adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Qəssab qurban kəsir

18699 | 2008-12-06 02:31
Hicri-qəməri təqviminin on ikinci, Zilhüccə ayında dünyanın hər yerindən müsəlmanlar axışıb Məkkəyə gedir, Kəbə evini ziyarət edirlər. Zilhüccənin onunda, yəni bu ayın Aşura günündə qurban kəsilir. Mərasim İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsməsi və bu məqamda Cənab Cəbrayılın ona Allahdan xəbər gətirməsi ilə bağlıdır. İsmayıl qurbanlıq qoyunlarla əvəz olunur.
   
   İbrahim peyğəmbər ömrünü Allaha xidmətdə keçirib. Qocalanda, ömrünün sonuna yaxın Allahdan bir övlad diləyir. Bu zaman onun arvadı Sara da qocalıb əldən düşmüşdü. Onların uşağı ola bilməzdi. Allahın iznilə onun sevimli peyğəmbəri öz arvadının kənizi Həcərlə ildivacda olur. Bu izdivacdan oğlu İsmayıl dünyaya gəlir.
   
   Bu məqamla qeyri-islam alimləri mübahisə edirlər. Çünki İbrahim peyğəmbərin oğlu Saradan yox, onun misirli kənizi Həcərdən olması fərq yaradır. Ərəblər öz kökünü buradan götürürlər. Üstəlik, Həcər Saranın təqibindən körpəsi ilə qaçaraq susuz səhrada müqəddəsləşir. Allahın hökmüylə səhrada Zəm-zəm suyu gəlir.
   
   Bu, böyük hadisədir. Doğuluş və qurtuluş hadisəsi adlandırmaq olar bunu.
   
   Amma bundan da böyük hadisə İbrahim peyğəmbərin doğma övladını, canı-ciyəri olan oğlu İsmayılı Allaha qurban verməyə hazır olması hadisəsidir. Qurbanın qurbanlıq qoyunlarla əvəz olunması sonra gələcək. Əsas ən istəkli varlığın qurban verilməsi məqamıdır. İslamda bu, nümunə götürülür. Doğuluş və qurtuluş yox. İslama görə doğuluş və qurtuluş nə qədər əziz olsa belə, onu da Əlaya qurban verməyə hazır olmaq lazımdır. Həmişə! Qeyri-islam alimləri tərəfindən fərq görülür, amma bu fərqin də qurban verilməsinə hazırlıq nəzərə alınmır.
   
   Bizim dünyaya gəlməyimiz də, ölməyimiz də təsadüfün, bəzən və yaxud çox vaxt axmaq təsadüfün nəticəsi ola bilər. Ona görə də özümüzün və hətta doğmalarımızın təvəllüdünü, yəni dünyada maddi olumunu qurban verməyə hazırlıq mərtəbəsinə yetməliyik. Yetə bilirikmi? Məncə, yox.
   
   Hər il müsəlmanlar böyük hadisəni yaşayırlar. Amma Həcc ziyarəti və burada mərasimlərin yerinə yetirilməsi məsələnin yalnız zahiri tərəfidir. Hər bir mərasimin, hər bir əməlin kökündə nə durduğu barədə düşünmək lazımdır.
   
    Məşhur bir İslam alimi Əli Şəriəti yazır ki, həcc ziyarəti bundan daha böyük yola çıxmaq üçün işarədir. Kimsə bu işarəni görür, kimsə görməyib geri qayıdır. Yəni onun ziyarəti tamamlanmır. Tamamlanmır, deməli, qəbul olunmur. Şəriətinin mənim üçün daha maraqlı fikirləri qurbanlıqla bağlıdır. O, həcc ziyarətində olanlara və bütün müsəlmanlara, dərindən götürəndə bütün insanlara sual verir: "Sənin qurban verməyə İsmayılın varmı? Bu, övlad da ola bilər, bahalı əşya da, var-dövlətin də, hətta sevgin də..."
   
   Əgər qurbanlıq yalnız qoyun alıb kəsmək üçündürsə, bu, qurbanlıq yox, qəssablıqdır. Özü də elə bir qəssablıqdır ki, bunu az qala kütləvi edamla müqayisə etmək olar. O günü qan su yerinə axır. Ona görə biz dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən yaşıllar, ya da vegeterianlar cəmiyyətlərinin haqlı olaraq qınağına tuş gələ bilərik. Qoyunkəsmə heç bir şeydir. Yalnız bizə xatırlada bilər. Bu mərasim əsl qurbanvermədən sonra gəlir. Buna tam əmin olandan sonra əti kasıblara veriləcək qoyunları kəsə bilərsən.
   
   Qurbanlıq haqqında müxtəlif etiqadlarda müxtəlif düşüncələr mövcuddur. Bu, ilk növbədə bizim gördüyümüz aləmdən intəhasız dərəcədə böyük bir aləmin olduğunu və bu aləmləri iradəsi daxilində saxlayan İlahi Qüvvənin varlığına təsdiqdir. Qurbanlıq fikirlə əməlin vəhdətidir. Hər bir fikir (əgər doğrudan da fikirdirsə) öz təsdiqi üçün əməl tələb edir. Fikir əməldə, əməl fikirdə əks olunmalıdır. Bunların ayrı-ayrılıqda olması mümkün deyil. Əgər mümkündürsə, deməli, nə əməldir, nə də fikir. Nə isə başqa şeydir. Təsadüfdür. Hətta kiməsə yaxşılıq eləmisənsə, bu sənin əqidəndən gəlmirsə, təsadüfdür. Sabah səndən tələb olunanda həmin əməli etməyəcəksən. Bu yaxşı əməldən səni min bir bəhanə saxlayacaq. Ən böyük əməl isə qurban vermək, yaxud qurbanverməyə hazırlıqdır.
   
   Mən dindar deyiləm. Din haqqında geniş danışmağa nə savadım çatar, nə də bu haqda oxuduqlarım, əlimdə olan məlumatlar kifayət edər. Amma Yaradan mənə görmək, daha doğrusu, görə bilmək qabiliyyəti verib. Mən bu gün ətrafımda daşdan başqa heç nə görmürəm. Daş da, tikinti də əməldir. Amma bu əməlin simmetrik qarşılığında fikir durmur. Deməli, bu qədər daşın hamısı təsadüfdür. Məgər belə deyil? Daş fikir doğura bilərmi? Yox! Fikir daş doğura bilərmi? Hə!
   
   Əslində bütün bunlar təkrar-təkrar deyilən fikirlərdir. Bunların təkrar deyilməsi ətrafda baş verənlərə heç bir əsər edə bilməz. Hələ indiyə qədər bir dinlə o birinin dialoqu, ortaq məxrəcə gəlməyi baş tutmayıb. Biri digərini inkar edir. İslam dini də Kapitalizm dini ilə dialoqda ola bilməz. Baxmayaraq ki, sonuncu bütün dinləri özündə ehtiva etməyə iddialıdır. İlk baxışda doğrudan da dini mərasimlər kapitalizm daxilində baş verə bilər. Belə güman edilir ki, birinin digərinə dəxli yoxdur. Əslində isə var. Heç bir kapitalist, milliyyətindən, dinindən asılı olmayaraq, sözün əsl mənasında qurban verməyə hazır deyil. Necə qurban verə bilər ki, onun bütün varlığı, düşüncəsi, fəlsəfəsi pulla, rəqəmlərlə, rəqəmlərin ardınca düzülən sıfırlarla bağlıdır. Qurbanlıq mərasimi isə ən əziz olanı səndən istəyir. Onda zəhmət çək, bütün varidatını, səni başqalarından fərqləndirən o sıfırlarla dolu hesabını qurban ver və hamı kimi sadə həyat yaşa. Nə danışırsan? Bu, mümkün-dürmü? Bilirəm, mümkün deyil. Bəs onda nəyə görə həcc ziyarəti edirsən? Kommunistlərin, heç olmasa, hünəri çatırdı ki, özlərinin qardaşlıq, bərabərlik, beynəlmiləlçilik, nə bilim daha nəlik dininə sitayiş etdiklərini və bunun uğrunda mübarizə aparmağa hazır olduqlarını uca səslə elan etsinlər. Bəs siz nəyə hazırsınız? Qoyun kəsməyə? Əlbəttə, ondan asan nə var ki? Pulun, bir də qəssabın canı sağ olsun.
   
   Dünyanın bütün qəssabları birləşib dünyanın saysız-hesabsız və dilsiz-ağızsız qoyunlarını kəsirlər. Bunu biz qurbanlıq bayramı adlandırırıq. Özü də ilin hər günü. İndi buna biz nə deyək? Deyək Allah qəbul eləsin. Vallah, adamın dili dönmür belə deməyə.
   
   Gəlin bədbin olmayaq. Biz Qurbanlığı, Zilhüccənin onuncu gününü, yəni Aşuranı bayram edirik. Amma qurbanlığa hazırıqmı? Bəlkə hə, bəlkə də yox. Mən özüm üçün buna birmənalı cavab verə bilmirəm. Yəqin ki, mənim kimi çoxları da belə düşünür. Əgər hər il bunu bayram ediriksə, deməli, biz bu hadisənin içində yaşayırıq. Deməli, biz bu hadisənin həqiqətini dərk etməliyik. Əks təqdirdə bunu bayram etməyin, bu qədər xərc töküb ziyarətə getməyin sonu yalnız fikirlə təsdiqlənməyən əməl olacaq. Belə əməl isə bizi ölümün təsadüfiliyindən qurtara bilməz.
   
   Nəyəsə hələ yetişməmişiksə, deməli, qarşıda hələ vaxtımız və imkanımız var. Qarşıdan gələn Qurban bayramınız mübarək.

TƏQVİM / ARXİV