İşçi qrupunun növbəti iclası Ağdamda keçirildi

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun növbəti iclası Ağdamda keçirilib.
Adalet.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturu üzrə qarşıya qoyulmuş tapşırıqların icrası ilə bağlı görülmüş işlər, hazırda davam edən layihələr və gələcək planlara dair aidiyyəti qurumların məlumatları dinlənib, layihələrin icrası ilə bağlı cari vəziyyət, qarşıda duran işlər və onların həlli yolları ətraflı müzakirə edilib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi qrupunun rəhbəri Rəhman Hümmətov çıxış edərək bildirib ki, Dövlət Proqramına, eyni zamanda “2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə yaşayış sahələrinin istifadəyə verilməsi və əhalinin köçürülməsinə dair qrafik”ə uyğun olaraq hazırda həmin ərazilərdə avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının inşası və fəaliyyəti, ictimai nəqliyyat xidmətlərinin, o cümlədən şəhər və rayonlarda müntəzəm sərnişin daşımalarının təşkili və müvafiq infrastrukturun yaradılması, telekommunikasiya və poçt şəbəkələrinin qurulması kimi strateji layihələrin icrası davam etdirilir.
R.Hümmətov Laçın rayonunda bölgədə sayca üçüncü olan beynəlxalq hava limanının tikintisinin başa çatdırıldığı və rəsmi açılış mərasiminin keçirildiyini, həmçinin uzunluğu 224,1 km olan 7 avtomobil yolunda işlərin başa çatdırıldığını, bununla yanaşı, ümumi uzunluğu 2644 kilometr olan 40 layihə üzrə avtomobil yollarının tikintisi işlərinin qrafikə uyğun aparıldığını qeyd edib. Həmçinin bildirib ki, dəmir yolu infrastrukturunun bərpası çərçivəsində Bərdə – Ağdam dəmir yolu xəttinin çəkilişi başa çatdırılıb, Horadiz – Ağbənd dəmir yolu xəttində isə tikinti-quraşdırma işlərinin 66%-i tamamlanıb.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, bərpa-quruculuq işləri, eləcə də tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, hazırda 11 müxtəlif istiqamət üzrə müntəzəm marşrut xətləri fəaliyyət göstərir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərə indiyədək təqribən 85 000 sərnişin daşınması təmin edilib. Fərdi minik avtomobilləri ilə hesabat dövrünədək “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) istifadə etməklə, ümumi sayı 1 milyon 463 minə yaxın şəxsin səfər üçün müraciətləri təsdiq olunub. Şuşa və Laçın şəhərlərinə, həmçinin Suqovuşan qəsəbəsinə mövcud olan istiqamətlər ilə yanaşı, cari ilin 20 may tarixindən etibarən vətəndaşlara sözügedən portaldan istifadə etməklə Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Xocavənd və Zəngilan rayonlarına da fərdi minik avtomobilləri ilə səfər etmələri üçün şərait yaradılıb.
Qeyd olunanlarla yanaşı, ərazilərdə məskunlaşan insanların gündəlik həyatını asanlaşdıran rabitə infrastrukturunun qurulması, telefon, internet xidmətlərinin təşkili və poçt xidmətlərinin genişləndirilməsi istiqamətində də zəruri tədbirlər görülür. Belə ki, hazırda 17 yaşayış məntəqəsində telekommunikasiya xidmətləri təşkil edilib və 4535 abunəçinin müasir texnologiyalardan istifadə etməsinə şərait yaradılıb. Şuşa, Xankəndi, Füzuli və Laçın şəhərlərində, həmçinin Zəngilan rayonunun Ağalı kəndində və Xocavənd rayonunun Hadrut qəsəbəsində poçt şöbələri açılmaqla xidmətlər təşkil olunub. Bununla yanaşı, işğaldan azad edilmiş digər ərazilərdə fəaliyyət göstərən hərbi hissələrə, həmçinin əhali, dövlət qurumları, müəssisə və təşkilatlara təsdiqlənmiş marşrutlara uyğun olaraq səyyar poçt xidmətləri göstərilir.
Sonra nazir müavini işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayımı, mobil rabitə və sabit telekommunikasiya şəbəkəsi üzrə görülmüş və planlaşdırılan işlər barədə məlumat verib. Bildirib ki, hazırda ərazidə bərpa edilən radio-televiziya yayım stansiyaları vasitəsilə 9 televiziya və 17 radio proqramının yayımı həyata keçirilir. Mobil telekommunikasiya xidmətlərinin təşkili üçün ümumilikdə 340 baza stansiyası quraşdırılıb. Şuşa, Laçın, Füzuli, Zəngilan, Ağdam, Xankəndi, Xocalı, Kəlbəcər və digər ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir.
İclasda işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na və köç qrafikinə uyğun olaraq həyata keçirilən nəqliyyat və rabitə infrastrukturu layihələri barədə çıxışlar edilib, layihə sənədlərinin aidiyyəti qurumlarla razılaşdırılması, tikinti üçün torpaq sahələrinin ayrılması, zəruri ərazilərin minalardan təmizlənməsi, mina təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanılması, həyata keçirilən layihələrin əhəmiyyəti, onların icrasının İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə həyata keçirilməsi və digər vacib məsələlərlə bağlı müzakirələr aparılıb.
İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrası ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlərin görülməsi, həmçinin yerlərdəki tikinti-quraşdırma və bərpa işlərində müasir texnologiyaların tətbiqinin zəruriliyi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Səfər çərçivəsində Ağdam şəhərinin daxili yol-nəqliyyat, həmçinin kommunikasiya şəbəkəsinin qurulması işlərinə, Bərdə – Ağdam dəmir yolu, Bərdə – Ağdam – Əsgəran avtomobil yolu, Əsgəran – Xocalı – Xankəndi avtomobil yolu, Ağdam – Xankəndi magistral fiber-optik xəttin çəkilişi layihəsi, Ağdam rayonunda məskunlaşan Sarıcalı kəndində təşkil edilən telekommunikasiya və nəqliyyat xidmətlərinə baxış keçirilib.
Digər Xəbərlər

Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər

XİN: Azərbaycan beynəlxalq ictimaiyyəti mina təhlükəsinə qarşı səylər göstərməyə çağırır

Yaşar Gülər: Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin qorunması üçün çalışır
