"Leyli və... Leyli"

2152 | 2015-02-26 09:58
Allah babalarımıza rəhmət eləsin!
Nizami bir yandan, Füzuli o biri yandan. Elə bir "Leyli və Məcnun" yaratdılar ki, İngiltərədə Vilyam Şekspir özünü saxlaya bilmədi. "Romeo və Cülyetta"nı yazdı. Məsələ bununla bitmədi. Daha nələr oldu, nələr? "Əsli və Kərəm", "Şahsənəm və Qərib"i gördük. Puşkin də boş dayanmadı - "Ruslan və Lyudmila"nı qələmə aldı. Nərimanovun "Bahadır və Sona"sı, Anarın beşmərtəbənin altıncı mərtəbəsindən boylanan "Təhminə və Zaur"... saymaqla qurtaran deyil.
Səs düşdü dünyaya. Okeanın bu tayından vurub o tayından çıxdı. Ağ evdə "Monika və Klinton" gizlənpaçı Amerikanı şoka saldı. Hərçənd, Hillari Konstitutsiyaya and içdi ki, Monikanı harda görsə, saçını yolub küləyə verəcək, olmadı. Maması Monikanı Ağ evə buraxmadı. Dedi ki:
- Neyçün özünə ziyan edirsən,
Yaxşı adını yaman edirsən?
Monika dözmədi:
- Mama, elə bircə bizi görürsüz? Bəs rəhmətlik Con Kennadi ilə Menri Marlonu niyə demirsiniz?
- Ay bala, o vaxt Jaklin acıq eləyib Yunanıstana getdi. Özünə təzə sevgili tapdı, o Anassisi. Amma Hillari ərindən əl çəkən deyil axı.
Kabayeva gördü, ə brat, sən öl prezidentin məşuqəsi olmaq qəşəng şeydi. Putinə nətəhər "padxod" elədisə, kişi arvadı boşadı. Yəni "Kabayeva və Putin" dastanı gözəl bir sonluqla yekunlaşdı.
Alla Puqaçova da boş dayanmadı. And içdi ki, gərək elə bir eşq yaşayam ki, dillərdən dastan olsun. Qarmaq atdı və tutdu - "Alla və Kirkorov" dastanı yarandı. Hərçənd, İbn Salamın uzaq qohumu ibnə Maksim Qalkin sonradan Alla xalası ilə evləndi, amma bu, dastanı qiymətdən salmadı. Yəni "Alla və Maksim" dastanı yox, "Alla və Maksim" yaramazlığı yarandı.
Bıy, ə, günlərin birində bizimkilər qayıtdılar ki, kimdən əksiyik? Aygın Kazımova tutdu Namiq Qaraçuxurlunun qolundan dedi:
- Gəl, quzum, gəl yeni dastan yazalım. Silək əvvəlkiləri, hər şeyi başdan yazalım.
Namiq özünü saxlaya bilmədi:
- Sən gözəllər gözəli, şou-biznesin gülüsən.
Səndən əl çəkmək olar? Gör nə deyirsən, dəlisən?
"Aygün və Namiq" dastanı yarandı. Yəni gör hardaaan... haara?.. Elə bu "hardan hara"nın zərbindən günlərin birində Aygün:
- Namiq, quzubala, ta bəsdi. Nə qədər meyxana demək olar? Səhər meyxana, axşam meyxana, mətbəxdə meyxana, efirdə, ekranda... hər yerdə meyxana. Mən daha böyük, iri əsərlər istəyirəm. Kiçik, balaca şeylərdən bezmişəm.
Ayrıldılar.
"Təranə və Kərim" dastanı yarımçıq qaldı. O cür sevgi, məhəbbət bir qara qəpiklik oldu. Efirdə, qəzetlərdə bir-birlərinə nələr dedilər? Daha doğrusu, nələr demədilər?

- O, alfonsdur, o namərddir.
Nəyim vardı, satdı, yedi.
Aldığını qaytarmadı,
Hamısını "atdı", yedi.

Efirlərdə bir-birinin ünvanına nələr döşədilər? Nə o evin sirri qaldı, nə də bir vaxt şahə qalxan sevgiləri. Kərim dilə gəldi:

- Evin sirri evdə qalar,
O, dünyaya bəyan etdi.
Gahdan qırdı qeybətimi,
Efirlərdə üsyan etdi.

...Bilmirəm, yeni "dastanlar" yaranacaq, ya yox. Amma kifayət qədər material var. Boşanan, ayrılan xirtdəyə çıxıb. Şou-biznesdə fırtınalar səngimir. Bir-iki uşaq qazanıb, pasportuna (yəni şəxsiyyət vəsiqəsinə) "evli" sözünü yazdıran, "boşanmış" statusunu qazanan o qədər ki...
Və mən - avam, yazıq, "naivni" yazı-pozu adamı yaxınlarda "dastan" yazmışdım. Eşq-məhəbbət, sədaqət, hörmət, cəsarət, ismət, dəyanət, mətanət, atət (bıy, ATƏT nəydi, ə?), daha nə bilim nələr dolu bir məhəbbət dastanı. Çap eləmədilər. Bir vaxtlar zootexnik olmuş, "Eşşəklə atın məhəbbətindən doğulan qatırın kənd təsərrüfatındakı rolu" mövzusunda elmi iş yazıb, müdafiə edə bilməyən baş (!!!) redaktor mənə yuxarıdan aşağı baxdı:
- Məllim, sənin işin-gücün yoxdu?
- Yazıram da.
- Nə yazırsan, ə? Bu yazıdı?
Məəttəl qaldım:
- Bə nədi?
- Fuflo! Cəfəngiyyat! Məhəbbət belə gəldi, sədaqət belə getdi. Ay nə bilim, təmiz sevgi, eşq-filan. Ə, məllim, sən xəstə-zad deyilsən?
- Yox! O gün qrip olmuşdum, keçdi, getdi.
- Keçməyib!
- Keçib!
- Ə, qrip keçib e, amma "aslajneniye" verib, yəni ağırlaşıb, vurub başına. Ə, indi "Leyli və Məcnun" var?
- Yoxdu?
- Yoxdu! Varsa da az-maz. Ə, daha bunu gör neçə illərdi ki, yazırlar də. Füzulidən tutmuş Atəş Alovluya qədər.
- O kimdi?
- Şairdi! Mükafat da alıb, fəxri ad da. İndi özgə cür yazmaq lazımdır. Elə məhəbbətdən yazmaq lazımdır ki, oxucu üçün maraqlı olsun. Bir gözünü aç ətrafa bax. Nə görürsən?
- Nə görüm?
- Ə, gecələr qəşəng-qəşəng oğlan uşaqları qız paltarı geyinib, kraska-pudra, pamada sürtüb küçələrdə müştəri gözləmirlər?
- Gözləyirlər?
- Gözləyirlər! Görmək lazımdır. Onlardan yaz, məllim, onlardan yaz ki, oxucu təzə bir şey oxusun.
- Nə yazım ki? Mən məhəbbət...
- Qulaq as! Məgər orada məhəbbət yoxdur? Bax, bir oğlan uşağı qız paltarında gözləyir. O biri oğlan uşağı bahalı maşında gəlir. Danışırlar, kəsişirlər, razılaşırlar, gedirlər kefə!
- Hara?
- Kefə, məllim, kefə. Yəni...
- Yaxşı, sən allah, ayıbdı!
- Mən də bilirəm ayıbdı. Amma gedirlər. İndi fikir ver, iki oğlanın bir-birinə olan sevgisindən nə yazmaq olar?
- Nə yazmaq olar ki?
Baş (!) redaktor kresloya yayılıb gülümsədi:
- "Məcnun və Məcnun"!
- Nə?!
- "Məcnun və Məcnun", məllim. Hələ desən "Leyli və Leyli".
- Siz nə danışırsız?
- Olan şeyi danışıram. Tolerantlıq demirik? Bu da...
- Ayıbdı! Siz lap...
- Əl vermədi?
- Yox! O cür müqəddəsliyi, təmizliyi, ülviliyi...
Baş (!) redaktor ayağa qalxdı:
- Bax, buna görə də bu təmizlik, müqəddəslik, ülvilik dastanını vurun qoltuğunuza, qapını da o üzdən örtün.
Yazdığımı götürüb ayağa qalxdım. Qapını hirslə çırpıb uzaqlaşanda arxadan baş (!) redaktorun səsi gəlirdi:
- Unutma, məllim! "Məcnun və Məcnun", ya da "Leyli və Leyli". Gətir, çap eləyim.

TƏQVİM / ARXİV