Naxçıvan teatrının tamaşaçıları "Qodonun intizarında"

Son illər Naxçıvan Dövlət Milli Dram Teatrında bir canlanmanın şahidi oluruq. Bu canlanmanı teatrda səhnə həyatı verilən bir-birindən rəngarəng, yeni əsərlər və nümayiş olunan tamaşalara tamaşaçı marağının artması, eləcə də bölgələrə mütəmadi qastrol səfərləri də təsdiqləyir.
Təbii ki, kütləvi tamaşaçı axınının artması,ilk növbədə, repertuarın günümüzlə səsləşən, aktual mövzulu, ideya--məzmun dəyəri yüksək olan dram əsərləri ilə zənginləşdirilməsi ilə bağlıdır. Və burada belə əsərlərin mükəmməl səhnə həlli, ideyanın tamaşaçıya aşılanmasında maraqlı rejissor yozumu, aktyor seçimi və personajların məharətlə canlandırılması da başlıca səbəb kimi vurğulanmalıdır. Bu günlərdə dünya şöhrətli irland yazıçısı , şair --dramaturq Samuel Bekketin absurd teatrın klassik nümunəsi kimi səciyyələndirilən " Qodonun intizarında " tamaşasının premyerasının bölgədə bir mədəni hadisə səviyyəsində qarşılanması da bunu sübut etdi. Bitkin, mükəmməl quruluşda, dolğun səhnə tərtibatında təqdim olunan premyerada ictimaiyyət nümayəndələrinin tamaşa haqqında xoş sözlər söylənməsi də yaradıcı kollektivin növbəti uğuru kimi təqdir olunası faktdır.
Tamaşa teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərovun yaradıcı təxəyyülünü geniş diapozonda inikas etdirən quruluşda təqdim olundu. Xronometrajı bir saat çəkən tamaşanın təsir gücü elə ilk şəkillərdən diqqəti çəkir.Bu, yaradıcı heyətin birgə işinin uğurlu bəhrəsi kimi təqdirəlayiqdir. Belə ki, quruluşçu rejissorun yaradıcı təfəkkürü, səhnə tərtibatının məzmun və məkanla səsləşən mizan və ştrixləri, ideya ilə uzlaşan müsiqi seçimi, aktyorların məharəti tamaşaçını öz ovsununa salır,kulminasiya məqamına doğru şaxələnən hadisələr axarını maraqla, həyəcanla izləməyə sövq edir.
Tamaşada cəmi dörd obrazın həyatı, yaşam tərzləri, bundan dolayı onların fikir və düşüncələrinin qeyri-müəyyənliyi səbəbindən boşluq girdabında çabalamaları göstərilir. Tamaşaçıya yaşamaq uğrunda mübarizənin önəm kəsb etdiyini, kimə, nəyəsə ümid etmənin əbəsliyini təlqin edir. Əsərin qəhrəmanları Estraqon( aktyor Zakir Fətəliyev) və Vladimir(əməktar artist Bəhruz Haqverdiyev) qurumuş bir ağacın yanında görüşürlər.Burada Estraqon dostundan onun çəkmələrini ayağından çıxartması üçün kömək etməsini istəyir. Vladimir çətinliklə çəkmələri onun ayağından çıxarır və diqqətlə ayaqlarına baxır : “İnsan belədir də, ayaqları günahkar olduğu halda ayaqqabılarından gileylənir”- deyir. Onların bu sözlərlə başlayan dialoqu insanlara əxlaqi-mənəvi dəyər aşılayır, dərslər verir, empatiya hissini gücləndirir.
Rejissor Mir Qabil Əkbərovun yozumunda, ilk baxışda tamaşaçılara aydın olmayan məqamların düyünü yavaş- yavaş açılır, dərin psixoloji situasiyalar həyəcan dolu anlar yaradır, yaşadır.Belə ki, iki baş qəhrəman, sanki öz varlıqlarını sorğulayan iki yad adamlardı. Onlar hər gün eyni məkanda görüşürlər. Bu görüşlər təkrarlandıqca dialoqlarından yaşamlarının dayanılmaz ağırlığı hiss və həyəcanlarında görünür. Bu, onları dərin psixoloji gərginliyə salır, tədricən reallıqdan qopurlar . Hətta o məqam yaranır ki, onlar yaddaş. sarsıntısına məruz qalıb heç nə xatırlamırlar, nə etdiklərini, nə edəcəklərini bilmirlər,yeganə ümidləri Qodonu gözləməkdir. Düşüncələrinə hakim olan odur ki Qodo nicata yetirən, arzu və ümidləri gerçəkləşdirən qüvvədir və o nə vaxtsa gələcəkdir.
Tamaşadakı personajların daxili aləmi, onların qarşılaşdıqları mənəviyyatı sarsıldan problemlər və onları həll etmək əvəzinə boş xülyalar etməsi tamaşaçını düşünməyə, daxili mübarizələrini və əxlaqi seçimlərini etməyə sövq edir. Tamaşada digər iki personaj gənc aktyorlar Məmməd Mehdiyevin ( Prezident mükafatçısı) canlandırdığı Poçço və İsmayıl Mirzəcanovun oynadığı Poçço obrazlarıdır. Lakki elmi və dini biliyi olmasına rəğmən ağası Poççonun əmrlərinə müntəzir olan bir tipdir. Onun bu"sədaqət"inə baxmayaraq Poççonun ona qarşı mərhəmət hissi demək olar ki, yoxdur. Hətta onun boğazına ip bağlayıb qeyri-insani rəftarlar edir.Lakki bu ədalətsizliyə qarşı susqundur. Ağasının icazəsi olmadan danışa da bilmir.Lakkinin bu müti asılılığı, düşüncəsində qeyri -sabitlik , fikirılərində ziddiyyətlilik onun da mənən məhvə düçar olduğunu göstərir. Monoloqlarından isə daxilində tüğyan edən bir üsyanın, fəryadın yatdığı hiss olunur. O da Vladimir və Estraqon kimi ümidsizlikdə bir ümüd gözləyir...
Onların bu gözləntisi--Qodonun intizarında olmaqları tamaşanın sonunacan davam edir.Qodo isə görünmür, gəlmir. Bu gözlənti tamaşanın finalında uğurlu rejissor tapıntısında məharətli həllini tapır. Tamaşa boyu diqqət çəkən qurumuş ağaçda yaşıl yarpaqlar boy göstərir. Səhnənin qaranlıq fonunda bir işıq, nur seli simvollaşır. Üzü yuxarı qalxaraq İntizarında olduqları Qodoya can atan qəhrəmanlar da yox olur...
Ümumiyyətlə, S. Bekket bu əsərində insan təkliyinin sıxıntılardan keçdiyinə, həyatın puçluğu, faniliyi fonunda, insan hərəkətsizliyinə, onun mənasız gözləntilərinə, ümidin itməməsinə diqqəti çəkir.
Bu səbəbdəndir ki, ingilis tnqidçıləri haqlı olaraq onun yaradıcılığını yeni bir istiqamət kimi dəyərləndirirlər. ... Beləcə, Naxçıvan teatrı teatrsevərləri daha bir uğurlu, maraqlı tamaşa ilə sevindirdi. Bu sevincə səbəb dərin mənəvi - psixoloji qatlara malik əsərin uğurlu səhnə həllinin mükəmməlliyi, istedadlı aktyor heyətinin məharətli oyunları,zaman və məkanla səsləşən zəngin tərtibat, əsərin məzmun və motivini açmağa yönələn müsiqi öz sözünü ustalıqla deyib. Biz də bu növbəti uğura-- tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan maraqlı tamaşaya görə quruluşçu rejisor Mir Qabil Əkbərovu, rejisor assisenti Leyla Yaqubovanı, quruluşçu rəssam Araz Xudiyevi, musiqi tərtibatçısı İbrahim Əliyevi və aktyorları ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları diləyirik. Növbəti uğurlarınız haqqında yazılarda görüşmək ümidilə
Adilə Səfərova
Azərbaycanın əməkdar mədəniyyət işçisi,teatrşünas
Digər Xəbərlər

Liderlər “Laçınım”ı dinlədilər - VİDEO

Bakı Xoreoqrafiya Akademiyasında Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib

Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi, “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır- FOTOLAR

Pənahinin filminə görə fransalı müşavir İran XİN-ə çağırıldı

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Polad Bülbüloğlunun konserti olub - FOTOLAR

Qarabağ atlarının Zəfər çıxışı... -FOTOLAR

Xalq artisti Fuad Poladovun doğum günüdür
