adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ATA QATiLLƏRi

MƏZAHİR ƏHMƏDZADƏ
24874 | 2010-10-02 04:07
... Qətllər də çoxalır. Yəqin dünyanın hər yerində belədir, adi hal alıb. Pul üstündə, əmlak üstündə, içki və narkotikdən qızışıb "Sən kimsən mənim qarşımda?" sayaq dirəniş üstündə, torpaq üstündə (işğal altındakı torpaqlar nəzərdə tutulmur - M.Ə.), nə bilim, hansısa mənasız bir mübahisə üstündə...
   
   Ötənlərdə bu qədər qətl hadisələri olurdumu? Bir kənddə, bir rayonda təsadüfən və ya məqsədli adam öldürmək cinayəti baş verirdisə, uzun illər bunun söhbəti gedərdi. Camaat hətta cinayətkarın yaxınlarına belə salam verməzdi. Əgər bu cinayət xüsusi amansızlıqla baş verərdisə daha ciddi əks-səda doğurardı. Qatilin ailə üzvləri bəzən həmin yerdən köçüb gedərdilər.
   
   O vaxtlar öldürən öz ölümünü də gözünün qabağına alardı. Qanunlar eləydi ki, qatil nadir hallarda ölüm cəzasından qurtula bilirdi. Yaxşı halda 15 illik ciddi rejimli həbsxana məşəqqəti. Sovet həbsxanalarında heç də Qərbdəki kimi gündəlik mətbuat, radio-televiziya, təmiz yatacaq, tennis kortu, vaxtaşırı görüşlər təşkil olunmurdu dustaqlara. Güllələnməyə məhkum olunan qatilləri isə hətta yaxınları da tezliklə unudurdu.
   
   Azərbaycanda da ölüm hökmünün ləğv edilməsi humanizmin təntənəsidir. Ölən ölür, öldürənsə 5-6 il, uzaqbaşı 10-12 ildən sonra islah olunaraq (?) qayıdır evinə-eşiyinə. Bəzən...
   
   Bunları qoyaq bir tərəfə. Məni daha çox düşündürən qətllərin cinsi bölgüsündə ən dəhşətli təmayülün özünə yer tutmasıdır. Doğma övladın ataya əl qaldırması qeyri-adi cinayətdir. Biz keçmişlərdə atanın öz övladını öldürməsi haqqında qorxulu söhbətlər eşidərdik. Çox vaxt səbəbini gizlədərdilər. Və belə hadisələr o qədər uzaq məsafələrdə və ya illərdə baş verərdi ki, inanmaq da olmurdu. Atanın öz övladını öldürməsi nə qədər böyük günah və cinayət sayılsa da, müəyyən səbəblərə, çıxılmazlıqlara söykənməsi də olurdu və cəmiyyət bunu həmin ailənin böyük facisəsi sayırdı, məhv olmuş talelərə acıyırdı.
   
   Oğulun atanı öldürməsi! Hətta ata dünyanın ən alçaq və şərəfsiz adamlarından birisi olsa belə, övladın onu öldürməsi mümkünmü? Belə fakt Azərbaycanda bəlkə də 50-100 ildə bir dəfə baş verə, ya verməyə. Təbii ki, təsadüfi ölüm hadisələri istisnadır.
   
   İndi isə ən azından 2-3 aydan bir hansısa oğulun öz doğmaca atasını öldürməsi haqqında rəsmi məlumatlar yayılır, cinayətin motivləri açıqlanır. Biabırçılıqdır. Və yenə də bu tip cinayətlərin əsasən kasıb təbəqələrdə baş verdiyinin şahidi olursan. Ancaq hər hansı sosial bəlanın şəxsin ata qatili olması kimi ağır fəsadını törətməlidirmi? Bəs həmişə arxayınlıqla söylənilir ki, Tanrıdan sonra ata-ana müqəddəsliyidir!
   
   Cəmiyyətdəki anormallıq, saxta əxlaq nümunələri istər kənddə, rayonda, istərsə də böyük şəhərlərdə bəzi gənclərin dünya görüşündə təsirsiz ötüşmür. Üstəlik gizlətməyə çalışdığımız, daha doğrusu, sayını, miqdarını, real statistikasını azaltdığımız narkomaniya faktları. Bəli, dəhşətli budur! Alkoqolik və narkoman övladın kriz vaxtı özgəylə atanın fərqi olmaz. O, qarşısına çıxana əl qaldırar, öldürər və ölüsünün üstündən də saymazyana adlayıb yoluna davam edər.
   
   Heç bıçaqla, baltayla, əgər əlinə keçərsə odlu silahla öldürməyə də bəzən ehtiyac qalmır. Narkoman övlad onun bu halını bilən andan ata-anasını onsuz da hər gün öldürür, hər gün ata-ana qatili olur. Başqa tərəfdən də az eşidirikmi, filankəs sapsağlam adam idi, dünən ürəyi partlayıb öldü... Araşdıranda görürsən ki, oğlu narkoman imiş.
   
   Azərbaycanda heç vaxt indiki qədər ata qatili olmadığı kimi, indiki qədər də narkomaniya belə geniş yayılmayıb.
   
   Əsas səbəblərdən biri də elə budur.

TƏQVİM / ARXİV