adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7

Cənnət haqdır, gerçək deyil

18569 | 2009-01-10 01:35
Cənnət və cəhənnəm, müqəddəs kitabımızda yazıldığı kimi, haqdır. Bizim həri birimiz əməllərimizə uyğun olaraq o dünyada ya cənnətə, ya da cəhənnəmə düşürük. Deməli, nə cənnət, nə də cəhənnəm real, yəni gerçək, görünən, duyulan və yaşanan deyil. Ola da bilməz. Real olana necə haqdır demək olar? Haqqa yalnız inanmaq lazımdır. İnam isə görünməyənə və duyulmayana qarşı mümkündür. Real görünən və duyulanın inama ehtiyacı yoxdur. Sən inanmasan da real olan var, odur bax, dayanıb durub göz qabağında. Əksinə, yalnız güclü, qeyri-insani, fövqəl inama minnətdar olaraq görünməyən və duyulmayan nəyinsə haqq olduğu barədə danışmaq imkanı əldə edə bilərik.
   
   Amma bəziləri küfr eləyib deyir ki, cənnət də, cəhənnəm də elə bu dünyadadır. Cəhənnəmi deyə bilmərəm. Bəşər tarixində, elə indinin özündə elə müsibətli hadisələr baş verir ki, daha cəhənnəmin nə demək olduğu barədə düşünməyə, düşünüb vahimələnməyə, təsəvvür oyatmağa ehtiyac qalmır. Onu da deyə bilmərəm ki, cənnət bu dünyada yoxdur. Çünki böyük kapitalın yaratdığı cənnət insana ləzzət, kef almaq üçün o qədər gen-bol şərait yaradır ki, daha o dünya barədə düşünmək, ümid etmək, buna görə də savab qazanmaq üçün əlavə zəhmət çəkmək lazım gəlmir. Əgər qismətinə bu dünyada elə yaşamaq düşübsə, daha xülyalara qapılmağın mənası nədir? Bəlkə də elə bu səbəbdən kapitalizm cənnətinin sakinlərinin ən zəhləsi getdiyi şey əxlaqdır. O imkansız cındırlardır, əxlaqi dəyərlər barədə danışıb zəhlə tökürlər. Eybi yox, qoy töksünlər. Bu da lazımdır. Bu da hasardır, bizim hansı cənnətdə yaşadığımızı adamların görməməsi, duymaması üçün ucalan divarlardan biridir. Hərdən bizə də təsəvvür yaratmaq xatirinə əxlaqi dəyərlərdən danışmaq lazımdır.
   
   Cənnət və cəhənnəmin elə bu dünyada olması barədə daha çox misallar gətirmək olar. Doğrudur, buna əks olaraq ağla gələn birinci fikir odur ki, bu dünyada hər şey nisbidir, eləcə də bu dünyanın cənnət və cəhənnəmi də keçicidir. Mütləq cənnət, mütləq cəhənnəm yalnız o dünyada ola billər. Amma mən bu məsələyə bir qədər başqa tərəfdən yanaşmaq istəyirəm. Mənim fikrimcə, insan zülmə, müsibətə müəyyən həddə qədər tab gətirdiyi kimi kefə, ləzzətə, həzzalmaya da sonsuz olaraq davam gətirə bilməz. Əvvəlki ləzzət köhnəldikcə, yaxud bir adamın, dar dairənin inhisarından çıxdıqca yenilərinin axtarışı başlanır. Bununla da özünə komfort yaratmaq əvəzinə, diskomfort yaradır. Rahatlıq narahatlıqla əvəz olunur. Bir də axı hər şey olmayanda daha şirin görünür, nəinki olanda. Varı olanlar daha çox ləzzət sorağındadır, nəinki varı olmayanlar. Onlar nəyisə əldə etmək arzusu ilə yaşayır, ona çatan kimi cənnətə düşəcəyini zənn edir. Amma bütün həyatını, gücünü, bacarığını sərf eləyəndən sonra əldə etdiyindən bir gün, beş gün, bir ay ləzzət alır, sonra bütün bunlar tükənir, hər şey əvvəlki boz, darıxdırıcı halına qayıdır və varlı başlayır dəlilik, səfehlik etməyə. Odur ki, bütün bahalı mallar daha çox yoxsullar üçündür, nəinki varlılar. Yoxsul arzulayır, xəyala dalır, ümid edir, istədiyi malı yuxusunda görür. Varlı isə bütün bu ecazkar aləmdən, yaşantılardan məhrumdur. Çünki onun varıdır.
   
   Bir fransız yazıçısı Eyfel qülləsinin Parisi bərbad hala saldığını düşünür. Onun Eyfel qülləsinə qarşı nifrətindən hamının xəbəri var. Amma nədənsə həmişə onu Eyfel qülləsinin lap yanında yerləşən kafedə görürlər. Nəhayət, bir nəfər cəsarətli çıxıb məşhur yazıçıdan soruşur: "Siz ki, Eyfel qülləsinə nifrət edirsiniz, niyə vaxtınızın çoxunu burda, qüllənin altında keçirirsiniz?" Yazıçı cavab verir: "Bura Parisdə yeganə yerdir ki, bu lənətə gəlmiş qüllə görünmür."
   
   Yoxsullar üçün varlıların varı hər yerdən görünür, varlılar isə o bədbəxt yazıçı kimi elə bir nöqtədir ki, varını görə bilmir. Onun yoxsula, yoxsulun dayandığı nöqtəyə daim ehtiyacı var.
   
   Məsələyə daha maraqlı yanaşmaq olar. Mən bu növ yanaşma ilə yaxınlarda oxuduğum qəribə məzmunlu bir kitabda tanış oldum. Kitabın müəllifi Azərbaycanın əksər gənc yazıçılarının özünə kumir seçdiyi Viktor Pelevindir. Kitabın adı da qəribədir: "Pindostanın siyasi cırtdanlarının vida nəğməsi". Kitabın adında sözlərin hamısının rusca "p" hərfi ilə başladığından onun ikinci adı "5 P"-dir. Pelevinin kitabında diqqətimi daha çox "Assari" adlı novella çəkdi. Avropada, elə ruslarda da XI əsrə aid olan və guya Həsən Sabbah tərəfindən yaradılan haşhaşilər təriqətini "assari" kimi ifadə edirlər. Son dövrlərdə kütləvi ədəbiyyatda, fentezi janrında yazılan romanlarda, kinoda, xüsusilə tarixi savaş filmlərində yaman dəbə düşən bir mövzudur. Ələmut qalasında Həsən Sabbahın davamçıları belə bir təcrübə həyata keçirirlər. İşğala məruz qoyduqları yerlərdən özləri ilə hündür, güclü, cüssəli gəncləri gətirir, onlara tiryək verib uydurur, sonra da cənnətə salırlar. Burda cavan oğlanın bütün vücudu ilə istədiyi hər şey var. Su əvəzinə şərab axan çay, müxtəlif dadlı, şirəli meyvə ağacları, ağacların altında, xüsusi döşənmiş yerlərdə çılpaq, bədəninə müşkü-ənbər, parıltılı mayelər çəkilmiş say-seçmə, biri-birindən gözəl qızlar. Gənc oğlan bir xeyli bu cənnətdə qalandan sonra onu ayıldıb yenidən sərt, ağır, kobud gerçəkliyə qaytarırlar. Amma onun yaddaşına artıq o gördüyü, müvəqqəti yaşadığı cənnət həkk olunub. Gənc bundan sonra daim o cənnətin sorağı ilə gəzib dolanır, yalnız o barədə düşünür. Bu prosedur bir-iki dəfə də təkrar olunandan sonra həmin gənclər artıq bu dünyada olmayanın əsirinə çevrilirlər. Hər bir şərtə razıdırlar, təki yenidən o aləmə, o cənnətə düşsünlər. Bax, bu zaman təbliğat işə düşür. Yenidən cənnətə düşmək üçün gənc oğlan gərək gedib döyüş meydanında həlak olsun. Bununla da bugünkü dillə desək, kamikadze hazırlayırlar.
   
   Pelevinin novellasında Ələmut dağında yerləşən qalaya Əli adında bir gənci gətirirlər. Onu yuxarıda göstərilən mərhələlərdən keçirirlər. Amma bir gün bu oğlan hər şeyi anlayıb qaladan qaçır. Bu hadisəyə müəllifin istəyi ilə tarixçi, narkoloq, filosof və başqaları tərəfindən izahlar verilir. Əslində Ələmut qalasından qaçmaq bu dünyadan qaçmağa bərabərdir. Bəlkə də ondan da böyük hünərdir. Çünki dünyadan qaçmaq üçün özünə qəsd etmək kifayət eləyər. Amma dünyada qalıb onun şərtlərinə yox, öz prinsiplərinə sadiq olmaq qat-qat çətindir.
   
   Ələmut qalasında haşhaşilər ilə bağlı bu söhbətlər əslində tarixçilər tərəfindən təsdiqlənmir. Əvəzində bunun vasitəsilə bugünkü kapitalist dünyanın dəqiq təsviri yaranır.
   
   "Cənnət də, cəhənnəm də bu dünyadadır" fikri kapitalizmin əsas prinsipidir. İstənilən kəslər üçün cənnət yaratmaq olar. İstənilən yerdə istənilən kütlələri cəhənnəmə, alovun içinə salıb kül etmək də mümkündür. "Mümkün" düz söz deyil. Daha düz olar desək, tum çırtlamaq kimi bir şeydir. Çırt-çırt-çırt-çırt, aha, filankəs milyarder oldu! Çırt-çırt-çırt-çırt, aha, filan yerdə müharibə başladı, raket zərbələri, bu yandan bir iki nəfərin burnu qanadı, o yandan yüz, iki yüz, beş yüz... adam qırıldı... Bıy, bunlara nə oldu belə, birdən-birə belə toz, od, qiyamət qopardılar? Heç nə, onlar güclüdür. Onlar cənnət yaradıb şirnikləndirə, cəlb etdikləri kimi, cəhənnəm yaradıb məhv etməyi də bacarır. İndi gəl bu dünyadan qaç görüm, hara qaçırsan.
   
   Amma o rus yazıçısının əsərində Əli qaça bildi.
   
   

TƏQVİM / ARXİV