adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

SAKİT TƏBİBLƏ SÖHBƏT

MƏMMƏD DƏMİRÇİOĞLU
31353 | 2015-01-31 08:57
(əvvəli ötən şənbə saylarımızda)
Sözün ən gözəli, söyləyənin doğru söylədiyi, dinləyənin də faydalandığı sözdür.
Aristotel
III YAZI


- Ən varlı adamlar belə nə geyimdə, nə yeməkdə sadə insanlardan artıq edə bilmirlər. Bu qədər var-dövləti yığmaqla nə əldə etmək istəyirlər?
-Bu mərəz adamı maddiyyatın quluna çevirir. Bu da xəstəlikdi. Əgər o maddiyyata şüurla yanaşa bilirsənsə burada xeyirxahlıq ortaya çıxır. Dərk edəndə ki, dünyada müvəqqətisən, qonaqsan və xeyirxah işlərlə məşğul olursan, məktəb, xəstəxana və s. tikirsən. Burda artıq şüur maddiyyata hakim olur. Haşiyə üçün deyim ki, mən uzun illər sufi təfəkkürünün ana xəttini araşdırdım və bu qənaətə gəldim ki, bu təlimin ana xətti nəfslə cihad və ona qalib gəlməkdir.
O yerdəki maddiyyat şüura qalib gəlir, orada insanlıq itir. Və ölüm yaddan çıxır. O elə bilir ki, əbədi yaşardı...
- Bunları müalicə etmək olurmu?
Gülür...
- Xeyr, olsaydı nə yaxşı olardı. Dominantlığın bir kökü də burdadı. Buna aqressiv dominantlıq deyilir.
-Xəstələri necə müalicə edirsiniz?
- İki cür müalicə növü var. Bir var xəstəliyi müalicə etmək, bir də var xəstəni müalicə etmək. Xəstəni müalicə etmək üçün onun psixologiyasını bilməli, onun intellektual səviyyəsini başa düşməli və ona uyğun müalicə aparırsan. Tutaq ki, bir elmlər namizədi həkimə müraciət edir. Həkim isə ona deyir, sizə soyuq dəyib. O dəqiqə o həkimə inamsızlıq əmələ gəlir. Gərək onun səviyyəsində söhbət etməyi bacarasan. Tutaq ki, hər ikisi ağ ciyər iltihabından əziyyət çəkir. Biri çoban, biri alim. Həkim çobana desə ki, sən pnevmaniya olmusan, çoban vəsvəsəyə düşəcək. Ona görə xəstəliyi yox, xəstəni müalicə etmək lazımdı...
Sakit Təbiblə söhbətimiz bizə çay içməyi belə unutdurmuşdu. Demək olar ki, poeziyada könlünə hakim kəsilmiş Məmməd Arazdan danışmaqdan yorulmurdu. Odur ki, mətləbi yenə poeziyaya yönəltdim.
-Dünyanı necə dərk edirsiniz. Söhbətlərinizdən anladım ki, bu dərkə tibbin prizmasından baxırsınız.
-Dünya anlayışı çox mücərrəddi. M. Araz "Dünya" şeirində deyir:

Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin, dünya mənim, dünya heç kimin.
Bir talenin oyunda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik...

Sual olunar, M. Arazın zəri niyə qoşa düşmür? Nərd oyununda qoşa atmaq o deməkdir ki, hər iki zərdə bir rəqəm düşür. Yəni bir olan Allahdı. Qaşa düşməmək, iki rəqəm düşür. O həyat rəmzidir. Gecə-gündüz, kişi qadın, xeyir- şər. Maraqlı olan da budur. Niyə şair deyir - dünya sənin, dünya mənim, dünya heç kimin. Burda zaman anlayışı var. Dünya sənin - keçmiş zaman, Dünya mənim - indiki zaman, dünya heç kimin - gələcək zaman anlamına gəlir.
- Bu məşhur mahnıdı, demək olar ki, çoxlarının ən sevimli mahnılarındandı. Amma inanmıram ki, kimsə bu qədər həssaslıqla mətnin fərqinə varalar.
- M. Araz - "Bu get-gəllər bazarında həvədi dünya..." S. Vurğun isə "Bir yandan boşalır, bir yandan dolur" - fikirləriylə, həmin fikirləri söyləyirlər.
Mənə elə gəlir ki, "Dünya" şeirlərinin arasında M.Araz zirvə kəşf elədi. M. Arazın Vətən mövzusu da çox maraqlıdır. Deyir ki," Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim...", "Bu torpaqsız harda, nə vaxt, nə dərdim, Xəzanımdı, xəzanımdı, xəzanım". İndi gəlin bunun açılışına baxaq. Mamır qayada bitir, deməli, mamırın vətəni qayadı. Kənardan baxanda mamır qayaya bir bəzək də verir. İkinci mahiyyəti bir başqadır. Qayaya gələn zərbələri mamır öz üzərinə alır, sonra qayaya keçir. Qızmar günəş şüaları, ildırım, dolu vəhşi küləklər və s. mamıra toxunur. Beləliklə mamır simvolik olsa da qaya ömrünü uzadır. Qayanın parçalanmasının, dağılmasının nisbətən də olsa qarşısını alır. Deməli, Vətənin əsil oğulları vətəni qoruyanlardı. Vətəni parçalanmağa, aşınmağa qoymayanlardı. Bu mənada deyir, M.Araz.
İkinci, "xəzanımdı, xəzanımdı, xəzanım". Xəzan bitkilərin yarpaq tökümüdü. Yarpağın vətəni nədi? - ağacdı. Yarpaq nə zaman düşür? Yarpaq o zaman düşür ki, o hiss edir ki, artıq vətəni üçün gərəkli deyil. Ona görə də özünü könüllü olaraq ölümün qucağına atır. Gəlir düşür torpağa. İndi gəl görək bu nə cür ölümdü? Bu elə bir ölümdü ki, o torpağa qovuşur, yerlə ortaq olur. Çürüyür və yenidən torpaq ömrünə qovuşur, gübrə olaraq yenidən vətəni olan ağaca xidmət edir. Ölümündən sonra belə vətənə xidmət eləmək deməkdi. Bax budur M. Arazın böyüklüyü. Bu baxımdan Şəhidlərimiz ölümündən sonra da vətənə xidmət edənlərdi. Torpağın altına getsələr də zaman-zaman onların adları çəkiləndə düşmənə nifrət hissi oyadırlar.
-Məmməd Araz fəlsəfəsi zaman-zaman böyüyəcək, çözüləcək və çözüldükcə bir daha böyüyəcək .
- M. Araz Azərbaycanın müstəqilliyini görün sovetlər dönəmində necə kəskin formada deyir. "Qoltuq ağacı" şeirinə nəzər salaq.

Sən yerini tapdın, haqqını qandın,
Bir el hikmətinin dodağı qaçır.
Qoltuğa öyrəndin, qoltuqda qaldın,
Qol-budaq atmadın, qoltuq ağacı.

İndi fikir verin. Azərbaycan, SSRİ imperiya- sının qoltuğundaydı. Azad deyildi, inkişaf edə bilmirdi. İndi müstəqillik qazanandan sonrakı inkişafına baxın. M. Arazın "Qızıl qaya" şeirinə də nəzər salaq. Səhv etmirəmsə Kəlbəcərdə qonaq olan şairə deyirlər ki, burda da bir qaya var, adına Qızıl qaya deyirlər. Bəlkə ona da bir şeir yazasan.

Yaxşı ki, bu boyda qızıl deyilsən,
Adicə qayasan, adicə daşsan.
İllərin gözündən gilələnibsən,
Birinin boynundan asılmamısan.
Nə qədər xoşbəxtsən, a Qızıl qaya.
Bu boyda daş oldun, qaya olmadın,
Şöhrət aparmadın özgə torpağa
Fateh xurcununda, oğru cibində.

Əgər o qaya qızıl olsaydı, deməli, fatehlər gəlib onu aparacaqdılar. İndi burda şair sevinir. Nəyə görə sevinir? Qayanın qızıl olmamağına sevinir. Ona görə ki, qızıl olmadığı üçün vətənə qalır. Daşın Vətəndə qalmağına sevinir. Bax böyüklük, Vətənpərvərlik budur.
Vətənpərvərlik haqda ikinci bir misalı deyim. Bunu tələbələrimə də demişəm. Lomonosov İngiltərə Elmlər Akademiyasında Maddə kütləsinin itməməsi qanunu doktorluğunu müdafiə edir. Ordan çıxanda bir İngilis jurnalisti sual verir ki, siz bununla nəyə nail ola bildiniz". Nkanes, miravaya nauka priznal Russkuyu nauku". Nəhayət dünya elmi rus elmini etiraf etdi. Vətənpərvərlik budur. Gərək vətən naminə elə bir iş görəsən ki, tarixdə yaşasın.
-Dünya öz yolu ilə düz gedirmi?
-Mənə belə gəlir ki, bu svilizasiyadı. Bu svilizasiyanın gedişində həmişə bir dalğavari hərəkər olur. Yüksəliş və eniş olur. Hardakı yüksəliş maddiyyata doğru gedir, mənəviyyat azalır.
-Bu elmi tərəqqinin sürətlə inkişafı gəlcəyimizə necə təsir edəcək.
-Müsbət. Bütün svilizasiyalar əvvəlki svilizasiyalardan daha yaxşı yaşayıb, ancaq o keçid dövrünü keçdikdən sonra.
- Texnologiyanın yüksəlişinin ziyanlı tərəfləri də var məncə. Gənclərimizin əksəriyyəti qızıl vaxtlarını telefon əyləncələrinə həsr edir, oxumaq, elmlənmək məsələsi unudulur. Bu ziyanlı hal deyilmi?
-Bunlar müvəqqəti haldır. Bütün zülmət gecələrin sonu nurlu səhərdi. Bunların zəka inkişafı qabaqkılarına nisbətdə güclü olur. Elə bilməyin ki, bütün gənclər boş əyləncələrlə məşğuldu. İnkişaf eləmiş gənclərə də nəzər salaq. Onlar gələcəyin aparıcı qüvvələridi. Bu bəşəri və təbii haldır ki, bundan qaçmaq da mümkün deyil. Svilizasiyadan qaçmaq mümkün deyil, əksinə ona doğru getmək lazımdır. Hətta bir az da sürətlə getmək lazımdır ki, bu keçid dövrü də tez keçsin.
- Texnologiyanın bu sürətli inkişafı ona gətirib çıxara bilərmi ki, insanlar işsiz qalsınlar?
-Allah yaratdığını təmin edir. Yol aydınlığa doğrudur. Əslinə qalanda biz inkişafda ləngiyirik. Yəni bu təbii və qaçılmaz bir prosesdir. Amma insan ilkin vəziyyətini dəyişmir. Elmi və bioloji cəhətdən nə qədər inkişaf etsə də, insan olaraq qalır. Yenə də insan insanı öldürür. Əli Kərimin "Daş" şeirini misal gətirək.

Yarı çılpaq yarı vəhşi qədim insan,
Düşmanına bir daş atdı.
Qana batdı.
Daş düşmədi amma yerə.
Uçdu-uçdu üfüqlərdən üfüqlərə.
Deməyin ki, daş yox oldu.
Daş çevrilib bir ox oldu.
Oldu güllə oldu mərmi,
Nəhayət daş çevrilib atom oldu.
.........................................................
Ey həm əsrin, həqiqətin qan qardaşı,
Dayandırmaq olmazmı, de,
Yarı çılpaq, yarı vəhşi qədim insan atan daşı.

A kişi, vəhşi vəhşini öldürmür, dalaşırlar, ayrılırlar. İnsan insanı, ana balasını, bala atasını öldürür. İnsan daxilindəki bu ilkin vəhşilik var ki, bəzən onları dayandırmaq üçün poeziya köməyə gəlir. Deməli, insan ilkin vəziyyətindən tam xilas ola bilməyib. Elm inkişaf etdikcə insanın daxilindəki dominantlıq hissi də onunla bərabər inkişaf edir.
-Başqa nə fikirlər söyləyə bilərsiniz?
-Poeziya mənim həyatımın bir hissəsidir. Poeziyasız yaşamaq mənim üçün çətindir. Yeni bir poetik nümunəyə rast gələndə elə bilirəm ki, nəsə tapmışam.
-Deməli, poeziya insanın formalaşmasında mühüm rol oynayır? Bir "Ol" sözündən dünya var olubsa, deməli, söz insanın özündən də qabaq yaranıb.
Sözün zamanı odur ki, söz həmin məqamda deyilmir. Saxlanılır, lazım gəldiyi məqamda deyilir. Gizlənilir söz. Yəni həmin an deyilsə qiymətini almır. Amma zamanın sözünü mən bir bayatı ilə izah edim.

Əzizinəm qız gəlin,
Əl-ayağı düz gəlin.
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin.

Bu bayatını xalq yaradıb. Burada qadına münasibət zəifmi olub? Xeyr. Biz analarımızın, bacılarımızın şərəf və ləyaqətini qorumuşuq, onların uğrunda vuruşmuşuq. Hətta qadınlarımız da zamanı gələndə at belində çiyin-çiyinə vuruşublar. Deməli, qadına münasibət mənfi olmayıb. Bəs onda niyə yeddi oğul, bir qız istəyiblər? Deməli, Vətəni itirmək təhlükəsi olub. Xalq yeddi oğul istəyib. Amma OĞUL istəyib. Yəni bu istək zamanın diktəsi ilə deyilmiş sözdür, fikirdir.
Mən yenə M. Araza müraciət edəcəm:

Məndən ötdü, qardaşıma dəydi.
Ey daşlaşan, torpaqlaşan ulu babam,
Bu günümdən dünənimə uzaqlaşan ulu babam,
Əl yetməyən səs çatmayan qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən.
Sənə gələn, səndən ötən nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?
O zamanmı ata oğul, qardaş hissi haçalandı?
Bir şəhərin beş qardaşın xanlığına parçalandı.
O zamanmı bitdi bizim, sənin, mənim damarı da,
O zamanmı bitdi bizim dilimizin haralısan qabarında...
Bunu dedi Şəki xanı, Bakı xanı ...
Onlar "Mən", "Mən" deyən yerdə sən olmadın, Azərbaycan!

Şair daxili çəkişmələr ucbatından düşmənə qarşı vahid cəbhədə birləşə bilməyən babalarımızı sanki zamanın məhkəməsinə verir. Biz də Qarabağ torpaqlarımızı özümüzə qaytara bilməsək, gələcək nəsillər bizi qınayaraq zamanın məhkəməsinə verəcək.
-Pul dəyər vahididir. Elə olur ki, bu dəyər vahidinin özü dəyərdən düşür. İnsan nə zaman dəyərdən düşür?
-İnsan ikili varlıqdı. Biri - İnsan sosial varlıqdı, yəni o cəmiyyətin bir üzvüdü.
Və insanını funksiyasını məhz cəmiyyətdə göstərir. Damla dəryadan ayrı yaşaya bilmədiyi kimi, insan da cəmiyyətdən kənarda yaşaya bilməz. Yəni mövcud olmaq məndə yox, bizdədir, yəni ümumdadır. Millətin mövcud olması ümumda, yəni birlikdədir. İnsanın qiyməti gərək olmaqdadır. Gərəklik isə zaman və məkan anlayışı ilə bağlıdır. Tutaq ki, bizim milli pulumuz qırmızı körpünün o tayına düşüb. Orada həmin pulun dəyəri yoxdur. Amma külək vurub bu üzə salarsa, həmin pul öz dəyərini tapar. Deməli, insanın qiyməti onun vətənindədir.
Ona görə H. Arif deyirdi ki, "İstəsən qəbrini tapdamasınlar, Yaşa vətənində, öl vətənində".
Tutaq ki, sənin araban qırılıb, təkərləri boşalıb. Oraya həkim çağırmaq lazım deyil. Bura sənətkar lazımdı. Amma birinin ürəyi ağrısa ora həkim çağıracaqlar. Meşədə balta nə qədər gərəksə, yazı masasının arxasında qələm və kağız o qədər gərəklidir. Bu sosial varlığın gərəkliliyidir. İnsan var gərəksizdir. İnsan var bir ailəyə, insan var bir millətə, insan var bütöv bəşəriyyətə gərəkdi. Təklikdə olan insan heç kimə gərək deyil. İnsan cəmiyyətdə insandır...
Söhbətimiz bitmək bilmirdi. Amma bitirmək məcburiyyətində qaldıq.

TƏQVİM / ARXİV