05 Sentyabr 2022 13:04
2001
MƏDƏNİYYƏT

Astarada  65 il əvvəl çəkilən  və hələ də sevilən  “Qızmar günəş altında"

Bu il retro filmlərdən ən seviləni olan “Qızmar günəş altında" filminin çəkilməsindən 65 il ötür.

Adalet.az xəbər verir ki, tanınmış nasir, kinodramaturq, kinorejissor Həsən Seyidbəylinin "Kənd həkimi" povesti əsasında ekranlaşdırılmış bu film 1957—ci ildə lentə alınıb. Filmə istedadlı aktyor, rejissor, ssenarist Lətif Səfərov quruluş verib. operator-Arif Hərimanbəyov, rəssam-Cəbrayıl Əzimov, bəstəkar-Tofiq Quliyevdir.

Rolların böyük əksəriyyətini ifa etmək üçün o vaxt Azərbaycan tamaşaçısına tanış olmayan gənclər cəlb edildi. Əkbər Fərzəliyev (Aydın), Əfrasiyab Məmmədov (Eldar), Ağasadıq Gəraybəyli (Sərdarov), Sürəyya Qasımova (Gülpəri), Tofilə Ələsgərova (Nərminə), Sara Manafova (Gülnaz), Z.Gəraybəyova (Fatma), Lütfi Məmmədbəyov (Xəlil), Məmmədrza Şeyxzamanov (Əmir dayı), Cabbar Əliyev (Mürsəl), İsmayıl Əfəndiyev (Nadirov), Ağadadaş Qurbanov (professor), Ağahüseyn Cavadov (Piri oğlu), Münəvvər Kələntərli (Gülbahar), Faiq Mustafayev (Cəlal)filmin səmimi, koloritli və təbii alınmasında böyük əmək sərf ediblər.

 

15 mart 1958-ci il İlk baxış tarixi ilə yadda qalan “Qızmar günəş altında” filmi kənd həyatından və orada yaşayan zəhmətsevər, mehriban, qayğıkeş, sadə insanların taleyindən bəs edir. Astara rayonunda bir çayçılıq təsərrüfatında baş verən icrimai , gündəlik eləcə də digər hadisələr təbii cizgilərlə tamaşaçıya sərgilənir. Filmin süjet xətti və məqsədi sovet adamının daha doğrusu, sovet həkiminin istedadı, savadı, humanizmi, mənəvi zənginliyini açmaq, tamaşaçıya belə insanları sevdirməkdir.Beləki, şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının (Əkbər Fərzəliyev) fədakar əməyi təlqin olunur və qısa ezamiyyətə gəlmiş gəncin özünün həkimlik borcunu burada, sadə insanların arasında qalmaqda görür.

 

Dünya bir pəncərədir... - Fotolar
 

Filmdə sevilən aktyor Ağasadıq Gəraybəylinin yaratdığı Niyaz Sərdarov obrazı da maraqlıdır eyni zamanda, qəliz və qəribə xarakterlidir. Aydın və Niyaz qarşılaşdıqda maraqlı dialoq və səhnələrdə yaranır.

 

Sərdarov çay əkini zamanı quraqlıqla mübarizə aparmaqda, tarlaların suvarılması üçün lazım olan su anbarının tikilməsində, kanalın çəkilməsində, tibb məntəqəsinin bərpa olunmasında əmək adamlarına kömək etmək istəmir, hadisələrə birmənalı yanaşır. Bununla yanaşı, cəsarətsiz kolxoz sədri kimi görünən Sərdarov Eldarın və həkim Aydın Zeynalovun mərd cəhətlərini də alqışlayır. O, cəsurluğun insana yaraşan xüsusiyyət olduğunu bilir, bəyənir, özü isə ətrafdakılara qarşı biganə yanaşır. Hətta həyat yoldaşının (aktrisa Barat Şəkinskaya) aşırı həddə olan tənə və iradlarına normal, sakit münasibət bildirir. Bununla da obrazın qüsurlu cəhətlərini ifşa edir ”.

 

Filmin maraqlı bir obrazı isə Gülpəridir. Tələbə bir qız-Sürəyya Qasımova filmə çəkilməsi haqqında modern.az verdiyi açıqlamasında kinoya təsadüfən gəldiyini bildirib:” Anam sevməsə də, həmişə idmanla məşğul olardım, mahnı oxuyardım. Amma kinoya çəkilmək heç ağlıma da gəlməzdi...


O vaxt mən Pedaqoji Xarici Dillər İnstitutunda oxuyurdum. İmtahandan “5” alıb çıxmışdım. Qızlar məni aşağıda gözləyirdi. Sevincimdən pilləkənləri iki-iki hoppandım. Əlimlə göstərdim ki, “5” almışam. Elə o vaxt mənə bir qadın yaxınlaşdı. Dedi, kinoya çəkilmək istəyirsən? Sən demə, o, kinorejissorun assistentiymiş. Dedi, çox yaxşı bir roldu, üstəlik də, çoxlu pul verəcəklər. Mən də o vaxtlar kirayədə yaşayırdım. Pula çox ehtiyacım vardı. Fikirləşdim, razılıq verdim. “Qızmar günəş altında” filmindəki Gülpəri roluna bax belə çəkildim”.

Məhz bu filmdən sonra onu “Aygün”, “Kölgələr sürünür”, “Yeni il gecəsi” filmlərinə dəvət elədilər.

 Yəqin ki, oxucularımız filimdə səsləndirilən bu mahnını da unutmayıblar

Açdı gül, gün oyandı,

Hər tərəf ağ boyandı.

Dərdimdən neçə oğlan

Yanar oda qalandı.

Nəqarət:

Mən güləm, gül üzüm, balam,

Heç zaman solmaz.

Mənim kimi gözəli, balam,

Sevməmək olmaz!

 

Yazar Tofiq İlk bu filmlə bağlı məqaləsində yazır: “Əslində insan mənəviyyatının mürəkkəb nüanslarından bəhs edən bu film eyni zamanda Azərbaycan kinematoqrafiyasında ən koloritli filmlərdən biri hesab olunur.

Azərbaycanın təbiəti, onun qəlbə ruh verən gözəllikləri milli bədii kino nümunələrimizin heç birində bu ekran əsərindəki qədər panoramlı əks olunmayıb.

Reyissor qızmar günəş altında yaşayıb işləyən zəhmət adamlarının daxili dünyasını, təzadlı duyğularını böyük ustalıqla təsvir obyektinə çevirərək öz filmində ayrı bir məkan-psixoloyi bir məkan yaradır”.

Lentə alınmasında 65 il keçməsinə baxmayaraq sovet kinosunun ən sevilən nümunələrindən biri olan “Qızmar günəş altında” filmi hazırda baxıldıqca baxılan, dövrünə və zamanına görə heç vaxt dəbdən düşməyən filmlərdəndir.

 

Əntiqə Rəşid