adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

BİZƏ ƏN ÇOX NƏ LAZIMDI?..

BABƏK YUSİFOĞLU
45456 | 2015-03-05 01:29


Vallah, həmkarlarım məndən incisələr də bu haqda bəzi şeyləri deyəcəyəm, inciməsələr də. Çünki söyləmədən mümkün döyül. Milli.az internet portalında bir yazı oxudum, gözlər görməsin, tüklərim ürpə qalxdı. Düşündüm ki, ən adi şeyləri qeyri-adiliklə axı necə ifadə etmək olar? Həzrəti Abbas haqqı adam bilmir ki, hansı tərəfdən başlayıb, hansı tərəfdə bitirsin?
Yazı Bakının ən ciddi nəqliyyat sıxlığı olan ərazilərindən birində, "20 Yanvar" metrostansiyası yaxınlığında - Müzəffər Həsənov küçəsindəki vəziyyətdən bəhs edir. Jurnalistlər əvvəlcə ətraflı şəkildə xatırladır ki, Respublika Klinik Xəstəxanası ilə "Azərsu" ASC-nin baş ofisi arasından keçən bu küçə paytaxtın Şimal-Qərb tərəfində həm nəqliyyatın, həm də piyadaların intensiv hərəkəti ilə fərqlənən küçələrdəndir. Və bu küçənin xəstəxana tərəfində hələ sovet dövründən xəstəxana hasarının yanı ilə enli səki yerləşirmiş. Həmin səki ilə küçənin avtomobillər üçün nəzərdə tutulan hərəkət hissəsi arasında yaşıllıqdan ibarət ayırıcı zolaq da var imiş. Və materialda qeyd olunur ki, indi nə həmin enli səki var, nə də həmin yaşıllıq zolağı.
Öz aramızdı, bu sətirləri oxuyanda əvvəlcə elə bildim ki, o başıbəlalı səki və yaşıllıq zolağı durduğu yerdə havaya buxarlanıb, ya da elə-belə - əstəğfürullah - qeybə çəkilib. Axı, olan şey birdən-birə necə olmaya bilər? Amma gördüm ki, salamatçılıqdı, yəni, heç bir qorxulu hadisə, ya qeyri-adi olay baş verməyib. Sən demə, həmin yerlər əməlli-başlı ticarət mərkəzinə çevrilib. Xeyirli olsun, bunun nəyi pisdi ki? Qaşınmayan yerdən niyə qan çıxarırlar, bilmirsən...
"Tem-bole" həmkarlarımıza oradakı "obyekt" sahiblərindən biri söyləyib ki, burada qəşəng peraşki satırlar, camaat da "vay, canım çıxdı" deyə-deyə onları mədəyə ötürür. Və mən yüz faiz əminəm ki, həmin "obyekt" sahibi böyük təvazökarlıq göstərərək satdıqları peraşkilərin çeşidlərini, növlərini, formalarını sadalamayıb. Kartof peraşkisinin mədəyə xeyirli cəhətlərini, ət peraşkisinin yaddaşı necə möhkəmlətdiyini, badımcan peraşkisinin asqırmağa köməyini, boranı peraşkisinin qara ciyərə verdiyi vitaminləri gözə soxmayıb. Qara ciyər dedim, yadıma qara ciyər peraşkisi düşdü. Öz aramızdı, qara ciyər peraşkisini heç gedib Parisin məşhur restoranlarında da tapmaq mümkün döyül. Amma baxın, bizdə onu "20 Yanvar" metrosunun yanında, elə küçədəcə satırlar. Nə qədər istəyirsən al, təp gözünə...
Bilmirəm bəziləri səkinin olmamasından niyə bu qədər narazılıq eləyirlər? Qardaş, səki yoxdu, özünüzün dediyiniz kimi, oradakı dar çığırdan keçin gedin də. Mütləq gərək asfalt döşənmiş səkidən keçəsiniz? Əslində çoxlarının xəbəri yoxdu ki, cığırın adamlara xeyiri asfalt səkilərdən daha çoxdu. Qaldı yaşıllıq zolağı və oradakı zibil qutularının yola atılması? Vallah, yaşıllıqdan zolaq olmaz. Bu başı bəlalı zolaq hara, biçarə yaşıllıq hara? Bu ikisi bir yerə sığmır axı. Zorladı bəyəm?
Zibil qutularını isə "voobşe" oradan ləğv eləmək lazımdı. Harda görünüb ki, şəhərin mərkəzində zibil qutuları olsun, yay vaxtı iyindən adamın bağrı çatlasın? Çox şükür, Bakı küləklər şəhəri döyülmü? Kim zibil atmaq istəyirsə vızıldatsın küçəyə, külək onu anında götürüb aparacaq. Tay nə istəyirsiz ki?..
Burada əsas məsələ nəyin əhaliyə daha çox vacib olmasıdı. Məncə, bizim hamımıza yaşıllıqdan, gediş-gəliş üçün səkilərdən, nəqliyyatın sərbəst hərəkət edə bilməsindən, zibil qutularındang daha vacibi iaşə, ticarət obyektləridi, peraşkilərdi, satılan digər girdirmə şeylərdi. Odur ki, sözünüz var, söz danışın, yoxdusa tay mən sizə nə deyim?
Hər halda bunların bir zıppıltısı çıxar...


TƏQVİM / ARXİV