkdən ötrü xəstəxanadan sağalıb qayıdan insanın üzünə baxmaq kifayət edər. Əlbəttə, birinci günlər. Elə bil təzə doğulan körpədir. Baxışları ilə adamları, əşyaları, təbiəti elə oxşayır ki, sanki onların nə qədər böyük nemət olduğunu yalnız indi başa düşüb. Sanki ətrafda hər şey ona tanışdır və bununla bərabər hər şeyi ilk dəfədir görür. Məgər "cənnət ləzzəti" bu deyil. Amma bu "cənnət ləzzəti"nin qiyməti çox bahadır. Biz çox zaman deyirik "həzz və iztirab". Amma gerçəkdə yanaşı dayanan bu sözlərin ardıcıllığı tərsinə olmalıdır: "iztirab və həzz". İztirab çəkmədən həzz aləminə çıxmaq mümkün deyil. Düzdür, həzz aləminə çıxmağın iztirabsız da yolları olur. Bununla belə, iztirabsız ona verilən payı kimsə həzz kimi qiymətləndirə bilməyəcək. Tox adamın, ya var olanın üstünə yenidən var gələndə bu onun üçün bir o qədər də böyük səadət olmayacaq. Məsələ də ondadır ki, var həmişə varın üstünə gəlir. Dolu həmişə dəryaya yağır. Dünyanın qəribə və bir o qədər də ədalətli sayıla bilməyəcək qanunlarından biri də budur.
   
   Mənim bir tanışım Sovet vaxtında təcrübə almaq üçün Baltikyanı (o zaman Pribaltika deyirdik) respublikalardan birinə göndərilmişdi. İş belə gətirir ki, dostum orda təcrübə müddətindən artıq qalmalı olur. Təbii ki, özü ilə gətirdiyi pul azalmağa başlayır. Evə məktub yazsa da, pul hələ gəlib çıxmaq bilmir. Hər gün poçtdan adına hələ heç nə olmadığını biləndən sonra məyus halda çıxır və hər dəfə də bəxtini yoxlamaq üçün küçədə bir qadının xüsusi stolun üstünə qoyub satdığı "Sprint" lotereya alıb açır. Və hər dəfə lotereyanın içində "uduşsuz" sözlərini oxuyur. Bu o qədər təkrar olunur ki, hətta o qadın da tanışıma ürəyi yana-yana tamaşa edirmiş. Bir gün iri poçt binasına girib öyrənir ki, nəhayət adına pul gəlib. Pulu alıb kefi kök çıxır bayıra. Kefini bir az da artırmaq xatirinə lotereya stoluna yaxınlaşıb tək bircə dənə "Sprint" alır. Lotereya kağızını cırıb içində nə görsə yaxşıdır. Böyük məbləğdə uduş. Əgər uduşlu kağızı əvvəlki günlərdə açsaydı, görün onun sevinci nə həddə olardı. Hətta sevincindən lotereya satan qadını qucaqlayıb öpərdi də... Amma indii, cibində pul olan vaxtı tanışım yalnız bəxtinə kinayə ilə gülməli oldu. Qadın isə ona yenə yana-yana baxıb soruşdu:
   
   - Nə oldu, yenə də uduşsuz?
   
   - Yox uddum, - tanışım kağızı qadına göstərir. Qadın təəccüblənir ki, bəs niyə bikef oldu? Tanışım da ona Azərbaycan xalq məsəlini söyləyib.

TƏQVİM / ARXİV