Arzu Nehrəmli şairdir, bir neçə şeir kitabı da işıq üzü görüb. Şeirlərində özünəməxsus üslub, deyim tərzi var. Çox zaman hər hansı şairi elə bircə misrasından tanımaq olur. Arzu Nehrəmlinin də istənilən bir şeiri səslənsə, bilirsənki bu odur – zərif, incə qadın duyğularını, həyat, gözəllik haqqında poetik hisslərini bəyan edir. Arzu Nehrəmli nasirdir – şeirdən nəsrə keçməklə öz bədii istedadının bir yönünü də aşkar edib. Hekayələri maraqlıdır, oxunaqlıdır. Və Arzu Nehrəmli həm də publisistdir, həyat və ədəbiyyat haqqında düşündüklərini lirik-publisistik axarda təqdim edir.
Budur, onun yeni kitabı – “Yaddaşımda yaşatdıqlarım” (Bakı, “Elm və həyat” nəşriyyatı, 2024). Bu kitabda toplanan yazılar həm sırf publisistik janra aiddir, həm də ədəbi-tənqidi səciyyəlidir.
İlk yazı Ulu Öndər – Heydər Əliyevə həsr olunub. Arzu Nehrəmlinin həyat yoldaşı – Yusif Vəliyev Birinci Qarabağ müharibəsində həlak oldu. “Dünyanın başımıza yıxıldığı, bütün təsəllilərin parça-parça olunmuş könüllərimizi ovutmağa aciz olduğu o ağır günlərdə Ulu Öndər Heydər Əliyevi yanımızda gördük. İşinin çoxluğuna və gərginliyinə baxmayaraq bizə təsəlli verməyə gəldi. ... Ulu Öndər Yusifin yadigarını qucağına alıb bağrına basdı: “Çox təəssüf edirəm ki, Vətənimizin belə ağır günündə ehtiyacımız olan Yusif kimi ali təhsilli kadrımızı – təyyarəçi zabitimizi itirdik. Onu tanıyan biri kimi deyə bilərəm ki, Yusif fəxr olunası igid idi” – dedi.
Arzu Nehrəmli adını çəkdiyimiz yazıda Ulu Öndərin İnsan, Şəxsiyyət və Rəhbər kimi portretini yaradır. Sonda: “Sən ölməmisən! Sən tanrının dərgahına qalxaraq bizim üz tutduğumuz bir səmtə ucalmısan! Sən qalibsən! ... Sənin ürəyin necə ki hər zaman Azərbaycan eşqi ilə döyünmüş, Azərbaycanın ürəyi də hər an səninlə döyünəcək!”
“Qarabağ şikəstəsi” yazısı Qarabağ, Şuşa və Natəvan haqqındadır. Arzu Nehrəmli bu yazıda Şuşa səfərlərindən söz açır. Deyir ki, 1988-ci ildə - Naxçıvanın basketbol komandasının heyətində Şuşaya səfər etdik, amma ara qarışmışdı, bizi şeirimizin paytaxtına buraxmadılar. Amma Şuşada keçirilən Vaqif poeziya günlərində “Ayağım yerə dəyən kimi qulağımda Xanın səsi, “Qarabağ şikəstəsi” bir də Xan qızı Natəvanın “Qərənfil” şeirinə Vasif Adıgözəlovun yazdığı romans səsləndi.”
Və bu yazı Xan qızı Natəvanın həyat və yaradıcılığına duyğusal bir baxışdır.
Bundan sonraki yazılar isə ədəbi əsərlər və onların müəllifləri haqqındadır. Səməd Vurğunun “Komsomol” poemasında Humay obrazı var – bu obrazı Arzu Nehrəmli dövrün qəmli bir hekayəti kimi təhlil edir. “Humay düşünürdü, Humay ağladı... O nə Tatyanadır, nə Ofeliyadır. ... Sevgisi, taleyi, müqəddəratı hər zaman andırır vərəmli bir qış, Bütün diləkləri gözündə qalmış”. Arzu Nehrəmli bu obrazlar arasında bağlılıqları nəzərə çarpdırır, amma əsas diqqəti Azərbaycanın qəmli tale daşıyan qızına yönəldir – Leyli obrazının xələfidir Humay. Arzu Nehrəmli “ Yaddaş altda Məmməd Araz yaşayır” yazısında özünə çox doğma olan bir şairdən – “Araz şairi” Məmməd Arazdan söz açır. Bu yazıda Məmməd İnfil oğlu İbrahimovla (şairlə) Araz çayı arasındakı bənzərlik (bəlkə daha çox eynilik) axtarışı var.
Mənimtək baxsam ona,
Deməzsən adi sudur.
...Araz yadıma düşüb...
Bu yazının emosionallığını artıran bir cəhət: Arzu Nehrəmli də Məmməd Arazın dünyaya göz açdığı torpaqda, Araz yaxınlığında böyüyüb və Araz onun yaddaşında adi bir çay kimi deyil, bədii obraz kimi yurd salıb.
Arzu Nehrəmli xalq yazıçısı Anarın “Əcəl” povestindən, Xalq yazıçısı Elçinin “Poçt şöbəsində xəyal” əsərindən söz açır. Deyə bilərik ki, bu iki məqalədə Arzu Nehrəmli artıq publisist kimi deyil, tənqidçi kimi çıxış edir. Anarın nəsri haqqında indiyə qədər çox yazılar qələmə alınıb, bir neçə monoqrafiya da yazılıb. Amma Arzu Nehrəmlinin “Keçən gün, Qırmızı limuzin və... kamikadzenin qayıdışı” məqaləsi onu bir povestinin təhlili fonunda yazıçının nəsrinə xas olan xüsusiyyətləri özünəməxsus təhlil üsuluyla nəzərə çarpdırır. Onu da qeyd edək ki, “Əcəl” povestdi haqqında, bu povestdəki obrazlar barədə, ümumiyyətlə əsərin Anarın digər nəsr əsərləri ilə həm məzmun, həmdə struktur baxımından yaxınlığı və fərqli cəhətləri ilə əlaqədar söylənilən fikirlər elmi baxımdan da maraqlıdır. Elçinin “Poçt şöbəsində xəyal” əsəri haqqında məqalə də maraqlı təhlillərlə diqqəti cəlb edir. Elçin bu əsəri 1970-ci ildə, yaradıcılığının ilk illərdə qələmə alıb, amma üstündən illər keçməsinə baxmayaraq, “Poçt şöbəsində xəyal” öz bədii dəyərini, təsir edici gücünü itirmir. “Sovet dönəmində yazılmış bu əsər o dövrün ictimai əxlaq normalarına yazıçının etiraz kimi diqqəti cəlb edir. İnsanla mühiti arasında gözəgörünməz münaqişə, dərin uçurum, insanların bir-birinə yadlaşması, ögeyləşməsi həm fərdi insan xarakteri ilə bağlı psixoloji amil kimi, həm də cəmiyyətin təbiətindən doğan ictimai hadisə kimi təqdim olunur”. Müəllif Ədilə obrazını, onun yaşadığı mühitdə keçirdiyi həyat tərzini, xəyallarını, gələcək haqqında arzularını bədii təhlilə cəlb edir və Arzu Nehrəmli də sanki Ədilənin bütün psixoloji hallarının izinə düşür. Ədilə Şuşa xəyalı ilə yaşayır. “Əsərdə Şuşa, Cıdır düzü, Qırxpilləkan – təbiət insanı eyniləşdirən, şəhər mühitinə qarşı qoyulub”.
Ümumiyyətllə, Qarabağ – Şuşa adları Elçinin əsərində tez-tez səslənir, “Poçt şöbəsində xəyal” Şuşanın işğalından 22 il əvvəl yazılmışdı.
Arzu Nehrəmli Ədəbi prosesi – yeni yaranan əsərləri diqqətlə izləyir, onun Seyran Səxavətin “Alça çiçəyi” və “Boynu əyri kişi” Teymur Kərimlinin “Şuşanamə”si, Hüseyn Sözlünün şeirləri, Azər Turanın pyesi, İbrahim Yusifoğlunun yaradıcılığı, Həyat Şəminin poeziyası, Məhəbbət İbrahimovanın “Ömürdən qurban olmaz”, Mətanət Ulu Şirvanlının uşaqlar üçün yazdığı hekayələr haqqında məqalələri bizdə belə bir qəti fikir yaradır ki, o, ədəbiyyatla yaşayır. Təkcə bədii yaradıcılıqla məşğul olmur, həmdə ədəbi prosesə münasibəti ilə də diqqəti cəlb edir.
Tənqidçilik o zaman yaranır ki, sən Belinskinin təbiri ilə desək “Hərəkət edən estetikanı” vaxtında izləyə bilsən. Biz bu bacarığı, tənqidçi istedanını az-çox Arzu Nehrəmlinin məqalələrində də hiss edirik.
Uğurlar, Arzu xanım!