adalet.az header logo
  • Bakı -°C
16 Iyul 2023 08:38
722
ƏDƏBİYYAT
A- A+

Ayaz Arabaçı: Allah ürəyimin evini yıxsın..

Hər qəmin, hər yasın içindən keçib,
Hər toyu-büsatı fikirləşirəm.
Oturub eləcə səhərə qədər,
Mən uzun-uzadı fikirləşirəm..

Kimim var yüyürüb qabağa çıxsın..
Dərdə yüyən vurub cəngini sıxsın..
Allah ürəyimin evini yıxsın..
Hər şeyi, hər zadı fikirləşirəm..

Gəl belə ötdürmə sən o çax-çaxı,
Gec ya tez hamının sınacaq şaxı.
Ehh,insan deyilən nədi ki, axı,
Bir ovuc əzadı...fikirləşirəm.

Çox gördüm qan qusan qızıl qəsrdə,
Ayrı gözəllik var kəmdə-kəsrdə,
Qoca bir şəhərdə kosmik əsrdə,
Qıratı, Bozatı fikirləşirəm..

Yanıldım tutdumsa hansı izləri,
Top kimi oynatdı həyat bizləri,
Oturub nə qədər talesizləri,
Nə qədər təzadı fikirləşirəm..

Dəyərlər başqaydı bəs axı, dünən..
Haqqın anasını ağladır dinən..
Bu xalqın uğrunda çırağa dönən,
Yüz ömrü, yüz adı fikirləşirəm..

Kimiydi könlümü başdan çıxardan..
Vəd verib gözümü yaşdan çıxardan.
Halal çörəyini daşdan çıxardan,
Fərhadı, Azadı fikirləşirəm..

Ağrıdı-acıdı,gəlir bəd deyil,
Rahatlıq..yox,məndə bu adət deyil,
Şairlik xoşbəxtlik,səadət deyil,
Nəsə bir qəzadı, fikirləşirəm..

O ümid deyilən son quruş durur..
Durur həm o yuva,həm o quş durur..
Sonunda hər şeydən qurtuluş durur..
Bu ömür cəzadı, fikirləşirəm..