adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Mart 2023 11:44
668
ƏDƏBİYYAT

“Allah desə ki, Seyran bala, səninki buracandı...”-Doğum günü olan Seyran Səxavət

“Mən həmişə Allahımı tanımışam və ona görə onun sözündən çıxa bilmərəm. Bütün bəşəriyyətin sözünü yerə salaram, amma bir tək Allahımın sözünü heç vaxt yerə sala bilmərəm. Çünki buna kəramətim, qüdrətim, istedadım, varlığım, gücüm çatmaz. Ona görə də Allah nə məsləhət etsə, onu yaşayacam”

Bunu Adalet.az-a açıqlamasında bu gün doğum günü olan yazıçı Seyran Səxavət deyib. Yazıçı insanın pozitiv, gümrah qalması üçün birinci növbədə gözütox olmasının vacibliyini vurğulayıb:

“Allah desə ki, Seyran bala, səninki buracandı. Deyərəm ki, oldu, bura qədər çox-çox şükürlər və əlvida meyxanəci”. 

- Sizi həmişə aktiv və pozitiv adam kimi tanıyırlar?-sualına yazıçı belə cavab verib:

“Bu xasiyyətdir. Səbəbinə gəlincə isə mən bilən bu həm də olana qane olmaqla, nəfslə bağlıdır. Yəni nəfs yoxdur, çünki bu gün nə varsa kef edirəm. Deyirəm ki, belədir, başqa cür nə istəyirsən, dünyaya gəlmisən, yaşayırsan, dostların, evin, ailən, uşağın, nəvələrin var. Yəni nəfsli adamlar heç vaxt pozitiv ola bilməz. Çünki o adam fikirləşir ki, filankəs Novxanıda yenə bağ evi aldı, amma mən qaldım. Bunu düşünən adam bədbəxt oldu getdi. Bu necə pozitiv olsun, axı yazığın o boyda dərdi var. Mənim də pozitiv olmağımın səbəbi budur. Uşaqlarımı da, ailəmi də “yoxa” öyrətmişəm. Nə var, odur. Nə varsa var, üstəgəl dünyanın gözəlliyi, adamlar, həyat eşqi. Onda o insan pozitiv olur. 

 Düzdü, ruhumla yaşımın arasında böyük bir yaş fərqi var. Adam var 25 yaşı var, amma baxırsan ki, minimum 75 yaş oturub içində. Amma adam da var ki, 77 yaşı var, danışığı, həyata münasibəti, həyat eşqi hardasa, uzaq başı 35-40 yaşdı. Yəni kalendar yaşı başqa, ruhun yaşı başqa şeydir. Məsələn, insan bir saat qədər qocalırsa, ruh bir saata heç bir saniyə də qocalmır, ya da bir saniyə qocalır. Siz də övladınız elə öyrədin ki, nə var odur”.  

Vasif Əlihüseyn